Naxçıvana yol:  Ermənistan razıdır, yoxsa…

post-img

Ararat Mirzoyanın bildirdiklərinə sözardı

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında vurğulayıb ki, Azərbaycan İrəvanın regional kommunikasiyaların açılması təklifini “yarı rəsmi” təsdiqləyib. “Yarı rəsmi”nin nə demək olduğu anlaşılmasa da, Mirzoyanın fikirləri maraq doğurmaqdadır. O, eyni zamanda, bildirib ki, haqqında söz açdığı məsələdən müəyyən müsbət atmosferin formalaşdığını göstərmək üçün danışır. Əslində, prinsir etibarilə, nəyinsə nümayişinə, ümumən, nümayiş məntiqinin özünə ehtiyac duyulmamalı, konkretlik olmalıdır. Ancaq...

Beləliklə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının region ölkələrinin suverenlikləri əsas götürülməklə, onların qanunlarına uyğun fəaliyyət göstərməsinin vacibliyi üzərində dayanan A.Mirzoyan fikrini qüvvətləndirmək üçün əlavə edib ki, hər şey qarşılıqlılıq və bərabərlik prinsiplərinə söykənməlidir. Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistan Azərbaycanla təkcə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində deyil, həm də hazırda razılığa gəlinməsi mümkünsüz digər mövzularda da işi davam etdirəcək.

Onu da bildirək ki, Ermənistanın Mirzoyanın dili ilə təsəvvürü yaradılmış yeni təklifinin təfərrüatları açıqlanmır. Ancaq baş nazir Nikol Paşinyanın ötən həftə Kazanda keçirilmiş BRICS sammiti zamanı bildirdiklərinə nəzərən, bəzi məqamlara aydınlıq gətirmək mümkündür. Nikolun sözlərindən gəlinən qənaət budur ki, Ermənistan Naxçıvana yol baxımından İranın Azərbaycana təklif etdiyi mexanizmin eynisinə razıdır. Əslində, Paşinyan əvvəllər də oxşar mövqe ilə çıxış etmişdi.  İndi isə o, ölkəsinin sözügedən yolda sadələşdirilmiş mexanizmin təminatına hazır olduğunu qabardır. Ola bilər, A.Mirzoyan Bakının məhz bu təklifə müsbət reaksiyasının “yarı-rəsmi” mahiyyət daşıdığını önə çəkir.

***

Qeyd edək ki, Azərbaycan Naxçıvana yol məsələsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məntiqini əsas götürür. Daha doğrusu, bəyanatın 9-cu bəndini. Həmin bənddə isə göstərilir ki, Ermənistan Naxçıvana yolun məneəsizliyinə təminat verməlidir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, sözügedən yolda heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Ermənistan rəhbərliyi isə həmişə ölkənin ərazi bütövlüyü və suverenliyi klişesinə söykənərək, etirazını bildirib, üstəlik, “Dünyanın kəsişməsi” ideyasını ortaya atıb. Bu ideya isə ölkəmizin Naxçıvana yola nəzərən irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə zidd mahiyyət daşıyır, Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirir. Bakının durumla razılaşmayacağı bəllidir.

Bu səbəbdən Azərbaycan rəhbərliyi hələ 2022-ci ildə Naxçıvana Ermənistan vasitəsilə yol məsələsini gündəmdən çıxardı və İran variantının üzərində dayandı. Bununla əlaqədar anonsu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verdi. O, 2022-ci ildən sonrakı bir sıra açıqlamalarında da məsələ barədə söz açdı. Nəinki söz açdı, hətta nikbinlik yaratdı. Söhbət Bakı ilə Tehran arasında imzalanmış Anlaşma Memorandumu məsələsindəki nikbinlikdən gedir.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə “3+3” regional məşvərət formatının bu il oktyabrın 18-də İstanbulda keçirilmiş görüşü zamanı bildirdi ki, ölkəmiz birgə layihələrin Naxçıvanı da əhatə etməsinə, xüsusilə İrandan keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır. Mövcud prizmadan da yanaşsaq, hazırda A.Mirzoyanın dediklərində təəccüb payı var.

İstənilən halda, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyaları üçün sadələşdirilmiş gömrük rejiminə dair məsələnin maraq kəsb etməsi mümkündür. Axı, söhbət “Zəngəzur dəhlizi” layihəsinin reallaşmasından gedir. O layihədən ki, onu 44 günlük müharibədən sonra məhz Azərbaycan irəli sürmüşdü. Yəni, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı həm də mövcud kontekstdə dəyərləndirmişdi. Ermənistanın buna qarşı çıxdığını isə artıq vurğuladıq.

Onu da deyək ki, rəsmi İrəvanın Naxçıvana yolla bağlı razılaşmaları pozması presedenti də var. Bunun sübutu üçün Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin birgə işçi qrupunun fəaliyyətinə diqqət yetirmək mümkündür. Rusiya tərəfinin açıqladığına görə, sözügedən qrupun iclasında Naxçıvana yol baxımından Ermənistanın yurisdiksiyası nəzərə alınmaqla, nəqliyyat tranziti ilə bağlı razılıq əldə olunmuşdu, ancaq son anda Ermənistan onu pozdu və beləliklə, üçtərəfli formatın fəaliyyəti dayandı. Deməli, hazırda Mirzoyanın nikbinliyi bu baxımdan da təəccüblü sayılmalıdır. O zaman sual olunur: Görəsən, Ermənistan rəhbərliyinin baxışında nə dəyişib? 

Qeyd edək ki, Ermənistanın Naxçıvana yolda sadələşdirilmiş gömrük və sərhəd rejiminin tətbiqinə razılıq verməsi də konstruktivlik təminatı, zəmanət və təhlükəsizlik deyil. Baxmayaraq ki, Paşinyan və komandasının üzvləri təhlükəsizliyə zəmanət verəcəklərini vurğulamaqdan yorulmurlar. İrana gəldikdə isə işğalla üzləşdiyimiz illərdə Azərbaycan vətəndaşları İslam Respublikasının ərazisindən keçməklə, rahat şəkildə Naxçıvana gediş-gəliş gerçəkləşdiriblər. Keçmişin təcrübəsi Bakı və Tehran arasında etimad formalaşdırır. 

Yeri gəlmişkən, Azərbaycan hazırda İran ərazisindən keçəcək və Zəngilanın Ağbənd kəndindən başlayaraq, ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən alternativ nəqliyyat dəhlizi üzərində işləyir. İranlıların “Araz yolu” adlandırdıqları bu layihənin təfərrüatları bir müddət əvvəl Tehranda hər iki ölkənin dəmir yolu administrasiyası təmsilçilərinin iştirakı ilə reallaşmış danışıqların da mövzusu olub. Görüşdə tərəflər digər məsələlərlə yanaşı, konkret olaraq, Ağbənd stansiyasını Ordubadın Salam Məlik stansiyası ilə birləşdirəcək yeni dəmir yolu marşrutu ətrafında müzakirə aparıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Rövşən Rüstəmov bildirib ki, İran ərazisindən keçəcək optimal marşrut, əsasən, razılaşdırılıb, hazırda Araz çayı üzərindən körpülərin yerləşdirilməsinə və dəmir yolu xəttinin marşrutuna dair danışıqlar yekunlaşır. 

Deməli, Naxçıvana gedən qatarın yola düşmə vaxtının bir qədər də yaxınlaşdığını söyləyə bilərik. Bu durum yaşansa, müasir müstəqillik illərində Ermənistanın ikinci dəfə regional tranzitdən kənarda qaldığını görəcəyik. Nəzərə alaq ki, birinci dəfə İrəvan işğalçılığına görə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft-boru kəmərinin imtiyazından uzaq düşdü, indi də bu. Nəzərə alaq ki, birinci dəfə Ermənistan Rusiyanın hesabına dolanırdı, indi ölkə Qərbin patronajlığı altındadır və aydındır ki, ikinci birincini saxlamaq üçün pul xərcləmək istəmir. Həm də ona görə ki, Ermənistanın investisiya imkanları yox dərəcəsindədir. Təbii sərvətləri də həmçinin.

***

Bəli, birinci dəfə udan Gürcüstan oldusa, görünür, ikinci dəfə İran udacaq. Hazırda yaşananlar avantürizmin, Azərbaycanla yola getməməyin İrəvanı düçar etdiyi acınacaqlı durumun, dalan aqibətinin ilkin simptomlarıdır. Böyük ehtimalla, İranla başlanılmış iş yarımçıq qala bilməz. Bəs rəsmi Bakı İrəvana şans verəcəkmi? Yaxud şans verəcəksə, bu, hansı tərzdə olacaq? Mirzoyanın açıqlaması, istər-istəməz, sadaladığımız suallar ətrafında düşünməyə vadar edir. 

Əsas sual isə budur: Naxçıvana həm İran, həm də Ermənistan ərazisindən yol ola bilərmi? Görəsən, ikinci variant, birincinin əhəmiyyətini azaltmayacaq ki? Əlbəttə, razıyıq ki, məsələlər vurğuladığımız qədər sadə təbiətə malik deyil. Heç şübhəsiz, mürəkkəb məqamlar da var və olacaq. Hər bir halda, Azərbaycan diplomatiyasının prosesdən uduşlu çıxdığını deyə bilərik. Çünki İranla razılaşmanın hazırkı irəliləyiş sürətinə baxsaq, artıq Naxçıvana quru yolunun Ermənistanın razılıq ritorikasından uzaq düşdüyünü söyləmək mümkündür. Yəni, yol istənilən halda açılacaq. 

***

Digər tərəfdən, Naxçıvana yol, həm də qlobal nəqliyyat marşrutunun tərkib hissəsidir, mühüm daşımaların keçəcəyi nöqtədir. O zaman həmin daşımaların həcminin artacağını düşünmək mümkündür. Məhz bu mümkünlük Ermənistana şans, ölkəmizə isə təminat verir. Əvvəla, İrəvan Bakının şərtlərini qəbul etmək məcburiyyətindədir. Böyük ehtimalla, Mirzoyanın açıqlaması bunun göstəricisidir. İkincisi, İran variantı özü qlobal marşrutun təhlükəsizlik təminatıdır. Əgər hər iki layihə gerçəkləşsə, həm İrandakı anti-Azərbaycan qüvvələr, həm də Ermənistandakı başıpozuq avantüristlər razılaşmalı olacaqlar. Beləliklə, region üçün əməkdaşlıq ənənəsi formalaşacaq ki, bu isə uzunmüddətli sülh və sabitlik, habelə, davamlı iqtisadi inkişaf baxımından vacibdir. 

Sonda onu da deyək ki, başlıca məsələ Azərbaycan vasitəsilə Naxçıvana, oradan Türkiyəyə və Qərbə, ölkəmizin ərazisindən Rusiyaya daşımaların həyata keçirilməsi, Xəzər dənizi ilə Mərkəzi Asiya dövlətlərinin birbaşa nəqliyyat əlaqəsinin yaradılmasıdır. Bu, regiona ənənəvi bağlılıq amilini əsas götürən Türkiyə üçün sərfəlidir. Amma həddindən artıq optimizm üçün, kifayət qədər, əsas yoxdur. Birincisi, Rusiyanın və İranın anti-türk dairələrinin aktivləşməsi amili var. İkincisi, Qərbin haqqında söz açdığımız məsələyə reaksiyasını da unutmamalıyıq. 

Qərbin, konkret olaraq, ABŞ-nin Naxçıvana yolun İrandan keçməsinə qarşı çıxdığını bilirik. Ənənəvi imperiya ambisiyaları bir kənara qoyulsa, Moskvanın və Tehranın barəsində söz açdığımız ikili marşrutdan faydalanma imkanları böyükdür. Deməli, Ermənistan rəhbərliyinin mövqeyi ölkənin özü baxımından həlledici olmalıdır. İrəvan pul qazanmaqla, ələ baxan olmaq, avantüristə çevrilmək arasında seçim etməlidir. Bu, Azərbaycanın Naxçıvana yol məsələsindəki şərtini qəbul etməkdən asılıdır. Daha dəqiq desək, barəsində danışdığımız sərhəd və gömrük nəzarəti olmayan yolun təminatından. 

Bir vacib məqam da var. Söhbət xəyali ikili marşrut ideyasının Qərb cəbhəsinə təsirindən gedir. Prinsipcə, ortada Avropanı qane edəcək durum var. Axı Şərqin ucuz malları ona doğru yön alacaq. Bəs ABŞ? Hadisələr qeyd etdiyimiz səmtdə inkişaf etsə, itirən yalnız Birləşmiş Ştatlar olacaq. Proqnozlaşdırmaq mümkündür ki, Avropanın qlobal tranzitdən qazanacağı üstünlük şəraitində Vaşinqtonun ona təsir rıçaqları zəifləyəcək. Axı, deyəsən, hadisələr həm də buna doğru gedir.

Ə.CAHANGİROĞLU

XQ

Siyasət