“Köhnə qitə”nin düşüncə sistemində çatlar

post-img

Avropa İttifaqında böhran – İslamofobiya, Türkofobiya, indi də Ukraynafobiya

İslamofobiya, Türkofobiya, indi də Ukraynafobiya. Siyahıya ifrat sağçılığı da əlavə etmək mümkündür. Bəli, Avropa İttifaqında, ümumən “Köhnə qitə”nin ayrı-ayrı institutlarında hazırda sadaladığımız ənənəvi stereotiplərlə yanaşı, Ukraynafobiya da vüsət alıb.

Əslində, böyük ölçüdə, bunların hamısı psixoloji təsir bağışlayır. Amma üzərində dayanılmalı konkret məqamlar da var.

Müasir Avropanın, belə demək mümkünsə, yaşam sisteminin formalaşmasına təsir göstərən bir sıra amillər olub. Söhbət tarixi amillərdən gedir ki, onları da sosial, siyasi, mədəni və sair olmaqla müxtəlif qollara bölmək mümkündür. XVI əsrin reformasiyasını o zamankı sistemə üsyan kimi qiymətləndirsək, hərəkatdan sonra yaranmış quruluşun din amilinin mütləqliyini sıradan çıxardığını, ortaya yeni mədəniyyət qoyduğunu gördük. Bu mədəniyyətdə din məişətin tərkib hissəsi kimi çıxış etməyə başladı. Məişət düşüncəsi isə ehkamçılığı deyil, inkişafı tələb edirdi. Ardınca “Köhnə qitə” sənaye inqilabı dövrünə qədəm qoydu. Əlbəttə, bu dövrə uyğun əxlaq da formalaşdı. Proses o zamana qədərki əxlaq və düşüncənin sıradan çıxması ilə müşayiət olundu ki, durumu təbii qiymətləndirmək mümkündür.

Əlbəttə, iqtisadi inkişafın gətirdiyi müsbət meyillərlə yanaşı, mənfi çalarlar da nəzərə çarpdı və tədricən kütləviləşdi. Orta əsrlərin Avropa fəlsəfi sistemi inkişaf fonunda özünü çılpaq göstərən eybəcərliklərə qarşı müqavimət əzmi formalaşdırmağa girişdi. Nəticədə insan hüquq və azadlıqları məsələsi gündəmə gəldi. Ancaq istinad nöqtəsi keçmiş oldu. Nəzərə alaq ki, bəşəri prinsiplərin ümumiləşdirilmiş obrazı rolunda çıxış edən demokratiya keçmişin məhsuludur. Demos xalq, kratos hakimiyyət, yəni, xalq hakimiyyəti.

***

Birinci dünya müharibəsinə səbəb olmuş amillər göstərdi ki, Avropa tamamilə yeni yaşam tərzinin arzusundadır. Müharibə, böyük ölçüdə, həmin tərzə qovuşmaq, onu əldə etmək uğrunda idi. Lakin savaşın yarımçıq qaldığını deyə bilərik, çünki o, yeni tərz gətimədi. Yəqin, həm də bu səbəbdəndir ki, bir çox tədqiqatçılar İkinci dünya müharibəsini birincinin davamı kimi qiymətləndirirlər.

Bəli, II Dünya müharibəsindən sonra yaranmış sistem tam fərqli idi. İnsanlıq, o cümlədən Avropa insanı müharibənin nə olduğunu gördü, onun dəhşətini həqiqi mənada yaşadı və bu, bəşəri dəyərlərin qorunmasının mütləqliyi məsələsində immunitet formalaşdırırdı. İmmunitet o qədər güclü idi ki, əvvəla, hər kəs öz rolunu yaxşı onyadı. Digər tərəfdən, iki dünya müharibəsinə seyrçi kimi qalmış, heç bir ciddi çətinlik görməmiş ABŞ-nin “Köhnə qitə”ni keçmiş SSRİ-nin timsalında kommunizmə qarşı qaldırmaq cəhdləri uğursuz oldu. Baxmayaraq ki, savaşdan sonrakı Avropa Birləşmiş Ştatların maliyyəsi ilə dirçəlmişdi. Yeri gəlmişkən, Vaşinqton pulu ona görə xərcləmişdi ki, Avropa kommunizmə qarşı dimdik dayansın. Axı dayanmasaydı, “bəla” okeanı “üzüb” ona tərəf gələcəkdi, bunun elementləri hiss olunurdu.

Əlqərəz, vaxt ötdükcə ABŞ-nin, necə deyərlər, əlini cibinə nə üçün atdığı anlaşıldı. SSRİ-nin süqutundan sonra isə bu, lap yaxşı dərk edildi. Elə həmin vaxtdan başlayaraq, “Köhnə qitə”nin lap əvvəl iqtisadi inkişafa və tərəqqiyə maneçilik törədən cəhətlərə, sonra nasizmə, daha sonra kommunizmə qarşı insan haqları və demokratiya üzrə silahlanmış və mütərəqqi sayılan institutları, sanki, maskalarını çıxarıb bir kənara atdılar və gerçək üzlərini göstərməyə başladılar. Məlum oldu ki, bəşəri dəyərlərə istinad yalnız SSRİ-nin həmin dəyərlərə zidd mahiyyətinə qarşı müqəddəslik ruhu formalaşdırmaq, tutarlı alternativ ortaya qoymaq əzminin məhsulu olan imitasiya imiş, başqa heç nə. Bir halda ki, sovet quruluşu ömrünü başa vurdu, rol oynamağa da ehtiyac qalmadı.

Ancaq ABŞ imkan vermədi ki, Avropa “soyuq müharibə” dövrünün geridə qalmasını, SSRİ ilə mübarizənin qələbə ilə nəticələnməsini əməlli başlı toy-bayram etsin. Çünki Sovetlər Birliyi sıradan çıxsa da, Rusiya qalırdı. Deməli, yola davam edilməli idi və edildi də. Özü də eyni qaydada. İnsan hüquq və azadlıqları, demokratiya məhfumları ilə. Ancaq SSRİ ilə mübarizə dövründəki siyasi-mədəni əxlaqa qayıdış mümkünsüzə çevrildi. Axı imitasiya uzun zaman almışdı və maskalar çıxarılanadək onun çətinliklərinə çox dözülmüşdü. Yenidən maskaları taxmaq isə əvvəlki effekti verə biməzdi və vermədi də.

***

Beləliklə, bəşəri dəyərlərə münasibətdə eybəcərlik müşahidə olunmağa başladı. Bu dəyərlər SSRİ ilə “soyuq savaş” dövründəki kimi mənəvi sipər rolunda çıxış edə bilmədi və bilavasitə ikili standartlar siyasətinin alətinə çevrildi. Yaşananlar nəticədə Avropa sisteminin böhranı reallığını doğurdu. Əslində, İslamofobiya, Türkofobiya, ifrat sağçılıq və hazırda yenicə təşəkkül tapmağa başlamış Ukraynafobiya da həmin böhranın nəticəsidir. Böhran Avropa düşüncə tərzində çatların olduğunu göstərir.

“Köhnə qitə”nin sistem böhranının bir çox təzahürləri var. Bu baxımdan Avropa İttifaqının müxtəlif institutlarının rüşvət və korrupsiyaya qurşanmasından tutmuş, bölgəni başına almış homoseksuallığa qədər eybəcərlikləri, çirkinləşmə təmayüllərini göstərmək mümkündür. Bunların hamısını isə ümumiləşdirilmiş formada inkarçılıq adlandırmaq olar. Söhbət öz-özünü inkar etməkdən gedir. İnkarçılıq isə qorxudan və əminsizlikdən qaynaqlanır və bunlar bir-biri ilə üzvi surətdə bağlı məsələlərdir. Bu məqama qayıdacağıq.

Hələlik isə onu deyək ki, Avropanın böhranı, bütövlükdə, qitənin malik olduğu, öyündüyü dəyərlər sistemini məhv edir. Axı insanları dininə, dilinə, irqinə və siyasi mənsubiyyətinə görə fərqləndirmək düzgün sayılmırdı. Axı belə hesab edilirdi ki, bu sayaq mənfi meyillər feodalizm, quldarlıq dövrünün məhsullarıdır. Necə oldu ki, keçmişin çirkinliklərinə qayıdış aktullaşdı? Səbəb birdir – saxtakarlıq. Məlum olur ki, bəşəri dəyərlərə tapınma da məqsədli imiş və ruh halının məhsulu deyilmiş. Çətinlik yaranan kimi prinsiplər ikinci plana keçirmiş, olmazlar olurmuş.

Bəli, Avropa sistemi çətinlik yükünü aradan qaldırmaq gücündə deyil. Təbii artıma malik müsəlmanların qitəyə axını isə balansı pozur, əvvəldə haqqında söz açdığımız yaşam tərzi üçün rahatlıq göstəricilərini azaldır. İslamafobiya buna görə yaranıb. Eləcə də Türkofobiyanı götürək. Əlbəttə, burada ərəb xilafətinin və özünü onun mənəvi davamçısı sayan Osmanlı imperiyasının da təsirləri var. Ancaq Avropa insanının yadına tarix bir o qədər düşmür. O, bu gününü yaşayır və pəncərədən bayıra baxanda müsəlman görüb əsəbiləşir. Əsəbin yaranma səbəbi də sistemdir. Daha doğrusu, ondakı çatlar.

Sistem iqtisadi yükü qaldıra bilmir, qaldırmaq üçün hansısa vasitə tapmaqda acizdir. Ən asan yol qorxudur. Ona görə də hazırda Avropa İttifaqı və digər qurumların, eləcə də “Köhnə qitə” dövlətlərinin yaratdıqları və ya eybəcərliklərə göz yumaraq təbii şəkildə formalaşdırdıqları qorxu mühitidir. Qorxu həm də çətinliklərə qarşı müqavimət əzminin nəticəsi kimi meydana çıxır. Bəzən məqsədli şəkildə ona əsas verən ssenarilər də düşünülür. Məsələn, Fransanın “Charle Hebdo” satirik jurnalı İslam peyğəmbərini (s.ə.s.) təhqir edən karikatura yayımlayır. Aydındır ki, buna radikal yanaşan müsəlmanlar tapılacaq. Onların adekvat saydıqları, əslində, adekvatlıqdan tam uzaq qəddar davranışları da olacaq.

Deməli, hər şey düşünülüb. Söz və ifadə azadlığı adı altında “Charle Hebdo”nun özbaşınalığına göz yumanlar nəşrə qarşı çıxacaq müsəlmanların hərəkətlərini də hesablayıblar. O hərəkətlərin nəticəsində yaranacaq qorxunu da, qorxu səbəbilə formalaşacaq psixoz durumu da həmçinin. Hər halda, “Avropa avropalılar üçündür” kimi şüarlar elə-belədən meydana çıxmayıb. Axı sistem müsəlman axınının qarşısını başqa cür ala bilmir.

***

Ukraynafobiya da eyni məzmunlu təmayüldür. Avropanın, ümumilkdə, Qərbin bir çox institutları bəh-bəhlə Ukraynanı Rusiyaya qarşı mübarizəyə köklədilər. Guya, demokratiya tiranlıq üzərində qələbə qazanacaqmış. Bu istiqamətdə təbliğatlar getdi. Ardınca Qərb mediası rus əsgərlərinin əsir düşmələri, cəsur ukraynalıların dönməzliyi kimi səhnələri tirajladı. Elə durum formalaşdı ki, sanki Rusiyanın məğlubiyyəti an məsələsidir.

Ancaq artıq iki ildən çoxdur ki, Rusiya – Ukrayna müharibəsi gedir və savaşın nə zaman bitəcəyi məlum deyil. Mövcud durumda Avropanın resursları da tükənir. Ona görə də Ukraynafobiyanı məhz bu zəmində yaranmış psixoloji hal kimi də dəyərləndirmək mümkündür. Sistem müharibənin gətirdiyi çətinliyə adekvat reaksiya imkanından məhrum durumda olduğundan, Ukraynaya münasibətdə məqsədli antipatiya yaradılır. Ancaq bu antipatiyanın başqa motivi də var. İslamofobiya və Türkofobiya daha çox qorxu zəminində müsəlman amilinə qarşı mübarizə mahiyyətlidirsə, Ukraynafobiya üçün xəyanət seqmenti aktualdır. Yəni, qorxu Ukraynanı yarı yolda qoymaq, onu taleyin ümidinə buraxmaq xaraktersizliyindədir. Deməli, Ukraynafobiya, belə demək mümkünsə, daha şərəfsiz təzahürdür.

Rusiya Prezidenti Vladimir Putin illər əvvəl Qərbin ölkəsinə tərəf istiqamət götürməsi reallığını qabardaraq, bunun yolverilməzliyini, milli maraqlara zidd təmayüllərini açıqlayarkən bildirmişdi ki, Moskvanın adekvat davranışı sayəsində yaranacaq savaş bütövlükdə Avropanın Rusiya ilə müharibəsi halına gələcək. Putin Fransa prezidenti Emmanuel Makronu Moskvada qəbul edərkən belə demiş və bir ritorik sual da ünvanlamışdı: Fransızlar Rusiya ilə döyüşmək istəyirlərmi?

Hadisələr Putinin vurğuladığı kimi də oldu. Ukrayna müharibəsi “Köhnə qitə”nin anti-Rusiya cəbhəsinə çevrildi. Bu gün məlum olur ki, nəinki fransızlar, heç almanlar, ispanlar, ingilislər də Rusiya ilə döyüşmək istəmirlər. Ukraynafobiya həm də bu təzahürün nəticəsi kimi meydana çıxıb. Əminliklə demək olar ki, Avropa insanı müharibənin dolayısı ilə onun özünün də başında çatlayan məhrumiyyətlərinə dözmək istəmir. Mövcud durumda Avropa İttifaqı və başqa bu kimi qurumların onsuz da tənəzzül dövrünü keçirən sistemləri lap iflic olur. Düşüncə kasadlığı və ya düşüncəsizlik, habelə, siyasi lider amilinin istisnalığı şəraitində durum bir qədər də mürəkkəbləşir.

Əvəz CAHANGİROĞLU
XQ

 



Siyasət