Dünya “feyk xəbər”lə necə mübarizə aparır?

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Saxta xəbərlərin kəmiyyət baxımından artması, qlobal informasiya məkanında yüksək paya malik olması ona qarşı mübarizə tədbirlərinin görülməsini zərurətə çevirir. “Feyk xəbər”lə mübarizə tədbirləri əsasən 3 istiqamət üzrə aparılır.

İlk istiqamət maarifləndirmə və məlumatlandırma tədbirlərini ehtiva edir. Ehtimal olunur ki, yeni media vasitələrinin inkişafı, o cümlədən, sosial şəbəkə platformalarının çoxalması paralel olaraq saxta xəbərlərin artımını stimullaşdırır. Yəni, sosial şəbəkə istifadəçilərinin xəbər standartları barədə bilgilərinin aşağı olması, xəbərə yanaşma keyfiyyətini aşağı salır. Beləliklə, saxta xəbərlərin yayılması üçün şərait yaranır. Bu kontekstdə həm media savadlılığının, həm də informasiya savadlılığının artırılması tövsiyə edilir. Məlumat üçün deyək ki, media savadlılığı xəbər istehlakçılarının, informasiya savadlılığı isə xəbər istehsalçılarının maarifləndirilməsi, bilik və bacarıqlarının artırılmasını əhatə edir.

İnformasiya savadlılığının yüksəldilməsi üçün fərqli formatllarda maarifləndirici və tövsiyəverici sənədlər tərtib edilir. Məsələn, İnternet informasiya resurslarında etik prinsiplərin qorunması üçün “Netiket” adlandırlan qaydalar toplusu tətbiq olunur. Onun ilk nümunəsi 1980-ci illərin sonlarında məşhur “Fidonet” şəbəkəsinin üzvləri tərəfindən yaradılıb. Sonralar veb-şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb. “İnternet Sosiety” təşkilatı 1995-ci ildə internet istifadəçiləri üçün təkmilləşdirilmiş kodeksi (“RFC-1855” Request for Comments) dərc edib. Bu kodeks internet informasiya resurslarında şəxsiyyət əleyhinə təhqir, plagiat halları ilə yanaşı, yalan informasiyaları da yasaqlayır.

Web-2 konsepsiyanın müəllifi Tim Oreyli və “Vikipediya” sisteminin yaradıcısı Cimmi Uels tərəfindən “Blogerin davranış kodeksi” adlı xüsusi kitabça tərtib olunub. 7 bənddən ibarət olan bu kodeks insanı təhqir və təhdid edən, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edən, müəllif hüququnu pozan və nəhayət, yalan məzmun daşıyan kontentin yayılmasını yolverilməz sayır.

Ötən illər ərzində “Netiket”lərlə yanaşı, “Etik xartiya”lar da tərtib olunub. Xəbər istehsalçıları üçün nəzərdə tutulan “Etik Xartiya” Beynəlxalq Jurnalistlər Federasiyası (JBF-IFJ) tərəfindən 12 iyun 2019-cu ildə yeniləşdirilib. “Jurnalistlərin Beynəlxalq Etika Xartiyası” adlandırılan bu sənəd təkcə media subyektlərində dərc edilən məlumatları deyil, yeni versiyası ilə həm də internet informasiya resurslarında yayılan məzmunu əhatə edir. Xartiya istənilən platformada yalan, saxta xəbərin tirajlanmasını pisləyir.

Beynəlxalq jurnalist təşkilatları bildirirlər ki, yeni texnologiyalar, xüsusilə, “süni intellekt” proqramları dezinformasiyaların yayılması üçün münbit şərait yaradır. Bu kontekstdə hazırlanmış “Paris Xartiyası” süni intellektdən xəbər istehsalında istifadə olunmasının etik standartlarını müəyyən edir. O da plagiat, “feyk xəbər”, həmçinin dezinformasiyanın yayılmasına qarşıdır. “Süni intellekt və jurnalistika üzrə Paris Xartiyası” 10 noyabr 2023-cü ildə beynəlxalq jurnalist təşkilatının birgə fəaliyyəti ilə hazırlanıb. Xartiyanı 17 beynəlxalq jurnalist təşkilatı imzalayaraq qəbul edib və bununla da sənəd beynəlxalq status qazanıb. 10 maddədən ibarət olan xartiya yalan, qərəz və qeyri-dəqiq məzmundan ibarət olan məlumatların yayılmasını yolverilməz sayır.

Saxta xəbərlərin yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Netiket”, “kodeks” və “xartiya”larla yanaşı, texniki vasitələrin tərtibinə də önəm verilir. Beləliklə, “feyk xəbər”lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni, texniki tətbiqlər gündəmə gəlir.

Məşhur “fakt yoxla” (Fact-checking) platforması bu məqsədlə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların yoxlanılmasına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. “International Fact-Checking Network” bu sahədə örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır. Fakt yoxla funksiyası daşıyan milli saytın Beynəlxalq faktyoxlama şəbəkəsinin üzvü olması bu təşkilatın etibarlılığını müəyyən etməyə yardım göstərir. 2015-ci ildə Poynter İnstitutu tərəfindən yaradılmış Beynəlxalq fakt yoxlama şəbəkəsi (İFCN) faktların yoxlanılması ilə məşğul olan üzv təşkilatlar üçün etik kodeks tərtib edib. IFCN lokal fakt-yoxlayıcılarının fəaliyyətlərinin bu kodeksə uyğunluğunu nəzərdən keçirir və müsbət nəticə əldə edənlərə sertifikat verir. “Fakt-cheker”lər hər il təkrar yoxlamadan keçməlidirlər. IFCN 2024-cü ilin iyul ayına kimi 170 təşkilatı üzv kimi siyahıya alıb.

Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (IFLA) isə insanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazırlayıb. Sənəddə əks olunmuş 14 bənddən 2-si xüsusilə diqqət çəkir. 1-ci bənddə qeyd edilir ki, “feyk xəbər”i gerçək xəbərdən fərqləndirmək üçün öncə müəllifin, sonra da istinad olunmuş mənbənin legitimliyinə diqqət yetirilməlidir . Əgər mənbə və müəllif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır. 2-ci bənddə isə tövsiyə olunur ki, sensasiyalı və şübhəli görünən məlumatın digər KİV və sosial şəbəkə hesablarında paylaşılmasına diqqət yetirilsin. Xəbər digər resurslar tərəfindən paylaşılmayıbsa, onun şübhəlilik dərəcəsi artır.

Tətbiq edilən texniki proqramlar, maarifləndirmə tədbirləri də saxta xəbərlərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi odur ki, “feyk xəbər” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Məsələn, əvvəlki məqalələrimizdə ABŞ, Fransa, Ermənistan rəsmilərinin dilindən səslənən saxta xəbərlərdən nümunələr vermişdik. Legitim mənbə hesab olunan bu təsisatların özlərinin dezinformasiya yayıcısı rolunda çıxış etmələri “feyk xəbər”i qarşısıalınmaz müşkülə çevirir. Problem qloballaşır və ona qarşı kompleks proqramların hazırlanması, qanunvericilik müstəvisində mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, “feyk xəbər”lə mübarizə tədbirlərinin 3-cü istiqaməti hüquqi-inzibati yolla tənzimləmə metodu ortaya çıxır.

Bu baxımdan, ayrı-ayrı dövlətlər tərəfindən təşəbbüslər göstərilir. Məsələn, “Dezinformasiyaya qarşı mübarizə qanunu” formasında hüquqi aktlar tətbiq edilir. Yaxud, ayrı-ayrı ölkələrdə “Dezinformasiyaya qarşı mübarizə agentliyi” formasında rəsmi təsisatlar yaradılır. Fransa, Almaniya, Türkiyə, Çin, Rusiya və başqaları bu sahədə uğurlu modellər yarada biliblər.

 



Siyasət