Baş prokurorun Avstriyaya işgüzar səfəri

post-img

Oktyabr 17-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib.

Avstriya paytaxtında Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adı xüsusi sessiya keçirilib. Məclisdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər şəxsləri iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin icraçı direktoru və Vyana Ofisinin rəhbəri Qada Vali ölkəmizdə noyabr ayında keçiriləcək ən böyük iqlim konfransı COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib. O, COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən 15 noyabr tarixində keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya barədə də iştirakçılara məlumat verib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin ıcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiyada BƏƏ-nin həmsədrlik etməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

XQ

 

Son xəbərlər