İrəvan Moskvanın vasitəçiliyinə qarşı

post-img

Yaxud “paşinyançı deputat”ın anti-Rusiya tezisləri

Prezident Vladimir Putinin Bakıya səfəri zamanı və ondan sonra Rusiya tərəfindən səslənmiş bəyanatlar, o cümlədən Putinin Azərbaycandan qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı onu deməyə əsas verirdi ki, Moskva Bakı – İrəvan münasibətlərinin nizamlanması üzrə vasitəçiliyə geri dönür. Əslində, bu məqamı rusiyalı siyasi ekspertlər də vurğulayırdılar. 

Ermənistandan gələn reaksiyalar isə ölkə iqtidarının belə bir vasitəçiliyə qarşı olduğu barədə rəy formalaşdırır. Bu mə­nada Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan depu­tatı Ovik Ağazaryanın bildirdikləri həmin rəyi qətiləşdirməyə əsas verir. 

Qeyd edək ki, Putinin Bakıya səfə­rindən sonrakı müddətə diqqət yetirsək, O.Ağazaryandan əvvəl də rus vasitəçiliyi­ni süngü ilə qarşılayanlar olub. Fikrimizi izah etmək üçün bir məqamın üzərində dayanaq. Məlum olduğu kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən ölkəsinin “Birinci kanal”ına müsa­hibəsində bildirmişdi ki, Ermənistan regio­nal kommunikasiyaların açılmasını sabotaj edir. Əslində, o, vurğunu rəsmi İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı heçə saydığının üzərinə qoymuşdu. O bə­yanatı ki, orada Azərbaycan və Rusiya li­derləri ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın da imzası var. 

Lavrova cavab verən Ermənistan Xa­rici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkəsinin mövqeyini əsaslan­dırarkən, diqqəti Rusiyanın Bakı – İrə­van münasibətlərinin nizamlanmasındakı vasitəçiliyinin mümkünsüzlüyü üzərində cəmləşdirmişdi. Ona görə ki, İrəvanda regi­onal kommunikasiyaların açılmasını özün­də ehtiva edən üçtərəfli bəyanat məntiqinin Kremlin Azərbaycan və Ermənistan ara­sında vasitəçilik forması olduğunu bilir­lər. Daha dəqiq desək, Moskva vasitəçilik baxımıdan təkcə 10 noyabr 2020-ci il ta­rixli deyil, ümumən 2020-ci ildən 2022-ci ilədək imzalanmış bütün üçtərəfli sazişlərə istinad edir, həmin sənədlərin fundamen­tallığını irəli sürür. 

Paşinyanın partiyasından olan deputat O.Ağazaryan da buna qarşı çıxır və deyir ki, Rusiya təkbaşına vasitəçi ola bilməz. Nəinki ola bilməz, Moskvanın mövcud is­tiqamətdəki təşəbbüsləri yanlış və yersiz­dir. Çünki Rusiya, Ağazaryanın fikrincə, bir çox hallarda vasitəçi deyil, tərəf kimi davranır. Erməni deputatın tərəf dedikdə nələri nəzərdə tutduğundan söz açacağıq. Hələlik isə bir məqama nəzər salaq. 

Xatırladaq ki, vaxtilə Qarabağda Rusi­ya sülhməramlıları var idi və onlar demək olar, bütün hərəkətləri ilə Ermənistanın tərəfində dayanırdılar. Qarabağ ermə­nilərinə yardım göstərirdilər, bölgədəki separatçı rejimin mövcudluğunu təmin edirdilər, bilavasitə Ermənistanın Qarabağ avantürasını saxlaması üçün lazım olan silah-sursatın əraziyə daşınmasına göz yumurdular. Bəs bunun qarşılığında rəsmi İrəvan nə etdi? Birincisi, sülhməramlıları öz işlərinin öhdəsindən gəlməməkdə gü­nahlandırdı. İkincisi, Qərb vasitəçiliyi xət­tinə üstünlük verdi. 

Ermənistan onsuz da üzünü Qərbə çevirmişdi. Bu mənada indi Ağazarya­nın söylədikləri bəhanədən başqa bir şey deyil. Nəzərə alaq ki, “Vətəndaş sazişi” partiyasından deputat fikirləri ilə təm­sil olunduğu komandanın Azərbaycan və Rusiyanın eyni tərəf olmasına dair cəfən­giyyatını tirajlayır. Halbuki heç ölkəmizə də Moskvanın vasitəçiliyi lazım deyil. Ümumən, rəsmi Bakı birbaşa danışıqlar məntiqini əsas götürür. Yəni, heç bir va­sitəçiliyə ehtiyac duymur. 

Hazırda Rusiya rəsmilərinin bildirdik­ləri ilk baxışdan ölkənin Azərbaycan və Ermənistan arasında vasitəçilik reallaş­dırmaq istəyi kimi görünsə də, məlumdur ki, Moskvanı düşündürən başlıca məqam regional kommunikasiyaların açılmasıdır. Sadəcə, Kreml oyun qaydalarına riayət edir və bu baxımdan üçtərəfli bəyanata söykənir. O bəyanata ki, 44 günlük müha­ribə məğlubu olan Ermənistanın öhdəliklə­rini vurğulayır. 

Öhdəlikləri icra etmək lazımdır. Krem­lin istəyi budur. İrəvan öhdəliklərini yerinə yetirməlidir ki, Rusiyanın Cənubi Qafqaz­la bağlı hazırkı maraqları təmin edilsin. Ancaq Ermənistan Moskvanı bölgədən sıxışdırmaq istəyir və bunu Qərbin köməyi ilə reallaşdırmaq niyyətindədir. Daha doğ­rusu, Qərb Ermənistanı buna təhrik edir. Nəticədə Paşinyançı deputat O.Ağacanyan Qərbə önəm verdiyini açıqlayır. Onun söz­lərinə görə, guya, Avropa və ABŞ İrəvanın tərəfini saxlamır və bu səbəbdən onların vasitəçiliyi Rusiyanın subyektiv vasitə­çiliyindən daha məqbuldur. Ən əsası isə Ağazaryan Qərb vasitəçiliyinin sırf “Zən­gəzur dəhlizi” baxımıdan vacibliyi üzərin­də dayanır. Dayanır və S.Lavrovu tənqid edir. Erməni parlamentari deyir ki, Rusiya XİN rəhbərinin İrəvana yönələn sabotaj məntiqi gülməlidir. 

Ağazaryan Moskvanın regional kom­munikasiyaların açılmasının beynəlxalq standartlara uyğun, dövlətlərin suveren hüquqları əsasında həyata keçirilməsini istəmədiyini bildirir. “Hər şeyi başqa cür etmək istəyirlər, biz isə guya, sabotaj edi­rik”, – deyən deputat vurğulayıb ki, Ermə­nistan sabotaj yolu tutmur, Azərbaycan, Türkiyə və Rusiyanın sərhədlərin açılması məsələsindəki təsəvvürünün əleyhinə çıxır: “Biz öz ərazilərimizdə hüquqlarımızın zər­rə qədər itirilməsinin əleyhinəyik. Əgər Lavrov, Putin, Əliyev, Paşinyan, Ərdoğan, Gürcüstan və İran regionda sabit sülhün olmasında maraqlıdırlarsa, o zaman, bu, dövlətlərin gücünə və imkanlarına deyil, beynəlxalq hüquqa əsaslanmalıdırlar”.

Qeyd edək ki, Paşinyanın komanda­sında ağazaryanlar, ağacanyanlar və digər yanlar çoxdur və onların hamısının ağlı, demək olar, eyni cürdür. Onlar, əvvəla, keçmişi unudurlar. Unudurlar ki, Ermə­nistan 44 günlük müharibənin məğlubudur və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat məğlub ölkənin daha da rüsvayçı duruma düşməmək üçün üzərinə götürdü­yü öhdəliklər məcmusudur. Sonrakı illərin üçtərəfli sazişləri də məhz 2020-ci il tarixli sənəddən qaynaqlanır və kompleks səciy­yə daşıyır. İkincisi, məğlub Ermənistan, əslində, üçtərəfli sazişin nəinki 9-cu, eləcə də digər bir sıra bəndlərini də yerinə yetir­mədi, Azərbaycan Ağazaryanın haqqında söz açdığı beynəlxalq hüququ və ədaləti özü bərpa etdi. Deməli, erməni deputatın beynəlxalq hüquqdan danışmasının özü gülüncdür. Üçüncüsü, böyük siyasət uşaq oyunu deyil ki, sözündən dönəsən, imzan­dan imtina edəsən. Bu düşüncə Paşinyanın və onun komandasındakı ağazaryan ki­milərinin təfəkkürünə tam yad təmayüldür. Belələri öhdəliklərdən boyun qaçırmanın cəzasının olması reallığını anlamayacaq dərəcədə iflicdirlər. 

Sonda onu da deyək ki, O.Ağazaryan Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının nisbətən konstruktiv sayılan deputatıdır. Ölkədəki revanşist-şovinist kə­sim onu bu mövqeyinə görə vaxtilə qəbul etməyib. Ancaq maraqlıdır ki, Paşinyanın komandasının hətta ən ağıllı sayılan təm­silçisi belə reallıqları görmək imkanından məhrumdur. 

Ağazaryan Qərb vasitəçiliyi xəttindən söz açırsa, bu vasitəçiliyin Cənubi Qafqaz­la bağlı hansı avantürist məqsədlərə kök­ləndiyini bilməli və dərk etməlidir. Anla­malıdır ki, Ermənistan özünün suverenlik və ərazi bütövlüyü klişesi, “Dünyanın kə­sişməsi” kimi sərsəm ideyası ilə bir növ, ortaya buraxılmış günah keçisidir. Necə deyərlər, hər keçi öz ayağından asılır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət