Qonşu ölkədə yaşayan soydaşlarımız sülh və əməkdaşlığa səs verdilər

post-img

Gürcüstanda neçə vaxtdan bəri həyəcanla gözlənilən 26 oktyabr parlament seçkiləri başa çatıb və artıq ölkənin Mərkəzi Seçki Komissiyası nəticələri elan edib. MSK 27 oktyabr saat 17:00-a olan vəziyyətə görə, 3 min 111 seçki məntəqəsindən 3 min 109-nun (99.936 faiz) sayıldığını açıqlayıb. Qalan iki məntəqədən birində – 69 saylı seçki məntəqəsində nəticələr ləğv edilib, Duşetidəki bir məntəqədən isə protokol göndərilməyib.

MSK-nın elan etdiyi son nəticələrə görə, parlamentə daxil olmaq üçün 5 faizlik baryeri keçmiş siyasi partiyaların qazandıqları səslərin sayı və faiz göstəriciləri aşağıdakı kimidir: Hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” – 1 milyon 118 min 796 səs (53.93 faiz), “Dəyişikliklər Koalisiyası” – 228 min 821 səs (11.03 faiz), “Birlik – Milli Hərəkat” – 210 min 787 səs (10.161 faiz), “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!” – 182 min 839 səs (8.814 faiz), “Qaxaria Gürcüstan üçün” – 161 min 215 səs (7.771 faiz). Seçkiyə qatılmış 18 partiyadan 13-ü isə müvafiq baryeri keçə bilmədiyi üçün parlamentə düşə bilməyib.

Seçkidə ölkədə fəaliyyət göstərən 18 partiyanın iştirakının müsbət hal olması səsvermə prosesini izləyən ATƏT Parlament Assambleyasının nümayəndə heyəti tərəfindən də xüsusi qeyd edilib. Beynəlxalq qurumun təmsilçiləri Tbilisidə keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, Gürcüstanda parlament seçkiləri rəqabətli olub, seçkilərdə 18 siyasi partiya iştirak edib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Pia Kauma deyib: “Bu parlament seçkiləri rəqabətli olub, ona görə ki, seçicilər 18 seçki subyekti arasında seçim etmək imkanına malik olublar. Bu, iqtidarla müxalifət arasında seçki deyildi. Müxalifət partiyalarının özləri arasında da fəal rəqabət var idi”.

İlkin nəticələr bəlli olduqdan sonra “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili partiyasının mərkəzi qərargahının önündə qurulmuş səhnədən xalqa müraciət edərək, bütün Gürcüstana və seçicilərə dərin təşəkkürünü bildirib: “Onlar artıq dördüncü seçkilərdir ki, belə səmimiyyət və sədaqətlə bizi dəstəkləyirlər. Dünyada nadir hallarda belə hal baş verir ki, bu qədər mürəkkəb vəziyyətdə bu cür böyük uğurlar əldə edilir. Bu, gürcü xalqının özünəməxsusluğunun göstəricisidir. Sizi əmin edirəm ki, ölkəmiz növbəti dörd il ərzində böyük nailiyyətlərə imza atacaq”.

İvanişvili təmsil etdiyi partiyanın artıq “zəmanətli, böyük üstünlük ilə inandırıcı qələbəyə sahib” olduğunu, bunu seçkilərin nəticəsinin də sübut etdiyini bildirib.

“Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə müxalifətin, ümumiyyətlə heç bir resursunun olmadığını, parlamentin ilk iclasının adi qaydada keçiriləcəyini, hökumətin təsdiq olunacağını bəyan edib: “İlk dəfədir ki, müxalifət nümayəndələri Mərkəzi Seçki Komissiyasının binasına hücum etməyə cəsarət etməyiblər. Bunun sadə bir səbəbi var – qələbə o qədər təsirli və açıqdır ki, o cümlədən, elektron seçkilər və misilsiz seçkiqabağı mühit şəraitində seçkilərin manipulyasiyasından danışmağa ehtiyac qalmır”,

Kobaxidzenini sözlərinə görə, hökumət yeni ildən ABŞ və Avropa İttifaqı ilə münasibətləri yenidən normallaşdırmağa başlayacaq.

Baş nazir dünən hökumətin ilk iclasını keçirərkən bildirib ki, müxalifət məğlubiyyətlə barışa bilmir. Hətta ATƏT-in müşahidə missiyasına açıq şəkildə qarşı çıxır, çünki yekun hesabat onların xoşlarına gəlməyib: “Mən müşahidə etdim ki, müxalifət kanalları müvafiq mətbuat konfransını yarıda dayandırdılar. Çünki onlar seçkilərlə bağlı müsbət qiymətləndirmədən olduqca narazı qaldılar”.

Gürcüstanda keçirilən seçkilərdə azərbaycanlılar, həmişə olduğu kimi, yenə də fəal iştirak ediblər. Bunu müşahidə edən bir çox gürcü və azərbaycanlı ekspertlər bildirirlər ki, bu fəallıq və onların həlledici rolu yalnız seçkilərin nəticələrinə deyil, həm də Gürcüstanın gələcək siyasi və regional siyasətinə müsbət təsir edir. Gürcüstanda yaşayan soydaşlarımızın sayı təxminən 300 min nəfər hesablanır və onlar yaşadıqları bölgələrdə yüksək seçici fəallığı nümayiş etdirərək ölkənin ümumi siyasi mənzərəsinə mühüm töhfələr veriblər.

Gürcüstandan aldığımız son məlumatlara görə, azərbaycanlı seçicilər əsasən “Gürcü Arzusu” partiyasına səs verməklə, ölkədə sabitliyin və ənənəvi milli-mənəvi dəyərlərin qorunmasında əhəmiyyətli rol oynayıblar. Azərbaycanlı seçicilərin hakim partiyaya verdikləri səslər bu siyasi təşkilatın qazandığı ümumi səslərin 7-8 faizini təşkil edir ki, bu, mühüm göstərici kimi diqqət çəkir. Soydaşlarımız ölkədə bir sıra müxalifət partiyalarının yürütdüyü Qərbpərəst siyasətə səs verməyərək, Gürcüstanda sülh və sabitliyin davamlı olmasına dəstək veriblər.

Hakim partiyanın azərbaycanlıların yaşadığı regionlarda qazandığı səslərin göstəricisi aşağıdakı kimidir: Marneuli 79,54 faiz, Bolnisi 80,71 faiz, Dmanisi 76,43 faiz, Qardabani 70,83 faiz, Zalqa 69,35 faiz, Tetriskaro (Ağbulaq) 68,65 faiz.

"Gürcü Arzusu”nun namizədi Savalan Mirzəyev bildirib ki, yaşadığı Qardabani rayonunda seçkilər sakit və dinc formada keçib, heç bir qanun pozuntusuna yol verilməyib.

“Gürcü Arzusu” partiyasından deputat seçilmiş David Şerazadişvili deyib ki, gürcü xalqı düzgün seçim edib. Gürcüstanda istər seçkilərin təşkili, istər təbliğat məsələsində, istərsə də səsvermənin gedişində nəticələrə ciddi şəkildə təsir edən qanun pozuntusu qeydə alınmayıb. O, Gürcüstanda ilk dəfə proporsional seçki sistemi üzrə keçirilən seçkilərin Gürcüstanın milli maraqlarına tam uyğun gəldiyini, ölkənin gələcəyinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu ifadə edib: “Gürcü xalqı düzgün seçim etdi və öz xoşbəxt gələcəyinə səs verdi. Gürcüstan hökuməti və xalqı Avropaya inteqrasiya yolunu tutub. Bu istiqamətdə yeni ildən ciddi addımlar atılacaq”.

O, Gürcüstanda yaşayan azərbaycanlıların da yüksək siyasi fəallıq göstərərək gürcü xalqının, “Gürcü Arzusu”nun yanında olduğunu, sülh və əməkdaşlıq partiyasına səs verdiyini qeyd etdi.

“Soydaş” İctimai Birliyinin sədri, politoloq Kamran Ramazanlı da qəzetimizə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların səsvermədə fəallıq göstərməsindən məmnunluq duyduğunu qeyd etdi. Onun sözlərinə görə, soydaşlarımızın yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər rayonlarda səsvermə mütəşəkkil, sakit və demokratik keçib. Azərbaycanlı seçicilər də Gürcüstanın ictimai siyasi həyatında mühüm hadisə olan bu seçkilərdə fəal iştirak etməklə, xüsusən hakim partiyanı dəstəkləməklə müharibə partiyasına, amoral dəyərlərə deyil, sülhə əmin-amanlığa, inkişafa səsə veriblər: “Ümumilikdə Gürcüstan xalqı, eləcə də azərbaycanlılar müharibəyə, daxili qarşıdurmaya, milli-mənəvi dəyərlərin deqradasiyasına deyil, sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər. Gürcüstandakı soydaşlarımıza təşəkkür edirik ki, onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan–Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş səyləri dəstəklədilər.

Gürcüstanda yaşayan azərbaycanlılar hökumətdən həyat şəraitlərinin yaxşılaşdırılması, sosial və iqtisadi hüquqlarının qorunması istiqamətində daha fəal addımların atılmasını gözləyirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti bundan sonra bu məsələlərə daha həssas yanaşacaq və azərbaycanlıların ölkədəki mövqelərini gücləndirmək üçün əlavə addımlar atacaq”.

Paşa ƏMİRCANOV
XQ

Siyasət