Metyu Millerin mesajlarına sözardı
“Gürcüstan hökuməti kursu dəyişməzsə, yaranacaq problemləri istisna etmirik”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. M.Millerin daha nələri dilə gətirdiyinə, onun subliminal mesajının hansı məna yükü daşıdığına, o cümlədən, Gürcüstanın Cənubi Qafqazdakı hazırkı mürəkkəb siyasi konfiqurasiyada nə kimi həlledici missiya daşıdığına diqqət yetirəcəyik.
Bəli, Gürcüstandakı parlament seçkiləri həm yaşadığımız Cənubi Qafqaz regionunun, həm də dünyanın diqqət mərkəzindədir. Müxtəlif rəylər və fikirlər var. Başlıca fikir isə budur: Qərb Gürcüstanı Rusiyaya uduzdu. Həqiqətən belədirmi?.. Əslində, maraqlı vəziyyət yaranıb: Bir tərəfdə haqqında söz açdığımız baxış var. Yəni, Rusiyanın Qərb üzərində qələbə qazanması. Digər yandan isə Moskva ilə Tbilisi arasında heç də rəvan müstəvidə olmayan münasibətlər. Məsələn, Gürcüstan hazırda Azərbaycanın, Türkiyənin, İranın, Ermənistanın və Rusiyanın təmsil olunduğu “3+3” regional məşvərət formatında iştirak etmir və nəticədə “3+3”, faktiki olaraq, “3+2”dir. Ona görə ki, orada Kremlin təmsilçiliyi var.
Başqa bir məqama nəzər salaq. Gürcüstandakı seçki sonrası duruma əsaslanaraq açıqlama verən Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, əgər rəsmi Tbilisi Moskva ilə təmaslarla bağlı təkliflər versə, ölkəsi onları nəzərdən keçirəcək: “Gürcüstanlı qonşularımızdan təmaslarla bağlı əlavə təkliflər olarsa, təbii ki, biz onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan çəkinməmişik”.
Deməli, bir daha deyə bilərik ki, indilik Gürcüstan – Rusiya münasibətlərində ciddi anlamda pozitiv nəyinsə olduğu görünmür. Bunun başlıca səbəbi isə məlumdur – Rusiya beynəlxalq hüquqla Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri nəinki dəstəkləyir, eyni zamanda, onların “müstəqilliklərini” də tanıyıb. Əlbəttə, kifayət qədər ciddi səbəbdir. “3+3”ü “3+2” edən də elə budur.
***
Bu arada bildirək ki, Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edən minlərlə insan paytaxt Tbilisinin mərkəzinə toplaşıb. Parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi, onları dəstəkləyən QHT-lər və Gürcüstan Prezidenti Salome Zurabişvili saxtakarlığın olduğunu vurğulayaraq, seçkilərin nəticələrini tanımaqdan imtina etdiklərini bildiriblər. “Burada duran hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur”, – deyə Prezident Zurabişvili bildirib. Qeyd edək ki, seçkinin nəticələri ilə razılaşmayanları paytaxtın mərkəzindəki “Rustaveli” prospektində toplaşmağa çağıran da Gürcüstanın hazırkı dövlət başçısı idi. O isə birmənalı şəkildə Qərbin adamıdır və ölkənin hakimiyyətində ikitirəlik faktorunun aparıcı simasıdır. Yeri gəlmişkən, Zurabişvili, həmçinin parlamentə daxil olan müxalifət partiyalarının liderlərinin müşayiəti ilə brifinq keçirərək də etirazını bildirib.
O da məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, NATO Parlament Assambleyasının və Avropa Parlamentinin birgə müşahidə missiyasının qənaətinə görə, Gürcüstanda seçki proseduru yaxşı təşkil olunub. Bununla belə, missiya proses zamanı partiyaların maliyyələşdirilməsində balanssızlığın pozulduğunu, çox sayda seçicinin təhdid edilməsi hallarının mövcudluğunu açıqlayıb. Gürcüstan hakimiyyəti isə bəyan edib ki, beynəlxalq müşahidəçilərin yekun rəyi parlament seçkilərinin legitimliyini təsdiqləyib.
***
İndi isə keçək, bilavasitə ABŞ rəsmisi M.Millerin açıqlamalarına. Nəzərə alaq ki, bu açıqlama, bütövlükdə Birləşmiş Ştatların Gürcüstanda keçirilmiş parlament seçkilərinə başlıca münasibətini ifadə edir. Bəri başdan deyək ki, münasibət şantaj yönümlüdür. M.Miller rəsmi Tbilisini qanun pozuntuları ilə bağlı bütün məlumatların araşdırılmasına çağırıb. Ən əsası isə o, Birləşmiş Ştatların Gürcüstanı antidemokratik hərəkətlərindən əl çəkməyə və Avroatlantik yola qayıtmağa çağırıb.
Bəli, başlıca məqam Millerin sonuncu cümləsindədir. Buradan, eyni zamanda, ABŞ rəsmisinin yazının lap əvvəlində diqqətə çatdırdığımız dediklərindən üç nəticə çıxarmaq mümkündür. Birincisini artıq qeyd etdik. Söhbət şantajdan gedir. Miller Birləşmiş Ştatların Gürcüstanla bağlı daha sərt tədbirlərə əl atacağının anonsunu verir. İkincisi, düşünmək mümkündür ki, Vaşinqton seçkidə uduzduğunu anlayır və elə rəy formalaşdırır ki, guya, belə bir hal yaşanmayıb, hər şey nəzarətdədir. Yəni, psixoloji gediş edir. Üçüncüsü, ABŞ-nin ümidi var. Yəni, ölkə Gürcüstan hakimiyyətinin dirəniş göstərdiyini bilir və ona əlavə təzyiqləri işə salmaq barədə düşünmür. Hər halda, Vaşinqtonda Tbilisinin tamamilə əldən çıxa biləcəyi və hərəkətlərinin gürcü cəmiyyətində qıcıq doğurma ehtimalını anlayanlar var. Amma, demək olmaz ki, ABŞ hadisələri öz axarına buraxıb. Bu barədə söz açacağıq. Hələlik isə gürcü cəmiyyətinin Birləşmiş Ştatlar başda olmaqla, kollektiv Qərbə qıcığı üzərində dayanaq.
Ötən müddətdə Qərb Gürcüstan hakimiyyətinə təsir göstərmək üçün çox çalışdı. Millerin təbirincə desək, istədi ki, ölkə yolundan qayıtsın. Bəs rəsmi Tbilisi hansı yoldadır? İlk növbədə, onu deyək ki, Gürcüstan hakimiyyəti Ermənistan kimi marionet deyil və müstəqil, balanslı xarici siyasət kursu yeridir, birbaşa ölkənin milli maraq və mənafeləri baxımından davranır. Yəni, maraqlar nəyi diktə edirsə, son dərəcə dəqiq şəkildə onların təminatı istiqamətində çalışır və istəyinə çata bilir. Bu, Qərbi ona qarşı qaldıran başlıca amildir.
Digər tərəfdən, Gürcüstanda hakimiyyətin özünün təmərküzləşməsi, dövlət strukturunun möhkəmləndirilməsi və çevikliyinin artırılması istiqamətində böyük işlər görülüb. Bu, risklərdən qorunmağa və onların idarə edilməsinə həssas yanaşmağa imkan yaradır, immunitet formalaşdırır. Rəsmi Tbilisinin mövcud anlamda Azərbaycanın idarəçilik sisteminin təcrübəsini mənimsədiyi barədə də fikir yürütmək olar. Heç şübhəsiz, hazırkı çətinliklər dəf edilsə, gələcəkdə gürcü dövlət idarəçilik sistemi daha dolğun nəticələr əldə edəcək. Çətinliklər isə var. Elə isə Birləşmiş Ştatların Gürcüstandakı hadisələri öz axarına buraxmaq niyyətində olmadığına dair fikrimizin üzərinə qayıdaq.
“Qərblilər oktyabrın 26-da keçirilən seçkilərdən sonra Gürcüstanda daxili siyasi vəziyyəti sarsıtmaq və növbəti “rəngli inqilab”ı təhrik etmək məqsədilə heç nədən çəkinmirlər: Ukraynada təlim keçmiş snayperlər kütləvi etirazlar zamanı təxribatlar təşkil etmək üçün respublikaya gəlirlər”. “RİA Novosti” rəsmi mənbələrə istinadən bunu bildirib. Əlbəttə, belə bir məlumatı yayanın Rusiyanın aparıcı media orqanı olması bildirilənlərə şübhəli yanaşmağa əsas verir. Tam mümkündür ki, xəbər məqsədli dezinformasiyadır. Ancaq onun doğruluğuna inanmaq da mümkündür. Məsələ ondadır ki, hələ bir il əvvəldən Gürcüstanda Qərbin xüsusi xidmət orqanlarının aktivliyi hiss olunmaqdadır. Mövcud istiqamətdə ölkənin rəsmilərinin yaydıqları açıqlamalar da var. Deməli, Ukraynada təlim keçmiş silahlıların təxribat törətmə ehtimalı barədə düşünmək olar. O da ehtimal edilir ki, onlar kütləvi aksiyalarda atəş açaraq, insanlarda hakimiyyətə qarşı qəzəb yaratmaq niyyətini gerçəkləşdirməyə və beləliklə gürcü iqtidarını devirməyə çalışacaqlar. Axı Qərbin təcrübəsində bu sayaq hərəkət və davranışların olduğunu bilirik.
Sonda onu da bildirək ki, qonşu Gürcüstan, kifayət qədər, həssas mərhələdən keçir. Onun hazırkı çətinliklər qarşısında duruş gətirməsi, bütövlükdə, region üçün son dərəcə vacibdir. İnanırıq ki, gürcü xalqı və cəmiyyəti bu vacibliyi anlayır. Bu səbəbdən Gürcüstanın Qərbdən eşidilən şantaj dolu subliminal mesajlara adekvat davranış ortaya qoyaraq, sınaqdan layiqli şəkildə çıxacağına dair rəyə gəlmək mümkündür. Mövcud istiqamətdə işlərin böyük hissəsi görülüb. Ən əsası isə Gürcüstan vətəndaşları parlament seçkilərində öz iradələrini nümayiş etdiriblər.
Ə.RÜSTƏMOV
XQ