Azərbaycan sülh müqaviləsi olmadan da yaşaya bilər

post-img

Bəs Ermənistan? 

Qalib Azərbaycan sülhün tərəfdarıdır. Biz 2024-cü ilin sülh ili olmasını arzulayırıq. Rəsmi Bakı bunun üçün əlindən gələn hər şeyi edir. Vasitəçilər, moderatorlar, sülh danışıqlarının platforması dəyişsə də, bizim sülh niyyətimiz dəyişməz qalır. Postmüharibə dövrünün ortaya qoyduğu reallıq bundan ibarətdir: Ermənistan özünün məntiqə və hüquqa sığmayan iddialarından əl çəkməli, Bakının hər iki tərəf üçün məqbul saydığı şərtlərlə sülhə razılaşmalıdır. İrəvan hazırda sülh prosesinin gözlənilən sonluğa çatmasından ötrü siyasi iradə və səy göstərməlidir. Dediyimiz kimi, bu məsələdə Azərbaycanın mövqeyi istər Ermənistan, istərsə də vasitəçi tərəflər üçün tamamilə aydındır. 

Moskvanın ardınca Brüssel də sülh da­nışıqlarının növbəti raunduna evsahibliyi etmək üçün öz platformasını təklif etməyə cəhd göstərir. Görünən odur ki, Avropa İtti­faqı Şurasının (AİŞ) prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş səyləri təzələmək qərarına gəlib. Bu barədə “Politi­co” nəşri məlumat yayıb. Öyrənirik ki, AİŞ-nin ali diplomatı hər iki tərəfə məktub yaza­raq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə etməyə çağırıb. Ən önəmlisi isə Aİ Şurasının prezidenti tərəflərə müraciətin­də “sülh razılaşmasını tamamlamağın” vacib­liyini nəzərə çatdırıb.

İlk baxışda keçmiş vasitəçinin yenidən öz missiyasını davam etdirmək yönündə səyləri başadüşüləndir. Təki, bu müraciə­tin altında yalnız xoş niyyətin dayandığına əmin olaq. Müqəddəs kitablarda yazıldığı kimi, “Sülhə gələnlərlə sülhü yaradanlar bəxtiyardırlar”. Fəqət burada nəzərə al­mağa məcbur olduğumuz bir incə nüans var. Azərbaycan üçün istənilən tərəfin sülh təşəbbüsü narahatlıq yaratmasa da, hər halda, Aİ rəsmisinin bununla, əslində, nəyə nail olmağa çalışdığını dəqiq bilmək vacibdir. Bu məqamda AİŞ prezidenti Şarl Mişelin özünün deyil, yüksək səviyyəli başqa diplomatın dediklərinə diqqət ye­tirək: “Britaniyadakı görüşlər Azərbaycan Qarabağı geri almaq üçün “hərbi hücuma” başlayandan cəmi 9 ay sonra baş tutub. Bu, Şarl Mişelin rəhbərlik etdiyi və aylarla davam edən danışıqlardan sonra, Qərbin münaqişənin yalnız diplomatik həllinin bölgəyə sülh gətirə biləcəyi barədə xəbər­darlıqlarına baxmayaraq baş verdi”.

Bölgəyə sülhün yalnız diplomatik yolla gələ biləcəyini bəyan edənlər bunun alter­nativini qəbul etməsələr də reallıqda məhz, bu, baş verdi. Danılmaz fakt ondan ibarət­dir ki, bölgəyə sülhü diplomatik danışıqlar deyi, Azərbaycan Silahlı Qüvvələri gətirdi. Bununla da “boz zona”lar həmişəlik qa­padıldı, separatizm epidemiyasının kökü birdəfəlik kəsildi. Azərbaycan uzun illər gözlədi və beynəlxalq hüququn danışıqlar masası arxasında qələbə çalmayacağına əmin olandan sonra, işğalçı məhz silah gücü ilə torpaqlarımızı tərk etməyə məcbur edildi. Ardınca Cənubi Qafqazada yaran­mış yeni reallıqla barışmaq istəməyən kə­nar vasitəçi-aktorların ikiüzlülüyü ilə üz­ləşdik. Artıq açıq söyləyə bilərik ki, Aİ-nin marağı heç də Ermənistanla Azərbaycan arasında “uzun və davamlı sülhün bərqə­rar olmasında” deyil, qitələrarası nəqliyyat dəhlizlərinə nəzarəti ələ keçirməkdir. 

* * *

“Biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qət­namə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazi­sindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o ten­densiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələ­cəkdə yarana biləcək təhlükələri istisna et­məməliyik, çünki dünya və bizim regionu­muz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə sə­viyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdə­sindən gələ bilirik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Bəli, bu gün sülhün təminatçısının yal­nız güc olduğunu təkcə Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin həlli timsa­lında deyil, eləcə də dünyanın digər qaynar nöqtələrində müşahidə etdiyimiz tendensi­yalarda görürük. Biz, Zəngəzur üzərində nəzarəti yalnız ona görə güzəştə getməli­yik ki, Aİ regiondankənar qüvvədir? Bun­dan savayı, unutmaq olmaz ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqla­rında Aİ və ya ABŞ-nin vasitəçiliyi heç də “ədalət, humanizm və beynəlxalq hüququn normaları ilə” mütənasib gəlmir. Bəlkə də, bu, Ermənistan tərəfdən Azərbaycana qar­şı düşünülmüş bir oyundur? Yaxın təcrübə bizi belə gümanlara düşməyə vadar edir. 

Aİ Şurası rəhbərliyinin sülh çağırışla­rının səmimiliyinə xələl gətirən əsas amil isə iyulun 22-də bu qurumun Sülh Fondu vasitəsilə Ermənistan ordusuna 10 milyon avro həcmində maliyyə yardımın ayrıl­ması barədə qərarı oldu. İndi biz Aİ-nin “lokomotivi” sayılan Fransanın Ermə­nistana birmənalı hərbi-texniki dəstəyini görəndən, Parisdə Olimpiya Oyunlarının açılışının canlı yayımında şərhçinin “Er­mənistan tarixən fransızların ürəyinə yaxın olan ölkədir” xitabını, ardınca “ermənilər Azərbaycan Ordusundan əziyyət çəkib, Dağlıq Qarabağı itiriblər” kimi avantürist açıqlamasını eşidəndən sonra bu quruma necə etimad göstərək? Axı, Azərbaycanın səmimi münasibətini, etimadını onlar öz­ləri itiriblər. 

Bütün bunlar azmış kimi, bu yaxın­larda Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin sosial şəbəkələrdə yazdığı “Dağlıq Qarabağ ermənilərinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan hüquqları var. Bu, ilk növbədə geri qayıtmaq hüququna aiddir” təxribat­çı-separatçı açıqlamasını hansı diploma­tik müstəvidə yozmaq olar? Bəlkə biz də ermənilərin Azərbaycana qayıtması möv­zusuna soydaşlarımızın Ermənistandakı doğma yurdlarına qayıdışından sonra baxı­lacağını tələb edək? Hər halda, baş verən son hadisələr bizi bu barədə düşünməyə vadar edir. 

İstənilən danışıqların məğzi təkcə tərəflər arasında hansısa razılaşmaya gəl­mək deyil. Bu, həm də düşmənə başa sal­maq fürsətidir ki, o, istənilən halda vur­duğu ziyanın əvəzini ödəyəcək. Məsələyə bir qədər geniş rakursdan yanaşsaq, deyə bilərik ki, müasir dünyada silahsız diplo­matiya musiqi alətləri olmayan orkestr kimi bir şeydir. Bu diplomatik silah isə ordunun gücü ilə təmin edilir. Acı həqiqət həm də ondan xəbər verir ki, bütün Avropa və ümumbəşəri dəyərlərin bir araya gəl­məsinə baxmayaraq, dünya güc üzərində bərqərar olub. Nə gizlədək ki, güc hazır­da Avropada və dünyada, doğrudan da, ən mühüm və universal dəyərdir. Məhz həm də buna görə Ermənistan konstitusiyasına düzəlişlər edilməyincə sülh müqaviləsi ol­mayacaq. Azərbaycan həmin müqaviləsiz də yaşamağa və inkişaf etməyə hazırdır. Amma daxili siyasi tarazlığı pozulmuş, logistika və infrastrukturu dalana dirənmiş Ermənistanın isə sonda ayağımıza qapa­nıb imdad diləyəcəyi gün uzaqda deyil. Onu bu duruma salanlara da təkcə Cənubi Qafqazın deyil, dünyanın siyasi xəritəsinə diqqətlə baxmalarını tövsiyə edirik. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq: 

– Ola bilsin ki, Şarl Mişelin təşəbbüsü yeni təkliflərlə, yaxud dü­şünülmüş hansısa addımlarla bağlı­dır. Amma şəxsən mən buna müəy­yən qədər tərəddüdlə yanaşıram. Burada, sadəcə olaraq, özünə siyasi xal qazandırmaq niyyətinin silueti görünür. Çox güman ki, Şarl Mişelin vasitəçilk edəcəyi yeni görüş də heç bir nəticə verməyəcək. Çünki Azər­baycan və Ermənistan arasında bir çox məsələlər öz həllini tapıb. Həllini gözləyən məsələlərin də nədən ibarət olduğu İrəvana yaxşı məlumdur. Hə­min məsələləri bir daha Brüsseldə müzakirəyə çıxarmağa ehtiyac var­mı? Düşünürəm ki, belə bir təşəb­büsə bir qədər şübhə ilə yanaşmağı­mız lazımdır. 

Azərbaycan heç vaxt obyektiv və ədalətli danışıqlardan imtina etmə­yib. Bizi bu platfotmaya dəvət edən dövlət başçısı, yaxud beynəlxalq təş­kilatın rəhbəri olsa da, əsas göstərici nəticədir. Arzu olunan nəticəni əldə etməkdən ötrü isə müəyyən şərt­lər yerinə yetirilməlidir. Bu zaman Azərbaycana qarşı hər hansı şərt irəli sürülə bilməz. Çünki bizim qon­şularımıza, başqalarına qarşı ərazi iddiamız yoxdur. Amma Ermənis­tanın ölkəmizə qarşı ərazi iddiala­rı hələ durur. Əvvəlcə bu məsələlər uyğun formada öz həllini tapmalı, sonra müzakirələr danışıqlar masası arxasında davam etdirilə bilər. Dü­şünürəm ki, təcrübəli diplomat kimi, Şarl Mişel bunu anlamalı və sülh dialoqunda real nəticəyə nail olmaq istəyirsə, bunları nəzərə almalıdır.

İmran BƏDİRXANLI
XQ





Siyasət