Dünən Bakıda Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi məclisdə "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda müzakirələr aparılıb.
Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş nümayəndələri, “Maore komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə kollektiv” təşkilatları, Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Konfransda Qəmər adalarının müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində adanın vətəndaşlarına vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi ətrafında müzakirələr aparılıb.
Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov son bir neçə ayda paytaxt Bakının müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi etdiyini deyib. Azərbaycan Hökumətinin və Bakı Təşəbbüs Qrupunun dəstəyini yüksək qiymətləndirən Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edib.
Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri, Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Qəmər Adaları İttifaqı Üçüncü Yol Kollektivinin (C3V) QHT nümayəndəsi Nadia Tourqui, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktorunun müşaviri Aytən Qəhrəman, Qəmər Adaları İttifaqının nümayəndəsi, Demokratik Cəbhənin üzvü Mohamed Monjoin, Mayot adasının Maore Komitəsinin vitse-prezidenti Ambidi Said Mattoir və digərləri çıxış edərək Mayotun Fransaya birləşdirilməsi nəticəsində qəmərlilərə vurulmuş ziyan və fransız müstəmləkəçiliyinin yaratdığı problemlər barədə fikirlərini bildiriblər.
Konfransın sonunda qəbul edilən yekun bəyanatda Qəmərin Mayot adasında "WUAMBUSHU" adlı əməliyyatın həyata keçirilməsi, Fransanın adadakı müstəmləkəçiliyi pislənilir, regional və alt-regional təşkilatlar, vətənpərvər suveren Pan-Afrika hərəkatları Fransanın müstəmləkə siyasətini şiddətlə qınamağa çağırılır, Fransa hökumətindən Qəmər İttifaqının suverenliyinə hörmət göstərmək və onun ayrılmaz hissəsi olan Mayot adasını dərhal azad etmək tələb edilir.
***
Fransanın müstəmləkəçiliyi altında olan Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında sentyabrın 3-də əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet imzalayıblar.
XQ