Müstəqillik bəyannaməsindən imtina?

post-img

Rəsmi İrəvanın yeni sülh manipulyasiyası nəyə hesablanıb?

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Müstəqillik bəyannaməsinin qüvvəsini dayandırdığını bildirir. Məhkəmə öz qərarı ilə bəyannamədə əksini tapan, lakin konstitusiyada bilavasitə göstərilməyən tezislərin hüquqi qüvvəyə malik olmadığı qənaətinə gəlib. Əvvəlcə, bu barədə bir qədər ətraflı söz açaq.

Beləliklə, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun sayıb. Hadisə sentyabrın 26-da olub. Ancaq indi bununla bağlı qərarın özündə təkcə delimitasiya prosesinə deyil, həm də ümumi məsələlərə, o cümlədən, Müstəqillik bəyannaməsinə aidliyi bildirilir. Qərarda bəyannamənin ermənilərin SSRİ-dən ayrılaraq öz dövlətlərini əldə etmələrinə kömək göstərdiyi, lakin konstitusiyanın qəbulundan sonra onun əhəmiyyətini itirdiyi vurğulanıb. Deməli, Əsas qanunda açıq şəkildə əks olunmayan müddəaların hüquqi qüvvəsi yoxdur.

Məlum olduğu kimi, Bakı İrəvanla sülhün şərti qismində Ermənistanın qanunvericilik sənədlərində yer alan ərazi iddialarına son qoyulmasını tələb edib. Məhz bu tələb fonunda Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı məsələ gündəmə gəlib. Rəsmi İrəvan dəyişikliyin 2027-ci il üçün planlaşdırıldığını bəyan edib və iki illik müddəti prosesin ictimai müzakirələrdən keçməsi zərurəti ilə əsaslandırıb. Baş nazir Nikol Paşinyanın komanda üzvləri, eyni zamanda, konstitusiya dəyişikliyinin Azərbaycanın tələbi əsasında həyata keçirilmədiyini bildiriblər.

Yeri gəlmişkən, N.Paşinyan bir neçə gün əvvəl BMT Baş Assambleyasının ­79-cu sessiyasındakı çıxışında da sözügedən mövzudan bəhs etmişdi. Azərbaycanla sülhdən danışan baş nazirin dediklərindən bu qənaət hasil olmuşdur ki, barış müqaviləsi üzrə əsas məqamlar ətrafında kompromis əldə edilərsə, sənəd Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər müəyyənləşsə ki, sülh sazişi Əsas qanunla ziddiyyət təşkil edir, o zaman konstutusiya dəyişikliyinə gediləcək: “Konstitusiya məhkəməmiz müqavilənin Ermənistan konstitusiyasına zidd olduğuna qərar verərsə (baxmayaraq ki, ekspertlərimiz bunun qeyri-mümkün olduğuna əmindirlər), buna baxmayaraq, bu halda biz konstitusiya dəyişikliklərinin sülh bağlamaq üçün zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik. Konstitusiya məhkəməsi müqavilənin konstitusiyaya uyğunluğunu təsdiqləsə, sənədin ratifikasiyasına heç bir maneə olmayacaq”.

Bəli, istər N.Paşinyanın diqqətə çatdırdıqları, istərsə də Konstutusiya Məhkəməsinin qərarı nikbinlik yaradır. Ancaq ilk baxışdan. Çünki meydana suallar çıxır. Həmin suallar barədə söz açmazdan əvvəl  deyək ki, Ermənistan SSR Ali Soveti Müstəqillik bəyannaməsini 1990-cı ilin avqustunda qəbul etmişdi. Sənəd gələcək dövlətin konturlarından ibarətdir. Bəyannamənin preambulasında, elə birinci abzasındaca Qarabağı Ermənistana birləşdirmək istəyindən danışılır. 11-ci bənddə isə 1915-ci ildə Osmanlı dövlətində yaşananlar “erməni soyqırımı” kimi təsvir olunur və qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq məramı açıqlanır. Sonradan qəbul edilmiş Ermənistan konstitusiyasının Müstəqillik bəyannaməsinə əsaslandığını isə vurğuladıq.

Qeyd edək ki, N.Paşinyan konstitusiyanın “dəyişmiş geosiyasi reallıqlara uyğun” yenilənməsi tezisini ortaya atıb. Problem ondadır, Əsas qanunun ilk maddələri yalnız referendum yolu ilə dəyişdirilə bilər və məsələ çox vaxt aparır, eyni zamanda, baha başa gəlir. Bundan əlavə, səsvermənin nəticəsini proqnozlaşdırmaq çətindir. Rəy sorğuları göstərir ki, Ermənistan sakinləri qanunları sırf azərbaycanlıları və türkləri razı salmaq üçün yenidən yazmaq istəmirlər. Belə bir şəraitdə qeyri-müəyyənlik var. Qeyri-müəyyənlik həm də ona görə var ki, erməni iqtidarının mövcud istiqamətdə, daha dəqiq desək, insanları inandırmaq naminə ictimaiyyətlə işlədiyini görmürük. Paşinyan və komandasının üzvləri yalnız quru nikbinlik mesajları irəli sürürlər, başqa heç nə. Elə isə keçək suallara.

Birincisi, Ermənistanın Konstitusiya məhkəməsinin haqqında söz açdığımız qərarı ölkə parlamenti tərəfindən təsdiqlənəcəkmi və ya necə təsdiqlənəcək? İkincisi, tutalım məhkəmə Müstəqillik bəyannaməsinin əsas qanunda yer almayan məqamlarını nəzərə almır. Ədalət instansiyasının qərarı xalqın iradəsindən üstün ola bilərmi? Əlbəttə ki, yox! Yəni, bəyannaməyə əsaslanmadan imtina mahiyyəti fundamental şəkildə təsdiqini tapmalıdır, hansısa qərarla yox. Başqa sözlə desək, məhkəmə qərarı Ermənistan konstitusiyası ilə ölkənin Müstəqillik bəyannaməsi arasındakı bağı aradan qaldıra bilməz. Axı qərara riayət mexanizmi də yoxdur. Üçüncüsü, erməni iqtidarının təmsilçiləri Azərbaycanla sülh məsələsində nikbinlik tezislərini daha çox beynəlxalq aləmə ünvanlayırlar. Təxminən belə: görürsünüz, biz Azərbaycanın tələblərini yerinə yetiririk, sülh yoluna sadiqlik və sair. 

Həmçinin Ermənistan hakimiyyəti elə təsəvvür formalaşdırır ki, sanki Azərbaycan heç nə ilə razı deyil, guya, destruktiv mövqe tutur, sülhdən boyun qaçırır. Ölkə parlamentinin spikeri Alen Simonyanın münasibətində də bu məqam duyulmaqdadır. O deyib ki, hazırda sülh müqaviləsi yolu açıq olsa da, Konstitusiya məhkəməsinin qərarından sonra rəsmi Bakı narazılıq üçün yeni səbəb tapa biləcək. Deməli, hakim erməni siyasilər üçün əsas olan səmimiyyət yox, Azərbaycanın səbəb tapa bilməməsidir. 

Bəli, mütərəqqilik və səmimiyyət erməni iqtidarının təmsilçilərindən çox-çox uzaq anlayışlardır. Deyimi sübuta yetirən misallar yetərincədir. Yəni, Simonyan kimilərinin manipulyativ gedişlərinə inanacaq deyilik. Digər tərəfdən, Azərbaycanın sülh üçün şərt formasında qoyduğu tələb yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsində deyil. Qeyd etdiyimiz kimi, ölkəmiz, ümumən, ölkənin dövlət sənədlərində qonşulara qarşı ərazi iddiasının aradan qaldırılmasını istəyir. Tutalım, Ermənistanın Əsas qanunu Müstəqillik bəyannaməsinə istinad etmir. Axı bəyannamə özlüyündə qalır. Bütövlükdə, bəyannamədən, yaxud onun ərazi iddiasını nəzərdə tutan müddəlarından imtina vacibdir ki, nə Paşinyan nə də onun komandasında yer alanlar məsələnin üzərinə gəlirlər. 

Başqa bir yandan, məlumdur ki, ­1988-ci ildə ermənilərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə ərazi iddiaları başlayanda Müstəqillik bəyannaməsi də, Ermənistan konstitusiyası da yox idi. Yəni ki, bu sənədlər olmadan erməni separatizmi üçün, belə demək mümkünsə, ideoloji dayaq nöqtəsi olub. Mövcud anlamda yanaşsaq, Azərbaycanın istəyi təkcə Ermənistan hakimiyyətinin deyil, eyni zamanda, bütövlükdə erməni cəmiyyətinin səmimiyyət jestinin nümayişidir. Hazırda bu jesti deyil, müxtəlif spekulyasiyaları görürük. Rəsmi İrəvan ölkəmiz qarşısında etimad qazanmaq üçün tədbirlər görmür, onun otuz illik işğala görə hansısa formada məyusluq keçirdiyi istisnadır. Əvəzində, etibarlı sülh mühitinin formalaşmasına maneçilik törətməyə hesablanmış gedişləri və bu gedişlər fonunda ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün həyata keçirildiyi iddia olunan silahlanmanı görürük. Deməli, ölkəmiz Konstitusiya məhkəməsinin qərarı timsalında hansısa yarımçıq komponenti məqbul saya bilməz.

Bir məqamı da vurğulayaq ki, Ermənistan hakimiyyəti nə qədər ölkədəki müxalif kəsimə qarşı əks ritorikaya üstünlük versə də, mahiyyətcə hər iki qütb istər təfəkkür tərzi, istərsə də yanaşma baxımından bir-birindən fərqlənmir. Dəfələrlə müxalifətin qaldırdığı avantüranın Paşinyan iqtidarı üçün fəaliyyət qayəsinə çevrildiyini görmüşük. Müxalifətin təzyiqi qarşısında iqtidarın mövqeyindən geri çəkildiyini də. Yenə bunun yaşanması istisna deyil. Ancaq indi vəziyyət bir qədər fərqlidir. 

Məsələ ondadır ki, müxalifər Konstitusiya məhkəməsinin qərarını “dövlət çevrilişi” adlandırıblar. Paşinyan hakimiyyətinin təmsilçiləri aktiv şəkildə məsələnin belə  qoyuluşu ilə razılaşmadıqlarına dair izahat verir, əsəblərin tarıma çəkildiyi mənzərəsi yaradırlar. Bu görüntüdə məqsəd heç də gərginlik ab-havasına adekvat reaksiya vermək deyil. Erməni iqtidarı, sadəcə, çətin durumun imitasiyası ilə məşğuldur. İmitasiya ona Konstitusiya Məhkəməsinin qərarının, guya, Azərbaycanın tələbinin yerinə yetirilməsi baxımından vacibliyi ab-havasının mövcudluğu  üçün lazımdır. Yəni, Paşinyan iqtidarı istəyir ki, mənzərəyə baxıb aldanaq. Hesab edək ki, Ermənistanı əsaslı güzəştə məcbur etdik. 

Təkrarən bildirək ki, hazırkı durumda ortada rəsmi İrəvanın avantürizmdən uzaqlaşması ilə bağlı gerçək addım yoxdur. Bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubundakı bir məqamın üzərində dayanaraq yazımızı tamamlayaq: “Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan, həqiqətən də, Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət