Fransada siyasi böhranı Makronun gedişi həll edə bilər

post-img

Lakin o, hələ də müqavimət göstərir

Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunmasına imkan verməyən, Ermənistanı hər vəchlə qızışdıran bəzi Qərb ölkələrinin önündə gedən Fransada vəziyyət gündən-günə pisləşir. Ölkə daxili siyasi ziddiyyətlərə, necə deyərlər, qərq olub və fransızlar buna görə məsuliyyəti prezident Emmanuel Makronun üzərinə qoyurlar.

Fransanın ən çox baxılan xəbər kanalı olan BFM TV-nin keçirdiyi rəy sorğusu­nun nəticəsinə əsasən, fransızların demək olar ki, yarısı ifrat solçu, 2024-сü il iyunun 30-da və iyulun 7-də keçirilmiş (müvafiq olaraq birinci və ikinci tur–S.H.) parla­ment seçkilərində qalib gələn solçu qüv­vələr blokunun üzvü olan “Məğlubedilməz Fransa” partiyasının lideri Manuel Bompa­rın prezident Emmanuel Makronun istefa verməli olduğu barədə təklifini dəstəkləyir. Bu təklifə respondentlərin 49 faizi “hə” deyib. Diqqəti cəlb edən həm də odur ki, təkcə sadə vətəndaşlar deyil, bəzi siyasət­çilər də Makrona qarşı siyasi addımların atılması üçün çağırış edirlər. Məsələn, “Vətənpərvərlər” partiyasının lideri Flori­an Filippo “Teleqram”ın yaradıcısı Pavel Durovun saxlanması ilə bağlı Makronun impiçmentini tələb edir.

Ancaq bu, aysberqin media məkanında yalnız görünən hissəsidir. Fransada siyasi qeyri-sabitliklə yanaşı, sosial problemlər və miqrasiya böhranı da tüğyan edir. Bir sıra avropalı analitiklər, hətta cəmiyyətdə yığılmış ziddiyyətlər səbəbindən ölkədə vətəndaş müharibəsinin baş verəcəyini proqnozlaşdırırlar. Buna görə də bəzi yer­li siyasətçilər hesab edirlər ki, Makronun impiçmenti yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur.

“Məğlubedilməz Fransa” partiyasının baş verənlərlə bağlı yaydığı bəyanatda qeyd olunur ki, onlar “Beşinci respubli­ka”nın prezidentinə qarşı impiçment pro­sedurunu başlamağa hazırdırlar. Siyasi qüvvələr Fransa liderini demokratiyaya xəyanətdə və öz namizədini yeni baş na­zir təyin etməkdən imtinasına görə insti­tusional çevrilişdə ittiham ediblər. Partiya E.Makronu tutduğu vəzifədən məhrum et­mək üçün bütün konstitusion vasitələrdən istifadə etməklə hədələyib. “Məğlubedil­məz Fransa” qeyd edib ki, onlar preziden­tin demokratiyanın əsas qaydasına məhəl qoymamaq cəhdinə göz yummaq fikrində deyillər və hər bir məsələ xalqın səsi ilə müəyyən olunmalıdır. Bundan öncə isə bu partiya ilə E.Makron arasında başqa bir böhran yaşanmışdı. Böhranın əsas səbə­bi Makronun hökuməti idarə etmək üçün parlamentdə kifayət qədər dəstək qazana bilməyəcəyini nəzərə alaraq “Məğlubedil­məz Fransa”nın baş nazirliyə namizədini dəstəkləməməsi idi. “Dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi səciyyələndirilə bilər” – deyə “Məğlubedilməz Fransa” bəyan etmişdi.

Qeyd edək ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərin nəti­cələrinə görə, solçu “Yeni Xalq Cəbhəsi” Milli Assambleyadakı 577 yerdən 193-nü əldə edib. İkinci yerdə 168 mandatla “Res­publika naminə birlikdə” prezident bloku qərarlaşıb. Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyası 143 mandat qazanıb. Yəni, heç bir siyasi qüvvənin parlamentdə müt­ləq çoxluğu (289 yer) yoxdur.

Bütün bunlar Fransanın çoxdan gör­mədiyi ciddi konstitusiya böhranı yaşadı­ğını deməyə əsaslar verir. Ümumiyyətlə, Fransanın dövlət idarəçiliyi mexanizmi kifayət qədər mürəkkəbdir. Fransa pre­zident və parlament formatının bir növ qarışığı olan, hamının bir-birindən ayrı fəaliyyət göstərdiyi və bir-birindən seçil­diyi idarəçilik modelinə sahibdir. Yaran­mış vəziyyəti şərh edən israilli publisist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Ros­tislav Qoltsman hesab edir ki, Makron prezidentliyi illərində bu mürəkkəb döv­lət idarəçiliyi modeli barədə heç olmasa nəsə öyrənməli idi, amma o, siyasətə yeni gələnlər kimi, klassik səhvə yol verdi: bo­yundan yuxarı tullandı. Məsələ ondadır ki, Makron ən çox Marin Le Penin rəhbəri olduğu Milli Cəbhənin uğurundan qorxur­du və bunun qarşısını almaq üçün o, solçu partiyaların bloku – “Yeni Xalq Cəbhəsi” ilə əlbir olaraq onlara Fransanın bir sıra regionlarında yer verdi. Nəticədə, Makro­nun bloku Le Penin partiyasını qabaqladı və ikinci yeri tutdu. Lakin koalisiya hö­kuməti qurmaq vaxtı gələndə Makronun sonuncu müttəfiqi ultimatum verdi: Yeni baş nazirin namizədliyini məhz o müəy­yənləşdirəcək.

Bununla belə, ekspert hesab edir ki, Jan-Luk Melanşonun rəhbərliyi altında “Yeni Xalq Cəbhəsi”ndə sol radikal qrup­lar, o cümlədən ən odioz fiqurlar (olduqca iyrənc, yaramaz, arzuolunmaz, xoşagəl­məz, özünə qarşı mənfi münasibət, nifrət və ikrah oyadanlar–S.H.), xüsusən də antisemitlər cəmləşiblər. Belə bir qrupun təklifinin Fransa parlamentindəki heç bir qüvvə tərəfindən dəstəklənməyəcəyi ay­dındır: “Makronun siyasi axmaqlıqların­dan birinin mahiyyəti budur – Le Penin uğurunu əngəlləməklə o, Fransanı siyasi böhrana sürüklədi. Beləliklə, indi vəziy­yəti hansısa formada nizamlamaq üçün Makron həmin Le Pen və nifrət etdiyi digər siyasətçilərlə danışıqlar aparmağa məcburdur. Məqsəd yenə də seçkilərin liderinin – “Yeni Xalq Cəbhə”sinin təh­didlərindən birtəhər qurtulmaqdır. Sonun­cu isə gözləmək və heç nə ilə razılaşmaq istəmir və əhalinin dörddə üçünün onunla həmfikir olduğunu iddia edərək minlərlə insanı küçələrə çıxarmaqla hədələyir. Bu təhdidin doğru olub-olmaması vacib deyil, amma Fransa cəmiyyətinin ən fəal hissə­sinin “Yeni Xalq Cəbhəsi”nin nəzarəti altında olduğu göz önündədir. Bu, Makro­nun özü üçün yaratdığı “siyasi kompot” növüdür. Durovla bağlı iş isə Makronun yöndəmsizliyinin başqa bir amili, hazırkı siyasi gündəmin ssenarisinə tam uyğun gəlməməsidir”.

R.Qoltsman bildirib ki, beləliklə, im­piçment Makronun siyasi cəhətdən uzaq­görən ola bilməməsinin nəticəsidir. O, özünü tələyə salıb və bu, onun üçün ən ciddi sınaq kimi görünür. “Etməli olduğu­muz yeganə şey gözləməkdir. Düşünürəm ki, gözlənilən impiçment onun “prezident­lik səyahəti”nin son dayanacağı olacaq” – deyə israilli analitik vurğulayıb.

Gözlənilən impiçmentin E.Makronun siyasi karyerasına son qoyması və daha uyğun liderə yol açması üçün real şansla­rın nə qədər olması barədə fikirlərini bö­lüşən fransaşünas, tarix elmləri namizədi, Rusiya Prezidenti yanında Xalq Təsər­rüfatı və Dövlət İdarəçilik Akademiya­sının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenkonun fikrincə, Makron indi, sadəcə, obrazlı desək, sağ qalmaq, yəni ikinci prezidentlik müddətinin sonu­nadək vəzifəsini qoruyub saxlamaq üçün çox şey edir. Buna görə də Makron, ümu­milikdə, hələ də müxtəlif siyasi sınaqlara, o cümlədən impiçmentə qarşı müqavimət göstərir: “Onun “qara gün” üçün özünün “sağqalma strategiyası” var. Həmin “stra­tegiya” bu və ya digər siyasi qüvvəyə növ­bəti güzəştlərdən ibarətdir”.

İqnatçenkonun sözlərinə görə, hazırda Fransada Makronun inadkarlığı və tələsik hərəkətləri ilə alovlanan siyasi qarşıdurma güclənir. O, solçu partiyalar blokundan namizədi hökumət başçısı təyin etməkdən qəti şəkildə imtina edir. Söhbət sonuncu parlament seçkilərində qalib gələn “Yeni Xalq Cəbhəsi”ndən gedir. Namizədin özü – Lüsi Kastets Paris meriyasında işləyir və az-çox mötədil siyasətçidir. O, Makronun gündəminə yaxşı uyğunlaşa bilər, lakin Fransa prezidenti onun namizədliyini ən­gəlləyir. Yəni, biz sona qədər müqavimət göstərən və aşkar şeylərə göz yuman Makronun belə məntiqsiz hərəkətlərini müşahidə edirik. Belə bir üslubu uzaq­görənlik adlandırmaq olmaz.

Politoloq hesab edir ki, eyni konteks­tdə Makronun tələsik addımları sayəsin­də beynəlxalq qalmaqala çevrilən Pavel Durovla bağlı məsələ Parisin siyasi kre­dosuna güclü zərbə vurdu: “İlon Maskın Makrondan sahibkarın saxlanılması üçün indi mövcud olanlarla yanaşı, daha tutar­lı səbəblər göstərməsini tələb etməsini də unutmaq olmaz. Birləşmiş Ərəb Əmirlik­ləri isə Durovun saxlanması səbəbindən Fransanın “Rafal” hərbi təyyarələrini al­maqdan imtina etməklə qorxudur. Yəni, işlər artıq belə dalanlara dirənib”.

İ.İqnatçenkonun sözlərinə görə, Makron xarizmatik olmağa çalışır, amma əslində hər şey, bir növ, vodevilə çevrilir: “İmpiçmentin özünün nəticəsinə gəldik­də isə Makronun mövqeyinin ölümcül olmasına baxmayaraq, onun prosesdən sağ çıxacağını düşünürəm. Fransa par­lamentində həddən artıq müxtəlif siyasi qüvvələr təmsil olunur. Makron buna çox ümid edir. Lakin bu, Fransanın Makro­nun prezidentliyi dövründə, hökumətin formalaşması məsələsi də daxil olmaqla, ölkənin ən dərin xaosa qərq olması və vəziyyətin bundan sonra necə inkişaf edə­cəyi ilə bağlı prezidentin özünün də tam təsəvvürünün olmaması reallığını aradan qaldırmır”.

Onu da bildirək ki, Fransa istefadan sonra hökumətin vəzifələrini yerinə yetir­mə müddətinə görə antirekord vurub. İyul ayında Makron Qabriel Attalın kabinetini yeni tamhüquqlu hökumət formalaşana qədər vəzifəsini davam etdirmək şərti ilə istefaya göndərmişdi. Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti bu­raxa bilməz. Ona görə də analitiklər onun partiyalarla dil tapmaq şansı yüksək olan birini baş nazir təyin edəcəyinə inanırlar. Eyni zamanda, Attal və prezidentə çıxışı olan bir sıra siyasətçilər ona yaxın düşər­gədən olan şəxsi baş nazir təyin etməməyi məsləhət görürlər. Bu isə o demək olacaq ki, fransızlar dəyişikliyə səs verərkən ölkə­də heç nə dəyişməyəcək.

Yaranmış böhran bir sıra ekspertlərin də qeyd etdikləri kimi, Fransa elitasının bir neçə onilliklər ərzində siyasi baxımdan ciddi şəkildə kiçilməsinin və Makronun özünün proseslərin mənfi istiqamətə doğru getməsinə rəvac verdiyinin bariz təzahürü­dür. “Beşinci respublika” rəhbərinin ölkə­sindən min kilometrlərlə uzaqda yerləşən Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdən və Ermənistanı silahlandırmaq­dansa, bu barədə düşünməsi daha yaxşı olardı.

Səxavət HƏMİD
XQ





Siyasət