Ziddiyyətlər də var, ümid közərtisi də
“3+3” regional məşvərət formatının İstanbulda keçirilmiş görüşünü ölkəmiz üçün maraqlı edən əsas məsələ bu platformada Azərbaycan–Ermənistan sülh gündəmi ilə bağlı diskussiyaların getməsidir. Nəzərə alaq ki, mövcud xüsusda vurğulanmalı bir sıra məqamlar var və yazımızda onlardan söz açacağıq.
Əvvəlcə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun çıxışına diqqət yetirək. Cənab Bayramov kənar qüvvələrin təhlükəli gündəliklərlə, o cümlədən, ziddiyyətli hərbiləşdirmə ilə geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırmaları fonunda, regional fəaliyyət və dialoqun daha vacib olduğunu vurğulayıb. Bu mesaj, şübhəsiz, Ermənistana yönəlib, çünki bölgəyə aidiyyatı olmayan güclərin əlində alətə çevrilən rəsmi İrəvandır. Bəs hazırkı şəraitdə nə edilməlidir? C.Bayramov bildirib ki, region dövlətləri beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında bölgəyə sahib çıxmalı, onun problemlərinin həlli yollarını məhz region çərçivəsində axtarmalı, təhlükəsizliyi bölünməz anlayış olaraq qəbul etməlidirlər. Yəni indiki durumda “3+3” regional məşvərət formatı məhz bu xüsusda aktiv fəaliyyət göstərməlidir.
Ölkəmizin bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla, qarşılıqlı faydalı əməkdaşlıq etdiyini, bunun nəticəsində Bakı–Tbilisi–Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, habelə, qlobal əhəmiyyətli təşəbbüslərin reallaşdırıldığını deyən C.Bayramov əlavə edib ki, Azərbaycan birgə layihələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır. Bu deyim ölkəmizin Naxçıvana yol xüsusunda israrlı olduğunun təsdiqidir. Maraqlı məqam isə odur ki, XİN rəhbərimiz vurğunu həmin yolun İran ərazisindən keçmə prioriteti üzərinə qoyub.
Deməli, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrasından boyun qaçırdığından, rəsmi Bakı Naxçıvana yolun alternativ səmtini aktual sayır. Və həm də, Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl MDB Dövlət Başçıları Şurasının iclasında söylədiyi fikirlər nəzərə alınmır. Paşinyan demişdi ki, rəsmi İrəvan Naxçıvana yol xüsusunda İranın Azərbaycana təklif etdiyi şərtləri təklif edə bilər. O, eyni zamanda, Ermənistanın xoş niyyət ifadəsi kimi, həmin yolda daha sadələşdirilmiş mexanizmlərin tətbiqinə hazır olduğunu da vurğulamışdı.
Yeri gəlmişkən, məsələ “3+3” regional məşvərət formatının İstanbul görüşündə də qaldırıldı və bu barədə söz açacağıq. Hələlik isə deyək ki, ölkəmiz Naxçıvana yolu “Azərbaycandan Azərbaycana yol” kimi görür. Söhbət heç bir gömrük və sərhəd nəzarəti olmayan yoldan gedir. Bu, üçtərəfli Bəyanatla İrəvanın üzərinə götürdüyü öhdəlikdir. Bir daha deyək ki, Ermənistan öhdəliyi icra etmir. Tehranla Naxçıvana yol xüsusundakı razılaşmamızın detallarının isə İrəvana heç bir dəxli yoxdur.
Azərbaycan, nazir C.Bayramovun da İstanbul görüşündə ifadə etdiyi kimi, keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Ermənistanla sülh quruculuğunun davamına və prosesin irəliləməsinə dair qətiyyətinə sadiqdir. Qarşıda duran başlıca vəzifə isə sülh prosesinə maneələrin aradan qaldırılmasıdır.
Ölkəmizin XİN rəhbəri bu baxımdan Ermənistanın konstitusiya dəyişikliklərinə getməsinin vacibliyini vurğulayıb. Rəsmi Bakıya zəmanət lazımdır ki, erməni təcavüzü və işğalı bir daha təkrarlanmayacaq, sülh daxili siyasi və hüquqi vəziyyətdən asılı durumda qalmayacaq. Ancaq İrəvanda məsələyə fərqli yanaşılır.
Qeyd edək ki, bu günlərdə Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin İstiqlaliyyət Bəyannaməsində yer alan və ana qanunda ifadəsini tapmayan müddəaların ləğvinə dair qərar verdi. Baş nazir N.Paşinyan administrasiyası bunu əsas götürərək, elə fon yaratdı ki, sanki, konstruktivdir və Bakının tələbini yerinə yetirib (bu, açıq şəkildə bildirilməməklə - red.). Şübhəsiz, belə yanaşma yolverilməzdir. Ona görə də C.Bayramov İstanbulda bildirib ki, mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün təbliğatında “gizli gündəm”in mövcudluğuna dair suallar var. Təbliğatçı rəsmi İrəvan və havadarlarıdır. Sual isə həm də o səbəbdən yaranır ki, Ermənistan Konstitusiyasının istinad etdiyi İstiqlaliyyət Bəyannaməsi qalmaqdadır. Sənədin Azərbaycana və Türkiyəyə ərazi iddiaları da həmçinin. Deməli, sülhün perspektivi üçün təhdid aktuallığını saxlamaqdadır. Elə buna görə də yarımçıq sülh təminatlı deyil, yolverilməzdir. Prezident İlham Əliyevin oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirdiyi kimi.
Dövlətimizin başçısının səsləndirdiyi ən mühüm mesaj bu idi ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirmiş və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulamışdı.
***
Ermənistan Azərbaycanla sülh xüsusunda qeyri-konstruktivliyini, səmimiyyətdən uzaqlığını “3+3” regional məşvərət formatının İstanbul görüşündə də göstərdi. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın toplantıdakı çıxışından da duymaq mümkündür. A.Mirzoyan deyib ki, Ermənistan Azərbaycana iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam riayət prinsipi ilə dəmir yolu infrastrukturunun yenidən işə salınmasını, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsini, müəyyən əlavə təhlükəsizlik mexanizmlərinin təminatı yollarını təklif edib: “Ermənistan bunda səmimiyyətlə maraqlıdır və BMT Nizamnaməsinin prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və siyasi müstəqillik prinsipləri əsasında regional kommunikasiyaların inkişafına və qonşuları ilə münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini dəfələrlə nümayiş etdirib”.
Göründüyü kimi, Mirzoyan Paşinyanın Naxçıvana yol xüsusunda dediklərini təkrarlayır. Yəni erməni XİN rəhbəri ölkəsinin baş nazirinin, elə özünün və digər həmkarlarının fikirlərini gündəmə gətirməklə, onları “3+3” müstəvisinə daşımaq yolu tutur. Bu baxımdan Mirzoyanın üzərində dayandığı ən mühüm məqamı diqqətə çatdıraq: “Regional əlaqələrin möhkəmləndirilməsinə dair baxışımız Ermənistanın baş nazirinin bir il əvvəl təqdim etdiyi “Dünyanın kəsişməsi” təşəbbüsündə aydın şəkildə əks olunub. Bu layihənin əsas məqsədi avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin bərpası, tikintisi və istismarı yolu ilə regionda və ondan kənarda bütün ölkələr arasında kommunikasiyaları inkişaf etdirməkdir. Bu layihənin həyata keçirilməsi üçün dörd prinsip vacibdir: bütün dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, habelə bərabərlik və qarşılıqlılıq. Həyata keçirilərsə, “Dünyanın kəsişməsi” yüklərin daşınmasında daha yüksək sürət və səmərəliliyi təmin edən qlobal logistik marşrutların tərkib hissəsinə çevrilə bilər”.
Bəli, rəsmi İrəvan “Dünyanın kəsişməsi” avantürasını “3+3”ə, bir növ, yamaq etməyə çalışır. O ideyanı ki, məğzində Qərbin, yəni Cənubi Qafqaz üçün kənar qüvvənin regiona daxil edilməsi dayanır. “3+3” isə “region region ölkələri üçündür” şüarı ilə “silahlanıb. Deməli, Ermənistanın öz avantürasını sırımaq cəhdi yolverilməzdir.
Söhbət həm də Azərbaycanın Naxçıvana yol xüsusunda irəli sürdüyü “Zəngəzur dəhlizi” təşəbbüsünə qarşı çıxmaqdan gedir. Qərb Ermənistanı qlobal logistik qov-
şağın əsas fiquruna çevirmək istəyir ki, ikincinin köməyi ilə bölgəyə təsir mexanizmlərini əlində saxlasın. Daha doğrusu, mövcud istiqamətdə özünə dayaq yaratsın. Əlbəttə, bu niyyət ölkəmizdə yaxşı duyulur. Təkcə ölkəmiz deyil, region dövlətləri də hər şeydən xəbərdardırlar. Ancaq Mirzoyan deyir ki, “Dünyanın kəsişməsi” “bir çox tərəfdaşlarımız tərəfindən müsbət qarşılanıb və İran onların arasında birincilərdən olub”.
Ermənistanın əsas tərəfdaşı Qərbdir. İrana gəldikdə, ölkənin “Dünyanın kəsişməsi”ni bəyənməsi kimi bir durumun mütləq mənada olub-olmadığı söyləmək qeyri-mümkündür. Tehran hər zaman bəyan edib ki, regionda sərhədlərin dəyişməsinin əleyhinədir. İrəvan isə həmişə “Dünyanın kəsişməsi”ni Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının yolverilməzliyi kontekstində tirajlayıb. Məhz bu anlamda İranın təşəbbüsü dəstəkləməsindən söhbət gedə bilər. Ancaq heç kəsin Ermənistana qəsb niyyəti yoxdur və bu, Paşinyan və komandasının uydurmasıdır. Uydurma ona görə gündəmdədir ki, əslində, Qərb, yuxarıda da vurğuladığımız kimi, özündən asılı nəqliyyat xabı qurmaq istəyir.
Ermənistan bu qovşağı daim iflic etmək üçün, obrazlı desək, saat mexanimzli bombadır. Nə vaxt istəsə, onu işə salacaq. Region dövlətləri elə bunu da yaxşı bilirlər. Mövcud dolaşıq labirintdə İran nəyə inanır, onu anlamaq, hələlik, çətin olsa da, “3+3” çərçivəsindəki növbəti toplantıların bu baxımdan daha əhəmiyyətli olacağına ümid var.
R.ƏVƏZ
XQ