Daşnak tör-töküntüsü Qars müqaviləsindən sonra da vay-şivən qoparmışdı
Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Qars müqaviləsinin 103 illiyi münasibətilə hazırladığımız bu qeydlərə hayların həmin tarixi sənədin imzalanmasından bir ay sonra – 1921-ci il noyabrın 13-də “Hayk” qəzetində verdikləri “Pərdə götürülmüşdür” adlı məqalədəki qeydlərlə başlamaq istərdik.
Təbrizdə çıxan erməni qəzeti Qars müqaviləsini, sözün həqiqi mənasında, faciə adlandırırdı. Erməni müəllif yazırdı ki, Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz (?!) hissəsini təşkil edən əraziləri qorumağı, 1914-cü il sərhədlərində belə dayanmağı bacarmadılar və hətta balaca Naxçıvanı kamalçıların (Atatürk Türkiyəsi nəzərdə tutulur – İ.M.) caynaqlarından qopara bilmədilər.
Bu adamlar tarix boyu daim şərəfsiz yol keçdiklərinə görə həmin müqaviləni imzalayanları da şantaj etməkdən çəkinmirdilər. Bu, az imiş kimi, sənədə imza atmış Rusiyanı yeni münaqişəyə təhrik etməyə çalışır, Moskvanı Türkiyə, Azərbaycan və Gürcüstana təzyiq etməyə çağırırdılar. Hayların fikrincə, Qars müqaviləsi nəinki Ermənistana, elə Rusiyanın özünə də heç nə vermirdi. Məqalə müəllifi Moskvanı daha çox qıcıqlandırmaq üçün yazırdı ki, bu vəziyyət türk qoşunlarının təntənə ilə Moskvaya daxil olması, məğlub Rusiyaya öz iradələrini diktə etdirmələri təəsüratını yaradır: “Erməni xalqının “xilaskar Rusiyaya” bəslədiyi ümidlər, sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir, Ermənistan da onun qurbanıdır”.
Müraciət etdiyimiz daha bir neçə materialda da qeyd edilir ki, ermənilər və ruslar sonrakı illərdə də Qars müqaviləsinin ləğvinə cəhd eləmiş və o çapalamalar həmişə uğursuzluqla nəticələnmişdi. Hətta İkinci dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və “Türkiyəyə verilmiş” ərazilərin geri qaytarılmasına cəhd göstərmişdi. Belə ki, 1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etmişdi. Bildirilir ki, həmin tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu. Çünki bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq istəmir, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək ağlabatan deyildi.
Xatırladaq ki, Britaniya diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini söyləmişdilər. Ancaq Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Bildirilir ki, hətta, 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər.
Bu zaman bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, İngiltərənin baş naziri Uinston Çörçill Moskvanın Türkiyəyə təzyiqlərinə qarşı çıxış etmişdi. Çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ rəhbərliyi isə “məsələnin başqa tərəflərə aidiyyəti olmamasına” əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutmuşdu. Nəticədə SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkmişdi.
Bəs Qars müqaviləsində nələr, hansı razılaşmalar var idi? Xatırladaq ki, bu müqavilə 1921-ci ilin sentyabr və oktyabrında Qarsda keçirilmiş konfransdakı danışıqların nəticəsi olaraq imzalanmışdı. Sənədi imzalayan tərəflər Cənubi Qafqaz respublikaları, Sovet Rusiyası və Türkiyə hökuməti idi. Həmin il oktyabrın 13-də imzalanmış müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlərlə yanaşı, ərazi-sərhəd problemi də həll olunmuşdu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin (1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında imzalanmış “Dostluq və qardaşlıq haqqında” müqavilə nəzərdə tutulur) müvafiq maddələri ilə üst-üstə düşürdü. Ona görə də Qars müqaviləsinin Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsi üçün imzalandığını da deyirlər. Müqaviləyə görə, Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Elə Naxçıvanla bağlı məsələ də həmin sənədlə öz ədalətli həllini tapdı. Qars müqaviləsinə qədər ermənilər həyasızcasına Naxçıvana iddia edirdilər.
Tarixi mənbələrdə oxuyuruq ki, daşnak Ermənistanının Türkiyəyə qarşı qaldırdığı ərazi iddiaları nəticəsiz qaldığına – ermənilərin məğlubiyyətinə görə Türkiyənin regionda hərbi və siyasi nüfuzu kifayət qədər artmışdı. Ona görə də, Sovet Rusiyası Ermənistanı tezliklə sovetləşdirməyə tələsirdi. Ermənistan rəhbərliyi isə Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün rəzil vasitələrdən istifadə etməyə çalışırdı.
Məlum olduğu kimi, 1918-1920-ci illərdə erməni silahlı qüvvələri Naxçıvanda qırğınlar törətsələr də, əhalini ram edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana verilldi. 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi.
Çox təəssüf ki, Rusiyanın diktəsi ilə yazılmış həmin sənəd iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Tarixçilər yazırlar ki, məhz həmin səbəbdən də Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzurun müsəlman əhalisinin güclü narazılığına səbəb olmuşdu. Odur ki, ermənilərin alçaq niyyətlərinə yaxşı bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxmışdı. Həmin sənəd Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılanmışdı.
Vəziyyətin xoşagəlməz məcraya yönəldiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Behbud ağa Şahtaxtinski buradakı türk nümayəndələri ilə münasibətləri normallaşdıraraq, onlarla birgə Naxçıvanın Ermənistan tərəfındən nəzarətə götürülməsinin qarşısını almaq üçün lazım olan bütün addımları atdı. Nəticədə Ermənistan rəhbərliyi Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdı və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi. Yəni ermənilər Naxçıvana olan ərazi iddiasından, guya, əl çəkmiş oldular.
Başqa mühüm məqam ondan ibarətdir ki, o zaman Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirdi. Bu iddia ortaya çıxanda isə Ermənistan rəhbərliyi Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.
Yəni Qars müqaviləsinədək olan vəziyyət bundan ibarət idi. 1921-ci ildə aparılan diplomatik danışıqlar və yazışmalardan sonra isə Türkiyə ilə üç Cənub Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə Qars şəhərində konfrans keçirilməsi razılaşdırıldı. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski danışıqlarda fəaliyyətini davam etdirə bildi.
Məlum olduğu kimi, Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Danışıqlar çox gərgin və prinsipial keçdi, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etdilər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif etdi. RSFSR-in nümayəndəsi bir ümumi müqavilənin bağlanmasında israr edir və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Moskva təmsilçisinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi. Təəssüf ki, sonralar buna nail oldular.
Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında imzalanan müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafıq maddələrinə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqlarının sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsi, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.
Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Bütün bunlardan sonra hansısa erməninin durub Naxçıvan mövzulu cəfəngiyat danışması, sözün həqiqi mənasında, xəstəlik göstəricisidir. İrəvanda unutmasınlar ki, Azərbaycan tərəfi köhnə mif xəstələrindən beş-on nəfərini müalicə etmək üçün gətirib Bakıda çay içirir. Əgər müalicə olunmaq istəyən erməni çoxdursa, onda Bakıda yer az deyil.
İttifaq MİRZƏBƏYLİ