Vətən müharibəsinin xronikası: 19 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən,  30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev “Twitter”  hesabında məlumat verib.

• Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.Bu barədə Prezident İlham Əliyev rəsmi “Twitter” hesabında bildirib. 

Dövlətimizin başçısı qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”

• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Ölkə rəhbəri müsahibədə bildirib ki, vəziyyətin hələ də qaynar fazada olmasında Azərbaycanın heç bir təqsiri yoxdur: “Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib”. 

Ali Baş Komandan daha sonra bildirib ki, prinsip etibarilə Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət, başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq.

• Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qəbulda deyib: “Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə–Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”. 

• Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə–Ağdam, Füzuli–Hadrut–Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21
“Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.

İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.

• Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

XQ

 





Siyasət