Anti-Azərbaycan qüvvələr COP29-u təzyiq alətinə çevirməyə çalışırlar

post-img

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəmizə qarşı xaricdəki bədxahlarımız tərəfindən idarə olunan kampaniya güclənib. Demək olar ki, hər gün Qərbdəki ayrı-ayrı dövlətlərin qanunverici orqanlarının üzvləri, siyasətçilər, özünü vətəndaş cəmiyyətinin nümayəndələri adlandıranlar və jurnalistlər ölkəmiz əleyhinə fikirlər səsləndirirlər.

Sonuncu dəfə “meydangirlik” edən Avropa Parlamentinin yeni seçimiş vitse-prezidenti, fransız diplomatı və siyasətçisi Natali Luazo olub. Xislətinə sadiqlik nümayiş etdirən xanım Luazo deyib: “COP29 Azərbaycanda keçiriləcək. Bu barədə danışmaq və burada – Avropa Parlamentində müzakirə etmək vaxtıdır. Mənim təşəbbüsümlə “Renew” qrupu (“Renew Europe” Avropa Parlamentində siyasi qrupdur–S.H.) plenar iclasda bu məsələ ilə bağlı müzakirələrin aparılmasını xahiş etdi. Planetin qorunması, əlbəttə ki, vacibdir, lakin COP-un Azərbaycanda keçirilməsi bir çox suallar doğurur. Birincisi, bu, karbohidrogenlərdən, o cümlədən Rusiya karbohidrogenlərindən asılı (?) ölkədir. Amma daha önəmlisi odur ki, Azərbaycan Fransaya qarşı düşmənçilik hərəkətlərinin – məsələn, Yeni Kaledoniyada – həyata keçirildiyi ölkədir. Üstəlik, bu ölkə hələ də Ermənistanla sülh müqaviləsi bağlamayıb və 100 min erməninin etnik təmizlənməsinə (?) görə məsuliyyət daşıyır”.

Bəli, bir müddət öncə “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi günü”nü Avropa Parlamentində qeyd etmək təşəbbüsü ilə çıxış edən N.Luazo son fikirləri ilə COP29-a qarşı çıxmasının gerçək səbəbini ortaya qoymuş olub. Aydın olur ki, ölkəmizə edilən bu hücumlar 44 günlük Vətən müharibəsinin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsidir.

Son vaxtlar Qərb mediasında ölkəmiz əleyhinə sifarişli yazıların sayı da artıb. Redaksiyası Vaşinqtonda yerləşən, daha çox siyasət, biznes və beynəlxalq münasibətlərə diqqət yetirən “The Hill” qəzetində dərc olunmuş qərəzli məqalədə isə qeyd edilib ki, “Dağlıq Qarabağda ermənilərin etnik təmizləməsindən sonra” Azərbaycanda keçiriləcək COP29 sammiti onun legitimliyini şübhə altına alacaq. Bildirilib ki, konfransın Bakıda keçirilməsinə Azərbaycanda saxlanılan 32 nəfər erməni əsilli şəxsin ötən ilin dekabrında azad edilməsi müqabilində Ermənistanın vetosunun götürülməsindən sonra qərar verilib. Lakin qalan məhbuslar (?) hələ də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılır.

COP29 ərəfəsində verilən anti-Azərbaycan açıqlamaları, yazılan məqalələri ümumiləşdirdikdə əsas məsələnin Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğraması və 2023-cü ildə qondarma rejimin süqut etməsi, separatçı “qlavarlar”ın saxlanılaraq, Bakıya gətirilməsi ilə bağlılığı aydın olur. Ancaq biz indiyədək bu cür fəaliyyətləri çox görmüşük. Onların heç bir nəticəsi olmayıb. Vətən müharibəsindən sonra ölkəmizin gücünün daha da artdığı, xarici siyasətimizdə daha sərbəst olduğumuz indiki dövrdə onların nəticəsi heç olmayacaq. Zənnimcə, bu yerdə Prezident İlham Əliyevin oktyabrın 10-da Pre-COP29 tədbirinin iştirakçılarına müraciətindən iqtibas gətirmək yerinə düşər: “Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”.

Azərbaycanın karbohidrogen ehtiyatlarına malik olması da bizə qarşı ittiham kimi istifadə olunmamalıdır. Bu iddialara da ən tutarlı cavabı Prezident İlham Əliyev vermişdi. Dövlətimizin başçısı 2024-cü il iyulun 20-də Şuşada keçirilən II Qlobal Media Forumunda bu barədə demişdi: “Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda – Böyük Britaniyanın neft hasil etdiyi bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti, əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyimiz dövründə biz böyük nüfuz qazandıq”.

Ümumiyyətlə, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi təzyiq aləti kimi istifadə olunur. Bu, onların klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Qərb bu tədbirin sədri olan dövlətə təzyiqi artırır. Biz bunu 2022-ci ildə Şarm-əl Şeyxdə keçirilən COP27 öncəsi, ötən il Dubayda keçirilən COP28 tərəflərin konfransı zamanı da görmüşük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Amma bu dairələr birdəfəlik anlamalıdırlar ki, Azərbaycana təzyiq göstərmək faydasızdır.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin deputatı Ceyhun Məmmədov təəssüflə bildirdi ki, Azərbaycanın yürütdüyü siyasətə qarşı bu gün Qərbin bir sıra dövlətləri tərəfindən qarayaxma kampaniyası həyata keçirilir. Onun sözlərinə görə, ölkəmiz məqsədli şəkildə hədəfə alınır: “Biz bu addımların qərəzli xarakter daşıdığının açıq-aydın şahidləriyik. Söhbət ondan gedir ki, ölkəmiz olduqca mötəbər tədbirə evsahibliyi etməyə hazırlaşır. Azərbaycan bunun üçün üzərinə düşən öhdəlikləri və vəzifələri ləyaqətlə yerinə yetirir. Bu gün Azərbaycan iqlim dəyişiklikləri və onun yaratdığı fəsadların qarşısının alınması ilə bağlı təşəbbüslərə dəstək verir. Çox böyük və olduqca önəmli silsilə tədbirlərin keçirilməsinə evsahibliyi edir. Amma biz bunun qarşılığında ölkəmizə qarşı haqsız, əsassız tənqidləri görürük. Cənab İlham Əliyev də bugünlərdə bildirdi ki, bu gün biz qlobal istiləşmə ilə bağlı günahkar axtarmağa yox, vəziyyətdən çıxış yolları tapmağa çalışmalıyıq. Yaxşı olar ki, dünya dövlətləri bu barədə düşünsünlər və əməkdaşlıq etsinlər”.

C.Məmmədov dedi ki, bu gün planetin qarşısında dayanan missiya bundan ibarətdir. Bu gün urbisid, ekosid, kultursid, terror törədən ölkələrə qarşı heç bir addım atılmır. Ancaq Azərbaycana qarşı təxribat xarakterli addımların atıldığını görürük. Bu mənada üzərimizə vacib vəzifə düşür ki, biz missiyamızı uğurla davam etdirməliyik. Bütün bunlar bizi haqlı mövqeyimizdən çəkindirə və qarşımızı ala bilməz: “Biz, eyni zamanda, həmin qüvvələrə mesaj veririk ki, siz yanlış yoldasız. Bu gün Azərbaycanın qlobal istiləşməyə qarşı mübarizədə səyləri dəstəklənməli və yüksək qiymətləndirilməlidir. Çalışmalıyıq ki, planetimizi xilas edək. Bu gün Azərbaycanın istədiyi də planetin üzləşdiyi problemlərdən çıxış yollarının tapılmasıdır”.

Müsahibimiz Azərbaycana qarşı aparılan bu qarayaxma, ölkəmizi ləkələmə kampaniyasının heç bir nəticə verməyəcəyini vurğuladı: “Düşünürəm ki, bu kampaniya heç bir nəticə verməyəcək. Çünki Azərbaycanın hansı yolla getməsi, hansı addımları atması bu gün bütün dünyanın gözü önündədir. Biz haqq yolundayıq və dünyaya töhfə verəcək işləri həyata keçirməyə çalışırıq. Ona görə də bu cür cəhdlər, addımlar, yanaşmalar bizi mövqeyimizdən çəkindirə bilməz. Biz bu siyasəti davam etdirəcəyik”.

Politoloq Ramiyə Məmmədova isə XQ-yə açıqlamasında dedi ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri möhkəmləndikcə, dünya dövlətləri arasında nüfuzu artdıqca bədxahlarımızın da sayı artır və fəaliyyətləri güclənir. Bu, bir həqiqətdir və bunu heç zaman unutmaq lazım deyil: “Son vaxtlar Azərbaycanın yürütdüyü aktiv siyasəti nəzərə almaq lazımdır. Bütün dünya ölkələri görürlər ki, Azərbaycan yalnız inkişaf edir. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat-logistika sahəsində də dünya miqyasında ciddi rol oynamağa başlayıb. Yeri gəlmişkən, burada 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması da qeyd etmək lazımdır. Şuşa Bəyannaməsi dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi məhz həmin gün başladı.

Həmçinin, Rusiya ilə də əlaqələr 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə üstün səviyyəyə qaldırılıb. Azərbaycan paytaxtı bu gün mühüm qlobal məsələlərin müzakirə olunduğu məkandır. Bakıda keçirilən tədbirlər isə Azərbaycanı sevməyən qüvvələrin əlində hər zaman ölkəmizə qarşı əsassız təzyiq alətinə çevrilib”.

İndi də paytaxtımızda daha yüksək səviyyəli bir tədbirin keçiriləcəyini qeyd edən R.Məmmədova bildirdi ki, hazırda COP29-a hazırlığın son mərhələsinə qədəm qoymuşuq. Prezident İlham Əliyev bugünlərdə baş tutan Pre-COP29 tədbirinin iştirakçılarına müraciətində bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı: “Cənab İlham Əliyev qeyd etdi ki, dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox ziyan vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur”.

Politoloq qeyd etdi ki, həqiqətən də, COP29 kimi bir tədbiri siyasiləşdirmək və ondan öz məqsədləri üçün istifadə etməyə çalışmaq bəşəriyyətin gələcəyini düşünməyən, yalnız xəbis niyyətli insanların işi ola bilər.


Səxavət HƏMİD
XQ







Siyasət