İradəmiz qəti, meyarımız dəqiqdir

post-img

Artıq Azərbaycan xalqı dostunu da, düşmənini də yaxşı tanıyır 

Bu gün xalqımızın birliyini şətləndirən əsas amillər dövlətin siyasi iradəsi, milli məfkurənin cəmiyyətdə ideoloji təhlükəsizliyi təmin etməsidir.

Başımıza gətirilən “Dağlıq Qarabağ” münaqişəsi həm də dostu düşməndən ayırmaqdan ötrü xalqımıza verilən bir şans, həm də sı­naq və təcrübə mərhələsi oldu.

Biz bu sınaqdan üzüağ çıxdıq, bu tarixi mərhələni ləyaqətlə keçdik. Artıq Azərbay­cana olan münasibəti qiymətləndirməyimi­zin əsas meyarı torpaqlarımızın işğaldan azad olunmasına və suverenliyimizin bər­pasına göstərilən münasibətlə ölçülməlidir. Haqq işimizdə, ədaləti bərpa etmək uğrunda savaşımızda bizi dəstəkləyənlər, Zəfərimiz münasibətilə təbrik edənlər, şəksiz, bizim dostlarımızdır. Amma riyakarcasına üzü­müzə gülüb, arxadan düşmən dəyirmanına su tökənlərə, separatçıları dəstəkləyənlərə heç vaxt dost deyə bilmərik. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə çıxışında cə­miyyətə verdiyi əsas mesajlardan biri məhz bu idi. Dövlət başçımızın parlamentin kür­süsündən etdiyi proqram xarakterli çıxışını üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşündə söylədiyi nitqinin davamı kimi də qəbul edə bilərik. Suveren dövlətində layiqli həyat sürməyə layiqli vətəndaşlara ünvanlanan həmin ismarıclar, sadəcə, bu günün reallıqlarını deyil, həm də gələcək perspektivlər nəzərə alınmaqla qarşıdakı dövrə ünvanlanan direktiv tezislərdir. 

Müharibələrin, regional münaqişələrin, etnik, dini ayrı-seçkiliyin baş alıb getdi­yi müasir dünyamızda dövlətçiliyin, milli birliyin qorunması həmişəkindən daha va­cib məsələyə çevrilib. Azərbaycana qarşı ideoloji təxribatlar müxtəlif cəbhələrdən davam edir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təxribatlara qarşı xalqımızın güc­lü iradəsi və milli ruhumuz dayanır. Bəli, sarsılmaz iradənin, yenilməz ruhun hakim kəsildiyi cəmiyyətə kənardan zərərli təma­yüllərin sızması, milli təhlükəsizliyə qarşı yönəlmiş təxribatların ayaq açıb yeriməsi mümkün deyil. 

Azərbaycan bu təlatümlü mərhələni də məhz dövlətinə və liderinə möhkəm inamı sayəsində aşmağı bacardı, Nə gozlədək, suyu bulandırıb, sonra bulanıq suda ba­lıq tutmaq istəyən bədxahlarımız, vaxtilə Azərbaycanda kök salmış xarici qüvvələr, onların agentura şəbəkəsi, təxribatçıları ictimai rəyə təsir etmək uğrunda hətta öz aralarında mübarizə aparırdılar. Bölgədə məkrli niyyətlərini həyata keçirməyi plan­laşdıran həmin qüvvələr bu məqsədlərinə çatmaqdan ötrü QHT-lərdən, media sub­yektlərindən, siyasi partiyalardan istifadə etməyə çalışırdılar. Bununla bağlı Qərbin Azərbaycanda ifşa edilmiş casus şəbəkələ­rinin təxribatçı fəaliyyətini yada salmağı­mız kifayətdir. Azərbaycan xalqı “başının altına” zərərli ideologiya ilə doldurulmuş “oksigen balonlarını” qoymağa çalışan bəd-xahların sözünə aldanan 30 əvvəlki xalq deyil. İndi xalqımız hər şeyi yaxşı görür və qeyd etdiymiz kimi, dostunu düşmənindən ayırmağın meyarını da özü üçün müəyyən­ləşdirib.

Prezident İlham Əliyevin Milli Məc­lisdə çıxışında cəmiyyətə verdiyi əsas me­sajlardan biri də bizi istəməyən qüvvələrin Azərbaycan dövlətini təzyiq altında saxla­maq cəhdləri və bununla mübarizənin daim diqqət mərkəzində saxlanılması barədə idi. Dövlətimizin, xalqımızın ünvanına böh­tanlar yağdıran, yalan və iftiralardan yo­ğurduqları dezinformasiyanı ictimai rəyə sırımağa çalışan Qərbin bəzi ölkə, dairə və institutlarının məqsədi Azərbaycanı müstəqil düşüncədən, siyasi iradədən məh­rum etmək və kənardan asılı vəziyyətə sal­maqdır. Məqsəd Azərbaycanı yenə hansısa vasitəçilərə möhtac duruma salmaq, xalqı­mızı mənəvi əzaba düçar etmək və inkişaf­dan, işıqlı gələcəkdən məhrum etməkdir. 

“Biz sakitləşməməliyik, Azərbaycana qarşı aparılan çirkin oyunları ifşa etməli­yik, necə ki edirik”. Siyasi qətiyyətin do­minantlıq etdiyi bu sözlərdə dövlətimizin başçısının üstümüzə ayaq açmağa çalışan çirkin ideoloji mərkəzlərin, ermənipərəst dairələrin başbilənlərinə, onları istiqamət­ləndirənlərə birbaşa ismarıc yer alır. Bəli, həmin anti-Azərbaycan qaragüruhla müba­rizə bütün müstəvilərdə – istər rəsmi plat­formalarda, istər ictimai məkanda, istərsə də media sahəsində bütün gücü ilə davam etdirilməlidir. 

Cənab Prezidentin ictimaiyyət nü­mayəndələri ilə keçirdiyi çoxsaylı görüşlə­rində xüsusi olaraq vurğuladığı ən ömənli məsələlərdən biri də gənc nəslin milli ruh­da, vətənpərvər mühitdə böyüməsi, onun öz dövlətinə və Vətəninə sahib çıxması, bu gün əldə edilən uğurları gələcəyə daşıması və onu daha da artırması ilə bağlı arzu və tövsiyyələridir. 

Bəli, milli ruhda tərbiyə alan gənclik Azərbaycanın gələcək inkişafının əsas tə­minatçısıdır. Azərbaycan Prezidenti çıxı­şında “Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm də Vətənə bağlı olmalıdır” deyəndə məhz bu ruhu, milli dəyərləri nəzərdə tuturdu. Amma bu zaman gənclərinn xarici təsirlərdən qorunmasının, yad təmayüllərə boyun əyməməsinin vacib­liyini də vurğulamağı unutmur. 

Əlbəttə, gənc nəslin savadlı və vətənpərvər formalaşmasında ailənin və təhsilin üzərinə düşən vəzifələr dövlətin daim diqqətlə yanaşdığı mövzulardandır. Bu məqamda bir vacib məsələni qeyd et­məməyimiz doğru sayılmaz. Azərbaycan xalqının bəxti həm də onda gətirib ki, Hey­dər Əliyevdən sonrakı dövrdə onun müəlli­fi olduğu milli ideologiya Prezident İlham Əliyev tərəfindən diplomatik ustalıq və siyasi uzaqgörənliklə həyata keçirildi. Bu gün Zəfəri ilə fəxr edən Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Məhz ümummilli liderin sayəsində dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycanın ərazi bütövlü­yü uğrunda ayağa qalxmasına gətirib çıxar­dı. Nəticə göz qabağındadır. 30 ilə yaxın yağı tapdağına çevrilmiş torpaqlarımız iş­ğaldan azad edildi. 

44 günlük Vətən müharibəsi həm də onu göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə dövlətçiliyə və milli məfkurəyə bağlılıq ideologiyası dayanır. Qarabağın işğaldan azad olunması başa ça­tan Qurtuluş savaşı isə cəmiyyətdə “Bütöv Vətən”, “Vahid dövlət” və “Dəmir yumruq” anlayışlarını milli doktrinaya çevirdi.

XQ-nin analitik qrupu

Siyasət