İrəvanın “sülh” oyunları

post-img

Azərbaycan xarici siyasətinin gündəmində dayanan əsas məsələlərdən biri, şübhəsiz ki, Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanmasıdır. Rəsmi İrəvanın destruktiv siyasəti burada da öz sözünü deyir. Onlar bu məsələdə “bir addım irəli, iki addım geri” prinsipi ilə hərəkət edirlər. İrəvan konstitusiyada Azərbaycana qarşı ərazi iddiasına əsas verən müddəaları aradan qaldırmaqda maraqlı görünmür.

Azərbaycan tərəfi üçün isə bu məsələ artıq, necə deyərlər, qırmızı xəttə çevrilib. Ölkəmiz sülh sazişi layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz konstitusiyasında, parlamentin bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırışlar edib. Buna baxmayaraq, indiyə qədər bu istiqamətdə rəsmi İrəvan tərəfindən hər hansı əməli addım atılmayıb. Üstəlik, Nikol Paşinyanın özü və onun kabinetinin digər üzvləri bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirirlər. Bu isə anlaşılmazlıq yaradır və qəbuledilməzdir. Belə təkliflərdən biri sülh sazişi üzrə danışıqların tam yekunlaşmadan imzalanması kimi absurd təklifdir.

Azərbaycanın prinsipial mövqeyi dünən Xarici İşlər naziri Ceyhun Bayramov tərəfindən İstanbulda “3+3” formatında keçirilən görüşdə bir daha bəyan edilib. Nazir qeyd edib ki, Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Onun sözlərinə görə, Ermənistan regionda davamlı sülh üçün konstitusiyasına dəyişiklik etməlidir: “Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin konstitusiya dəyişiklikləri yolu ilə aradan qaldırılması vacibdir”.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq-diplomat Fikrət Sadıxov XQ-yə açıqlamasında bildirdi ki, bizim bütün təkliflərimiz Ermənistan tərəfinə təqdim edilib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi təkliflərimizin və şərtlərimizin nədən ibarət olduğunu bilir. Nikol Paşinyan iqtidarı, sadəcə, özünü necə deyərlər, sülh göyərçini kimi qələmə verərək, dünyaya bəyan edir ki, guya, Azərbaycan Ermənistanın təkliflərinə cavab vermir: “Niyə vermirik? Əgər verməsəydik, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin 75-80 faizinin razılaşdırılması mümkün olmazdı. Amma biz konkret, praqmatik şərtlər irəli sürürük. Tələb edirik ki, onlar bizə olan ərazi iddialarından birdəfəlik əl çəksinlər. Əgər onların əsas qanununda indiyədək ərazi iddiaları qalırsa, biz onlarla necə saziş imzalaya bilərik?!”

F.Sadıxovun sözlərinə görə, bunlar o qədər aydın və konkret şərtlərdir ki, onu hər kəs, o cümlədən, Ermənistan tərəfi də başa düşür. Amma özünü bilməməzliyə vurur: “Digər səbəb isə odur ki, görünür, Nikol Paşinyan son vaxtlar müəyyən dərəcədə ruhlanıb. Çünki Qərb ölkələri və bir sıra beynəlxalq təşkilatlar, necə deyərlər, onun başını sığallayırlar. Ehtimal etmək olar ki, bu da ona müəyyən dərəcədə ruh verir. Paşinyan hesab edir ki, belə bir vəziyyətin qalması onun üçün heç bir təhlükə yaratmayacaq. Bu, öz-özlüyündə, əlbəttə, yanlış bir mövqedir. Bu mövqe heç vaxt regionda sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına gətirib çıxarmayacaq. Yəni, gördüyümüz kimi, bir tərəfdən Ermənistanın əsas qanununda ərazi iddiası qalır, digər tərəfdən İrəvan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmir – mən xüsusilə Zəngəzur dəhlizinin açılmamasını nəzərdə tuturam – buna paralel olaraq bizi ittiham edir. Bu nədir? Bu nə hoqqabazlıqdır?!”

Politoloq qeyd etdi ki, biz Ermənistanla bütün müddəaları razılaşdırılmış sülh müqaviləsinin imzalanmasına hazırıq. Amma, eyni zamanda, artıq bəyan etmişik bizə hansısa vasitəçilik missiyası lazım deyil. Nə ATƏT-in Minsk qrupu, nə hansısa beynəlxalq təşkilat, nə də Avropa ölkələri lazımdır. Çünki biz artıq vəziyyətin necə olduğunu, kimin hansı səfdə qərar tutduğunu yaxşı bilirik. Ölkəmizə qarşı açıq-aşkar qərəzli mövqelər səslənir. Təbii ki, biz hazırda ola bilsin müəyyən dərəcədə gözləmə vəziyyətindəyik. Amma bu gözləmə vəziyyəti də əbədi davam edə bilməz. Çünki biz sülhün tərəfdarıyıq. Ermənistan sülh istəyirsə, o zaman gərək bütün şərtlərə əməl etsin və bununla da məsələ yekunlaşsın. Çətin bir məsələ deyil. Onu mürəkkəbləşdirmək, sadəcə olaraq, Azərbaycanla sülhün yaranmasında maraqlı olmamaq deməkdir.

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov dedi ki, Azərbaycanın sülh müqaviləsini tələm-tələsik imzalamasına ehtiyac yoxdur. Onun sözlərinə görə, COP29-un, hansısa digər tədbirin keçirilməsi sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün əsas rolunu oynaya bilməz. Torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı, ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Baş Assambleyanın, bir sıra digər təşkilatların çağırışlarına əməl etmədilər, məsələ xeyli uzandı: “İndi nə olub? Şükürlər olsun ki, sərhəddə sabitlikdir. Müharibə yoxdur, qan tökülmür. Azərbaycan tərəfi tələm-tələsik sülh müqaviləsi imzalamağa, hansısa natamam sənədə dərkənar qoymağa lüzum görmür”.

R.Musabəyov qeyd etdi ki, aparılan danışıqlar zamanı üç bənd razılaşdırılmamış qalıb. Nikol Paşinyan özü çıxışı zamanı demişdi ki, onlardan biri, demək olar ki, razılaşdırılmağa tamamilə yaxındır. İkincisi üzrə razılığın səviyyəsi əllinin əlliyədir, üçüncüsü üzrə razılıq yoxdur: “Zəhmət çəksinlər, bu məsələlərlə də bağlı öz mövqelərini Azərbaycanın mövqeyinə yaxınlaşdırsınlar və müfəssəl bir sənəd imzalansın. Ona görə də mən düşünmürəm ki, burada hansısa dramatik hadisə baş verir. Sadəcə olaraq, mövqelər yaxınlaşdırılmayıb və indi şifahi şəkildə o proses gedir. Tərəflər variantlarla bağlı bir-birinə məlumatlar, təkliflər verirlər. Düşünürəm ki, razılaşma əldə olunduğu halda biz deyə biləcəyik ki, irəliləyiş var. Ancaq təkrar etmək istəyirəm ki, Azərbaycan Ermənistanla tələm-tələsik hansısa sənəd imzalamağa ehtiyac duymur”.

Deputat əlavə etdi ki, iki ölkənin razılaşma əldə edəsi digər məsələlər də var. Məsələn, nəqliyyat kommunikasiyalarının açılması, ATƏT-in Minsk qrupunun buraxılması və sair: “Minsk qrupunun buraxılması sülh müqaviləsində əksini tapmaya da bilər. Amma zəhmət çəkib birgə bəyanata imza atsınlar. Yəni Azərbaycan və Ermənistan tərəfindən ATƏT-ə qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciət edilsin. Bunu heç parlamentdə ratifikasiya etməyə də ehtiyac yoxdur.

Yaxud konstitusiyada dəyişikliklər məsələsi. Biz başa düşürük ki, bu, vaxt tələb edən işdir. Amma buyursunlar, konstitusiyada bizə ərazi iddialarına əsas verən müddəalarla bağlı sülh müqaviləsi imzalananda Ermənistan hökuməti bu məsələni hazırlayıb müzakirəyə çıxarmağa boyun olsun. Bu variant da mümkündür”.

R.Musabəyovun sözlərinə görə, hər hansı sənəd təkcə imzalamaqla qüvvəyə minmir. Sənəd imzalandıqdan sonra qüvvəyə minməsi üçün müəyyən prosedurlardan keçməlidir: “Mən heç də düşünmürəm ki, o prosedurlar qısa zamanda həyata keçiriləcək. Xeyr! Biz təbii olaraq, Ermənistanın imzalandıqdan sonra bu sənədə konstruktiv yanaşıb-yanaşmamasını da izləyəcəyik. Əks-təqdirdə bu sənəd Azərbaycan parlamentindən keçəsi deyil. Yəni düşünürəm ki, bütün bu məsələlər tərəflər üçün bəllidir, aydındır. Buna görə də, əslində, görüşməyə və nəyisə müzakirə etməyə ehtiyac yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Azərbaycanın tələblərinin nədən ibarət olduğunu yaxşı bilir. Buyursunlar, o tələblərə əməl etsinlər. Sərhədlərin açılmasını istəyirlərsə, zəhmət çəkib Meğridən keçən dəmiryolunun bərpası ilə bağlı qərar qəbul etsinlər. Yəni elə məsələlər var ki, onlar daha müzakirə tələb etmir. Qərarlarının qəbul olunmasını tələb edir. Biz də o qərarların qəbul olunmasını səbrlə gözləyirik”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev isə bildirdi ki, sülh sazişi ilə bağlı razılaşma yoxdur, eyni zamanda, biz ermənilərin COP29-dan istifadə edərək Azərbaycana qarşı hücumlar təşkil etməyə çalışdıqlarını görürük: “Halbuki, elə COP29-un Bakıda keçirilməsi ilə bağlı ötən ilin dekabrında Ermənistanla konsensus əldə edilmişdi. Amma hazırda onlar tərəfindən ikitərəfli oyun oynanılır. Ən əsas məsələ sülh sazişi üzrə aparılan işdə irəliləyişin olmamasıdır. Biz hər hansı irəliləyiş müşahidə etmirik. Sülh sazişi üzrə üç məsələ ilə bağlı hələ də razılıq yoxdur”.

Onu da qeyd edək ki, son vaxtlar Ermənistan və Azərbaycanın rəsmi şəxsləri arasında təmasların olmaması da diqqəti cəlb edir. Məsələn, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabr ayında Nyu–Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etsələr də, onlar arasında görüş keçirilməmişdi. Həmçinin, Azərbaycan Prezidenti və Ermənistan baş naziri oktyabrın 7-8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdə olsalar da, liderlər arasında ikitərəfli və ya Rusiya Prezidentinin də iştirak edə biləcəyi üçtərəfli görüş olmamışdı. Bundan əlavə, Azərbaycan və Ermənistan parlament sədrlərinin bir neçə gün öncə Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu assambleyası çərçivəsində görüşü baş tutmamışdı.

Bütün bunlar onu deməyə əsas verir ki, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi daha Ermənistan rəsmiləri ilə görüşlərin keçirilməsini mənasız edir. Ermənistan baş nazirinin də bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələrinin imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, İrəvanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Qarşı tərəfin bu gün tutduğu kurs bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə mane olmağa xidmət edir. Azərbaycan isə Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində səylərini davam etdirir və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımlar atmasını gözləyir.

Səxavət HƏMİD 
XQ

 







Siyasət