Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə 30 ildən bəri işğalda qalan ərazilərini azad etmədi, həm də Ermənistanın hərbi potensialına çox ağır zərbə vurdu. Müharibədə biabırçı məğlubiyyətdən sonra isə rəsmi İrəvan hərbi gücünün bərpası qayğısına qalmağa başladı və bu istiqamətdə bir sıra ölkələrlə əməkdaşlıq qurdu. O vaxta qədər əsasən Rusiyadan silah-sursat alan ölkə müdafiə sahəsində Fransa, İran və Hindistanla əməkdaşlığa başladı.
Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. artıq İrəvana çatdırılıb və yeni ən müasir silahların göndərilməsi davam etdirilir. Ermənistan vaxtilə Rusiyadan aldığı Su-30CM hərbi təyyarələrini də Hindistan şirkətləri vasitəsilə modernləşdirməyə çalışır. Erməni KİV-in məlumatına görə, Hindistandan aviasiya raketləri, eləcə də orta mənzilli “Hava-hava” raketləri almaqla bağlı da danışıqlar aparılır.
Təbii ki, Ermənistanın cidd-cəhdlə silahlanması, hərbi sənaye kompleksini gücləndirməsi regionda narahatlıq yaradır. Üstəlik, son illərdə bu ölkədə revanşist əhval-ruhiyyə də kifayət qədər artıb. Bu fonda Azərbaycan Ermənistanın silahlanma sahəsindəki fəaliyyətinə biganə yanaşa bilməz.
Bu yaxınlarda Hindistan KİV-i də ölkəsinin müdafiə sahəsində əməkdaşlıq etdiyi əsas ölkələri sadalayıb. Bu sırada əsasən Fransa, İran və Ermənistanın adları hallandırılır.
Bir müddət əvvəl Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha da bəyan etmişdi ki, ölkəsi Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək. İrəvanda “Yeni regional reallıqlar və dünyanın qovşağı” adlı konfransda iştirak edən səfir bidirmişdi: “Biz hər hansı ölkə ilə müdafiə sahəsində əməkdaşlıq edəndə bu, təkcə texniki əməkdaşlıq deyil, həm də potensialın artırılması deməkdir. Beləliklə, biz bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”.
Bu əməkdaşlıq, təbii ki, Hindistanın da siyasi maraqlarına uyğun gəlir. Son illərə qədər Cənubi Qafqazla maraqlanmayan Dehli artıq regional oyunçuya çevrilməkdədir. Bu ölkə regiona marağını Azərbaycan, Türkiyə və Pakistanın hərbi-strateji əməkdaşlığı ilə əsaslandırır. Hindistanın regionda mövcudluğu təkcə Ermənistanla hərbi-texniki əməkdaşlıqla məhdudlaşmır. Bu ölkənin hökumətinə yaxın beyin mərkəzi olan “Observer Research Foundation” “Daily News”dəki məqaləsində qeyd edir ki, İrəvanla kəşfiyyat sahəsində də sıx əməkdaşlıq həyata keçirilir. Analitiklər hesab edirlər ki, bu cür qarşılıqlı fəaliyyət “Hindistan və Ermənistan arasında münasibətlərin bütün potensialını reallaşdırmağa kömək edə bilər”.
“Kəşfiyyat məlumatlarının konkret məsələlər üzrə paylaşılması iki əsas ümumi məqsədə nail olacaq: Birincisi, bu, ikitərəfli əlaqələrin əhəmiyyətini artıracaq. İkincisi, bu, hər iki ölkənin siyasətçilərinə qısa və uzunmüddətli perspektivdə tərəfdaşlıq çərçivəsində yaxınlaşma sahələrini, imkan və təhdidləri müəyyən etməyə imkan verəcək”, – “Observer Research Foundation” qeyd edir.
Məqalədə daha sonra deyilir: “Regional texnoloji mərkəzə çevrilməyi hədəfləyən Ermənistan yarımkeçiricilər və kosmik texnologiya kimi strateji sektorlarda təcrübə, maddi resurslar, istehsal və dizayn imkanları üçün Hindistanı axtarır. Eynilə, Hindistan şirkətləri Ermənistanın sürətlə inkişaf edən, lakin nisbətən istifadə olunmamış yerli texnologiya bazarına daxil olmaq istəyirlər. Yeni texnologiyaların inkişafının və bu sahədə ikitərəfli əməkdaşlığın təmin edilməsi əsasdır”.
Hindistanın analitik mərkəzi onu da vurğulayır ki, Hindistan və Ermənistan arasında kəşfiyyat sahəsində əməkdaşlığın artırılması yalnız ümumi xarici təhlükəsizlik təhdidləri kontekstində reallaşa bilər. Bura Türkiyə–Pakistan strateji oxu və onun Cənubi Qafqaza təsiri daxildir.
Hindistanın Müdafiə Nazirliyinə bağlı “Hindistan Defence Research Wing”in məlumatına görə, hazırda Ermənistana “Pralay” (Apokalipsis) operativ-taktiki raketlərinin verilməsi üzərində işlər gedir. Amma bu ölkənin 300 kilometrdən uzaqmənzilli raketləri satmamaq öhdəliyi var. “Pralay” isə 500 kilometr mənzillidir. İndi onların məsafəsini qısaltmaq lazımdır. Amma bu raketlər, eləcə də Hindistanın digər silahlarının keyfiyyəti Ermənistanda heç kimi maraqlandırmır. Hindistan silahları döyüşlərdə sınaqdan keçirilməyib, ehtiyat hissələrinin olub-olmaması da sual doğurur. Bir çox ekspertlər hesab edirlər ki, Ermənistan nə “Akash”, nə də “Pralay”dan lazımınca istifadə edə bilməyəcək. İrəvan ya sadəcə pulunu göyə sovurur, ya da Qanq sahillərindən əlavə dividend alır…
Üzeyir CƏFƏROV,
ehtiyatda olan polkovnik
Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyən bir sıra ölkələr arasında yeni bir oyunçu da peyda olub – Hindistan. Əslində, əvvəlki illərdə bu ölkənin Ermənistanla ticari-iqtisadi əlaqələri elə də yüksək səviyyədə olmayıb. Amma son vaxtlar Hindistan Ermənistanı daha çox nəzarətinə götürüb və müəyyən əməkdaşlıq sahələri yaradıb. Bunların arasında hərbi-texniki sahədə əməkdaşlıq da var. Keçən il iki ölkə arasında 300 milyon dollar civarında müqavilə də imzalanmışdır.
Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfər etmiş, Hindistanın müdafiə naziri də İrəvana cavab səfəri həyata keçirmişdi. Nəticədə Hindistan Ermənistana 214 mm-lik “Pinaka” yaylım atəşi sistemi, tank əleyhinə raket kompleksləri, müxtəlif sursatlar vermişdi. Bu yaxınlarda isə Ermənistana 40 milyon dollar dəyəri olan 4 ədəd “Şvarti” kontrbatareya radarı verilib.
Bu gün birmənalı şəkildə demək olar ki, Hindistan Ermənistanı silahlandırır və bunun adını hərbi-texniki əməkdaşlıq qoyur. Azərbaycan Prezidenti İlham Əliyev Hindistan rəsmiləri ilə görüşəndə onlara Cənubi Qafqazda revanşist ideyalarla yaşayan Ermənistanla bağlı ölkəmizin narahatlığını bildirib. Zaman-zaman Azərbaycan XİN də bu istiqamətdə narazılığını ifadə edib.
Amma Hindistan İran–Ermənistan dəhlizindən istifadə edərək yenə də İrəvana bəzi silah-sursatları çatdırır. İndi tərəflər arasında 500 kilometr məsafəni vura bilən “Pralay” raket kompleksinin tədarükü ilə bağlı razılaşma əldə olunub. Amma Hindistanın bu raketlərin ixracı ilə bağlı müəyyən kvota mövcuddur. Yəqin ki, Hindistan bu raketlərin məsafəsini 300 kilometrədək azaltmalı olacaq və bundan sonra qurğular Ermənistana veriləcək.
Bütün bunlar, təbii ki, gələcəkdə Azərbaycana təzyiq göstərmək üçün bir sıra ölkələrin – Fransanın, Hindistanın, İranın, Yunanıstanın Ermənistana dəstəyidir. Bu ölkələr 44 günlük savaşdan sonra yeni reallıqlarla barışmaq istəmirlər və Ermənistanı silah-sursatla təmin edirlər. Amma Hindistan başa düşməlidir ki, gələcəkdə Cənubi Qafqazda müharibəni alovlandıracaq ölkələr sırasında onun da adı çəkiləcək. Təəssüflər olsun ki, bu ölkə öz məsuliyyətini dərk etmək istəmir və Ermənistanı silahlandırmaqda davam edir. Biz diplomatik qaydada buna etiraz bildirmişik, amma Hindistan Azərbaycanın bu narahatlıqlarını başa düşdüyünü bildirsə də, əməllərindən çəkinmir.
Azərbaycan Prezidenti Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edərkən də demişdi ki, ölkəsinin hərəkətləri yeni təhlükələr yaradır. Əgər Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşırsa, bu yüz milyonlarla dollar məbləğində silah, raket kompleksləri nə deməkdir?
Hesab edirəm ki, Hindistan hakimiyyəti Ermənistanın əsl xislətini tanımalı və bir qədər diqqətli olmalıdır. Biz başa düşürük ki, Hindistanın baş naziri Modi bəzi siyasi amillərə, Azərbaycanın Pakistanla münasibətlərinə, Kəşmir məsələsinə görə bu addımları atır, amma bu fəaliyyəti davam etdirməməli, ehtiyatlı davranmalıdır.
Paşa ƏMİRCANOV
XQ