Avropanın kütləvi miqrant ölümlərində təqsir payı

post-img

Bu gün dünyanın diqqətini məşğul edən əsas beynəlxalq problemlərdən biri miqrasiya məsələsidir. Son illərdə, xüsusən 2011-ci ildən start götürmüş məşhur “ərəb baharı” siyasi layihəsinin həyata keçirilməsindən sonra məhz Yaxın Şərq, Şimali Afrika ölkələrindən, eləcə Əfqanıstandan və İraqdan böyük insan seli Avropaya üz tutub. Bu cür kütləvi miqrasiya hallarına, təbii ki, həmin ölkələrin sakinləri məcbur olublar. Bu, onların vətənlərində ABŞ və Avropa tərəfindən həyata keçirilən amansız “demokratiya”, “insan hüquqları” uğrunda “mübarizə” siyasəti, o cümlədən, aclıq, səfalət ilə bağlıdır. İnsanlar baş vermiş dəhşətli vətəndaş müharibələrindən, qan-qadalardan, kütləvi ölüm hallarından qaçmaq üçün onları öz vətənlərindən didərgin düşməyə məcbur edən Avropa ölkələrinə qaçıblar.

İnsanların üz tutduqları ünvanlar sırasında Avropa İttifaqına (Aİ) üzv ölkələr ilk sıradadır. Bunlar əsasən Almaniya, Fransa, Avstriya, İtaliya, Malta və habelə İngiltərədir. Təbii ki, kütləvi insan axını çox böyük miqyas aldığından sonrakı illərdə Aİ ölkələri miqrasiya siyasəti ilə bağlı tədbirləri yenidən gözdən keçirir və qanunları sərtləşdirməklə bu axının qarşısını almağa çalışırlar. Amma miqrasiya son vaxtlar bir qədər səngisə də, bugünədək davam etməkdədir. Yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar çox hallarda çıxdıqları yolda, xüsusən dənizlərdə qəzalara uğrayır və kütləvi şəkildə tələf olurlar.

Bütün dünya son illərdə dəniz yolu ilə Avropa və Qərb istiqamətinə yol alan miqrant gəmi və qayıqlarının qəzaya uğraması, əsasən kiçik qayıqların çox yüklənmə səbəbindən aşması nəticəsində kütləvi ölüm halları barədə məlumatlardan xəbərdardır. İnsanlar bir çox hallarda ölkələrindəki qan-qadadan yaxa qurtarmaq üçün istismar müddəti ötmüş, nasaz gəmi və qayıqlarda min kilometlərlə yol qət etməli, nəticədə qəzalar üzündən həyatlarını itirməli olublar. Bununla bağlı yüzlərlə fakt göstərmək olar. Təkcə onu xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin məlumatına görə, 2019-cu ilin əvvəlindən Avropa ölkələrinə 29 min 844 qeyri-leqal miqrant və qaçqın gəlib. 2018-ci ilin müvafiq dövründə Avropa ölkələrinə gələn qaçqınların sayı 46 min 411 nəfər olub, 1414 qaçqın isə Aralıq dənizində boğularaq həyatını itirib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında qeyd olunur ki, ümumilikdə, Yunanıstan və İspaniya bu insanların 82 faizini qəbul edib. BMT-nin Miqrasiya Agentliyinin hesabatında bildirilir ki, 2014-cü ildən 2018-ci ilədək Avropaya yollanan miqrantların 30 min 510 nəfəri həlak olub. 2021-ci ildə 4,4 mindən çox miqrant ölüb.

İspaniyanın “Caminando Fronteras” (“Sərhəd müdafiəçiləri”) qeyri-hökumət təşkilatının açıqladığı hesabata görə, 2024-cü ilin yanvar-may aylarında Şimali Afrikadan İspaniya sahillərinə uzanan qeyri-qanuni miqrasiya marşrutunda 5054 nəfər həyatını itirib. 2023-cü ildə bu rəqəm 6007 olub. Bu ilin ilk beş ayında Kanar adaları yolunda 47 qayıq batıb, qəzaların heç birində sağ qalan olmayıb. Bu insanları kütləvi şəkildə ölkələrini tərk etməyə vadar edən, təbii ki, Avropa və Qərb olub. Lakin onlar Suriyadan, İraqdan, Liviyadan, Yəməndən və digər ölkələrdən qaçqın saldıqları insanların kütləvi şəkildə qapılarını döyməsindən xəbərsiz kimi, məsuliyyətdən boyun qaçırmağa cəhd göstərirlər.

Münaqişələrdən və aclıqdan qaçan insanların əksəriyyəti Avropa sərhədlərində zorakılıqlarla üzləşir. Yollarda tələf olan miqrantlarla, faciəli şəkildə həyatlarını itirən insanlarla yanaşı, yaşadıqları Avropa ölkələrində yerli əhalinin sərt ittihamları və antimiqrant nümayişlərlə qarşılaşan, sərtləşdirilən qanunlar qarşısında aciz qalan miqrantlar növbəti faciələrlə üzləşməli olurlar.

Miqrantların Almaniya, Fransa, Yunanıstan və digər Avropa ölkələrində üzləşdikləri problemlər sırasında antisemit və islamafob meyillərin güclənməsi də ciddi maneələr yaratmaqdadır. Almaniyada fəaliyyətə başlayan ksenofob və antimiqrant PEGİDA hərəkatı getdikcə genişlənməkdədir. Nəticədə bu cür qruplaşmalar tərəfindən bilərəkdən miqrantlara qarşı kampaniyalar təşkil olunur. Beynəlxalq təşkilatlar bu məsələdə də susmağa üstünlük verirlər. Sanki dünya yalnız Avropa və Qərbdən ibarətdir, digər regionlarda yaşanan hadisələr və kütləvi şəkildə öldürülənlər insan deyil və onların hüquqları yoxdur.

Budur, Avropanı narahat edən problemlərdən biri miqrantların əksərən müsəlman olmasıdır. Miqrant və qaçqınların əksəriyyətinin İslam dininə mənsub olması avropalıları qıcıqlandıran məsələlərin önündə gəlir. Hətta antiislam meyilli və radikal düşüncəli, milliyyətçi avropalılar müsəlmanların ibadət evlərinin qapısına donuz başını asmaqdan belə çəkinmirlər, yaxud məscidlərin divarlarına yazılmış “müsəlmanlara ölüm”, “rədd olun” şüarlarına da rast gəlmək mümkündür. Bu isə Avropanın bilərəkdən ksenofob və islamofob meyilləri aktuallaşdırmasına rəvac verməkdədir.

Miqrantların qəbul olunması ilə bağlı BMT-nin Aİ ölkələrinə verdiyi təkliflər isə uzun müddətdir ki, qulaqardına vurulur. Guya ki, nəzərdən keçirilir. Bir çox ölkə, o cümlədən Almaniya məhdud sayda miqrant qəbul etməklə problemin həllinə yaxınlaşdıqlarını iddia edir. BMT-nin miqrant qəbulu ilə bağlı kvotanın hər bir Aİ ölkəsi üçün 200 min nəfərə qədər artırılmasını təklif etməsi bu ölkələrin hökumətləri tərəfindən narazılıqla qarşılanıb. 300-5000 arası miqrantı qəbul etməkdə tərəddüd edən Avropa ölkələri bu məsələdə ciddi addım atmağa tələsmirlər. Amma Aİ üzvü olmayan Türkiyə miqrant və qaçqın qəbul etmək sahəsində bütün Avropa üçün ciddi nümunə təşkil edir. Bu gün bu ölkədəki miqrantların sayı 3 milyondan çoxdur. Türkiyə bu insanların həyatlarıını ləyaqətlə davam etdirmələrinə dəstək üçün hər il milyardlarla lirə sərf etməkdədir. Əgər Türkiyə hökuməti vaxtında təcili tədbirlər görməsəydi, bu insanların həyatı böyük sual altında qalacaqdı və ya onlar Avropa sərhədlərində üzləşdikləri zorakılıqların qurbanı olacaqdılar.

Dünyada terrorizmdən sonra ən çox müzakirə olunan məsələlərdən biri artıq miqrasiya problemidir. Aİ ölkələri hazırda bu miqrantları deportasiyalara məruz qoymaq və ya şəxsiyyətlərini alçaltmaqdansa, onların intellektual, sosial və fiziki potensialından düzgün yararlanmaq üçün proqramlar, layihələr hazırlasarlar, daha yaxşı olar. Avropanın uzun illərdən bəri yenidən qurmağa çalışdığı miqrasiya siyasəti o zaman həm bu ölkələrin özləri, həm də miqrantlar üçün daha çox fayda verərdi.

Paşa ƏMİRCANOV
XQ

Siyasət