Yoxsa Paşinyan iqtidarının “kukla teatrı”?
Əvvəlcədən də məlum idi ki, Ermənistandakı daşnaklar COP20-la əlaqədar şivən qoparacaqlar. Çünki planlaşdırdıqları hərəkətin anonsunu vermişdilər. Özü də bunu bəyanat yayaraq etmidilər.
“Daşnaksütyun” partiyası bəyanatında Azərbaycanın Qarabağda, guya, etnik təmizləmə apardığını, bölgə ermənilərini zorla yurd-yuvalarından didərgin saldığını, erməni mirasını məhv etdiyini və sair bu kimi cəfəngiyyatları sıralamışdı. O da məlum idi ki, planlaşdırılan aksiya BMT-nin İrəvandakı ofisinin qarşısında təşkil olunacaqdı. Etirazçılar oradan Ermənistan xarici işlər nazirliyinin binasına və ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədrləri olan Rusiyanın, ABŞ-nin və Fransanın səfirliklərinə yürüş edəcəklər. Deyildiyi kimi də oldu. Ancaq bir fərqlə. Daşnaklar mitinq yox, xırda piket keçirdilər.
Erməni milli identikliyini daşıyan siyasi qruplaşma kütləvi toplantı təşkili üçün adam tapa bilmir. Biabırçılıqdır. Hərçənd, başqa tərəfdən yanaşsaq, bunu pozitiv cəhət kimi qiymətləndirmək olar. Çünki “Daşnaksütyun” terrorçu qruplaşmadır. Bu qruplaşmanın mitinq keçirməyə sosial bazasının olmaması təqdirəlayiqdir. Belə düşünmək olar ki, Ermənistanda terroru mübarizə vasitəsi kimi görənlərin sırası seyrəlib.
Hər bir halda, “Daşnaksütyun”un fəalları Bakıda bu ay keçiriləcək COP29-la bağlı Azərbaycana qarşı beynəlxalq miqyasda başlanmış qarayaxma kampaniyasına “töhfələrini verdilər”. Nüfuzlu toplan tıya qatılacaq ölkələri Azərbaycana təzyiq göstərməyə səslədilər. Əlbəttə, biz belə hallara “it hürər, karvan keçər” atalar məsəli prizmasından yanaşırıq. Ona görə İrəvan küçələrində düzənlənən piket bizə təəccüblü gəlmədi. Onların dünyanın müxtəlif bölgələrindəki prototiplərinin anti-Azərbaycan “fəaliyyətlərinə” də qətiyyən təəccüblənmirik. Belə həyasızlıqlara, bir növ, öyrəncəliyik.
Bəli, Ermənistanın hakim dairələri də Azərbaycanda saxlanılan və hərbi əsir kimi təqdim edilən şəxslərlə bağlı məsələni aktiv şəkilə müzakirə etməkdə, müxtəlif beynəlxalq tribunalara daşımaqdadırlar. Deyə bilərik ki, mövzu erməni siyasi trendinə çevrilib. Məsələ, həmçinin ona yanaşanların necə fəaliyyət göstərmələrinə, hansı metodları işə salmalarına qiymət ritorikasını da aktuallaşdırır. Bu mənada daşnakların, necə deyərlər, “imtahandan kəsildiklərini” söyləmək mümkündür. Görünür, onlara şərait yaradan Ermənistan iqtidarı cəmiyyətə həm də bunu göstərmək istəyirmiş.
Xaricdəki ermənipərəstlərin haqqında söz açdığımız trendə qoşulduqlarını söyləyə bilərik. Onlar da nəticə qazana bilmirlər. Məqsəd isə bəllidir – ölkəmizi işğalçı qiyafəsində göstərməklə, COP29-a evsahibliyimizə kölgə salmaq, beynəlxalq aləmin bizə qarşı sanksiya siyasəti yeritməsi üçün zəmin hazırlamaq. Əsir kimi göstərilən şəxslər mövcud trayektoriyadakı alətlərdir. Alətləri işə salan, eyni zamanda, daşnakların timsalında, obrazlı desək, kuklaları oynadan isə baş nazir Nikol Paşinyan administrasiyasıdır və bu hal sözügedən administrasiyanın təmsilçilərinin Azərbaycanla sülhdən danışdıqları bir vaxtda yaşanır. Deməli, ortada riyakarlıq əməli var. Bəli, indiki halda deyilə bilməz ki, rəsmi İrəvanın terrorçu “Daşnaksütyun” partiyasının çıxardığı oyunbazlığa aidiyyatı yoxdur. Çünki hər iki cinah ənənəvi anti-Azərbaycan mahiyyətli tezislər səsləndirir və bu səbəbdən məsələ Ermənistan dövləti kontekstində qiymətləndirilməlidir. Hələ hazırda daşnakların ölkənin parlamentində yer almalarını vurğulamırıq. Hərçənd, əli minlərlə dinc Azərbaycan və Anadolu türkünün qanına batmış, dünyanın müxtəlif ölkələrində türk diplomatlara qarşı terrorlar reallaşdırmış bir qurumun gizli və aşkar təmsilçilərinin Ermənistanın ali qanunverici orqanında oturmaları, bütövlükdə, ölkənin terrorçu xislətindən xəbər verir.
Düzdür, baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçiləri daşnaklardan fərqli olaraq, Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinə azadlıqla bağlı hansısa tələb səsləndirmirlər. Ancaq ikincilər birincilərin ölkəmizə nifrət məsələsində gizlətdiklərini, ört-basdır etdiklərini aşkarca üzə çıxarır. Bir el misalında deyildiyi kimi, dəvəquşu başını qumluğa salır, elə bilir əndamı görünmür. İndiki halda, Paşinyan iqtidarı kimi...
XQ-nin analitik qrupu