Paşinyan sərhədin bir hissəsində suveren dövlətin təməlini qoyduğunu etiraf edir
İki qonşu dövlət arasında təhlükəsizliyin başlıca zəmanəti sülhdür. Nə qədər ki, “nə sülh, nə müharibə” vəziyyəti davam edəcək, Ermənistan – Azərbaycan sərhədində xoşagəlməz insidentlərin baş vermə təhlükəsi də aradan qalxmayacaq. Deyəsən, bu həqiqəti Hayastanın baş naziri də dərk edir. Nikol Paşinyan Qazax rayonu ilə sərhədə növbəti səfərində Kirants sakinləri ilə görüşüb və burada diqqətçəkən açıqlamalar verib. Bu açıqlamaların bir çoxu erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmasa da, reallığın nəzərə alınması baxımından maraq doğurur.
Onun sakinlərlə görüşdə dediyi səsləndirdiyi tezislərdən biri Azərbaycanla sərhədin hazırda həmişəkindən daha təhlükəsiz olması barədə dedikləridir. “Kirantsda Azərbaycanla sərhədin bir neçə metrliyində yerləşən məktəbi ziyarət etməyim indi heç vaxt olmadığı qədər təhlükəsizdir”, – deyən baş nazir bu barədə fikirlərini bir az da genişləndirib: “Bütün məsuliyyətimlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbi ziyarət etmək indiki qədər təhlükəsiz olmayıb. Yəni Kirantsda yaşamaq heç vaxt indiki qədər təhlükəsiz olmayıb”.
Paşinyan çıxışında daha sonra bildirib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması ilə bağlı vəziyyət azərbaycanlıların Xeyrimli kəndində də məktəbə getməyin təhlükəsiz olması deməkdir. Bundan əlavə, baş nazir Kirantsda həyata keçirilən sərhədin delimitasiya prosesini dövləti üçün böyük uğur adlandırıb: “Dövlətinizin haradan başladığını və harada bitdiyini bilməyəndə sual yaranır ki, sizin müstəqil dövlətiniz var, ya yox? Biz Kirantsda müstəqil, suveren, güclü və sülhsevər Ermənistan dövlətinin təməl daşını qoyduq”.
Oxuculara xatırladaq ki, Paşinyanın misal çəkdiyi məktəbin binası Azərbaycan sərhədindən 30–40 metr aralıda yerləşir. Sərhəd dirəklərinin ərazinin dəqiq demarkasiya olunduğundan xəbər verdiyi həmin ərazi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilmiş və gəlmə ermənilərlə məskunlaşdırılmışdı. O zaman Qazax rayonunun inzibati ərazisinə daxil olan 7 kənddən üçünün geri qaytarılması ilə bağlı hökumətlərarası sərhəd komissiyası danışıqlar aparır.
Hayastan baş nazirinin Kirantsdakı çıxışında dediklərini reallığın gecikmiş etirafı kimi qəbul etmək olar. İndi onun boynuna düşən vəzifə “Kirants modeli”ni sərhəd zolağının hər metrinə və Ermənistanın perimetri boyu bütün ərazisinə tətbiq etməkdir. Bundan ötrü, sadəcə, “kollektiv Qərb”in yalançı vədlərinə uymamağa, daxildən və xaricdən səslənən separatçı-revanşist çağırışlara məhəl qoymamağa və siyasi iradə nümayiş etdirməyə ehtiyac var.
Azərbaycan qanunvericiliyinə görə, Ermənistanla rəsmiləşdirilməyən sərhədlər yalnız dövlətlərarası müqavilə ilə təsbit edilə bilər. Amma hələlik iki ölkə arasında sərhədlərin dəqiq müəyyən edilməsi ilə bağlı rəsmi razılaşma, yaxud müqavilə yoxdur. Ermənistan isteblişmentinin tez-tez istinad etməyi xoşladığı Alma-Ata Bəyannaməsi isə sərhədin delimitasiya və demarkasiyası üçün heç bir hüquqi öhdəlik yaratmır. Bu məsələdə Bakı haqlı olaraq bildirir ki, Azərbaycan sərhəd xəttini istədiyi istiqamətdə müəyyən edə bilər.
Ümumiyyətlə, mövcud durumda Ermənistan hakimiyyəti rasional və praqmatik mövqe nümayiş etdirmək, revanşist xəyallardan əl çəkmək barədə düşünməlidir. Bu tarixi reallığı məğlub ölkənin idarəçiləri qəbul etməlidirlər: onların alternativ şansı, başqa seçim imkanı yoxdur! Haqlı olaraq, tarixi Ermənistanı real Ermənistandan ayırmağın vacibliyini qeyd edən Paşinyan və onun komandası siyasi gerçəkliklərdən dərs almalı, onlardan nəticələr çıxarmalı və imzası ilə boynuna götürdüyü öhdəlikləri vaxtında və qeyd-şərtsiz yerinə yetirməlidirlər. Onlar bir həqiqəti də nəzərə almalıdırlar ki, Ermənistan nə regional, nə də beynəlxalq proseslərə təsir etmək, Azərbaycanın yaratdığı geosiyasi reallığı dəyişdirmək iqtidarındadır. Çünki Azərbaycanın sülhə və əməkdaşlığa yanaşma prinsipləri dəqiq, konkret və birmənalıdır. Məhz bu aspektdən yanaşanda deyə bilərik ki, Azərbaycan özünün müəyyənləşdirdiyi bütün strateji hədəflərinə doğru inamla irəliləyir.
Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində qazandığıCənubi Qafqazda təcrid vəziyyətinə düşməsi, gəlirli regional və beynəlxalq layihələrdən kənarda qalması oldu. İndi itirdiklərinin fərqində olan Nikol Paşinyan həm özünün, həm də xalqının gələcək aqibəti ilə bağlı düzgün qərarlar qəbul etməlidir. Əslində, onun Kirantsda etdiyi etirafları Ermənistanın son şansından faydalanmaq məcburiyyətində olduğunu göstərir. Təki bu şansı əldən buraxmasın...
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
– Nikol Paşinyan İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini də vurğulayıb. O, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil. Bu məsələdə konsensus var.
Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da deyib. Baş nazir haqlıdır. Ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etmələri zəruri şərtdir. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Deməli, geri qayıda bilməyəcəklər. Nikol Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərmişdi? O, hansı zəmanətlə bölgəyə ezam olunmuşdu? Niyə onu göndərən sonda dedi ki, Vardanyanı yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”.
Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib durmayıb. Bunun səbəbi də bəllidir. Rusiyada milyardlarla dövriyyəyə malik şirkətləri idarə edən Ruben Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə də Kreml Vardanyana sahib durmadı. Bunu Paşinyan da bilməmiş deyil.
İ.HƏSƏNQALA
XQ