Ermənistanın dörd il öncə İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasına və ötən il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində onun hər cür dəstək verdiyi separatçı rejimin süqut etməsinə baxmayaraq, ölkədə hələ də revanşist düşüncələrlə, hansısa “x” gününün xəyalı ilə yaşayanlar az deyil. Ölkənin elektron media resurslarına nəzər salmaq, siyasətçilərin, deputatların fikirləri ilə tanışlıq belə deməyə əsas yaradır. Belələrindən biri də Birinci Qarabağ müharibəsində mülki əhaliyə münasibətdə amansız davranışı ilə seçilən, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən “Aramo” batalyonunun komandiri olmuş, polkovnik rütbəli Aram Torqomyandır.
Bugünlərdə “Nyus.am”ın müxbiri ilə həmsöhbət olan Torqomyan cəfəngiyyat, sərsəm danışmaqda az qala bütün həmvətənlərini geridə qoyub. Onun fikirləri ilə tanışlıq insana xəstə təfəkkürlü birinin sayıqlamaları təsirini bağışlayır. Məsələn, Torqomyan bildirib ki, Azərbaycan onları qorxutmamalıdır. Çünki Azərbaycan bu gün Ermənistandan qat-qat çətin (?) vəziyyətdədir. Orada “İsrail bazalarının yerləşdiyini” nəzərə alsaq, İran hər an Azərbaycana hücum edə bilər.
Sayıqlamasını davam etdirən işğalçı ordunun keçmiş döyüşçüsü daha sonra deyib: “Mən inanıram ki, bizim ölkəmizin sərhədlərini toxunulmaz saxlamaq üçün potensialımız var. Bu gün mən ehtiyatda olan əsgərəm, amma sabah lazım olsa, çox tez əsgərlərimizin yanında dayanıb vətənimiz uğrunda döyüşə bilərəm. Bu gün bir çox ölkələr Ermənistanı silahlandırır. Onların arasında Hindistan, Fransa, Almaniya kimi ölkələr var. Lazım gələrsə, Rusiya da silahlandıracaq”.
Qeyd etdiyimiz kimi, A.Torqomyanın fikirləri başdan-ayağa cəfəngiyyat olduğu üçün ona münasibət bildirməmək də olardı. Ancaq bu, Hayastanda onun kimi düşünənlərin sayının artmasına rəvac verə bilər. Onun səsləndirdiyi absurd fikirlərdən birincisi Azərbaycanın, guya, Ermənistanı qorxutması ilə bağlıdır. “Qorxutma” sözünün arxasında nəyin dayandığını aydınlaşdırmağa ehtiyac var. Əgər o, hədələməyi, təhdid etməyi nəzərdə tutursa, deməliyik ki, Azərbaycan heç vaxt heç bir ölkəni təhdid etməyib.
Torqomyanın bu açıqlaması işğal dövründə baş verənləri yada salır. Həmin illərdə rəsmi Bakı dəfələrlə bəyan edirdi ki, ərazi bütövlüyümüzün bərpası sülh yolu ilə həllini tapmasa, işğalçı qoşunlar işğal olunmuş ərazilərdən geri çəkilməsələr, biz beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, güc yolu ilə torpaqlarımızı azad etmək məcburiyyətində qalacağıq.
Bu, tamamilə normal bir mövqe idi. Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisidir və burada işğala son qoyulmalı idi. Təəssüf ki, Ermənistan tərəfi ötən 27 il ərzində bizim bu tələbimizi qəbul etmədi. Onu düzgün qiymətləndirmək yerinə yanlış interpretasiya edərək Azərbaycanın Ermənistanı, guya, təhdid etdiyinə dair dünyaya car çəkdi. Əslində, bizim tələbimizin düzgün anlaşılması Ermənistanın özünün də xeyrinə idi.
Əgər İrəvan vaxtında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan 7 rayondan qoşunlarını könüllü çıxarsaydı, bölgənin erməni əhalisinin hüquq və təhlükəsizliyi barədə Azərbaycanla danışıq aparıb razılığa gəlsəydi, İkinci Qarabağ müharibəsinə də ehtiyac qalmazdı. Amma onlar heç 44 günlük müharibənin yekunlarından da dərs almadılar. Nəticədə, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri baş verdi. Bu baxımdan keçmiş döyüşçünün Azərbaycanın Ermənistanı təhdid etməsi ilə bağlı fikirlərinin heç bir əsası yoxdur.
Onun Azərbaycanın Ermənistandan qat-qat çətin vəziyyətdə olmasına dair fikirləri də boşboğazlıqdan başqa bir şey deyil. Guya, ölkəmizdə “İsrail bazalarının yerləşməsi” isə yalanın və böhtanın zirvəsidir. Aramın bu açıqlaması da Vətən müharibəsi zamanı səslənən yalanları yada salır. Həmin vaxt Ermənistanın xarici havadarları bizi xaricdən muzdlular gətirməkdə suçlayır, guya, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin döyüşlərdə iştirakına dair ölkəmizə böhtan atırdılar. Onlara ən tutarlı cavabı isə 2020-ci il oktyabrın 26-da Prezident İlham Əliyev vermişdi.
Dövlətimizin başçısı xalqa müraciəti zamanı demişdi: “Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları sizdə nə gəzir? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər”.
Cənab İlham Əliyev qeyd etmişdi ki, yaxşı, mən bu suallara cavab verirəm. Amma siz Ermənistana da, silahları onlara verənlərə də sual verin: “Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər.
Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik”.
Onu da bildirək ki, “Aramo” batalyonu Birinci Qarabağ müharibəsində, əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi qruplaşmadır. Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, onun adının “Aramo” ilə əvəzlənməsinə səbəb olub. “Aramo” isə XIX əsrdə Osmanlı imperiyasına qarşı qiyam qaldıran və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mxitaryan adlı şəxsin təxəllüsü olub. Dəstə 1989-cu ildə Livan, Suriya, Fələstin və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı silahlı qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb. 1990-cı ilin yanvar ayında dəstəyə təşkilatlanmış 15-20 nəfərlik qrupların gəlməsi ilə onun üzvlərinin sayı artıb.
“Aramo” ilkin mərhələdə fəaliyyətini Ermənistan–Azərbaycan sərhəd xətti boyunca aparıb. Daha sonra onlar Qarabağa soxulublar. 1992-ci il fevralın 17-də terrorçu birləşmənin üzvləri hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər. Onlar dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər. “Aramo”nun Qaradağlı soyqırımındakı iştirakını terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın 2005-ci ildə nəşr etdirdiyi “Qardaşımın yolu: Amerikalının Ermənistana taleyüklü səyahəti” adlı kitabdakı bəzi fikirlər də təsdiqləyir. O yazır ki, Xocavənd şəhərini tutmaq strateji məqsəd idi, Qaradağlıda törədilənlər isə qisas aktı olmuşdur.
A.Torqomyanın başçılıq etdiyi “Aramo” 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalı qəsəbəsinə hücumda da iştirak edib. Montenin qardaşı “Aramo” yaraqlılarının Xocalı soyqırımında rolunu xüsusilə vurğulayır və onların dinc sakinləri necə qəddarlıqla öldürdüklərini ətraflı təsvir edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü il aprelin 26-da yaydığı bəyanatda bu terror təşkilatının da adı çəkilib. Bildirilib ki, azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Aramo” və “Arabo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur.
Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Qaregin Njde və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi vəsf edilməsi, onların adlarının əbədiləşdirilməsi və “njdeizm”in populyarlaşdırılması Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
Qeyd edilib ki, Ermənistanın bu cür addımları, İrəvanın Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqlarına dair iddia etdiyi səmimiyyətini və xoş iradəsini ciddi sual altına qoyur.
Səxavət HƏMİD
XQ