“Paris–2024”: Möhtəşəm qələbə, 2-ci qızıl medal!

post-img

Cüdoçularımız tarix yazdı

Paris Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo komandası tarix yazmaqda davam edir. Olimpiya komandamızın aktivinə növbəti qızıl medalı da tatami ustalarımız yazdırıblar. Millimizin üzvü, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bir-birinin ardınca inamlı qələbələri sayəsində fəxri kürsüyə yüksəlib. 

Dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) üzə­rində ipponla qələbə qazandıqdan sonra, növbəti rəqibi Peter Palçiki (İsrail) olub. İstedadlı tatami ustamız Dünya çempionatının bürünc mü­kafatçısı olan rəqibini də məğlubiyyətə uğradaraq yarımfinala çıxıb. Bu mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə də gücünü göstərən Kotsoyev finala yüksəlib. Çempionluq görüşündə gürcüstanlı İlya Su­lamanidzeni məğlub edən cüdoçumuz Olimpiya çempionu adına layiq görülüb.

Zelim Kotsoyev bununla da Azərbaycan id­man tarixinə yeni səhifə yazmış oldu. 

Olimpiadalar tarixində  2 dəfə – "Sidney" və “Lon­don"da qızıl medal qazanmışıq. Eyni idman növündə isə Azərbaycan tarixində ilk dəfə 2 qızıl medal əldə etməyə nail olduq. Bu, iştirak etdiyimiz olimpiadalarda cüdoçuların ən yüksək nəticəsidir. Müstəqil Azərbaycanda Olimpiya Oyunlarında cüdo üzrə ilk qızıl medalı Nazim Hüseynov “Barselona–1992”də qazanıb. Azərbaycan bayrağı altında cüdoçularımız “Pe­kin–2008”də 1 qızıl, 1 bürünc, “Rio–2016”da 2 gümüş, “Tokio-2020” də isə 1 bürünc mükafat əldə ediblər. 

Xatırladaq ki, cüdoçumuz Hidayət Heydərov daha öncə parlaq çıxışı sayəsində Oyunlarda fəx­ri kürsünün ən yüksək pilləsinə yüksəlib. İste­dadlı tatami ustasının qızıl medalı, həm də olim­piadada millimizin ilk medalı kimi tarixə düşüb.





İdman