Dünən Azərbaycan Mərkəzi Bankında faiz dəhlizinin parametrləri ilə bağlı mətbuat konfransı keçirilib. Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, 2024-cü ilin iyul ayının yenilənmiş proqnozlarına görə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3,5-4 faiz, qeyri neft ÜDM-in isə 5,5-6 faiz artacağı gözlənilir. İyul ayının proqnozlarının aprel ayının proqnozları ilə müqayisədə dəyişmədiyini diqqətə çatdıran T. Kazımovun sözlərinə görə, 2025-ci ilə ölkəmizdə iqtisadi artım 2-2,5 faiz intervalında, qeyri-neft sektorunda iqtisadi artım isə 4-5 faiz intervalında olacaq.
Mövcud monetar şərtlərin inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəldiyini bildirən bank sədri deyib ki, yenilənmiş proqnozlara görə, hazırkı şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 faiz, 2025-ci illdə isə 5,5 faiz olacağı gözlənilir. Onun sözlərinə görə, inflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi, əsasən, manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi, eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. “Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq”, – deyə o əlavə edib.
2024-cü il üçün Azərbaycan neftinin orta qiymətinin 84,9 dollar, qazın 1000 kubmetrinin isə 296,1 dollar səviyyəsində proqnozlaşdırıldığını xatırladan Mərkəzi Bankın sədri qeyd edib ki, növbəti ildə bu rəqəmlərin müvafiq olaraq 83,8 dollar və 332,5 dollar olacağı nəzərdə tutulur. Azərbaycanda tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Taleh Kazımov, həmçinin deyib ki, Azərbaycan Mərkəzi Bankı baza ssenari əsasında cari əməliyyatlar balansının (CƏB) profisiti ilə bağlı bu ilin aprel ayında verdiyi proqnozu dəyişməyib. Onun sözlərinə görə, 3 ay əvvəl olduğu kimi, 2024-cü ildə CƏB üzrə 7 milyard ABŞ dolları, 2025-ci ildə isə 6 milyard ABŞ dolları profisit gözlənilir. Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərracları ilə bağlı jurnalistlərə məlumat verən bank sədri bildirib ki, bu sahədə tələbatın iki dəfədən çox artması, əsasən, dövlət büdcəsindən xərcləmələrlə bağlıdır. Qeyd olunub ki, cari ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş ediblər. Eyni zamanda, dövlət xarici borcu ilə bağlı 1 milyard manatdan çox ödəniş edib. Bütün bunlar isə valyuta hərraclarında satışın artmasına təsir göstərir.
Mətbuat konfransında Azərbaycanda bəzi kreditlərin faizinin artması məsələsinə də aydınlıq gətirilib. Bunun məcburi ehtiyat normalarının artırılması ilə bağlı olmadığını diqqətə çatdıran T. Kazımov deyib ki, əsas səbəb profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. “Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq”, – deyə o qeyd edib. Onun sözlərinə görə, yeni verilmiş kreditlər üzrə orta faiz həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla 2023-cü ilin dekabrında 15,3 faiz, cari ilin iyununda isə 15 faiz təşkil edib.
Həm dövlət xərclərinin, həm də tənzimlənən xərclərin inflyasiyaya təsirinin 2024-cü ilin və 2025-ci ilin sonuna kimi qiymətləndirildiyini diqqətə çatdıran bank rəhbərinin sözlərinə görə, proqnozlarda dəyişiklik olmasa, Mərkəzi Bankın faiz və pul siyasəti ilə qərararları sabit qalacaq, hər hansı makroiqtisadi çağırışlar olmadığı halda pul siyasəti sərtləşdirilməyəcək.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə isə ölkəmizin dünyanı birləşdirəcək “yaşıl taksanomiya” hazırlamaq niyyətində olduğunu bildirib. Hazırda 50-yə yaxın ölkənin “yaşıl” istiqrazlar və kreditlərlə bağlı taksanomiyası olduğunu diqqətə çatdıran baş direktor deyib ki, bununla belə, həmin taksanomiyalar arasında əlaqələr kifayət qədər deyil, onlar daha pərakəndədir. “Buradan da bizdə belə bir ideya yarandı ki, bütün ölkələri birləşdirəcək taksanomiya prinsiplərinin hazırlanmasında Azərbaycan təşəbbüskar kimi çıxış eləsin və dünyaya töhfə versin. Hazırda iki beynəlxalq qurumla bu istiqamətdə iş gedir. Bu taksanomiyanı da COP-da təqdim etməyi planlaşdırırıq”, – deyə o qeyd edib.
Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz, faiz dəhlizinin aşağı həddinin 6,25 faiz, faiz dəhlizinin yuxarı həddinin isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib. Qərar 2024-cü il avqustun 1-dən ən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il sentyabr ayının 18-də açıqlanacaq.