İrəvanı sülhdən yayındıran həm də kənar müdaxilələrdir

post-img

Azərbaycan - Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlı olmayan, prosesdə hər zaman öz mənfəətlərini düşünən bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın canfəşanlığına baxmayaraq, iki dövlət sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razıladırılması istiqamətində irəliyə doğru hərəkət etməkdədirlər.

Bunun ən mühüm göstəricisi oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən XVI BRICS Sammiti zamanı Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün keçirilməsi oldu. Görüş hər hansı vasitəçinin iştirakı olmadan baş tutması ilə diqqəti cəlb etdi. Yeri gəlmişkən, qeyd edək ki, görüşə hər iki ölkədən olan məhdud tərkibdə nümayəndə heyəti də qatılmışdı.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iki ölkə lideri arasında görüşlər xeyli vaxtdır keçirilmirdi. Daha doğrusu, Kazan görüşü Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında son 8 ay ərzində baş tutan ilk görüş idi. Daha əvvəl ölkə liderlərinin iyulun 18-də Londonda keçirilən Avropa Siyasi Birliyinin IV Sammiti və oktyabrın 8-də isə Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşmək imkanları olsa da, bu, alınmamışdı. 

Kazan görüşündən bir gün sonra – oktyabrın 24-də həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq etdilər.

Prosesdə irəliləyiş əldə olunduğunu iki ölkənin xarici işlər nazirlərinin son açıqlamaları da təsdiqləyir. Oktyabrın 31-də Ermənistan parlamentində çıxış edən xarici işlər naziri Ararat Mirzoyan deyib: “Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz razılaşdırılmayan bir və ya iki bənd üzrə razılığa gələ biləcəyik. Beləliklə, tam razılaşdırılmış sülh müqaviləsi əldə edəcəyik”. 

Yeri gəlmişkən, qeyd edək ki, digər bir mühüm məqam Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində müəyyən addımların atılmasıdır. Sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan arasında görüş baş tutmuşdu. Görüş Nyu–Yorkdakı Türk evində keçirilmiş və Paşinyanın əleyhdarları onu “Ərdoğanın ayağına getməkdə” ittiham etmişdilər. Aşkar görünür ki, İrəvan Ankara ilə münasibətləri də qaydaya salmağa çalışır. Elə A.Mirzoyanın açıqlaması da bundan xəbər verir: “Ermənistan Türkiyə ilə dinamik və müsbət dialoq aparır. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini Ermənistan–Azərbaycan prosesi ilə əlaqələndirir. Fikrimizcə, bu o qədər də konstruktiv yanaşma deyil. Ermənistan Türkiyə ilə ilkin şərt olmadan dialoq aparır.

O, yaxın gələcəkdə Ermənistan–Türkiyə münasibətlərində irəliləyiş olacağına nikbinliklə yanaşmışdı. Qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistan xarici işlər nazirliyinin gündəliyində olub-olmaması ilə bağlı suala Mirzoyan belə cavab vermişdi: “Bu məsələ Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Tarixin faciəvi dəliklərini, “erməni soyqırımı”nı öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, əlbəttə ki, XİN-in gündəliyi deyil”. 

Bu çərçivədə xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 31-də Böyük Britaniyanın Avropa, Şimali Amerika və dəniz aşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlər diqqəti cəlb edir. C.Bayramov qarşı tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycanın təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi irəliləyişin olduğu, ümumilikdə, layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb. 

Nəhayət, bu istiqamətdə atılan son addım noyabrın 1-də iki ölkə arasındakı sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün keçirilməsidir. Görüşün yekunlarına dair mətbuat üçün açıqlanan məlumatda bildirilib ki, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Həmçinin, növbəti görüşün keçirilməsinin tarixinin və yerinin işçi qaydada müəyyən edilməsi barədə razılıq əldə olunub. Komissiyaların görüşü başa çatdıqdan sonra Ş.Mustafayev və M.Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyası məsələlərini müzakirə ediblər.

Göründüyü kimi, xarici müdaxilələr olmasa, Azərbaycan və Ermənistan bütün məsələlər, o cümlədən sülh sazişi üzrə də razılaşmanı çox yaxında başa çatdıra bilərlər. Sülhə gedən yol məhz sərhəddə hər hansı vasitəçinin iştirakı olmadan görüşlərin keçirilməsi ilə başlayır. Sərhədlərin müəyyənləşdirilməsi sülh sazişinin razılaşdırılmasına töhfədir. 

Amma Fransa kimi dövlətlər prosesi pozmaq istiqamətində fəaliyyətlərinə bir an da fasilə vermirlər. Elə Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin bir neçə gün öncə “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə bir sıra iddialar səsləndirməsi də bunun göstəricisidir. Bu müsahibə ən adi diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan səfirin Ermənistan–Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin yeni bir nümayişi oldu. O, Qafan rayonundakı Aşağı Hand (haylar Nerkin Hand deyirlər – S.H.) kəndinin bir hissəsinin Azərbaycan tərəfindən tutulduğunu iddia edib: “Biz bunu görürük və bu vəziyyət sakinlər üçün böyük çətinliklər yaradır. Azərbaycanlıların yenidən zərbə endirə biləcəyi ilə bağlı təhlükəsizlik problemi var”.

Buna baxmayaraq, səfir siyasi gediş edərək ölkələr arasında başlanmış demarkasiyanın tərəfdarı olduqlarını bildirib. Deyib ki, delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır. 

ABŞ isə Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” platformasındakı hesabında yazıb. Onun sözlərinə görə, bu qərar davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir: “Biz regionda təhlükəsizlik və rifah naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin fəaliyyətini dəstəkləyirik”.

Politoloq Yeganə Hacıyeva XQ-yə açıqlamasında bildirdi ki, noyabrın 1-də keçirilən görüş sayca onuncu olsa da, məhz dövlət sərhədinin müəyyənləşməsinin əsasnaməsinin müəyyən olunmasından və müəyyən edilmiş əsasnamənin hər iki ölkədə yüksək səviyyədə təsdiqlənməsindən sonra keçirilən ilk görüş idi. 

Onun sözlərinə görə, əsasnamə 2024cü il avqustun 30-da imzalanmışdı. Bunun ardınca, yəni sentyabrın 26-da Ermənistan konstitusiya məhkəməsi komissiyaların işi haqqında əsasnamə (reqlament) layihəsinin ölkənin əsas qanununa uyğunluğunu tanımışdı: “Məlum olduğu kimi, Ermənistan parlamentinin təsdiqindən sonra ölkə prezidenti də sənədi təsdiqlədi. Azərbaycanda da buna bənzər proses getdi. Ermənistanla eyni gündə – oktabrın 24-də Azərbaycan Prezidenti əsasnaməni təsdiqlədi. Yəni, bu əsasnamə, əslində, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyənləşməsinin ilk ikitərəfli legitim sənədidir. Buna qədər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma və onun əsasında formalaşmış ikitərəfli komissiyanın müəyyən təkliflər, razılaşmalar və kompromislər əsasında həyata keçirdiyi fəaliyyətlər var idi. İndi isə konkret sənəd var. Həmin sənəd məhz reqlament qaydalarını, prosessual qaydaları tənzimləyir”.

Y.Hacıyeva bildirdi ki, noyabrın 1-də komissiyaların görüşü başa çatdıqdan sonra iki ölkənin baş nazirlərinin müavinləri ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər. Azərbaycan özü nəqliyyat kommunikasiyalarının açılması məsələsini sülh sazişindən çıxarmışdı: “Bunun üçün bir sıra əsaslar var idi. Ən birinci əsas Azərbaycan tərəfinin beynəlxalq hüquqa hörməti idi. Çünki kommunikasiyaların keçdiyi ərazilər beynəlxalq hüquqa görə Ermənistanın suveren əraziləri hesab olunur. Ermənistanın suveren əraziləri üzərində qərarın İrəvan tərəfindən verilməsi Azərbaycanın beynəlxalq hüquqa hörmətinin növbəti dəfə nümayişi idi. Baxmayaraq ki, üçtərəfli bəyanatda İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik və məsuliyyəti qeyd edilib”. 

Müsahibimiz onu da bildirdi ki, daha çox irəliləyiş nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Çünki rəsmi İrəvan bunda maraqlıdır. Nəqliyyat kommunikasiyalarının açılması həm də iqtisadi layihədir. Bu layihələrdən əldə ediləcək gəlirlər bu gün Ermənistan üçün çox vacibdir.

Bundan sonrakı mərhələdə sərhədin hansı hissəsində delimitasiya prosesinin aparılmasının gözlənildiyinə dair sualımıza cavab olaraq Y.Hacıyeva qeyd etdi ki, mübahisəsiz və mübahisəli ərazilər var. Qarşı tərəfdə müəyyən dairələr Qazax rayonunun anklav kəndlərini və Sədərək rayonunun Kərki kəndini mübahisələndirmək istəyir. Amma bu ərazilərdə dövlət sərhədinin müəyyən edilməsinin prosessual qaydaları təsdiqlənib. İndi sadəcə olaraq, bu qaydaların həyata keçirilməsinə nəzarət lazımdır ki, proses, ümumilikdə, irəli getsin və iki ölkə arasında sülhə aparan yolda növbəti irəliləyiş kimi dəyərləndirilsin.

Səxavət HƏMİD

XQ



Siyasət