İttifaq MİRZƏBƏYLİ
[email protected]
Gürcüstandakı yel dəyirmanına qılıncla hücum
Avropa filmlərindən birində polislər yoldan keçən ahıl kişini saxlayıb sorğu-suala tutmaq istəyirlər. Onların məqsədini başa düşməyən qoca soruşur ki, nə isə problem var? Polisin cavabı müasir Qərb siyasətçilərinin düşüncə tərzi səviyyəsində olur: “Problem olmasa da, biz onu təşkil edə bilərik”. Bəli, bu gün Qərb siyasətçiləri Gürcüstanda keçirilmiş parlament seçkilələrində hansısa ciddi bir pozuntu və ya qüsur aşkar edə bilməyiblər. Ancaq onu təşkil etməkdə israrlıdırlar.
Gürcüstan rəsmiləri seçkilərə elə hazırlaşmış, səsverməni elə təşkil eləmişdilər ki, hətta həmişə “qaşınmayan yerdən qan çıxarmağı” bacaran ATƏT təmsilçiləri də Tbilisidə ciddi nöqsan tapa bilməyiblər. Yəni “tapmayıblar” yox, məhz tapa bilməyiblər. Onlar Gürcüstana, həqiqətən, nöqsan dalınca göndərilmişdilər. Tapmasalar da, rəsmi Tbilisiyə açıq şəkildə təhdid və təzyiqə başlayıblar.
Bəs Qərb Cənubi Qafqazdan nə istəyir? Sadəcə olaraq, Gürcüstana da çoxsaylı vədlər verib onu da Ukraynanın gününə salmağı. Vəssalam! Ancaq unudurlar ki, qafqazlıları (ermənilər qafqazlı deyil – İ.M.) bir dəfə aldatmaq olar. Yəni Gürcüstanın aldanmaq limiti 2008-ci ildə başa çatıb. Həmin il Qərb Mixeil Saakaşviliyə bolluca vəd verib onu Kremlin üstünə göndərdi və nəticədə ... Gürcüstan öz haqq – halal ərazilərinin xeyli hissəsini itirdi. Ona görə də gürcü xalqı daha kiminsə fitnə-fəsadına yox, öz “arzu”suna səs verdi.
Gürcü xalqının bu qətiyyəti Qərbi necə silkələdisə, ABŞ Dövlət katibi Antoni Blinken diplomata, Avropa təmsilçisi Cozef Borrell isə siyasətçiyə yaraşmayan əsassız, arqumentsiz, məntiqsiz bəyanatlarla çıxış etməli oldular. Bu iki dəllal öz adamlarına tapşırıq verdi ki, Gürcüstandakı seçkilərdə baş vermiş “pozuntular” araşdırılsın. Amma unudurlar ki, onların uydurduğu qara otaqda qara pişiyi tapmaq qədər çətindir. Üstəlik də əgər həmin otaqda pişik yoxdursa...
“Gürcü Arzusu – Demokratik Gürcüstan” öz qətiyyəti ilə Ağ evə necə od qoyubsa, ABŞ diplomatlarının başından tüstü çıxır. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller sanki “vorzakon” kimi danışaraq, rəsmi Tbilisiyə açıq-açığına hədə-qorxu gəlir: “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi problemlər gözləyir.” Yəni, Rusiya oraya yaxın düşməsin. Bu isə beynəlxalq aləmdə öz nüfuzunu itirməkdə olan siyasi dairələrin çapalamasından başqa bir şey deyil.
Böyük Britaniya Xarici İşlər Nazirliyi isə Ağ evin çaldıqlarına “züy tuturmuş” kimi bəyanat verir: “Seçkilərdəki mümkün pozuntular araşdırılmalıdır”. Bir adam da çıxıb onlara demir ki, bəs əgər o pozuntular yoxdursa, onda neyləyək? Ona görə demirlər ki, “Onda təşkil edin!” – cavabını alacaqlar.
ABŞ və Böyük Britaniyanın bu hikkələrini başa düşürük. Bəs gündəlik həyatı problemlərlə dolu olan Fransa nə üçün gedib başının çarəsini axtarmaq əvəzinə, burnunu Gürcüstanın seçki məntəqələrinə soxur? Bu ölkənin Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir. İndi mən ona sual verirəm: “Rəsmi Parisin müasir zəmanədə müstəmləkə kimi saxladığı dənizaşırı ölkələrdə insanlara hədə-qorxu gəlinməsi, onların hər addımda təhdid edilməsi, mülki vətəndaşların hər addımına Parisdən göndərilmiş hərbçilərin nəzarət etməsi insan hüquqlarının qorunmasına xidmət edirmi?
Təbii ki, Gürcüstandakı seçkilərdə heç bir pozuntu olmayıb. Olubsa da, həmin məsələ xalqın öz problemidir, özləri həll edəcəklər. Məgər Parisdən min kilometrlərlə uzaqda olan müstəmləkələrdə qan tökmək hansısa seçkidə pozuntu olmasından yüngül problemdir? Unutma, müsyö, zaman artıq sizin diktələrinizi rədd edir. Burnunuzu hər yerə soxmayın ki, hansısa fəsadlarla üzləşməyəsiniz.
Kanada isə seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Gürcü də deyə bilər ki, cəhənnəmə kimi, gedib hər şeylərinə yenidən baxsınlar. Nəyə baxırlar, baxsınlar, ancaq başqa ölkənin daxili işlərinə qarışmasınlar. Sadəcə ayıbdır.