Milli Məclisin növbəti plenar iclası

post-img

Oktyabrın 18-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. 

Milli Məclisin sədri iclası açaraq Azərbaycanın müstəqilliyi tarixindən danışıb, müstəqilliyimizin bərpasından sonra üzləşilən çətinliklərə toxunub, ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı fəlakətlərdən xilas etdiyini bildirib. O diqqətə çatdırıb ki, Ümummilli liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəldib.  

Sonra iclasda cari məsələlər müzakirə olunub, gündəliyə daxil olan  məsələlərin müzakirəsi keçirilib. 

İlk məsələ (üçüncü oxunuş) olan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qanun layihəsi qəbul edilib.

Növbəti 5 məsələ (ikinci oxunuş) – Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda, “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda, “Turizm haqqında” Qanunda, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verilib. Hər beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. 

Daha sonra məzmun və mahiyyətcə bir-birinə yaxın olan Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb və ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.. 

Sonra müzakirə edilən 7 məsələ isə birinci oxunuşdakı qanun layihələri olub. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Qanun layihələri birinci oxunuşda qəbul olunub.

Sonra Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə də bir-birinə yaxın olduğunu diqqətə çatdırıb. Qanun layihələri barədə məlumatlar təqdim olunandan sonra sənədlərin müzakirəsi birgə keçirilib.

Deputat Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, qanun layihəsi yaşıllıqlar və heyvanlar aləminin mühafizəsi ilə bağlıdır. Bu məqsədlə də layihədə qanunvericiliyin çəkindirici xarakterinin gücləndirilməsi təklif olunub. 

On ikinci məsələni – “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı isə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun deputatların qaldırdıqları məsələlərə dair arayışı dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Növbəti məsələni – “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədilə hazırlanıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Gündəliyin sonuncu məsələsi – “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

XQ

 

Son xəbərlər