Gürcüstanda parlament seçkiləri və regional geosiyasət

post-img

I MƏQALƏ

Seçki həssaslığı

Öncədən Gürcüstandakı parlament seçkilərinin, bütövlükdə, regional geosiyasət miqyasında əhəmiyyətinin olduğu vurğulanırdı. Cənubi Qafqaz uğrunda mübarizə aparan böyük geosiyasi güclər bu seçkiyə nüfuz kontekstində həlledici mərhələ kimi baxırdılar. Bu səbəbdən oktyabrın 26-sı Qərb və Rusiya üçün “Tbilisi savaşı”nın dönüş nöqtəsi kimi qiymətləndirilirdi.

Belə bir vəziyyətin yaranması rəsmi İrəvanın səbatsız və qeyri-müəyyən geosiyasi mövqe tutmasından qaynaqlanırdı. Ermənistan rəhbərliyi II Qarabağ müharibəsində aldığı ciddi məğlubiyyətdən sonra, qəti olaraq hansı geosiyasi paltformanı seçməli olduğunu müəyyənləşdirə bilməmişdir. O cümlədən, İrəvanın Qərbə geosiyasi reveransları regionu daha riskli vəziyyətə salmışdır. Bunlar avtomatik olaraq Gürcüstan faktorunu Cənubi Qafqaz üçün daha da aktuallaşdırmışdır.

Digər tərəfdən, Rusiya səbr və təmkinlə Cənubi Qafqazda siyasətini gücləndirmək kursunu seçmişdir. Doğrudur, hələlik Moskvanın Tbilisi ilə əlaqələri bərpa olunmamışdır, lakin tərəflər bir-birinə qarşı öncəki mərhələlərdən daha yumşaq olan fikirlər səsləndirirlər. Buna paralel olaraq, rəsmi Tbilisinin mövqeyindən qəzəblənən Qərb dalbadal Gürcüstana qarşı addımlar atmışdır. Nəticədə Qərb–Gürcüstan münasibətləri xeyli geriləmişdir.

Nəhayət, Azərbaycanın regionda oynadığı müsbət geosiyasi rolu kənara qoymaq olmaz. Rəsmi Bakı Gürcüstan rəhbərliyi ilə kifayət qədər konstruktiv münasibətlər formalaşdırmışdır və daim qonşu ölkənin müstəqilliyinin yanında olmuşdur. Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığı da yeni səviyyəyə yüksəltməkdədir. Bunların fonunda regional təhlükəsizlikdə Azərbaycan – Gürcüstan münasibətlərinin daha da aktuallaşdığı qənaəti alınır.

Qısa vurğuladığımız məqamlar Gürcüstandakı seçkiyə Qərbin, Rusiyanın, Azərbaycanın və Ermənistanın münasibətlərinin mahiyyətini anlamağa imkan verir. Burada yeganə aydın surətdə Gürcüstan dövlətçiliyinə, müstəqilliyinə müsbət münasibət göstərən dövlətin Azərbaycan olduğu məlum olur.

Qərbin öz tələbləri və şərtləri vardır. Məsələn, “Rusiya ilə əməkdaşlıq etmə, onun Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün ikinci cəbhə aç” kimi şərt irəli sürdüyü məlumdur. Bu barədə Baş nazir İrakli Kobaxidze dəfələrlə açıq fikir bildirmişdir. Rusiyanın da öz şərtləri vardır. Məsələn, Abxaziya və Cənubi Osetiya Moskva üçün hələ də “müstəqil dövlətlərdir”.

Ermənistan isə mövqeyi bəlli olmayan, qeyri-müəyyən siyasət yeridən, hərdəmxəyal addımlar atan etibarsız bir ölkə kimi davranır. İrəvanın fəaliyyəti elə səviyyədə və məzmundadır ki, heç bir halda Tbilisi ona etibar edə bilməz və fayda götürməz. Məsələ həm də onunla bağlıdır ki, Ermənistanın minimum təsir gücü belə yoxdur. Ona görə də indi Ermənistan regional məsələlərdə güc göstərə bilməyən risk mənbəyi kimi qalmaqdadır.

Beləliklə, parlament seçkilərinə qədər, demək olar ki, bu regionda marağı olan hər bir böyük dövlətin seçkinin nəticələrinə münasibəti aydın idi. Ancaq o da vardır ki, bütövükdə, regional geosiyasətdə mürəkkəb və riskli dinamika mövcuddursa, Gürcüstandakı seçki tam sakit və qalmaqalsız keçə bilməzdi. Faktiki olaraq həm iqtidar, həm də müxalifət qalib olacağını bəyan edir və əks halda ciddi etiraz fəaliyyəti olacağını bildirirdi. Bu o demək idi ki, istənilən nəticədə Gürcüstanda sosial, siyasi və ictimai vəziyyət mürəkkəbləşmə riski ilə üz-üzə qala bilər.

Seçkidən sonra baş verən hadisələr bu proqnozu təsdiqləyir. Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri inamla elan etməsi fərqli mühit yaradır. Məsələ ondan ibarətdir ki, rəsmi olaraq “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın 54, 08 faiz, birləşmiş müxalifətin isə 37,5 faiz səs topladığı haqqında informasiya yayılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir İrakli Kobaxidzeni təbrik etmiş və onu Azərbaycana səfərə dəvət etmişdir.

Rusiyadan müsbət münasibət ifadə edilmişdir. Yayılan informasiyalara görə, ATƏT prinsipcə seçkinin nəticələrini tanımışdır, lakin, eyni zamanda, bir sıra nöqsanlara da işarə vermişdir. Ancaq seçkiləri müşahidə edən təşkilatların Avropa şəbəkəsinin (ENEMO) sədri Zlatko Vuyeviç seçkidə “şəffaflıq və bərabərlik pozulmuşdur” kimi bəyanat vermişdir. Bunu o, “seçki prosesinin demokratik xarakterinin əhəmiyyətli dərəcədə pozulması” kimi qiymətləndirmişdir.

Bütün bunlar Gürcüstandakı parlament seçkilərinin regional konteksti ilə bağlı müəyyən fikirlər yürütməyə imkan verir.

Təhlükəli və riskli Qərb

Gürcüstan üçün, sözün həqiqi mənasında, indi təhlükəli tərəf Qərbdir. ABŞ və Avropa İttifaqı uduzmağını qəbul etməyəcək. Bu da avtomatik olaraq Gürcüstanda etiraz aksiyalarına və radikal davranışlara yol aça bilər. Məsələ onunla bağlıdır ki, seçkilər şəffaf və obyektiv keçmişdir və həqiqi mənada “Gürcü Arzusu” qalib gəlmişdir. Bu baxımdan iqtidar partiyası da əldə etdiyi nailiyyətin üstündən xətt çəkməz. Gözləniləndir ki, ölkədə qarşıdurma kəskinləşsin.

Ancaq Baş nazir İrakli Kobaxidze bəyan etmişdir ki, müxalifətin elə bir ciddi sosial bazası yoxdur. Buna görə də hər hansı ciddi risk mövcud deyildir. Bunun belə olmasını ilk arzulayanlar sırasında Azərbaycan da vardır. Bundan başqa, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə “Gürcü Arzusu”na seçicilərin 75 faizdən çoxu səs vermişdir. Bununla soydaşlarımızın daim Gürcüstanın müstəqilliyi və təhlükəsizliyinin yanında olduğu bir daha təsdiqlənmişdir. İndi əhali Gürcüstan hökumətinin azərbaycanlıların yaşadıqları bölgələrdə sosial-iqtisadi problemlərə daha çox diqqət yetirəcəyini gözləyir.

Bununla yanaşı, Gürcüstana ola biləcək təzyiqləri unutmaq olmaz. O cümlədən, müəyyən dairələr gürcülərlə qeyri-gürcü xalqları arasında nifaq salmağa cəhd edə bilərlər. Bu bədbin proqnoz üçün müəyyən əsas vardır.

Qərbin müəyyən dairələri həm dini, həm də siyasi faktordan istifadə edib, Gürcüstanda sabitliyi poza bilərlər ki, seçkinin nəticələri şübhə altına alınsın. Bunun üçün onların çəkinməyəcəyini təxmin etmək olar. Təcrübə göstərir ki, Qərbin siyasi dairələri geosiyasi məsələlərdə güzəştə getməyi və reallıqla barışmağı sevmirlər.

Digər tərəfdən, Ukrayna cəbhəsində proseslərin Rusiyanın xeyrinə dəyişməsi Qərbin Qafqaz istiqamətində radikal addımlar atmağa meyillənməsinə səbəb ola bilər. Çünki Qafqazda Moskva üçün problemlər yarada bilsələr, Ukraynada Rusiyanın təzyiqlərini azalda bilərlər.

Burada Qərbin Ermənistandan istifadə edə biləcəyi ehtimalı az deyildir. Görünür, bir qədər əvvəl Qərbin müəyyən təşkilatlarını Gürcüstandan Ermənistana köçürməsi də hardasa bu kimi məqsədlərdən xəbər verir.

Bütün bu ehtimalların fonunda Baş nazir İ.Kobaxidzenin seçkidən sonra verdiyi bəyanatlar maraqlı görünür. O, Rusiya ilə diplomatik münasibətlərin yarana biləcəyi ehtimalını yüksək qiymətləndirmədiyini və Moskvanın Gürcüstanın iki regionunu işğal altında saxlamaqda davam etdiyini ifadə etmişdir. Belə görünür ki, rəsmi Tbilisinin yaxın zamanlarda Rusiyaya tərəf ciddi reverans etmək niyyəti yoxdur.

Bununla yanaşı, İ.Kobaxidze hələ də əsas istiqamətin Avropa İttifaqına üzvlükdən ibarət olduğunu vurğulaması bir qədər qəribə təsir bağışlamışdır. O, Rusiya ilə diplomatik əlaqələrə “Yox!Yox!Yox!” deyə cavab vermişdirsə də, ardınca “bizim əsas xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır”, – demişdir.

Ancaq faktdır ki, hazırda Qərblə Gürcüstanın münasibətləri çox soyuqdur. ABŞ və Aİ, faktiki olaraq, rəsmi Tbilisi ilə təmasları dondurmuşlar. Gürcüstanın Aİ-yə inteqrasiyası prosesi dayanmışdır. Belə vəziyyətdə rəsmi Tbilisinin vəziyyəti necə düzəldə biləcəyi müəmmalıdır.

Digər tərəfdən, başda ABŞ olmaqla, kollektiv Qərb Azərbaycana da təzyiq etməyə çalışır. Aydın görünür ki, Vaşinqton və Brüssel səmimi, ədalətli və obyektiv deyildir. Onun öz şəxsi maraqlarını yeritməkdən başqa dərdi yoxdur. Buna görə də Ermənistanı müdafiə edirlər və regionda təhlükəsizliyə riskləri artırırlar.

Faktiki olaraq ziddiyyət alınır. Qərb regionda Gürcüstanın strateji tərəfdaşına qarşı qərəzli və mənfi mövqe tutursa, Gürcüstanın özünə necə müsbət yanaşa bilər? Bu o halda ola bilər ki, Gürcüstan da Azərbaycanla münasibətlərinə yenidən Qərbin maraqları prizmasında baxsın. Bu isə faktiki olaraq Tbilisinin öz müstəqilliyindən imtina etməsi deməkdir. Hazırkı Gürcüstan hökumətinin buna gedəcəyini ehtimal etmirik. Ancaq burada digər bir təhlükəli məqam da ortaya çıxa bilər.

Ermənistanın mövqeyi

Ermənilərin kompakt yaşadığı Cavaxetiyada erməni informasiya mənbələrinin məlumatına görə, seçicilərin 80 faizindən çoxu “Gürcü Arzusu”na səs vermişdir. Lakin politoloqlar hesab edirlər ki, bu, rəsmi İrəvanın mövqeyi deyildir. Çünki Ermənistan rəhbərliyi hazırda daha çox Qərbin təsiri altındadır. Cavaxetiya məsələsi isə sadəcə erməni əhalinin təhlükəsizliyi ilə bağlı izah oluna bilər. Məsələ ondan ibarətdir ki, II Qarabağ müharibəsindən sonra Gürcüstanda yaşayan ermənilər İrəvanın dəstəyinə ümid etmirlər. Həmin səbəbdən özlərini sakit aparmağa çalışırlar – onların əvvəlki özündənrazılıqlarından əsər-əlamət qalmamışdır.

Belə alınır ki, Cavaxetiya məsələsi Ermənistanın Gürcüstana real münasibətini əks etdirmir. Bu qənaəti həm də Qərbin öz təşkilatlarını Ermənistana köçürməsi təsdiq edir. Deməli, lazım olduğu zaman həmin təşkilatlar anti-Gürcüstan fəaliyyətlərini genişləndirə bilərlər. Yəni, Gürcüstana real təhlükələr həm də Ermənistan tərəfdən gələ bilər. Burada müxtəlif təxribatlar və təzyiq üsulları istisna edilmir.

Eyni zamanda, Ermənistan tərəfindən ola biləcək təhlükələrin Gürcüstana ciddi başağrısı yaradacağını da düşünmək əsassızdır. Bunun əsas səbəbi Gürcüstanın Azərbaycan kimi etibarlı strateji tərəfdaşının olmasıdır. Konkret ifadə etsək, Azərbaycan – Gürcüstan tandemi regionda müxtəlif istiqamətlərdən gözlənilən təhlükələri neytrallaşdırmaq gücündədir. Bu məqam regionda yeni təhlükəsizlik konfiqurasiyasının yaranmaqda olduğunu əks etdirir. Onun prizmasında Gürcüstanda parlament seçkisinin başqa və daha maraqlı aspektlərinə baxa bilərik.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət