Dünya Bankı Azərbaycana dəstəyini davam etdirir

post-img

Növbəti əlavə maliyyələşmənin həcmi 150 milyon dollardır

Azərbaycanın uğurla əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumları sırasında Dünya Bankı (DB) xüsusi yer tutur. Respublikamızda bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələri daim yüksək qiy­mətləndirilir. Bu gün ölkəmizin DB ilə əlaqələrində özəl sektorun diaqnos­tikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, bərpaolunan enerji və digər sahələrdə əlaqələrin getdikcə möhkəmlənməsi, qabaq­cıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilməsi daha qabarıq nəzərə çarpır. 

Respublikamızda gerçəkləşdirilən iqti­sadi strategiyanın, eləcə də DB ilə əmək­daşlıqda xüsusi önəm verilən layihələrin uğurlu nəticələri qurumun proqnozlarında, hesabatlarında daim yer alır. Xüsusilə ban­kın hesabatlarında respublikamızın vergi və gömrük strukturlarında mühüm yeni­liklərə imza atılması, reallaşdırılan isla­hatlarda əsas məqsədin sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsal­laşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması kimi məsələlər yüksək qiymətləndirilir.

DB-nin İcraçı Direktorlar Şurası Azər­baycanda hazırda icra olunan Məşğul­luğa Dəstək Layihəsini (AMDL) geniş­ləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təs­diqləyib. DB-nin bu barədə məlumatında bildirilib ki, layihənin məqsədinin məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüd­dətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özü­nüməşğulluq imkanlarını təşviq etməkdir.

Qeyd edilib ki, son 3 il ərzində 5 min­dən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70 faizdən çoxu layihə tərəfindən təmin edilən vəsa­itləri aldıqdan sonra artıq iki ildir ki, biz­neslərini davam etdirir. Bu uğura əsaslana­raq, hazırda təsdiqlənən maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xid­mətlərini genişləndirəcək və daha çox in­sana xidmət göstərmək və AMDL çərçivə­sində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.

“Azərbaycan həssas qruplar üçün əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün səylər göstərir. Bununla belə, bacarıq uy­ğunsuzluğu, yüksək qeyri-formallıq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır”, – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib. Ş.Ştallmeiste­rin sözlərinə görə, bu layihə ölkədə daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı gerçəkləşdirmək üçün möv­cud problemlərin həllinə kömək edir.

Əlavə maliyyələşdirmə iqtisadi fəaliy­yətin şaxələndirilməsinin və şoklara qarşı dayanıqlılığın təşviqini reallaşdırmaqla istehsal və xidmətlər kimi yeni sektorları əhatə edəcək, respublikamızın özünüməş­ğulluq proqramına əhəmiyyətli töhfə verə­cək. Bundan başqa, bu maliyyələşdirmə benefisiarların bizneslərini genişləndirmək üçün nağd vəsaitlərdən istifadə etməyə şə­rait yaradan qrantlar mexanizmini sınaqdan keçirməyə müsbət təsir göstərəcək. 

AMDL üçün əlavə maliyyələşdirmə həm də Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlarının çeşidini genişləndirmək imkanı yaradacaq. Bu yeni dəstək vasitə­silə adıçəkilən agentlik iş yerində təlim, əmək haqqı subsidiyaları, şagirdlik proq­ramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini reallaşdıracaq. Bu proqramların işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracaq, onların istehsal və xidmət sahələrində işləmək im­kanlarını artıracaq. 

Layihəni hazırlayan DB komandasının rəhbəri Mirey Ovadiya bildirib ki, bu yeni maliyyələşdirmə ilə bacarıqların inkişa­fı, eləcə də işaxtaranlar və işəgötürənlər üçün stimulların dəstəklənməsi üçün aktiv əmək bazarı tədbirlərinin həyat qabiliyyəti yoxlanılacaq. Belə bir yanaşma ilə Azər­baycanda gələcək üçün daha məhsuldar və davamlı iş yerləri yaradılacaq. 

DB-nin ölkəmizdə yeni maliyyələş­dirilməsi AMDL-in insan kapitalı po­tensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndiril­məsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi əsas inkişaf prioritetlə­rinin həyata keçirilməsinə töhfə verəcə­yi gözlənilir. Bundan əlavə, layihə həm də DB Qrupunun Azərbaycan hökuməti ilə hazırda müzakirə olunan Azərbay­can üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində (2025–29-cu illər) vurğulanan daha məh­suldar və inklüziv iş yerlərinin təşviqi məqsədinə uyğundur.

DB-nin Azərbaycan üzrə ölkə menece­ri S.Stallmeister qeyd edib ki, Azərbaycan həssas qruplar üçün əmək bazarını yaxşı­laşdırmaq üçün səylər göstərir: “Ancaq uyğunsuzluqlar, yüksək qeyri-rəsmi məş­ğulluq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır. Bu layihə ölkədə daha inklüziv, özəl sektorun liderlik etdiyi iqtisadi artımı gerçəkləşdir­mək üçün əsas olan bu problemlərin həl­linə kömək edir”.

Əlavə maliyyələşdirmə Azərbaycanın özünüməşğulluq proqramını istehsal və xidmət kimi yeni sektorlara genişləndir­məklə iqtisadi fəaliyyətin şaxələndirilmə­sini və şoklara qarşı dayanıqlılığı təşviq etməklə dəstəkləməyə davam edəcək. Bundan əlavə, bu maliyyələşdirmə bene­fisiarlara öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə etməyə imkan verəcək təkmilləşdirilmiş nağd pul əsaslı qrant sxemini sınaqdan keçirmək imkanı yaradacaq. 

AESP-nin insan kapitalı potensialının yüksəldilməsi, eləcə də məşğulluq xidmət­lərinin, bacarıqların artırılması və inklü­zivliyin səmərəliliyinə nail olunması kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin irəliləməsinə töhfə verəcəyi gözlənilir. Bundan əlavə layihə, həmçinin Azərbay­can hökuməti ilə müzakirə olunan DB Qrupunun Azərbaycan üçün Ölkə Tərəf­daşlıq Çərçivəsində (2025–2029-cü illər) vurğulanan daha məhsuldar və inklüziv iş yerlərinin təşviqi məqsədi ilə uzlaşır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək Azər­baycanda bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 60-a yaxın layihə həyata keçirilib. Ötən müddətdə bank tərəfindən ölkəmizdə reallaşdırılan 100-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələ­rinə, təxminən, 30 milyon dollardan artıq vəsait ayrılıb. Azərbaycanın uğurlu tərəf­daşlarından olan DB-nin maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və ir­riqasiya, kənd təsərrüfatı, ətraf mühit, əd­liyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

İqtisadiyyat