Lavrovun sabotaj məntiqi və Zaxarovanın “sandıq”dan çıxardıqları
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan–Ermənistan münasibətləri xüsusunda rəsmi İrəvana yönəlik ittihamı geniş müzakirə doğurub. Daha dəqiq desək, söhbət Lavrovun sabotaj məntiqindən gedir. O, Prezident Vladimir Putinin Bakıya səfəri əsnasında ölkəsinin “Birinci kanalı”na müsahibəsində Ermənistanı regional kommunikasiyaların açılmasına maneçilik törətməkdə ittiham etmişdi. Belə bir ittihamdan sonra İrəvan və Moskva arasında söz davasının güclənəcəyi gözlənirdi və belə də oldu.
Əvvəlcə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan işə düşdü. Badalyanın nələrdən söz açdığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə onu bildirək ki, dolayısı ilə Badalyana cavab olmasa da, ümumən sabotaj məntiqi xüsusunda növbəti açıqlamanı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib. O, Ermənistan–Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanla Bakı arasında aparılan danışıqlar prosesini şərh edərkən konkret detalları açıqlayıb. Necə deyərlər, açıb sandığı töküb pambığı. Elə isə diqqət yetirək və görək sabotaj nə imiş.
M.Zaxarova bildirib ki, Rusiyanın və Azərbaycanın dövlət başçıları Bakı ilə İrəvan arasında barışıq mövzusunu ətraflı müzakirə ediblər. O, liderlərin birgə keçirdikləri mətbuat konfransında da məsələyə toxunduqlarını xatırladıb: “Bu yolda bizim bütün səylərimiz həm Bakı, həm də İrəvanla xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrə və regionda güclü təhlükəsizlik sistemi qurmaq üçün birgə istəyə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur”.
Yəni, M.Zaxarova demək istəyir ki, Lavrovun sabotaj məntiqini dramatikləşdirməyə ehtiyac yox idi. Çünki Rusiya tərəflərə paritet əsaslarla yanaşır. Ancaq rəsmi nümayəndənin sonrakı fikirləri onu deməyə əsas verir ki, Moskvanın sülh prosesində iştirakını istəməyən tərəf İrəvandır. Əlbəttə, M.Zaxarova bundan qabaq Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına da münasibət bildirib. Daha doğrusu, ölkəsinin həmin gərginliyin aradan qaldırılması üçün hansı tədbirlər gördüyünü açıqlayıb. O deyib ki, rəsmi Moskva mütəmadi olaraq İrəvanı və Bakını təmkinli davranmağa, vəziyyətin pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır: “Bütün mübahisəli məsələlər müstəsna olaraq dinc siyasi və diplomatik vasitələrlə həll edilməlidir”.
Bəli, Rusiya XİN-in rəsmi nümayəndəsi 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan söz açıb. O bəyanatdan ki, orada Azərbaycan və Rusiya liderlərinin, ən əsası isə müharibə məğlubu Ermənistanın baş naziri Nikol Paşinyanın imzası var. Zaxarovanın sözlərindən gəlinən qənaət budur ki, məhz üçtərəfli bəyanat Azərbaycan və Ermənistan arasındakı danışıqların sonrakı raundu üçün çıxış nöqtəsi, mənəvi istinad mənbəyi idi. Daha dəqiq desək, sonrakı proseslər həmin sənədin ruhuna uyğun olmalı idi və müəyyən müddət olub da. Amma...
Beləliklə, M.Zaxarova üçtərəfli bəyanatın vacib 9-cu bəndi üzərində dayanıb. Yeri gəlmişkən, Lavrovun Ermənistana yönəlik sabotaj məntiqinin də meydana çıxmasına səbəb rəsmi İrəvanın məhz bu bəndi yerinə yetirməkdən boyun qaçırmasıdır. Bir halda ki, A.Badalyan Lavrova cavab verməyə söz tapır, Zaxarova da Ermənistanın konkret nədən boyun qaçırdığını açıqlamalıdır və açıqlayır. Onun sözlərinə görə, İrəvanın öhdəliklərinə dair Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında aparılan müzakirələrdəki başlıca məqam Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəyə nəzarəti həyata keçirmələrinə dair müddəa olub. Axı üçtərəfli bəyanatın 9-cu bəndində açıq şəkildə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəli, S.Lavrov müsahibəsində məhz bu öhdəlikdən boyun qaçırmanı nəzərdə tutaraq, Ermənistanın regional kommunikasiyaların açılmasını sabotaj etdiyini vurğulamışdı. Rusiya XİN başçısı belə demişdi: “Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”.
Məsələyə mövcud prizmadan yanaşsaq, Ermənistan XİN sözçüsü A.Badalyanın Lavrovun bildirdiklərinə cavabı, heç bir halda, adekvat deyil. Nəinki adekvat deyil, aşkar həyasızlıqdır. A.Badalyan bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif rəsmilərinin ölkəsi ilə bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, tez-tez hörmətsiz şərhləri davam edir. Onun sözlərinə görə, belə hallar yeni deyil və erməni tərəfi bu cür şərhlərə uzun müddətdir cavab vermirdi: “Rusiya XİN rəhbərinin dünənki bəyanatı nəinki açıq-aşkar təəssüf hissi doğurur, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya Federasiyasının konstruktiv iştirakını şübhə altına alır”.
Deməli, A.Badalyanın şəxsində Ermənistan dövləti açıq-aşkar bir daha bəyan edir ki, Rusiya Bakı-İrəvan nizamlamasına qarışmamalıdır. Badalyan həyasızlıq salıb Moskvanın vasitəçiliyini şübhə altına almaq yolu tutursa, başqa cür düşünməyə əsas yoxdur. Zaxarova isə danışıqlardakı konkret detalları həm də bu həyasızlığa görə açıqlayır. O detalları ki, onlara nəzərən sülh nizamlanmasının uğur qazandığından danışmaq mümkün idi. Məsələn, Rusiya XİN sözçüsü deyir ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun 12 raundluq müzakirəsindən sonra, tərəflər üçtərəfli sazişin 9-cu bəndinin praktiki icrasına yaxın görünüblər. Bundan başqa, Azərbaycan Ermənistanın dəmir yolu əlaqəsinin bərpasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb. Özü də İrəvanın avtomobil yolu əlaqəsinin yaradılması baxımından konkret tarix göstərməməsinə rəğmən. Göründüyü kimi, ölkəmiz mümkün qədər konstruktiv davranıb.
Ən əsası, M.Zaxarovanın bildirdiklərindən o nəticə də hasil olur ki, tərəflər iki ölkənin suverenliyini pozmamaq üçün tam yurisdik əsaslarla həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şeyi razılaşdırıbmışlar. Ancaq rəsmi İrəvan son anda mövqeyindən uzaqlaşaraq, Rusiya sərhədçilərinin təkcə Ermənistan deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsi şərtini irəli sürüb. Biz də bilirik, Zaxarova da təsdiqləyir ki, Azərbaycan məsələ ilə razılaşa bilməzdi və razılaşmayıb. Görünür, İrəvan yerinə yetirilməsi mümkünsüz şərti məhz bu səbəbdən qoyub. Axı onun yanaşması üçtərəfli bəyanata tamamilə ziddir. Deməli, Lavrovun sabotaj məntiqindəki daşlar tam şəkildə yerinə oturur. Yəni, danışıqların nə üçün dalana dirəndiyi aydınlaşır. Əlavə edək ki, Ermənistan sonradan Rusiya sərhədçilərinin nəqliyyat axınına nəzarətindən imtina edib və üçtərəfli işçi qrupunda iştirakını, faktiki olaraq, dondurub.
M.Zaxarovanın açıqlamasından sonra Ermənistanın hakimiyyətə müxalif mediası, habelə ekspert və politoloq cameəsi səbəb-nəticə əlaqələrinə köklənərək bildirir ki, İrəvan sözügedən işçi qrupunun 2023-cü ilin iyununda keçirilmiş iclasında üçtərəfli bəyanatdan uzaqlaşdığını göstərib və buna görə Azərbaycan 2023-cü ilin sentyabrında (lokal xarakterli antiterror tədbirləri ilə - red.) Qarabağa tam şəkildə sahiblənib. Yəni, baş nazir Nikol Paşinyana ittiham mövcud xüsusdadır. Bu xüsus Rusiya amilini qabardır və elə təəssürat yaranır ki, əgər İrəvan şərtləri yerinə yetirsəydi, Qarabağdakı separatçı rejim mövcudiyyətini saxlayacaqdı.
Ancaq bir məqam da vurğulanmalıdır. Söhbət 2022-ci ilin olaylarından gedir. Rusiya tərəfi çox tez-tez Ermənistanı Azərbaycanla danışıqlarda Qərb platformasına üstünlük verməkdə günahlandırır və elə rəy formalaşır ki, əgər Paşinyan Qərbi deyil, Rusiyanı seçsəydi, Qarabağ Ermənistanın nəzarətində qalacaqdı. Əlbəttə, məsələnin qoyuluşu sırf “nəzarətdə qalmaq” şəklində deyil. Hər halda, Prezident Putin də, elə Lavrovun özü də dəfələrlə bildirib ki, erməni baş nazir 2022-ci ilin oktyabrında Praqada, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra bölgə ilə bağlı müzakirə predmeti, o cümlədən, status məsələsi sıradan çıxıb. Ancaq sual olunur: Rusiya rəsmiləri bu tezisə nə vaxt üz tutublar? Aydındır ki, 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində. Deməli, sabotaj məntiqi ilə bağlı daşlar bir daha yerinə oturur. Ermənistan 2023-cü ilin iyununda üçtərəfli işçi qrupunun iclasını boykot etmişdisə və Moskva bunadək Praqa görüşündə Paşinyanın söylədiklərinə fokuslanmamışdısa, onu ittiham etməmişdisə, deməli, qırılma nöqtəsi Praqa sammiti yox, həmin boykot olub.
Əlbəttə, Azərbaycan hər zaman Ermənistanla nizamlama prosesinə səbr və təmkinlə yanaşıb. Bu yanaşma 2020-ci ildən 2023-cü ilin sentyabrınadək davam edib. Başqa sözlə desək, ölkəmiz oyun qaydalarına tam riayət edərək, öz anını gözləyib. Zaxarovanın diqqətə çatdırdığı trayektoriyanı əsas götürsək, ölkəmiz üçtərəfli işçi qrupunun məhz iyunda keçirilmiş toplantısından sonra qəti qərara gəlib ki, Ermənistan öz xoşu ilə heç nəyə razı olan deyil. Nəinki razı olan deyil, ölkə rəhbərliyi həyasızlıq yolu tutur. Hər halda, Rusiya sərhədçilərinin Azərbaycan tərəfində keşik çəkmələri tələbi həyasızlıqdan və qeyri-ciddilikdən başqa bir şey deyil. Digər tərəfddən, tam aydındır ki, hətta bu tələb yerinə yetirilmiş olsaydı da, rəsmi İrəvan başqa nələrisə qondaracaqdı. Çünki Qərb direktivləri ilə hərəkət edirdi və məqsədi Rusiyanı tam şəkildə bölgədən sıxışdırmaq idi.
Bütün bu qeyd etdiklərimiz fonunda hazırda Azərbaycan-Ermənistan nizamlaması üzrə Qərb xətti təmsilçilərinin son zamanlardakı açıqlamarına diqqət yetirək. Onlar Bakı-İrəvan sülhünün, o cümlədən, bu sülhün vacib komponenti sayılan regional kommunikasiyaların bərpasının, iqtisadi əlaqələrin yaranmasının və möhkəmlənməsinin Rusiyanın Cənubi Qafqaza təsirini heçə endirmək məramından söz açırlar. Başqa sözlə desək, sülh sazişini Moskvanı regiondan tamamilə sıxışdırmağın, geosiyasi rəqabətin predmeti kimi gördüklərini bəyan edirlər. Daşlar yerinə həm də ona görə oturur ki, bu siyasət daha açıq, ən əsası dönməz şəkildə özünü ilk dəfə 2023-cü ilin iyununda – Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətini dalana dirəyəndə göstərib. Erməni mediası hazırda bunu Paşinyanın şüurlu seçimi kimi qələmə verir və iyundan sonrakı hadisələrin xronoloji ardıcıllığına nəzər salaraq, məntiqi qanunauyğunluq tapır. Loru dildə desək, “Rusiyaya qarşı çıxmazdın, Qarabağ getməzdi” fikrini qabardır.
Bütün bunlardan belə qənaətə gəlmək mümkündür ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinin Rusiya seqmentini, yəni Moskvanın vasitəçiliyini inkar edəndə itkilərlə üzləşib. İndi də eyni yoldadır və deməli, ölkə yeni itkilərə hamilədir. Ancaq məsələnin başqa tərəfi də var. Sual olunur: Ermənistan hansı platformada konstruktiv olub ki? Ölkə Qərb tənzimləmə xəttində də ipə-sapa yatmayıb, öz avantürizmini gerçəkləşdirmək üçün tutacaq yerlər axtarıb. Əlbəttə, istəyinə nail ola bilməyib.
Ermənistan indinin özündə də Qərbə arxalanaraq, sülh prosesindən yayınmağa çalışır. Danışıqlar xüsusunda canını tapşırmış ATƏT-in Minsk qrupu formatını işə salmaqdan dəm vurur. Üstəlik, özünü Qərbin anti-Rusiya cəbhəsinin vacib səngəri kimi təsəvvürə gətirir. Bir sözlə, Paşinyan iqtidarı həmişəki kimi odla oynayır. Vaxt gedir, zaman isə inkarçılığı pataloji xəstəliyə çevirmiş Ermənistanın əleyhinə işləyir. Bunu görməmək üçün yalnız kor olmaq lazımdır.
Əvəz CAHANGİROĞLU
XQ