İrəvanda delimitasiya-demarkasiya “davası”

post-img

Ermənistan parlamentinin oktyabrın 23-də “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın fəaliyyətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” qanun layihəsini qəbul etməsi ölkədəki radikal-revanşist kəsimin yenidən baş qaldırmasına səbəb olub. Onlar bir ağızdan bu qanunun əleyhinə çıxırlar.

Halbuki, müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyaları məsuliyyətdən yaxalarını kənara çəkərək səsverməni boykot ediblər. Onlar sənədin nə əleyhinə səs veriblər, nə də bitərəf qalıblar. Sadəcə, səsvermədə iştirak etməyiblər. Hər iki fraksiya sənədin gələcəkdə dövlət əleyhinə güzəştlərə haqq qazandırmaq məqsədi daşıdığını bildirərək, müzakirə və səsvermədə iştirak etməyiblər. Bununla belə mediaya verdikləri açıqlamalarda öz aləmlərində uzağagedən nəticələr çıxarmağa çalışırlar.

Bu düşərgəyə yaxınlığı ilə seçilən politoloq Stepan Danielyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası üzrə dövlət komissiyalarının fəaliyyətinə dair əsasnamədə gələcək ərazi güzəştlərindən (?) bəhs edilir və bu güzəştlər dəhliz formasında Sünikdə (Zəngəzurda–S.H.) də ola bilər.

Onun sözlərinə görə, hazırkı hökumətin nümayəndələri daim Praqada Alma-Ata Bəyannaməsinin prinsiplərindən bəhs edən sənəd imzaladıqlarını fəxrlə bəyan edirlər. Lakin Danielyanın fikrincə, Alma-Ata prinsiplərində aydınlıq yoxdur, söhbət ümumi sərhədlərdən gedir. O, digər bir vəziyyətə diqqət çəkib: Ermənistan parlamentinin təsdiq etdiyi əsasnaməyə əsasən, Alma-Ata Bəyannaməsi digər delimitasiya və demarkasiya prinsipləri ilə əvəz edilə bilər.

Danielyan iddia edib ki, bunu Azərbaycan israr edib və Ermənistan da razılaşıb: “Bu sənəd indiki hakimiyyətin gələcək ittihamına çevriləcək, çünki onlar Alma-Ata prinsipləri ilə delimitasiya və demarkasiya aparacaqları barədə Azərbaycanla razılaşıblar. Gələcəkdə bu prinsiplər dəyişdirilə bilər və Alma-Ata Bəyannaməsi çərçivəsindən kənara çıxan bəzi prinsiplər varsa, o zaman dövlətə xəyanət məsələsi gündəmə gələ bilər. Onlar Ermənistanın ərazi bütövlüyünü sual altına qoyublar”.

Politoloq onu da bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir, ona görə də bu prosesdə irəliləyiş qeydə alınmır. Rusiyanın da burada xüsusi rəyi var. Çünki Moskva Zəngəzurun tamamilə Azərbaycan və Türkiyənin təsiri altında olmasını istəmir: “Təsadüfi deyil ki, ABŞ Dövlət katibinin müavini regiona gəlir və Ukraynadakı müharibə fonunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılması üçün əlverişli vəziyyət yarandığını bəyan edir. ABŞ-nin məqsədi Rusiyanı regiondan sıxışdırmaqdır”.

Danielyan daha sonra arzusunu dilə gətirib. O, əmin olduğunu bildirib ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiya Cənubi Qafqaza qayıdacaq və bunun nəticəsində Türkiyənin regionda təsiri zəifləyəcək.

Vəkil və beynəlxalq hüquq üzrə mütəxəssis Aram Orbelyan isə deyib ki, komissiyaların fəaliyyəti haqqında əsasnamə texniki xarakter daşıdığından ratifikasiya olunmur. O, iddia edib ki, komissiya məşvərətçi orqan statusuna malikdir və onun əraziləri dəyişdirmək və ya sərhədləri çəkmək səlahiyyəti yoxdur. Buna baxmayaraq, məşvərətçi orqana nə Ermənistanın maraqlarından, nə də beynəlxalq hüquqdan irəli gəlməyən son dərəcə geniş səlahiyyətlər verilib.

Orbelyanın sözlərinə görə, saziş sadəcə olaraq dövlətdaxili proseslərdən keçməli idi, lakin bunun üçün parlament tərəfindən ratifikasiya tələb olunmur: sənədi istər hökumət, istərsə də Ermənistan prezidenti təsdiq edə bilərdi.

Onun fikrincə, parlament əsasnaməni ratifikasiya etməməli idi: “Əks halda o, Ermənistan ərazilərinin qanunsuz olaraq verilməsində şərik olub ki, bu da öz növbəsində dövlətə xəyanət deməkdir. Bu delimitasiya prosesi Ermənistan Konstitusiyasında nəzərdə tutulmayıb, ona görə də legitim ola bilməz”.

Göründüyü kimi, Ermənistanda hətta ekspertlər arasında da Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə qarşı çıxanlar var. Baş nazir Nikol Paşinyan isə qanunverici orqandakı müzakirələr zamanı demişdi: “Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumiyyətlə, region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur. Bəyan edirik ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kvadratkilometr ərazisinin, guya, işğal olunduğunu iddia edir–S.H.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqqında sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır”.

Əlbəttə, Paşinyanın bu açıqlaması vacib siyasi mövqe kimi qiymətləndirilə bilər, lakin bununla bərabər, konstitusiya baş nazirdən daha güclü fenomendir. Bizim üçün indiki halda Ermənistan siyasətçilərinin dedikləri deyil, ortada olan hüquqi aktlar, qanun və digər normativ sənədlər əsasdır və onlarla işləməkdən başqa alternativimiz yoxdur. Çünki ortada birgə razılaşmaların üzərindən xətt çəkilməsi kimi bir keçmiş, hətta, 44 günlük müharibə var. Qarşılıqlı etimadsızlıq elə bir səviyyədədir ki, Ermənistan konstitusiya məhkəməsinin “Azərbaycana ərazi iddiaları olan aktlar hüquqi qüvvəyə malik deyil” qərarı belə indiki halda erməni cəmiyyətinin yekdil rəyi kimi qəbul oluna bilməz. Yalnız referendumla biz gerçək mənzərinin necə olduğuna inana bilərik.

Yaranmış durumla bağlı fikirlərini XQ ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, əsas məsələ Ermənistan hökumətinin mövqeyi və parlamentinin qərarlarıdır. Onun sözlərinə görə, əgər Ermənistan hökuməti və parlamenti Azərbaycanla razılaşmaları təsdiq edirsə, müxalifətin nə deməsinin əhəmiyyəti yoxdur. Çünki müxalifət prosesə təsir edə bilmir: “Doğrudur, başqa sual yarana bilər ki, gələcəkdə hakimiyyət dəyişərsə, indiki müxalifət iqtidara gələrsə, Azərbaycanla razılaşmalardan imtina edə bilərmi? O zaman, bu, sülh yox, yenidən müharibəyə şərait yaratmaq olacaq ki, nəticədə bölgədə gərginlik artacaq. Hətta, hakimiyyət dəyişdikdən sonra belə yeni gələn iqtidarın əvvəlki razılaşmalardan imtina edəcəyini düşünmürəm. Çünki bu müxalifət hər zaman hökumətin əleyhinə çıxır. Onun daxilində radikal-revanşist elementlər də çoxdur. Amma Paşinyanın Azərbaycanla apardığı danışıqlara da mane ola bilmirlər”.

E.Şahinoğlu qeyd etdi ki, biz prosesi müşahidə edirik. Bu səbəbdən bizim əsas tələbimiz odur ki, konstitusiyaya dəyişiklik məhz referenduma çıxarılsın: “Referendumda Ermənistanın Azərbaycana ərazi iddialarını nəzərdə tutan bəndlər çıxarılarsa və erməni cəmiyyətinin hamısı olmasa da, böyük hissəsi bunun lehinə səs verərsə, daha bunu da dəyişmək mümkün olmayacaq. Çünki referendumla təsdiq olunacaq ki, artıq Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur”.

Müsahibimiz onu da bildirdi ki, radikal müxalifətin bu cür çıxışlar etməsində qeyri-adi heç nə mövcud deyil: “Həmin o revanşist müxalifət – Robert Koçaryan və Serj Sarkisyan tərəfdarları keçmişdə Azərbaycan torpaqlarının işğalına birbaşa rəhbərlik ediblər. Onlardan başqa cür münasibət gözləmək də mümkün deyil. İndi durub Paşinyanın Azərbaycanla əldə etdiyi razılaşmaları dəstəkləməyəcəklər ki?! Amma bizim üçün önəmli olan danışıqların, sülh prosesinin davam etdirilməsidir. Gələcəkdə kimlərsə Azərbaycanla razılaşmalardan imtina etmək istəyəcəksə, o zaman sülhün aradan qaldırılması müharibənin başlanması olacaq ki, Ermənistan yüz dəfə Azərbaycanla müharibə etməyə girişsə, yüzündə də ağır məğlubiyyətlə üzləşəcək”.

S.NAZİMOĞLU
XQ

Siyasət