Vətən müharibəsinin fəlsəfəsi

post-img

III MƏQALƏ

Müharibə qələbəyədək aparılır. Və nöqtə.

Karl fon KLAUZEVİTS

Savaşın Azərbaycan təcrübəsi

Beləliklə, 1993-cü ildən 2020-ci il II Qarabağ savaşına qədər olan müddətdə böyük transformasiya yolu qət edilməli idi. Bu yolun təməlində II məqalədə vur­ğuladığımız kimi, 3 amil reallaşmalı idi – cəmiyyət bütövləşməli, hakimiyyət – xalq birliyi formalaşmalı və vətəndaşlarda Vətən sevgisi yeni səviyyəyə yüksəlməli. Bütövlükdə, Azərbaycanda cəmiyyət həm həmrəylikdə, həm də dövlət quruculuğun­da elə nailiyyət qazanmalı idi ki, qələbə əzmi yüksək olsun. 

Bu prosesin tərkibində Lider – haki­miyyət (dövlət başçısının komandası kimi) cəmiyyətin bütün kəsimlərinin aparılan müharibəni ədalətli, müstəqillik, suveren­lik, ərazi bütövlüyünün təmini, milli lə­yaqətin bərpası, hüquqa uyğun mübarizə kimi qəbul etməsi şərtlərinin ödənməsi prinsipial əhəmiyyət kəsb edirdi. Onun da tərkibində Liderin ədalətli savaş apardığı­na əhalinin tam əminliyi, cəmiyyətin bütün kəsimlərinin aparılan savaşa eyni prizma­dan baxması və müharibəyə münasibətdə dövlət başçısı, onun komandası, ordu və xalqın bir mövqedə olması xüsusi yer tu­turdu. Bu faktorların son nəticədə qələbə əzminin səviyyəsi də ciddi əhəmiyyət kəsb edirdi. 

Nəhayət, daha geniş kontekstdə müha­ribənin ölkədaxili şərtlər əsasında ədalət­liliyinin müəyyən edilməsi mütləq şəkil­də beynəlxalq miqyasda humanitarlıq və hüquqiliklə məzmun və mahiyyətcə uy­ğunluq təşkil etməli idi. Həmçinin ədalətli müharibə kütləvi surətdə insan hüquqları­nın pozulmasının qarşısını almalı, cəmiy­yətin ləyaqətini bərpa etməlidir. 

Belə görünür ki, Azərbaycanın müasir mərhələdə Vətən müharibəsinin kriteri­yaları iki xüsusiyəti ilə fərqlənir: Birinci­si, onlar ierarxik (pilləvari) xarakterlidir, yəni bir-biri ilə daxili məntiqi və məz­mun bağlantıları vardır və o, kriteriyaların strukturlaşmasında öz ifadəsini tapmışdır. Bundan başqa, həmin kriteriyalar arasında münasibətlər o səviyyədə olmalıdır ki, va­hid sistem təsiri bağışlasın. İkincisi, həmin kriteriyalar, bütövlükdə, yeniləşmə prose­sini vahid məcraya və məqsədə yönəltmə­sini təmin etməli idi. Bu da cəmiyyətdaxili əlaqələri (həmrəylik, inteqrasiya, birlik aspektlərində), hakimiyyət – xalq münasi­bətlərini tənzimləmək deməkdir. 

Lakin fəlsəfi baxımdan burada çox cid­di bir məqam vardır. Yuxarıdakı təqdimat­dan görünür ki, ciddi sosial, siyasi, mədə­ni, hüquqi və geosiyasi-hərbi çətinliklərlə üzləşmiş bir dövlətdə prosesləri birləşdiri­ci məcraya yönəltmək çox çətin məsələdir. Buna nadir hallarda nail ola bilirlər. Azər­baycanla bağlı da vəziyyət əlavə əngəllər nəticəsində, xüsusilə kənar təcavüzə görə, çox mürəkkəb idi. 

Bunlara görə, hər Vətən müharibə­sinin fərqli fəlsəfi cəhətləri olur. Lakin bütün hallarda Azərbaycanda dağınıq hal­dan, parçalanma vəziyyətindən monolit və ideyaya fokuslanmış topluma keçidi təmin edən mexanizmlər olmalı idi. Onları aydınlaşdırmaq üçün kontekstə iki anla­yış daxil etməliyik. Onlardan biri “liderin siyasi mentaliteti”, digəri isə “dövlətçilik mentaliteti”dir. 

Liderin siyasi mentaliteti

“Siyasi mentalitet” hazırda politologi­ya ilə yanaşı, fəlsəfədə də geniş araşdırı­lır. “Mentalitet” sözü ümumilikdə şəxsin və kollektivin (toplum, qrup, cəmiyyət, icma və s.) ağlını, intellektini, məişət təsəvvürlərini, ruhi vəziyyətini, dünya duyumunu, psixoloji özəlliklərini, adəti­ni, ənənəsini, bütövlükdə, həyat tərzini, keçmiş, indi, gələcək haqqında təsəvvür­lərini ifadə edir. 

Lakin bu ümumi təsəvvürdən daha konkret tərifə keçəndə fərqli yanaşmalar özünü göstərir. Bu da anlayışın özünün mürəkkəb məzmuna malik olmasına də­lalət edir. “Siyasi mentalitet” bu təsəvvür­lərin üzərində bərqərar olur. 

Onu ümumi səviyyədə ona belə tərif verirlər: siyasi mentalitet dərk edilən və edilməyən siyasi təsəvvürlərin, dəyərlərin, qaydaların, müəyyən sosial ümumiliyin stereotiplərinin siyasi gerçəklik sferasında cəmidir (və ya sistemidir). Belə görünür ki, burada siyasi gerçəklik çərçivəsində konk­ret keyfiyyətlər seçilir. Onların sırasında insan mövcudluğunun bütün aspektləri yer almışdır. O cümlədən, adət-ənənə, dünya duyumu, siyasi təcrübənin ümumiləşməsi və s. amillər vardır. Lider bütün bu keyfiy­yətlərin konkret siyasi gerçəklikdə təcəs­sümüdür. 

Vurğulanan məqamlara uyğun olaraq siyasi mentalitetin strukturunu aşağıda­kı kimi müəyyən edirlər: siyasi reallıq haqqında dərk edilən və edilməyən təsəv­vürlər. Bu, siyasi davranışı idraki motiv­ləşdirmə funksiyası yerinə yetirir; dəyər xarakterli siyasi yönlər müəyyən edir. 

Siyasi davranışın dəyər aspektini mo­tivə edir; siyasi attityüd və önqaydaları ifadə edir. Siyasi attityüd siyasi situasiya­ya reaksiya vermək özəlliyi, meylini ifadə edir. Sosial kontekstdə çox əhəmiyyətli rol oynayan faktordur. Xüsusilə liderin hər bir situasiyada hansı addımı atmağa meyilli olduğunu xarakterizə edən anlayış kimi prinsipial əhəmiyyət daşıyır.

Növbəti struktur vahidi liderə adət-ənənənin, ailə tərbiyəsinin, təhsilin təsiri nəticəsində onun şəxsiyyət kimi so­siallaşması özəlliyi ilə bağlıdır. 

Nəhayət, siyasi mentalitet köklü siyasi və sosial-mədəni dəyişikliklər şəraitində dayanıqlılıqla dinamiklik arasında optimal nisbətin saxlanması ilə bağlıdır. Buna hər bir lider özünün özəl keyfiyyətlərinin ver­diyi imkanlar çərçivəsində nail ola bilir. 

Daha dərinə getmədən deyə bilərik ki, liderin siyasi mentaliteti onun həm si­yasi kimliyini müəyyən edir, həm də fəa­liyyətinin məzmunu ilə məqsədi arasında əlaqə yaradır. Bu baxımdan, maraqlıdır ki, müharibənin də xarakterinə liderin siya­si mentaliteti ciddi təsir edir. Çünki kritik situasiyalarda liderin seçimi proseslərin məzmununu və yönünü müəyyənləşdirir. 

Burada həm də siyasi mentalitetin mü­haribənin son məqsədini müəyyən etmək­də oynadığı həlledici rolu nəzərə almaq lazımdır. Buna görə, vətən müharibələri bir-birindən fərqlənə bilərlər. Məsələn, Vyetnamın işğala qarşı apardığı vətən sa­vaşı, Xorvatiyanın və ya SSRİ-nin vətən müharibələrindən fərqlənir. Və bunların hər ikisi Azərbaycanın apardığı Vətən mü­haribəsindən fərqlənir. Bu fərqləri fəlsəfi kontekstdə daha aydın anlamaq üçün ikin­ci bir anlayışı daxil etməliyik – dövlətçilik mentalitetini.

Dövlətçilik mentaliteti

“Dövlətçilik mentaliteti” anlayışına fəlsəfi və elmi ədəbiyyatda rast gəlinmir. Biz bu anlayışı xüsusi məna verərək daxil edirik. Dövlətçilik mentaliteti cəmiyyətin tarixən təkamül etmiş dövlətçilik ənənə­sində daim özünü göstərən, idarəetmə, geosiyasi, siyasi, hərbi, müdafiə, diploma­tik, təhlükəsizlik, mədəni, sosial, mənəvi, əxlaqi, psixoloji xarakterli kodlardır. Hə­min kodlar tarixin bütün mərhələlərində toplumun dövlət qurmaq fəlsəfəsinin əsa­sını təşkil edirlər və ona motivəedici yön verirlər. 

Bu, dərk edilmiş və ya dərk edilmə­miş formada ola bilər. Lider və cəmiy­yət dövlətçilik mentalitetini dərk edilmiş və ya edilməmiş formada real tətbiq edə bilər. Bunun əsasında siyasi, sosial, mədə­ni və digər fəaliyyətin ümumi mahiyyəti, xarakteri, məzmunu və məqsədi formala­şır. Məhz məqsəd səviyyəsindəki fərqlər dövlətlərin fəaliyyətləri arasında fərqləri əmələ gətirə bilər. O cümlədən, liderin si­yasi mentaliteti ilə qarşılıqlı əlaqədə döv­lətçilik mentalitetinin ümumi ruhu Vətən müharibəsinə özəl məna çaları verir. Bir neçə nümunədə bu məqamı izah edək. 

Vətən müharibələrinin bir neçə nümunəsi

Fransanın İkinci dünya savaşında Al­maniyaya qarşı apardığı müharibə Vətən müharibəsi adlana bilər. Fransanın son məqsədi ərazilərini azad etmək fonunda dövləti dünyanın aparıcı kəsiminə qaytar­maqdan ibarət olmuşdur. Burada Fransanın “vətən müharibəsi” anlayışına xüsusi məna verdiyi aydın olur. Çünki heç də hər bir vətən savaşı aparan dövlət qarşısına dün­yanın elitar liqasına daxil olmaq məqsədi qoymur. Əksəriyyətin heç ağlına da gəlmir. Fransızlar isə birbaşa buna can atdılar və Şarl de Qoll burada möcüzə yaratdı. 

Vyetnamlıların Amerika işğalına qarşı apardığı məlum müharibə də vətən müha­ribəsi adlana bilər. Lakin Vyetnam həmin müharibədən sonra qarşısına nə regional lider olmaq, nə hansısa dövlətlər qrupu ya­ratmaq və ya başqa dövlətin ərazisinə hü­cum etmək kimi fikirlərə düşmədi. Kore­yalılar da azadlıq savaşından sonra nəinki birləşdilər, hətta indiyə qədər də iki dövlət formasında mövcud olmaqdadırlar. 

Xorvatiyanın Vətən savaşı müstəqilliyi əldə etməklə məhdudlaşdı. Xorvatiya qarşı tərəfin silahlanmasına nəzarət edə bilmir. ABŞ isə İkinci dünya savaşında SSRİ-nin vətən savaşından bəhrələnərək, Almaniya Federativ Respublikasının bir çox sahələ­rinə nəzarəti rəsmən ələ aldı. Məsələn, indi də Almaniyanı media sferasına Vaşinqton nəzarət edir. Bundan başqa, vətən savaşı aparan SSRİ Almaniyanı parçaladı – AFR və ADR yarandı. Yəni Vətən savaşından sonra SSRİ başqa dövlətin ərazisinə nə­zarət mexanizmi qurdu. 

Belə görünür ki, mahiyyətcə yadel­lilərə qarşı mübarizə xarakterində olan müharibənin gedişində işğalçıya qarşı vu­ruşanlardan biri özü işğalçı ola bilər. Bu, Vətən müharibəsi kontekstində bir para­doksdur, lakin tarixdə belə faktlar mövcud­dur. SSRİ-nin Almaniyaya qarşı apardığı və Böyük Vətən müharibəsinin nəticələrin­dən birinin yuxarıda vurğuladığımız kimi, sovetlərin nəzarət etdiyi ADR-in yaradıl­ması oldu. Yalnız bir neçə onillikdən sonra Almaniya birləşdi. 

Başqa nümunələrə də baxmaq olar. La­kin onların birinin digərindən məqsəd və son nəticə baxımından fərqləndiyini görə­cəyik. Bütün bunların fonunda Azərbay­canın müasir Vətən müharibəsinin liderin siyasi mentaliteti və dövlətçilik mentaliteti kontekstində izahı zəruridir. Bu cür araş­dırma faktiki olaraq II Qarabağ savaşının Vətən uğrunda mübarizə nümunəsi kimi özəlliklərini aydınlaşdırmağa əlavə imkan­lar yaradacaqdır. Öncədən vurğulayaq ki, burada milli ideyanın oynadığı tarixi rol da dərk ediləcəkdir. Milli ideyanın ərazi bütövlüyünün təmin edilməsi kimi müəy­yənləşdirilməsinin Azərbaycanda siyasi li­derlik mentaliteti ilə dövlətçilik mentalite­tinin qarşılıqlı əlaqəsi nəticəsində mümkün olduğu aydınlaşacaqdır. Bunun üçün, təbii ki, Azərbaycanın Vətən müharibəsinə xas olan bir sıra faktorları təhlil etmək gərək­dir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət