Oskanyan keçmişdə ilişib qalıb

post-img

Gələn ay birinci ildönümünü qeyd edəcəyimiz lokal xarakterli antiterror tədbirlərinin bir mühüm nəticəsi ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, digəri isə işğal olunmuş ərazilərimizdə 32 il (1991-2023) mövcud olmuş qondarma “dağlıq qarabağ respublikası”nın tarixin arxivinə gömülməsi idi. Separatçı rejimin sonuncu “qlavar”ı Samvel Şahramanyan antiterror tədbirlərinin başa çatmasından beş gün sonra – sentyabrın 28-də qondarma qurumun mövcudluğuna xitam verilməsi haqqında fərman imzaladı. Qarabağın erməni əhalisini, faktiki olaraq girovluqda saxlayan xunta rejiminin göstərişi ilə insanlar elə həmin günlərdə bölgəni tərk edərək Ermənistana köç etdilər.

Buna baxmayaraq, rejimin süqutunun elə ilk aylarından etibarən Şahramanyan nala-mıxa vurmağa başladı. 2023-cü ilin oktyabrında İrəvanda əhali qarşısında çıxış edən Samvel “dqr”in strukturlarının bu­raxılmadığını, “xalqın yaratdığı qurumun” kiminsə fərmanı ilə ləğvinin qeyri-müm­kün olduğunu bildirdi. Rejim mənsubları hazırda bir vaxtlar “dqr”in Ermənistanda­kı nümayəndəliyi olmuş binaya sığınaraq orada fəaliyyət göstərməkdədirlər. Onlar keçmiş separatçı rejimi “mühacirətdəki hökumət” adlandırmaqdan da çəkinmirlər.

Sirr deyil ki, Ermənistanda müəyyən dairələr, müxtəlif siyasətçilər xunta reji­minə dəstək göstərirlər. Bu sırada ölkəyə 20 il rəhbərlik edən Qarabağ klanının nümayəndələri xüsusi seçilirlər. Belələ­rindən biri də 10 il (1998-2008-ci illər­də) Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyandır. Sabiq nazir Qarabağ məsələsi ilə bağlı çox canfəşanlıq edir. O, “Artsax üzrə beynəlxalq komitə” adlanan qondarma qurum yaradıb və vaxtaşırı bə­yanatlar verir. Ermənistanın “Aparaj” qəzeti “Artsax respublikasının qanunve­rici və icra hakimiyyəti orqanları”nın nü­mayəndələrinin avqustun 21-də “Artsax üzrə beynəlxalq komitə”nin üzvləri ilə gö­rüşdüklərinə dair məlumat yayıb. Komitə üzvləri hesabat məruzəsi ilə çıxış edərək, görülən “işlərdən” dəm vurublar. Onlar beynəlxalq strukturların nümayəndələri ilə bütün görüşlərin alqışlanmasını vacib sayaraq, təmasda olduqları şəxslərin “Art­sax”ın mövqeyini dinləməyə hazır olduq­larını bildiriblər.

Komitənin əlaqələndiricisi V.Oskan­yanın sözlərinə görə, qurumun təmsilçiləri xaricdə erməni siyasi xadimləri və müxtə­lif beynəlxalq strukturların nümayəndələ­ri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar da daxil ol­maqla, onlarla şəxslə görüşlər keçirib. Görüşlərin əsasında “Artsax xalqı”nın hüquqlarının müdafiəsi, eləcə də onla­rın beynəlxalq təminatlar və öz evlərində təhlükəsiz, etibarlı və ləyaqətlə yaşamaq hüququ ilə kollektiv şəkildə geri qayıtması üçün müdafiəyə və buna cəhd göstərilməsi dayanıb. Qeyd edək ki, qondarma komitə “Artsax parlamenti” tərəfindən yaradılıb, Qurum “Artsax xalqı”nın kollektiv şəkildə qayıtması və onların hüquqlarının müda­fiəsi məsələləri ilə məşğul olmaq yönümlü çağırış səsləndirib.

Ümumən, V.Oskanyanın son vaxtlar aktiv fəaliyyətə keçməsi diqqətdən yayın­mır. Əvvəla, onu qeyd edək ki, Oskanyan diplomat olmasına, bioqrafiyasında nü­fuzlu Taft və Harvard kimi universitetləri bitirməsinin qeyd edilməsinə baxmaya­raq, son vaxtlar naşılıq və geridəqalmışlıq nümayiş etdirir. Bu onun leksikonundan, üslubundan bəllidir. Vardanın fikirləri ilə tanışlıq adamda belə təəssürat yaradır ki, sanki bu məxluq köhnə əyyamdadır. Özü­nü hələ də xarici işlər naziri vəzifəsində çalışırmış kimi aparır. Hələ də yazılarında, xüsusilə “Mediamaks” saytı üçün yazdığı və öz aləmində vəziyyətdən çıxış yolları göstərdiyi köşələrində 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində tez-tez işlənən “paket həll”, “ümumi dövlət”, “Madrid prinsipləri”, “ATƏT-in Minsk qrupu” kimi arxaik sözlərdən istifadə edir. Hiss olunur ki, Oskanyan nazir olduğu, Ermənistanın mövqelərinin nisbətən güclü olduğu döv­rlərin xiffətini çəkir. Bu adam “bəlkə də qaytardılar” eşqi ilə yaşayır. Hələ də Azər­baycana təzyiq göstərmək yolu ilə hansısa uğur qazana biləcəklərini düşünür. Onun Ermənistanda və xaricdə keçirdiyi görüş­lərin qayəsində də bu dayanır.

Ancaq Oskanyan başa düşmür ki, 2020-ci ilin Vətən müharibəsindən, xüsu­silə ötən il keçirilən antiterror tədbirlərin­dən sonra bölgədə tamamilə yeni reallıqlar formalaşıb. Artıq Azərbaycan bölgədə söz sahibi olan, özünün maraqlarını qorumağa qadir ölkədir. Sabiq nazir ölkəmizin qalib tərəf kimi Ermənistana barışıq əlini uzat­dığını nəzərə almır. O, sülh danışıqlarının aparılması üçün beynəlxalq hüquqa uyğun 5 maddəlik prinsipləri təqdim edir. 

Rəsmi Bakı hətta regional kommuni­kasiyaların açılmasını nəzərdə tutan müd­dəanın da sülh danışıqlarından sonraya saxlanılmasına razılıq verib. Oskanyan ki­milər isə öz mövqeləri ilə danışıqlarda tor­mozlayıcı təsir göstərirlər. Görünür, onlar ölkələri üçün yetişmiş tarixi şəraitin əldən çıxmaq üzrə olduğunun fərqinə varmırlar.

Sabiq nazirin hər addımbaşı “Artsax xalqı” məfhumundan istifadə etməsi isə növbəti qaragüruhluq və necə deyərlər, gözə kül üfürmək cəhdidir. Heç kəs üçün sirr deyil ki, “Artsax xalqı” deyilən bir xalq yoxdur və ola da bilməz. Qarabağda yaşamış ermənilərlə Ermənistanda yaşa­yan ermənilər arasında hansısa fərq yox­dur. Qondarma “Artsax xalqı” məfhumunu 1980-ci illərin sonlarında özlərini erməni xalqının başbilənləri hesab edənlər ortaya atmışdılar. Onlar bütün dünyanı belə bir toplumun mövcud olduğuna inandırmaq istəyirdilər. Məqsəd də bundan ibarət idi ki, Qarabağ ermənilərinin “öz müqəddərat­larını təyin etmələrinə” nail olsunlar. Yəni, separatçı əməllərə haqq qazandırmağa. Amma müdrik atalarımız yaxşı deyiblər: Yalan ayaq tutar, amma yeriməz. Ermə­nilərin “Artsax xalqı” yalanına da onların özlərindən və xarici havadarlarından başqa heç kim inanmadı.

Qarabağ ermənilərinin geri qayıtma­ları hüququna gəldikdə, Oskanyana xa­tırlatmaq istərdik ki, Bakı bununla bağlı mövqeyini ilk gündən bəyan edib. Ölkəmiz lap əvvəldən onların ərazidən köç etmələ­rinin əleyhinə olub. İndi isə biz yalnız Qa­rabağda dünyaya gəlmiş erməni əsilli şəxs­lərin dövlətimizin hakimiyyət orqanlarına və qanunlarına sadiq olacaqları təqdirdə, Azərbaycana qayıdışını leqallaşdırmaqla bağlı fərdi müraciətlərinə baxmağa hazı­rıq. Oskanyan dərk etməlidir ki, Azərbay­can bu mövzunu nə Ermənistanla, nə də hansısa xarici aktorla müzakirə etməyəcək.

Yeri gəlmişkən, qeyd edək ki, Oskan­yanın bədnam əməllərinə Qərbi Azərbay­can İcması da münasibət bildirib. İcmanın yaydığı bəyanatda deyilir ki, son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Av­ropa İttifaqının Cənubi Qafqaz üzrə nü­mayəndəsi Tovio Klaar tarixin zibilliyinə göndərilmiş separatçı meylləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmasları­nı aktivləşdiriblər. Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər na­ziri Vardan Oskanyan bu yaxınlarda Tovio Klaar və bəzi digər Qərb dairələrinə mən­sub şəxslərlə görüşlər keçirib.

İcma xatırladıb ki, Oskanyan qondarma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbay­canın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komitə”nin səd­ridir. Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nü­munəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.

Bəyanatda, həmçinin deyilir ki, T.Kla­arın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azər­baycan İcması ilə təmaslardan qaçdığı halda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xoca­lı qatili, irqçi Robert Koçaryanın prezident olduğu dövrdə xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, popu­list Vardan Oskanyan ilə görüşməsi anla­şılmır. Bildirilib ki, militarist gündəliyə malik qondarma “qurumlar”ın, V.Oskan­yan ağılda olanların başçılıq etdiyi hansısa “komitə”nin Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraq­lı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir. Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir.

Səxavət HƏMİD
XQ

Siyasət