Türkiyə–Ermənistan münasibətlərinin normallaşması üzrə iki ölkənin xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında iyulun 30-da sərhəddə keçirilən görüş təkcə Türkiyə və Ermənistanda deyil, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda diqqətlə izlənildi. Bu da təsadüfi deyil. Çünki Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Qardaş ölkə ilə əlaqələrimiz 2021-ci il iyunun 15-də müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi ilə daha üstün səviyyəyə qalxıb. Hazırda dünyada münasibətləri bu dərəcədə sıx olan başqa iki ölkə tapmaq mümkün deyil. Azərbaycan–Türkiyə münasibətləri haqlı olaraq “Bir millət, iki dövlət” düsturu ilə ifadə olunur.
Ölkəmizdə görüşə diqqətin böyük olmasının digər səbəbi müzakirələrdə tərəf müqabilin Ermənistan olmasıdır. Yəni, söhbət Azərbaycana qarşı separatçılıq əməlləri, sonra isə işğalçı müharibə başlatmış, 30 ilə yaxın torpaqlarımızı əsarəti altında saxlamış bir ölkədən gedir. Azərbaycan 2020-ci ildə işğala son qoydu. 2023-cü ildə isə Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində suverenliyini bərpa etdi. Yalnız bundan sonra Türkiyə və Ermənistan arasında əlaqələrin qurulması istiqamətində danışıqlar başlandı. Bu nüansın özü Ankara ilə Bakının hər bir məsələdə olduğu kimi bu məsələdə də koodinasiyalı şəkildə hərəkət etdiklərinin daha bir göstəricisidir.
İndi də Türkiyənin əvvəlki mövqeyindən fərqli yanaşma nümayiş etdirəcəyi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan sərhədləri açacağı gözlənilən deyil. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan belə bir addımın atılması, təbii ki, ölkəmizdə müəyyən narahatlıq doğura bilər. Ölkəmizin bu həssaslığını qardaş dövlətdə də anlayışla qarşılayırlar. Onu da qeyd etmək lazımdır ki, informasiya məkanında Türkiyənin heç bir rəsmisinin sülh sazişi imzalanmadan Ermənistanla sərhədlərin açılacağına dair açıqlamasına rast gəlmədik.
Bu çərçivədə Türkiyənin Xarici işlər naziri Hakan Fidanın “Sabah” qəzetinə verdiyi müsahibədəki fikirlər diqqəti cəlb edir. Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında görüşlər davam edir. O qeyd edib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir və əlaqələrin normallaşacağı təqdirdə Ankaranın da müəyyən ssenari hazırlaması lazım olacaq: “Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik”.
Bununla belə, qeyd etmək lazımdır ki, Ermənistan hazırda Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmiş kimi görünsə də, əvvəlki iddialar qanunvericilik müstəvisində hələ də qalmaqdadır. Yəni, Ermənistan konstitusiyasında istinadın yer aldığı müstəqillik bəyannaməsində hələ də işğalçı siyasətə hüquqi əsas yaradan müddəalar mövcuddur. Türkiyə ərazisində yerləşən, qardaş ölkənin beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsindəki Ağrı dağı hələ də Ermənistanın dövlət gerbində “Ararat dağı” kimi öz əksini tapmaqdadır. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyib. Düzdür, İrəvan “dəmir yumruğ”un gücünü gördükdən sonra əməli addımlardan geri çəkilib, ancaq hüquqi müstəvidə müvafiq addımlar atmağa tələsmir.
Görüşün nəticələrinə dair fikirlərini bölüşən Türkiyədən olan xüsusi nümayəndə Sərdar Kılıç müzakirələri konstruktiv adlandırıb. “X” platformasında paylaşım edən S.Kılıç yazıb: “Biz konstruktiv qarşılıqlı anlaşma şəraitində münasibətlərin normallaşdırılması prosesinin bütün aspektlərini və gələcək tərəqqinin mümkünlüyünü müzakirə etdik”.
Ruben Rubinyan isə fikirlərini bu şəkildə ifadə edib: “Ermənistan–Türkiyə sərhədində cənab Kılıçla yaxşı görüşümüz oldu. Biz əvvəllər əldə edilmiş razılaşmaları təsdiqlədik və ölkələrimiz arasında dəmir yolu əlaqəsinin fəaliyyətini təmin etmək üçün texniki tələblərin qiymətləndirilməsi də daxil olmaqla yeni etimad quruculuğu tədbirləri barədə razılığa gəldik”.
ABŞ Dövlət Departamenti isə 30 iyul görüşünə münasibət bildirməyib. ABŞ xarici siyasət idarəsinin mətbuat katibinin müavini Vedant Patel görüşdən əvvəl keçirdiyi brifinqdə jurnalistin bununla bağlı sualına cavab olaraq deyib: “Şərhim yoxdur. Mən müvafiq iki ölkəyə məsələ ilə bağlı mövqelərini açıqlamalarına imkan verərdim”.
Bu arada Ermənistanın yeni dövlət atlasının tərtib edilməsi üçün idarələrarası işçi qrupunun yaradılacağı məlum olub. Müvafiq qərarı baş nazirin müavini Tiqran Xaçatryan imzalayıb. Qrupun tərkibinə milli təhlükəsizlik xidmətinin əməkdaşları, müdafiə nazirliyinin, eləcə də digər nazirlik və dövlət qurumlarının nümayəndələri daxil olacaq.
Onu da qeyd edək ki, 2022-ci il iyulun 1-də Vyanada keçirilən görüşdə xüsusi nümayəndələr Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa müddətdə Ermənistan–Türkiyə quru sərhədini keçmək imkanı yaratmaq barədə razılığa gəlmişdilər. Razılaşmadan sonra S.Kılıç Ermənistanla sərhədə getmiş, orada texniki baxış keçirmişdi. Hiss olunur ki, həmin razılaşmanın indiyədək həyata keçirilməməsi Ermənistanda narazılıq doğurur. Ölkənin dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyanın avqustun 1-də hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamadan gəlinən qənaət budur. Onun sözlərinə görə, Türkiyə ilə sərhəddə yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsi çoxdandır ki, üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olan şəxslərə xidmət göstərməyə hazırdır. Badasyan məntəqənin nə vaxt işə başlayacağı ilə bağlı suala cavab olaraq deyib ki, bunun üçün siyasi qərar lazımdır: “Gömrük məntəqəsi bu və ya digər şəkildə tikilməli idi və tikildi. İlkin razılıq var idi, biz o çərçivədə işlədik, məntəqəni hazır vəziyyətə gətirdik, siyasi qərar olanda isə bu kateqoriyalardan olan vətəndaşlara xidmətə başlamağa hazırıq”.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov diqqəti Türkiyənin Xarici işlər naziri Hakan Fidanın açıqlamasına yönəltdi. Bildirdi ki, cənab Fidan yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə–Ermənistan münasibətlərinin normallaşa biləcəyi fikrini səsləndirib. F.Məmmədovun sözlərinə görə, ancaq sonuncu Kılıç–Rubinyan görüşünün yekunlarına dair hər iki tərəfdən yayılan bəyanatda xüsusi nümayəndələrin son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə hazır olduqları qeyd edilib: “Bu iki mövqe arasında təzad var. Bir tərəfdən Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə şərtləndirilir. Digər tərəfdən isə bu, sənəddə öz əksini tapmır. Bu isə həm Ermənistanda, həm ABŞ-də fərqli yozumlara gətirib çıxarır. Artıq bir neçə ildir ki, bu proses davam edir. Daha yaxşı və səmərəli olardı ki, Türkiyə öz mövqeyini birmənalı şəkildə bildirsin. Yəni, belə bir şərt var və ancaq həmin şərti yerinə yetirdikdən sonra Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması mümkündür”. Politoloq qeyd etdi ki, Türkiyənin bu şərti 1993-cü ildən indiyədək qüvvədə olub. 44 günlük Vətən müharibəsindən sonra da bu şərt reallıqda var.
Türkiyənin Azərbaycanla səylərini əlaqələndirmiş şəkildə hərəkət etdiyini Ermənistanda da anlayırlar. Onlar başa düşürlər ki, Bakı ilə danışıqlarda irəliləyişə nail olmadan Ankara ilə münasibətləri normallaşdıra bilməyəcəklər. Ermənistan parlamentindəki müxalifətçi “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyanın fikirləri bundan xəbər verir. O qeyd edib ki, Ermənistan–Türkiyə münasibətlərindəki hazırkı proseslər həmişəkindən daha çox birbaşa Ermənistan–Azərbaycan danışıqlar prosesi ilə bağlıdır. Abramyanın sözlərinə görə, buna uyğun olaraq, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması birbaşa Azərbaycanla razılaşmalardan asılıdır. Göründüyü kimi, Hayastanda, hətta, radikal müxalifət də reallığı dərk etməyə başlayıb. Ermənistan hakimiyyəti də əgər Ankara ilə münasibətləri qaydaya salmaq istəyirsə, ilk növbədə ölkəmizlə sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmalıdır.
Səxavət HƏMİD
XQ