“Sülh sazişində ciddi məsələlər var” deyəndə haylar nəyi nəzərdə tuturlar?
Bakının sülh sazişinin mətninə sayca 10-cu təkliflər paketini İrəvana göndərməsinin üstündən 2 ay keçəndən sonra qarşı tərəf cavab verib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Yəni, rəsmi İrəvan sülh müqaviləsi üzrə 10-cu paketini Azərbaycana təqdim edib.
İki gün əvvəl Çexiya paytaxtında keçirilən “GLOBSEC” forumu çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan panel müzakirələrdəki çıxışında rəsmi İrəvanın yürütdüyü xarici siyasətdən də bəhs edib. O bu kontekstdə Ermənistanın suverenliyinin, sərhədlərinin qorunmasına yönəlmiş diversifikasiyanın vacibliyini vurğulayıb. Bu zaman, o, sülh sazişinin mətnində nələri nəzərdə tutduqlarına aydınlıq gətirmək əvəzinə, Ermənistanla Aİ-yə üzv dövlətlər arasında formalaşmış fəal siyasi dialoqun, “möhkəm əsaslara söykənən” əməkdaşlığın əhəmiyyətindən danışıb, hətta, bu tərəfdaşlığın dərinləşdirilməsi üçün vacib perspektivlərin mövcudluğunu önə çəkib. Nazir müavini Aİ-nin Ermənistandakı müşahidə missiyasının “regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində rolunu” da xüsusi olaraq qeyd edib.
* * *
Kostanyandan fərqli olaraq, baş nazır Paşinyan dörd gün əvvəlki mətbuat konfransında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlı yeni təklifləri təqdim etdiyini və layihədə 17 maddənin yer aldığını açıqlayıb. Onun dediyinə görə, maddələrdən 13-ü, o cümlədən müqavilənin preambula hissəsi tam razılaşdırılıb. Nikol Paşinyanın “Azərbaycanla sülh müqaviləsinin yekun variantında 17 maddədən 13-ü razılaşdırılıb və biz razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsini imzalaya bilərik” sözləri o deməkdir ki, Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəa məhz razılaşdırılmayan məsələlər içərisindədir. Doğrudur, Paşinyan bu dəyişikliyi zəruri saydığını bildirir, amma bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki Prezident İlham Əliyev konstitusiya dəyişikliyini sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və Bakının bu mövqeyində heç bir dəyişiklik yoxdur.
Möhkəm sülhün əldə olunmasından ötrü Bakının irəli sürdüyü tələblər barədə susmağa üstünlük verən baş nazir sazişin imzalanmasından sonrakı dövrdən danışmağa başlayıb. Hətta iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının nəzərdə tutulduğunu “müjdələyən” Paşinyan bunun bütün digər məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcəyini söyləyib.
“Ermənistan hakimiyyəti ən müxtəlif yollarla sülh sazişinin imzalanmasını uzatmağa çalışır. Artıq sayca onuncu təkliflər paketi o deməkdir ki, sülh müqaviləsinin bağlanmasının vaxtı çatıb. Baxmayaraq ki, sazişin mətnində bir neçə maddə öz həllini tapmayıb”. Bunu “XQ”yə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi və rəsmi İrəvanın dedikləri məsələlərlə bağlı sülh paketinə nələrisə daxil etdiyinə əmin olduğunu dilə gətirdi: “Amma bu, mümkün deyil. Necə yəni öz həllini gözləyən məsələlər var? Bunlar çox ciddi suallardır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaları mütləq çıxarmalıdır. İndi olmasa da, qarşıdakı mərhələdə Zəngəzur dəhlizinin açılması həll olunmalıdır. Digər məsələlər də var”.
İrəvanın sülh danışıqları üzərində manipulyasiyaya davam etdiyini nəzərə çatdıran tanınmış politoloq onun Avropa İttifaqının müşahidə missiyasının əhəmiyyətini qabartmağa başlamasının da təsadüfi olmadığına diqqət çəkdi: “Azərbaycan lap başdan bu missiyanı bölgə üçün lazımsız qurum kimi qəbul edib. Bu missiyanın nəyi qoruduğu, nələri müşahidə etdiyi bugünədək qaranlıq qalıb. Əlbəttə, həmin kontingentin istefada olan jandarm və hərbçilər, yəni xüsusi xidmət orqanlarının potensial agentləri olmaları hamıya bəllidir. Onların sərhəd zonasında məxfi məlumatlar toplamaqla məşğul olmaları da müzakirə edilən mövzulardandır. Nəhayət, Paşinyan da anlayır ki, Ermənistanı Aİ-yə, yaxud NATO-ya qəbul edən yoxdur. Bu məsələlər gündəlikdə durmur. Həmin təşkilatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdikləri də hamıya yaxşı məlumdur. Əslində, bütün bunlar Paşinyanın sülhdənqaçma siyasətinin atributlarıdır”.
* * *
Kostanyanın Praqadakı çıxışına qayıdaraq onu da qeyd etməyi zəruri sayırıq ki, Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” proqramı, guya, onun regional kommunikasiyaları açmağa hazır olduğunu təsdiqləməsi hayların növbəti “feyk-gedişidir”. Paşinyanın kommunikasiyaların qarşılıqlı şəkildə, suverenlik, yurisdiksiya və bərabərlik prinsiplərinə əsaslanaraq işə salınması barədə söylədikləri də siyasi saxtakarlıq və vaxt qazanmaq “nömrələrinin” davamıdır.
Nazir müavininin çıxışında Aİ-nin mülki müşahidə missiyası barədə dedikləri isə heç bir halda rəsmi Bakının mövqeyi ilə üst-üstə düşə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Amerikanın “Politico” nəşrinə müsahibəsində bu mövzu ilə bağlı birmənalı olaraq bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işinə dair sənədin imzalanması “Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsas verir”. Yəni, Aİ-nin şübhəli fəaliyyətə malik mülki missiyası iki ölkə arasında sərhəd razılaşmalarına yardım göstərmək deyil, yalnız maneçilik törədə bilər.
Hökumətlərarası komissiyanın vasitəçisiz, birbaşa və gərgin birgə işinin müsbət nəticəsi kimi avqustun 30-da Azərbaycan və Ermənistan arasında imzalanan vacib sazişi göstərmək olar. Həmin sənədi bugünlərdə hər iki tərəfin eyni vaxtda dərc edəcəyi gözlənilir.
Oxuculara xatırladaq ki, avqustun 30-da imzalanmış “Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə” hazırda Azərbaycan və Ermənistanda dövlətdaxili prosedurlardan keçirilmə mərhələsindədir.
Hər şeydən göründüyü kimi, sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışan Ermənistan öz tarixinin ciddi sınaq dövrünü, ən keşməkeşli günlərini yaşamaqdadır. İndi ölkə daxilində, eləcə də bütün sahələrdə dərin xaos, iqtidarla kütlə arasında inamsızlıq mühiti hökm sürür.
Sülhdən qaça-qaça Bakıya 10-cu təkliflər paketini göndərən Paşinyan iqtidarını qarşıda sülhsüz və daha çətin günlərin, cəmiyyəti isə qarşıdurmaların gözlədiyini təxmin edə bilərik.
İmran BƏDİRXANLI
XQ