Yenə silah, yenə İran...

post-img

Rəhbərlik dəyişdi, amma Tehranın Bakıya qarşı ikili siyasəti davam edir

Bunun başqa adı yoxdur. Sa­dəcə, ikiüzlülük! Dünyanın hansı dövründə yaşayırıq ki, qonşuda baş verənlərdən xəbər tuta bil­məyək? Bəlkə, heç İran hakimiy­yəti ərazisindən Ermənistana silah daşınması faktını gizlətmək barədə düşünmür? Düşünmür və davranı­şı ilə Bakıya görk üçün hətta “qatı düşməni” NATO-ya üzv ölkələrlə gizli sövdələşməyə belə getməyə hazır olduğunu nümayiş etdirir. 

İnanılmaz görünə bilər, amma çılpaq həqiqətdir: Rusiya–Ukrayna münaqişəsi kontekstində “ölkələrin ərazi bütövlüyü” prinsipini müdafiə edən Qərb bu yaxınla­ra qədər Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan və hələ də separat­çı-revanşist xəyallarından imtina etməyən Ermənistana durmadan hücum, ağır, öldü­rücü silahlar ötürməklə məşğuldur və bu projeni İran vasitəsilə həyata keçirir. Daha maraqlı fakt isə İrəvanı silahlandırma “ma­rafonuna” Hindistandan başqa Almani­yanın da qoşulmasıdır. Birləşmiş “çete”, doğrudanmı Cənubi Qafqazda yeni müha­ribəni körükləndirməkdə qərarlıdır?

* * * 

Aşkar görünən odur ki, ABŞ, Fran­sa və Avropa İttifaqı Ermənistana Rusi­ya-Ukrayna müharibəsindən pul qazan­maq imkanı yaratmaqla, onlardan aldığı hər növbəti mərmi ilə daha da aqressiv­ləşən və revanşistləşən Ermənistanı küt­ləvi silahlandırmağa tələsir. Bu zaman üzdə ermənipərəst kimi görünən, amma əslində öz mənafeiyini güdən kollektiv Qərbə meyl edən Hindistan da haylara fasiləsiz silah-sursat göndərir. Müsəlman qardaşımız İran isə Ermənistan ordusu­nun müasir silahlarla doldurulmasına öz “töhfəsini” verir. 

Bu barədə məlumatı “Caliber.az” paylaşıb. Sayt qeyd edir ki, diplomatik və hərbi mənbələrdən daxil olan, təs­diqlənmiş eksklüziv materiallara əsasən, son bir neçə həftə ərzində Ermənistana Fransanın 155 mm-lik “Sezar” özüye­riyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və “Havaya” raket­ləri çatdırılıb. Bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, oradan isə İranın “Merac” aviaşirkəti silahları birbaşa son ünvana – Ermənistana çatdırır. 

Hayastanın silahla təchizatının miq­yasını daha dəqiq təsəvvür etmək üçün qısa statistikaya müraciət edək: Rusi­ya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 “Sezar” var idi. Bundan əlavə, Ermə­nistan ordusunun sərəncamına onlarla “R511” və “R530” “hava-hava” tipli ra­ketlər, 30 ədəd “ERYX” tank əleyhinə raket, Almaniya istehsalı olan onlarla “DM32” qumbaraatanları (“Bunkerfa­ust” kimi də tanınır), tank əleyhinə 3 sistem, həmçinin “Panzerfaust” da daxil olub. Daha sonra, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yay­lım atəşi sistemləri və ABŞ-nin 50 ədəd “BGM71-TOW” tank əleyhinə raket kompleksləri verilib. 

Yuxarıda göstərilənlər arasında diqqəti xüsusilə Fransanın “R511” və “R530” hava-hava raketləri cəlb edir. Ekspertlərin fikrincə, müvafiq modifi­kasiya prosesindən sonra bu raketlər Er­mənistana məxsus müasir “Su-30” qırıcı təyyarələrində quraşdırılacaq. Nəhayət, İrəvanın hərbi təchizatı məsələsində Al­maniya silahlarının olması xüsusi qeyd edilməlidir. NATO silahlarının Ermənis­tana çatdırılması faktı onu göstərir ki, Almaniya və ABŞ bununla bağlı Parisə müvafiq icazəni veriblər. Bu prosedur olmadan Almaniyanın “Panzerfaut”la­rı, “Bunkerfaust”ları, eləcə də ABŞ-nin “TOW”ları hay ordusunun sərəncamında ola bilməzdi. Pentaqonun Ermənista­nın hərbiləşdirilməsində birbaşa iştirakı barədə oxuculara məlumat vermişdik. Amma Almaniyanın “hərbi marafonda” iştirakı yenilikdir.

* * *

Azərbaycan onu da bilir ki, Fransa silahlarının hava ilə ötürülməsinə paralel olaraq, İranın Bəndər-Abbas dəniz lima­nı Hindistandan Ermənistana sonrakı da­şınma üçün nəzərdə tutulan hərbi yüklər də alır. Bu da maraqlı detaldır: Ermənis­tana verilən həm Fransa, həm də Hindis­tan silahları qismən rəsmi bəyan edilir, qismən də mülki mallar adı ilə daşınır. Bu da öz növbəsində beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tən­zimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulmasıdır. Başqa sözlə, bu­rada söhbət qaçaqmalçılıqdan gedir. Bi­zim üçün ən maraqlısı isə Ermənistanın silahlandırılmasında əsas rolu oynayan ölkənin İran olmasıdır. Bəli, Fransa və Hindistanın göndərdikləri silah və hərbi texnika cənub qonşumuzun hava məka­nı və dəniz limanları vasitəsilə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusi­yanın da İran marşrutu ilə Ermənistana silah göndərməsini unutmamışıq. Demə­li, İran bu gün Qərb silahlarının İrəvana tədarükü üçün tranzit ölkə statusunda çıxış edir. Yəni, Tehran bu davranışı ilə NATO-nun bu ölkədəki mövqelərinin möhkəmlənməsinə töhfə verir. Bəlkə onun gizli niyyəti Ermənistanı regionda Qərbin “alınmaz qalasına” çevirməkdir? İndi İİR rəhbərliyi hansı haqla “müsəl­man həmrəyliyi”nin xarici siyasətinin əsas dəyər prinsipi olduğunu bəyan edə bilər? Azərbaycan bu mərhələni bir dəfə keçib. Həm torpaqlarımızın 30 illik işğa­lı dövründə, həm də 44 günlük mühari­bənin gedişində.

Təəssüf ki, Tehranın Azərbaycana qarşı yaxın qonşuluqdan uzaq, qeyri-dost addımları bununla bitmir. Güvəndiyimiz mötəbər mənbələri hərtərəfli araşdır­madan sonra İran və Ermənistanın 500 milyon dollarlıq gizli silah müqaviləsi imzaladığı barədə məlumatın həqiqiliyi­ni təsdiqləyiblər. Bu barədə ilk məlumatı “İran İnternational” yayınlamışdı. Ermə­nistanla silah sövdələşməsinə gedən İran bu hərəkəti ilə yenə azərbaycanlıların qanı üzərindən pul qazanmağa üstünlük verdi. Görünür, bəzi ölkələrin davranışı insanların xarakteri kimi dəyişməz qalır. 

Sonda onu da qeyd etməliyik ki, “Ca­liber.az” məqaləsində göstərdiyi bütün məlumatların faktiki təsdiqi olduğuna zəmanət verir. ABŞ Hərbi Hava Qüvvələ­rinə məxsus 2 hərbi-nəqliyyat təyyarəsi­nin İrəvanın “Zvartnots” hava limanına enməsi barədə xəbərdə olduğu kimi, İran və onun hüdudlarından kənarda yerləşən müvafiq liman və hava limanlarına aid bütün sübutlar məqamı gələndə ictimaiy­yətin diqqətinə çatdırılacaq.

Bu gün Ermənistana Qərb markalı silahlar verməklə, guya, “regionda hərbi balansı bərpa etməyi” düşünən ölkələr Qafqazda sülhü yaxınlaşdırmır, əksinə, uzun illər davam edən Ermənistan–Azər­baycan qarşıdurmasının yeni mərhələ­sini alovlandırmağa səbəbkar olurlar. Onlar revanşizm azarından qurtulmamış Ermənistanı silahlandırmaqla regionda gələcək faciələrə, eləcə də erməni döv­lətçiliyinin zorən ləğvinə görə təkcə ci­nayət deyil, həm də siyasi və tarixi məsu­liyyət boyunduruğuna girmiş olacaqlar. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı

Ermənistan hansı ölkədən müm­kündürsə, oradan hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və onlar Ermənistana silah göndərməkdə davam edirlər. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Ermənistanın aldığı hərbi texnikaya görə Fransaya pul ödəməsi barədə məlumat yoxdur. Hindistanın Ermənistana hərbi texni­ka satması isə əsasən, iqtisadi amil­lə bağlıdır. Nyu-Dehli hərbi-sənaye kompleksini inkişaf etdirir. Son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artı­rıb. Hindistan daha çox ölkəyə silah satmağa çalışır. Nyu-Dehlinin məqsə­di qlobal silah bazarında payını artır­maqdır. Hindistan ABŞ, İsrail və di­gər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Bu ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin aprel-iyun aylarında si­lah ixracı bir il əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermə­nistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir. Bəli, Nyu-Dehlinin İrəvana hərbi texnika satması Bakıda narazılıqla qarşılanıb. Rəsmi Bakı Hin­distanın bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Nyu-Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindis­tan Azərbaycandan aldığı neftin həcmi­ni ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib. 

Bu vəziyyətdə Azərbaycan nə et­məlidir? Yaranmış vəziyyətdə Bakı da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır.

Rasim MUSABƏYOV, 
politoloq

Düşünürəm ki, Azərbaycanın İran­la bağlı heç bir illüziyası olmamalıdır. İran dövlətinin başında başqa millətdən olan şəxs dura bilər. Amma mahiyyət dəyişməyəcək. Və bu rejimin dünyəvi, sivil, böyük savaşdan qalib çıxan güclü Azərbaycanı gözü götürmür. Bundan sonra da götürməyəcək. Bakı bütün vasitələrdən istifadə edərək Tehranla qonşuluq münasibətlərini düşmənçi­liyə çevirməməyə çalışır. Fəqət, İranın Azərbaycana qucaq açacağını, özünü qardaş kimi aparacağını düşünmək sa­dəlövhlük olardı. Dediyim kimi, bu cür illüziyalara qapılmamalıyıq. 

Həmin silahlar Ermənistana İran­dan savayı, Gürcüstandan da daşına bilərdi. İran üzərindən daşınması onu göstərir ki, Gürcüstan öz ərazisindən Ermənistana silah aparılmasına icazə vermir. Bu, özlüyündə müsbət hal­dır. İrana gəldikdə, hesab edirəm ki, narazılığımızı rəsmi qaydada diqqətə çatdırmalıyıq. Həm də izah etməliyik ki, belə davranış Tehranın elan etdiyi “müsəlman həmrəyliyi” ilə bir araya sığmır. Əgər İranın Azərbaycana han­sısa iradları varsa, bu zaman hərəkət­lərində ciddi korrektələr etməlidir. Əks-təqdirdə bunun adı ikiüzlülükdür və bu, Azərbaycan üçün qəbulolunmaz sayılır. 

Fərhad MƏMMƏDOV, 
siyasi şərhçi

Ermənistanın silahlandırılması ilə bağlı yayılan son məlumatlar, əlbəttə ki, İran–Azərbaycan münasibətlərinə kölgə salır. Ona görə ki, rəsmi Bakı bu ilin əvvəlindən etibarən Tehrana tərəf müsbət addımlar atılıb. Ümid edilirdi ki, İranla münasibətlər yenidən pozitiv və konstruktiv məcraya yönələcək. La­kin, təəssüflər olsun ki, rəsmi Tehranın Ermənistan istiqamətində atdığı ad­dımlar ümumi ab-havaya, o cümlədən ikitərəfli manasibətlərə zərbə vurduğu kimi, eyni zamanda Cənubi Qafqaz bölgəsində mövcud vəziyyəti gərgin­ləşdirir. 

Hesab edirik ki, İran rəhbərliyi tərəfindən atılan addımlar, hansı sə­bəbdən olursa-olsun, rəsmi Tehranın Ermənistana silah daşınmasında tranzit ölkə rolunu oynamasına haqq qazan­dıra bilməz. Bu fakt Azərbaycan–İran münasibətlərində ciddi fəsadlara gəti­rib çıxara bilər. İranın yeni rəhbərliyi bunu mütləq nəzərə almalıdır.

İmran BƏDİRXANLI
XQ









Siyasət