XİN rəhbərlərinin İstanbulda 3-cü görüşü

post-img

Oktyabrın 18-də Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxış edib.

Çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi, təbii və texnogen fəlakətlər və sair istiqamətlər üzrə mövcud çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub.

Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarmasının, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.

Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı–Tbilisi–Qars, Şimal–Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib. Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə edilib. 

Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.

Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən zəruri konstitusiya dəyişikliklərinin vacibliyi vurğulanıb. Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının "gizli gündəm"in mövcudluğuna dair sual doğurduğu qeyd edilib.

***

Həmin gün Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyənin Xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüşdə Azərbaycan–Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.

Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda “3+3” formatı kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. 

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan–Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib. 

Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.

XQ

 

Son xəbərlər