Ermənicə dərs kitablarının adı dəyişə bilər...

post-img

Amma məzmunu əvvəlki kimi qalır

Məsələn, “Erməni tarixi” bundan sonra “Ermənistan tarixi” olacaq. Amma bu kitabların məzmunu, içində verilən fikirlər və təlqin olunan ideo­logiya da dəyişəcəkmi? Bunlardan bəhs edən yoxdur. Deməli, kitabların cildi dəyişəcək, içərisi yox. Bu, Paşinyanın özünəməxsus manevridir. Nə “ermə­ni soyqırımı” ideologiyasından, nə “Qərbi Ermənistan” təxribatından, nə də Azərbaycan və Türkiyəyə qarşı məlum erməni ərazi iddialarından imtina edi­lir. Sadəcə olaraq, siyasi məqsədlərlə bəzi görüntülər verilməkdədir.

Heç kəsə sirr deyil ki, Azərbaycana və Türkiyəyə qarşı nifrət etmək, xalqlarımıza düşmən gözü ilə baxmaq Ermənistanda məktəb partalarından başlanılır. Yazılan hər bir dərs kitabında erməni tarixində Türkiyə və Azərbaycanın mənfi rolundan danışılır, bizdən “düşmən” olaraq bəhs edilir. Özü də bu ideoloji müharibə yal­nız bu gün aparılmır, hətta sərt sovet qa­dağaları zamanında belə kitablarda türkə nifrət toxumu səpilmişdir. Uşaqları türk­lərə nifrət ruhunda böyütmək ermənilərin çoxdankı şakəridir. Rus ordusunun genera­lı L.Odişelidze ölkə rəhbərliyinə 1915-ci il tarixli raportunda yazırdı: “Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxt­larında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meyda­nına çevrilmişdi. Vətənpərvərlik mədhiy­yə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlman­ların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudirət hissini heç kimə məlum ol­mayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləlik­lə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…” Bunları erməni tarixçi Meri Koçar İrəvanda 1988-ci ildə nəşr olu­nan “Армяно-туретские овшественно-ролитическое отношения и армянский вопрос” adlı kitabında misal gətirir.

8-ci siniflər üçün “Erməni tarixi” ki­tabının girişində “düşmənin kimliyi” an­ladılır. Şagird orta məktəbdə artıq bu mü­barizənin hədəfinin türklər olduğunu bilir. Kitablarda türklərə qarşı amansız olmuş terrorçular, cəlladlar, qaniçənlər, canilər... bu mübarizənin öndərləridir. Bir yerdə yazılır: “Türkiyə hakimiyyəti erməniləri məhv etməyi hədəf seçmişdi. Xalqımızla diktator davranışı, qəddar təqibləri hamını boğaza yığmışdı. Xalqın içindən çıxmış cəsur övladlarımız Arabo, Agbyur Serob, Hrayr, Gevorq Çavuş, Kerri, Andranik və digər fədakar Haydut mübarizlər həm­vətənlərini qorumağa başladılar”. Və bu fəaliyyətlərə haqq qazandırılır. Daha sonra bu nifrət hissi başqa şəkildə aşılanır: “On­lar bizi məhv etmək istədilər. Amma biz bu qəhrəmanların sayəsində fəlakətlərdən yaxa qurtardıq, sonra erməni xalqı uğurlar qazandı”. 

“Uğurlar” baxın nədir? Uğurları er­məni quldurların dağlara çəkilib Osman­lı ordusuna arxadan zərbələr vurmaları, “ermənilərə aid” kənd və qəsəbələrin “türklərdən təmizlənməsi”, mülki əhalini məscidlərə, kənd evlərinə toplayıb, on­ların kütləvi şəkildə yandırılması, məhv edilməsidir. Ermənilərin Vanda, Ərzu­rumda, Qarsda, Gümrüdə, Sərdarabadda , Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda etdikləri vəhşiliklər qəhrəmanlıq dastanları kimi qələmə verilməkdədir. 6-cı sinif dərs kitabında belə yazılır: “Bizim qəhrəman­larımız Andranikdir, Njdedir, Montedir, Vazgen Sarkisyandır, Soğomon Teylir­yandır və s. Ermənilər onların sayəsində yaraları sağaltmaqla, gələcəyə baxmaqla, öz müstəqil dövlətçiliyini yaratmaqla öz taleyinin ağasına çevrildi”. .

8-ci siniflər üçün “Erməni tarixi” kita­bında bir bölüm “Artsaxda azadlıq müba­rizəsi” adlanır. Fotodakı Şuşa qalasının bir divarının təsviridir . XVIII əsrin əvvəl­lərində baş verən hadisələrdən danışılır. XVIII əsrdə Şuşada və başqa ərazilərdə er­mənilərin türklərə qarşı apardıqları “azad­lıq” mübarizəsindən bəhs edilir. Heç bir mənbə göstərilmədən burada erməni var­lığından bəhs edilir. Halbuki o tarixlərdə Qarabağda ermənilər barmaqla sayılacaq qədər az idilər. 

(ardı var)

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri



Siyasət