COP29 “Freedom House”un da yuxusuna haram qatıb

post-img

Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedənlərdən olan “Freedom House” öz ampluasındadır. Noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbiri bu təşkilatın əsassız iddialarını daha geniş auditoriyada yaya bilməsi üçün, necə deyərlər, göydəndüşmə fürsət olub. Dünən “Freedom House”un yaydığı və Ermənistan media orqanlarının gen-bol tirajladıqları hesabat belə deməyə əsas verir.

Bildirlib ki, noyabrın əvvəllərində dünya liderləri, ətraf mühit fəalları və tədqiqatçılar COP29 üçün Azərbaycanda toplaşacaqlar. Ardıcıl üçüncü ildir ki, konfransa ənənəvi yanacaq növlərindən əhəmiyyətli dərəcədə asılı olan dövlət evsahibliyi edəcək.

Hesabata belə yüngülvari müqəddimə verdikdən sonra “Freedom House” əsas mətləbə gəlib. Necə deyərlər, sözünün “mustafasını” deyib. Qeyd edib ki, Azərbaycan silahlı qüvvələri bir ildən çoxdur əvvəllər özünü idarə edən (?) Dağlıq Qarabağ ərazisinə hərbi hücuma keçərək, faktiki olaraq, bütün etnik erməni əhalini sıxışdırıb çıxarıb. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisini azad etməsi, dövlət suverenliyinin təmin olunması istiqamətində ötən ilin sentyabrında atdığı addımlar “Dağlıq Qarabağ”ın (?) zorakılıqla ələ keçirilməsi” kimi qələmə verilib. Bildirilib ki, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi potensial olaraq aktual qlobal problemlərin və çağırışların həlli səylərini, eləcə də çoxtərəfli forumların etibarını sarsıdır (?).

Beləliklə, bir daha aydın olur ki, COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr insan hüquqları bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House” əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdısa, artıq bunu açıq şəkildə edir. Bu hücumları həmin təşkilatın erməni mənşəli əməkdaşlarının özlərinin həyata keçirdikləri də çoxdan sübut olunub. Eyni zamanda, “Freedom House” irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyir.

Bu istiqamətdə fikirlərini öyrəndiyimiz “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, “Freedom House”, “Human Rights Watch”, Demokratiyanın İnkişafı Fondu və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq kimi təşkilatların son addımları bir daha göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya planlı, sistemli, koordinasiya olunmuş prosesdir və müxtəlif vasitələrlə həyata keçirilir.

Onun sözlərinə görə, bu təşkilatlar ABŞ-nin USAID təşkilatı tərəfindən maliyyələşdirilir. Burada müəyyən sifariş də özünü göstərməkdədir: “Əslində, tarixi təcrübə bu tipli addımların nə bir təsirinin, nə də nəticəsinin olduğunu göstərir. Sadəcə olaraq, onlar öz mövcudluqlarını, gərək olduqlarını, ayrılan vəsaitlərin “məqsədyönlü şəkildə” xərcləndiyini göstərmək üçün müxtəlif hesabatlar hazırlayıb yayırlar”.

İ.Vəlizadənin fikrincə, burada təəssüf doğuran hal ondan ibarətdir ki, beynəlxalq, yəni, dünya miqyasında fəaliyyət göstərən hüquq-müdafiə təşkilatı olduqlarını bəyan edən bu qurumlar bir dəfə də olsun Azərbaycanın qaçqın və məcburi köçkün probleminə diqqət yetirməyiblər. Onlar heç vaxt bu məsələ ilə bağlı açıqlama verməyib, hesabatlar hazırlamayıb. Heç bir beynəlxalq tədbir öncəsi belə bir addım atmayıblar. Azərbaycanın təbii sərvətlərinin uzun illər mənimsənilməsi, istismar olunması, maddi və mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi ilə bağlı hər hansı çağırış etməyiblər: “İndi isə onlar ermənilərin, necə deyərlər, könlünü almaq, xoşlarına gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Yeri gəlmişkən, burada əsas məqsəd təkcə ermənilərin xoşlarına gəlmək deyil. Onlar haylardan istifadə edərək regionda məkrli planlarını həyata keçirmək niyyətindədirlər. Amma bütün hallarda əsas məsələ bundadır ki, bu siyasət mötəbər, müəyyən təsirə malik dairələr tərəfindən dəstəklənir. Bu da xoşagəlməz və təəssüf doğuran haldır”.

Müsahibimiz qeyd etdi ki, ölkəmiz indiyədək bu qarayaxma kampaniyalarının heç birinə fikir verməyib və bundan sonra da verməyəcək. Əgər onlar ədalətli araşdırma aparmaq, hesabat hazırlamaq istəyirlərsə, təkcə erməni dostlarına deyil, eyni zamanda, Azərbaycan tərəfinə, yəni zərərçəkmiş tərəfə də müraciət etməlidirlər. Həmçinin, hesabat hazırlanarkən, baş vermiş hadisələrlə bağlı rəyləri soruşulanlar arasında təkcə ermənilər yox, azərbaycanlılar da olmalıdır. Yəni, obyektiv araşdırma bütün tərəflərin iştirak etdiyi araşdırmadır. Azərbaycanın iştirakı olmadan obyektiv araşdırma aparılmasından söhbət gedə bilməz.

Səxavət HƏMİD
XQ



Siyasət