IV MƏQALƏ
Lider açıq oynayır.
Teodor Ruzvelt
Liderliyin tarixi missiyasının “sınması”: ABŞ nümunəsi
Tarixi təcrübəyə görə, hər bir müstəqil dövlət üçün yeni tarixi mərhələdə yeni milli ideyanın cəmiyyət tərəfindən qəbul edilməsi prinsipial xarakter daşıyır. Adətən, liderliyin tarixi missiyası bu nöqtədə “qırılır”. Belə halı XX əsrdə Almaniyada, Böyük Britaniyada, Misirdə, Fransada və indi ABŞ-də müşahidə edirik. Amerikada liderliyin tarixilik xəttinin “sınmasını” Arçi Braunun (tanınmış müasir Amerika politoloqu) bir ifadəsi yaxşı əks etdirir: “Amerika dövlət kimi özünü yeniləşdirə bilmir!”
İlk baxışdan paradoksal görünən bu tezisin arxasında tarixi faktlar dayanır. A.Braun 2016-cı ildə D.Trampın prezident seçilməsini Amerika cəmiyyətinin əksəriyyəti “güclü lider hakimiyyətə gəldi” kimi qəbul etdiyini yazır. Gözlənilirdi ki, güclü lider cəmiyyəti və dövləti də güclü dərəcədə yeniləşdirəcək. Lakin cəmi 5 il sonra ritorika dəyişdi: 2021-ci ildən başlayaraq, ABŞ cəmiyyəti “Tramp dəlidir” deyiminə üstünlük verdi (və ya elə göründü).
Amerika cəmiyyətində siyasi lider haqqında təsəvvürlərin “güclü obrazından dəli obrazına transformasiyası” onu göstərir ki, Trampın dövləti yeniləşdirmək cəhdi baş tutmamışdır. Əslində, o bunu əsas tezisində ifadə edirdi: “Öncə Amerika!” Yəni “Amerika dünya lideridir” ideyası uğurla “Öncə Amerika!” ideyasına transformasiya olmadı. Bu da uzun illərdir ki, ABŞ-nin dövlət kimi imicini formalaşdıran, onu tarixi edən ideyanın yeni ideyaya keçid edə bilmədiynin göstəricisidir. XIX əsrdən başlayaraq ABŞ prezidentləri müəyyən yeni ideyaları ilə seçiliblər.
Müxtəlif mərhələlərin prizmasında
XIX əsrin başlanğıcında Tomas Ceferson kilsənin dövlətdən ayrılması ideyasının banilərindən biri sayılır. Bu, ideya ABŞ dövlətçiliyinin sonrakı taleyində təsirli rol oynamışdır.
XIX əsrdə başqa bir ABŞ Prezidenti Ceyms Medison ölkə Konstitusiyası və haqlar haqqında “Bill”in müəlliflərindən olmuşdur. Onun bir məşhur kəlamını Amerikada çox sevirlər: “Bilik həmişə cahillikdən güclü olacaq!”
Yenə XIX əsrdə Ceyms Monro məşhur “Monro doktrinası”nın müəllifidir. Onun bir fikri Amerika cəmiyyətinin ideya anatomiyası sayıla bilər: “Milli ləyaqət ən yüksək milli sərvətdir!”
Prezident Con Adams – XIX əsr: “əgər sizin hərəkətləriniz başqalarını daha çox arzu etməyə, daha çox öyrənməyə, daha çox iş görməyə və ən yaxşı olmağa ruhlandırırsa, onda siz əsl lidersiniz!”
Avraam Lonkoln XIX əsrdə ABŞ Prezidenti, vətəndaş müharibəsini dövlətin xeyrinə bitirən dövlət rəhbəri. Əsas ideyası: “Yeni azadlığın yaranışı!” Bununla A.Linkoln yeni ideyası ilə tarixi liderlik səviyyəsinə yüksəlmişdir.
XIX əsrin sonu XX əsrin başlanğıcında prezident olmuş Uilyam Makkinli yeni ideya vermişdir: “Vətənpərvərlik, təhlükəsizlik və çiçəklənmə!”
XX əsrdə prezident olmuş Teodor Ruzvelt ABŞ üçün tarixi işlər görmüşdür. Başlıca ideyaları: “Hər bir kəs üçün ədalət!” və “Yeni millətçilik!”
XX əsr – Franklin Ruzvelt ABŞ-ni iqtisadi böhrandan çıxaran “yeni kurs siyasəti”nin müəllifi.
Con Kennedi – XX əsrin ikinci yarısı, prezident. “Yeni üfüq” ideyasının müəllifi! 47 yaşında qətlə yetirilmişdir ki, bununla ABŞ üçün “yeni üfüq” də bağlanmışdır.
Riçard Nikson XX əsrin ikinci yarısı, prezident. H.Kissincer onun liderliyini “tarazlıq strategiyası” adlandırmışdır ki, bunu da tarixi hesab edirlər.
Ronald Reyqan ABŞ-ni böhrandan xilas edən prezident. “Amerikada yenidən səhər açıldı” şüarının müəllifi!
Bill Klinton “Amerikanı dəyişmək zamanıdır” və “XXI əsrdə körpü” ideyalarını irəli sürmüşdür. Yəni, B.Klinton inanırdı ki, ABŞ yeniləşməlidir.
XXI əsr kiçik Corc Buş. Əsas ideyası “nəticəverici islahatçı” idi. Yəni B.Klinton kimi kiçik C.Buş da hesab edirdi ki, ABŞ-da total islahatlar aparılmalıdır. Ancaq tarixdə İraq işğal savaşı ilə yadda qaldı.
Barak Obama XXI əsr, prezident. “İrəli” ideyasını irəli sürmüşdü. Bir neçə müharibə aparan və Amerikada səhiyyə sahəsində “Obamacare” adlandırılan islahatlar proqramının müəllifi kimi tanınır.
Donald Tramp “Amerikanı yenidən möhtəşəm edək!” ideyasının müəllifi. Onun “Öncə Amerika!” deyimi çox məşhurdur.
Nəhayət, Co Bayden sonuncu prezident. Əsas ideyası “Amerikanı yenidən dirçəldək”. Lakin indi əksəriyyət ABŞ-nin yenidən durğunluğa düşdüyü qənaətindədir.
Yarımçıq cəhdlər
Bir qədər uzun görünən bu siyahı, əslində, iki əsrdən çox bir müddətdə ABŞ-nin liderlərinin onu yeniləşdirmə cəhdlərinin dinamikasını əks etdirir. Belə görünür ki, müxtəlif ara mərhələdən asılı olmayaraq, hələlik, Amerikada tarixi liderliyin kriteriyaları müəyyən olunmamışdır. Eyni zamanda, dövlət kimi yeniləşmənin ümumi yönünü tapa bilmirlər. Belə olmasaydı, D.Tramp üçün yeniləşmə C.Bayden üçün tənəzzül və bir çox amerikalı üçün “dəli liderin sayıqlamaları” olmazdı.
Bundan sonra ABŞ-də tarixi liderliyin hansı əlamətlər üzrə müəyyən ediləcəyini demək çətindir. Lakin bu təcrübə göstərir ki, müasir mərhələdə dövləti və cəmiyyəti yeniləşdirmək olduqca məsuliyyətli və çətin məsələdir. Burada, yuxarıdakı nümunələr də göstərir ki, dövlət qüdrətli olsa belə, əsas məsələ yeni milli ideyanı milli və dövləti maraqlara uyğun məzmunlaşdırmaqla bağlıdır.
Görünür, burada yeni ideyanı məzmunlaşdıran zaman liderin strateji zəkasının təsir dərəcəsi faktoru ciddi rol oynayır. Bu məsələ üzərində dayanaq.
Liderin strateji zəkasının təsir dərəcəsi
Özlüyündə bu, hər bir müstəqil dövlət başçısı üçün aktualdır. Heç zaman avtomatik reallaşmır. Bunun üçün xüsusi hazırlıq və fəaliyyət üsulları lazımdır. İlham Əliyev yeni tarixi mərhələ üçün strateji zəkasının təsir dərəcəsini geniş yaya biləcək yanaşmadan uğurla istifadə edir. Onu sübut edən dörd faktın üzərində dayanmaq istərdik.
Birincisi, II Qarabağ savaşı zamanı Azərbaycan həqiqətlərinə dünyanı inandırmaq.
İkincisi, 2020-2024-ci illərdə ictimaiyyətlə dialoq qurmaq. Bunun tərkibində 2024-cü ilin başlanğıcında yerli jurnalistlərlə görüşdə ölkənin aktual problemlərini bəyan etmək.
Üçüncüsü, prezident seçiləndən sonra andiçmə mərasimində yeni tarixi mərhələdə qarşıda duran vəzifələri dəqiq ifadə etmək.
Dördüncüsü, II Şuşa Qlobal Media Forumunda dünya KİV nümayəndələrinə informasiya sahəsində aktual olan poblemləri anlatmaq.
Vurğulanan məqamlar, bütövlükdə, yeni tarixi mərhələ üçün ciddi təsiredici rol oynayan məsələlərin ictimaiyyətə anladılması ilə sıx bağlıdır. Bununla faktiki olaraq dövlət başçısı yeni milli ideyanın zəruriliyini ortaya qoyur. Eyni zamanda, yeni tarixi dövrdə Azərbaycan və dünya üçün aktual olan bir sıra məsələləri izah edir və çıxış yollarını göstərir.
Zəfər savaşı və Azərbaycan həqiqətlərinin anladılması
Prezident İlham Əliyev mühairbənin gedişində jurnalistlərlə ünsiyyətə ciddi fikir vermişdir. Prezident 44 gün ərzində 30-dan çox müsahibə vermişdir. Onlar xarici jurnalistləri maraqlandıran suallar idi.
Müsahibə zamanı Azərbaycan Prezidentinin müsahibinə hörmətlə yanaşması, fikirlərini aydın və məntiqi ifadə etməsi, hər bir məqamda Azərbaycan həqiqətlərini lakonik və inandırıcı ifadə etməsi və sülh tərəfdarı olduğu qarşı tərəfə tam aydın olmuşdur.
Müsahibələrdə ifadə edilən cavablar o dərəcədə inandırıcı olmuşdur ki, qısa müddətdə onu dinləyənlərin fikri Azərbaycan haqqında kardinal surətdə dəyişmişdir. Bu zaman İlham Əliyev çəkinmədən ölkəyə atılan şər-böhtanlar haqqında açıq danışmışdır. Nəticədə Azərbaycan Prezidenti qlobal miqyasda rəyləri ölkəmizin xeyrinə dəyişə bilmişdir. İnsanlar Azərbaycanın haqq uğrunda, öz müstəqilliyi və ərazi bütövlüyü üçün savaşdığını qəbul etmişlər.
Prezident İlham Əliyevin müsahibələrdə nümayiş etdirdiyi yüksək informasiya ünsiyyəti mədəniyyəti, ədalətliliyi və müstəqil lider olması geniş miqyasda öz təsirini göstərmişdir. Bu hadisə ona görə tarixidir ki, lider 44 günə həm qalibiyyətli müharibə aparmış və həm də çox çətin şərtlər daxilində rəhbəri olduğu dövlətin haqlı davrandığını sübut etmişdir.
Bu cür informasiya savaşı yalnız yüksək zəkaya sahib olanları qələbəyə aparıb çıxara bilir. Müqayisə üçün deyək ki, postsovet məkanında heç bir lider ölkəsinin haqlı olduğunu dünyaya tam sübut edə bilməmişdir. Məsələn, M.Saakaşvili ideya kimi nələrəsə dünyanı inandırdı, lakin praktiki olaraq dəstəyi ala bilmədi. Deməli, inandırma tam olmamışdır.
Yerli jurnalistlərlə ünsiyyət
Prezident İlham Əliyev 2024-cü ilin yanvarında Azərbaycan televiziya kanallarının jurnalistləri ilə dialoq qurmuşdur. Həmin dialoqda Prezident Azərbaycanın qarşısında duran əsas məsələləri konkret ifadə etmişdir. Məsələn, Prezident bəyan etmişdir ki, yeni tarixi dövr başlayır. Onun təməli II Qarabağ savaşı və ondan əvvəl 1993-2003-cü illərdə Heydər Əliyevin fəaliyyəti mərhələsində qoyulmuşdur. Bu səbəbdən yeni tarixi mərhələni o dövrdə aparılan işlərin təməl təşkil etməsi şərti ilə xarakterizə etmək olar. Bununla bərabər, İlham Əliyev Azərbaycan cəmiyyəti üçün bir neçə baza tezisi də söyləmişdir.
Məsələn, yeni milli ideyanın müəyyən edilməsi, yeni gənc nəslin vətənpərvər ruhda tərbiyəsi, yeni texnologiyaların geniş tətbiqi, ailə sisteminin daha da gücləndirilməsi, ölkənin müdafiə qüdrətinin daim artırılması, xarici siyasətin yeni tarixi mərhələnin özəlliklərinə uyğun inkişaf etdirilməsi, sosial-iqtisadi tərəqqiyə davamlı olaraq istiqamətlənməsi, Türk dünyası ilə əlaqələrin daha da inkişaf etdirilməsi və s.
Onların sistem halında tətbiqi Azərbaycanı dövlət və cəmiyyət olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəltməlidir. Dövlət başçısı yerli jurnalistlərə bu barədə o dərəcədə inandırıcı bəhs etdi ki, dərhal toplum tərəfindən qəbul edildi. Azərbaycan cəmiyyəti kollektiv olaraq bu ideyaları cəmiyyətin yenilənməsinin mənəvi aspektdə aparıcı faktor olaraq görməyə başladı. Onlar bəyan ediləndən cəmiyyətin yeni tarixi mərhələ haqqında təsəvvürlərinin təməlində dayandı. Xüsusilə, yeni milli ideyanın məzmunlaşması məsələsinə cəmiyyət çox həssas yanaşdı. Ziyalılar aktiv surətdə onun müzakirəsinə başladılar. Burada elmi araşdırmalarla konkret tezislərin formalaşdırılması paralel aparıldı.
Deməli, cəmiyyət bütöv kollektiv səviyyəsində Prezidentin ölkənin gələcəyi ilə bağlı irəli sürdüyü əsas tezisləri yeni tarixi dövrün komponentləri olaraq qəbul etmişdir. Bu da Prezidentin strateji zəkasının milli miqyasda təsir dərəcəsinin yüksək olduğunu göstərir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru