Ukraynada anti-Azərbaycan “sindromu” – məyusuq, amma gözləntimiz var

post-img

Rəsmi Kiyev dərhal hərəkətə keçməlidir

Hər şey Rusiya Preziden­ti Vladimir Putinin ölkəmizə səfərindən başladı. Hərçənd, buna qədər də müəyyən “atəş səsləri” eşidilirdi. Söhbət Uk­rayna mediası və sosial şəbəkə seqmentindəki anti-Azər­baycan ritorikasından gedir. İstər-istəməz, düşünürsən: Azərbaycan Ukraynaya mü­nasibətdə hansı yanlış addım atıb ki, tənələrlə üzləşir? Əl­bəttə, buna tənə də demək ol­maz. Çünki bütün əndazələr aşılır.

Sanki Ukraynada Azərbaycana qarşı düşmən münasibəti hər an işə salmağa ha­zır bir qütb var imiş və öz anını gözləyir­miş. Görünür, o an Putinin Bakıya səfəri ilə yetişdi. Əlbəttə, təəssüf doğuran mən­zərədir. Ancaq ən təəssüflü məqam Uk­rayna dövlətinin eybəcərliyə səssiz, seyr­çi qismində yanaşmasıdır. Azərbaycanla, Azərbaycan cəmiyyəti ilə bütün körpülərin yandırılmasını izləmək bu qədərmi rahat­dır? Məsələn, biz bu sətirləri narahatlıq və məyusluqla qələmə alırıq. Amma bəzi məqamları mütləq şəkildə bildirməliyik. Yazımızın sonunda da bu məqama qayıda­cağıq. Çünki nəticə çıxarılmasını arzulayır və tələb edirik.

Bəli, Rusiya Ukraynaya münasibətdə, yumşaq desək, düz etməyib. Biz də bilirik ki, Moskva hansı əsası gətirməsindən asılı olmayaraq, Ukraynanın beynəlxalq hüquq­la tanınmış ərazilərində separatçı rejim­lərin dəstəklənməsi yolverilməzdir. Buna görə də Azərbaycan Ukraynanın ərazi bü­tövlüyünü və suverenliyini tam dəstəklədi­yini bəyan edir. 

Rəsmi Kiyev də eyni addımı atıb. Yəni Ukrayna dövləti vaxtilə bildirirdi ki, Azər­baycan torpaqları işğal olunub. İstər Azər­baycanın Ukraynaya, istərsə də Ukrayna­nın Azərbaycana münasibətdəki bu cür qəti mövqelər səsləndirməsi beynəlxalq dəstək baxımından vacib idi. Ancaq məsələ elə bununla da məhdudlaşırdı. Yəni, Ukray­na o zaman erməni işğalının başa çatması naminə diplomatik addımlardan başqa heç nə etmirdi. Məsələn, Türkiyə və Pakistan kimi davranmırdı. İşğalçı Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan ölkədə hərarətlə qarşılanırdı. 

***

Əslində, mövcud xüsusda Ukraynadan fövqəladə gözləntimiz yox idi. Nəhayət, hər kəs öz işi ilə məşğul olmalı, problemini özü həll etməlidir. Ukrayna ilə bağlı hazırkı problemin isə beynəlxalq hüquq prizmasın­dan olan bir tərəfinə diqqət yetirdik. Nəzərə alaq ki, onun digər aspekti də var. Dağıdıl­mış şəhərlər, məhv edilmiş kənd və qəsə­bələr, viran olunmuş yaşayış məntəqələri, üstəlik saysız-hesabsız ölümlər... 

Nəzərə alaq ki, bir dövlətin o biri döv­lətə qarşı müharibəsini, düşmənçiliyini şərtləndirən müəyyən, hansısa məqamda, təbii səbəblər olmalıdır. Hansı səmtdən yanaşsaq, Ukrayna və Rusiya xalqları qar­daşdırlar. Necə oldu ki, qardaşlıq bir anda­ca düşmənçiliyə çevrildi? Hesab edirik ki, suala Ukrayna ictimaiyyəti, elə Azərbay­canı qınamaq yolu tutan ölkə mediası da cavab verməlidir. Amma səmimi şəkildə. 

Biz, məsələn, deyə bilərik ki, Qərb Ukraynanın köməyi ilə özünün anti-Ru­siya ritorikasını gerçəkləşdirməyə çalışıb və ölkəni bataqlığa sürükləyib. Hər halda, heç nə elə-belədən olmur. Səbəb-nəticə əlaqələrinin mövcudluğu mütləqdir. Mə­gər, Rusiyaya Ukrayna ilə müharibə lazım idi? Yoxsa, rəsmi Moskva bunun ziyanını düşünməyəcək qədər qısır mahiyyətə kök­lənmişdi? Əlbəttə ki, yox. Elə isə qısaca Qərb-Rusiya ədavətinə diqqət yetirək.

*** 

“Soyuq müharibə”nin başa çatma­sı, SSRİ-nin dağılması ilə dünyada yeni düzən yarandı. Bu düzəni quranlar nəhəng imperiya üzərində qələbələrini toy-bayram etdikdən sonra ayıldılar ki, SSRİ getsə də, yerində Rusiya qalıb. Halbuki onlar birqütblü dünya formalaşdırmaq niyyətinə köklənmişdilər. Ancaq gördülər ki, Mos­kvanın varlığı ikiqütblülük yaradır. Elə həmin andan Rusiyanın üzərinə yeriməyə başladılar. Əvvəl Balkanlarda, sonra Af­rikada nüfuz davasından qalib ayrıldılar. Yaxın Şərqə girişdilər və uğur qazandılar. Postsosialist ölkələrini Qərbin egidasına daxil edib, onlarda aktiv anti-Rusiya dal­ğası formalaşdırdılar. Tədricən postsovet məkanına keçdilər. Yenə üstünlük qazandı­lar. Əlbəttə, bu uğurlarda günahkar həm də Rusiya idi. Çünki ölkədəki millətçilik və şovinizm mütərəqqi fikirlərə qarşı cəbhə açırdı. Üstəlik, keçmiş SSRİ sindromu psixoloji baxımdan dünyada diskomfort yaradırdı ki, Qərb bu durumu öz xeyrinə çevirməyi bacardı. 

Belə bir şəraitdə Rusiya nə edir­di? Yeltsin Rusiyası obrazlı ifadə etsək, sərxoşluqdan ayıla bilmirdi. Prezident Vla­dimir Putinin Rusiyası isə ayıq idi və 1998-ci ildən başlayaraq aramsız şəkildə bəyan etdi ki, Qərb Rusiyanın sərhədlərinə doğru gəlməsin. Putin məsələni çox sadə şəkildə qoydu: biz siz tərəfə gedirik ki, siz də biz tərəfə gəlirsiniz? 

Bəli, hazırkı Rusiya-Ukrayna mühari­bəsi, böyük ölçüdə, Qərbin Rusiyaya doğru yaxınlaşması, onu zəiflədərək tam gücdən salması, nəhayət parçalamaq planlarının tərkib hissəsidir. O zaman sual olunur: Uk­rayna hakimiyyəti bu planda yer almaya bilməzdimi? Olmazdımı ki, indiki fəlakət­lər barədə əvvəlcədən düşünüləydi? Bunu təkcə Ukrayna deyil, elə Rusiya ictima­iyyəti də düşünməlidir. Özü də müştərək şəkildə. Ancaq düşünmürlər və müharibə uzandıqca, körpülər yandırılır, sağalmaz yaralar açılır. Çox məyusedici durumdur. 

***

Azərbaycanda bütün bunları yaxşı görürlər. Ölkəmizdə onu da görürlər ki, Qərb Rusiyaya qarşı mübarizəni, sanki, orta əsrlərin səlib yürüşünə çevirib. Mü­barizədə iştiraka görə ayrı-ayrı dövlətlərə münasibət formalaşır, hansısa dəngələr müəyyənləşir, hesablamalar aparılır və s. Bir sözlə, oyunbazlıq həyata keçirilir. Azərbaycan nə etməlidir? Oyunlarda alətə­mi çevrilməlidir? Əlbəttə ki, yox!

Azərbaycan bu gün də erməni avan­türizmini dəstəkləyən, onun çiçəklənməsi üçün əlindən gələni edən Qərbin Ukrayna böhranı fonundakı saxtakarlıqlarına dəstək verməli, oyunlara qatıla bilməz. Məgər, Ukraynada bilmirlərmi ki, Azərbaycan özünün müstəqil siyasi xəttinə sadiq olub və yenə sadiqdir? Məsələn, bunu hazırkı Putin Rusiyasında yaxşı anlayırlar. 

Azərbaycan Avropaya qaz nəqlini artı­rıb. Ölkəmizlə Avropa İttifaqının ayrı-ayrı qurumları arasında mövcud istiqamət­də razılaşmalar var. Yəni, Avropa qışda Azərbaycan qazı hesabına donmayacaq ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstək versin. O zaman ikinci də bizi gü­nahlandıra bilər. Amma günahlandırmır. Əvəzində ölkəmizin SOCAR-ı ilə Rusi­yanın “Qazprom”u arasında planlı strateji tərəfdaşlıq razılaşması əldə olunur. 

Yəni, Azərbaycan özünün maraqları çərçivəsində, üçüncü tərəfə ziyan vurma­dan, hər bir dövlətlə normal münasibətlə­rini saxlayır. Tutaq ki, bunu Ukrayna me­diası və sosial şəbəkə seqmenti anlamır. Bəs ölkənin hakimiyyəti necə? Axı ölkədə kütlə psixologiyasının vüsətinə və ayrı-ay­rı ermənipərəst təxribatçıların cılızlıqlarına meydan verilməməlidir...

***

Görəsən, Ukraynada Ermənistanın özünü Qərbin anti-Rusiya cəbhəsinin sən­gərində hiss etdiyini və Azərbaycan-Rusi­ya işbirliyi amilini qabardaraq, işğalçılıq niyyətlərini, avantürizmi gerçəkləşdirməyə çalışdığını bilmirlər? Bilmirlər ki, rəs­mi İrəvan dünyanın Ukrayna həssaslığını Bakıya münasibətdə antipatiya yaratmaq, Azərbaycana qarşı təzyiqlərin və sanksi­yaların tətbiqinə nail olmaq üçün istifadə edir? Belə bir mənfur siyasətin təsirinə uğ­rayıb Azərbaycana qarşı çıxmaq nə dərə­cədə düzgündür? Nəzərə almaq olmurmu ki, həmin SOCAR müharibə zamanı Uk­raynada humanitar fəaliyyət gerçəkləşdi­rib? Digər tərəfdən, Azərbaycandan ölkəyə müxtəlif təyinatlı yardımlar da göstərilib. Bunu minnət kimi demirik. Ölkəmiz bəşəri dəyərlərə sədaqət xəttinə söykənib. Amma bizim heç kəsə borcumuz yoxdur. O cüm­lədən, Ukraynaya da. Elədiklərimizi də borc kontekstində görmürük. Soruşmuruq ki, nəyə görə torpaqlarımız 30 il işğalda qalanda Ukrayna bizə əməli dəstək vermə­di? 

***

Bəli, demokratiyadan da danışaq. Dün­yada demokratiya adı altında çıxarılan oyunlardan da həmçinin. Bu gün Ermə­nistan Ukraynanın yanında kimi görünür. Niyə? Ona görə ki, özünü demokratik sayır. O səbəbdən ki, Qərbin anti-Rusiya təmayülü baxımından aktual olan Rusiya­nı avtoritar kimi təqdim etmək ritorika­sından, ənənəvi klişelərdən xəbərdardır. Bilir ki, Rusiya-Ukrayna müharibəsi həm də demokratiyanın avtoritarizm üzərindəki mübarizəsi qismində təqdim olunur. Nəti­cədə rəsmi İrəvan bütün beynəlxalq plat­formalarda Azərbaycanın, guya, avtorita­rizmin cəbhəsində yer aldığını vurğulayır. Necə ola bilər ki, Ukraynada bunu düşünən yoxdur? Şübhəsiz ki, var. Sadəcə, görünür, indi meydan başıpozuqlarındır. 

***

Sonda onu da deyək ki, Azərbaycan ha­kimiyyəti də, elə bütövlükdə cəmiyyəti də Ukrayna ilə dostluğa sadiqdir. Yaxşı olar ki, ölkənin mütərəqqi dairələri bunu əsas götürsünlər. Əsas götürsünlər və Azərbay­cana qarşı bu iyrənc kampaniyanı sakit izləməsinlər. Ən əsası, rəsmi Kiyev dərhal və təxirəsalınmaz tədbirlər görərək, hazırkı rəzilliyi dayandırsın. Əminik ki, buna im­kanı və gücü yetər. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət