“Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik”. Bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib.
O bildirib ki, tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb: “Hər iki ölkə üçün düşmənçilik səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunun təbiətini dəyişmək, onu yaxın qonşuluq, sülh və sabitlik bölgəsinə çevirmək üçün tarixi imkan yaranıb. Bu proses uzun müddətdir davam edir. 30 ilə yaxın vasitəçilik danışıqları aparılıb. Lakin ötən ilin dekabrında hər iki ölkə danışıqları aparmaq və yekunlaşdırmaq üçün ən effektli və perspektivli formatın ikitərəfli və birbaşa formatda olması ilə bağlı qərara gəldi. O vaxtdan qarşılıqlı etimadın qurulması və müəyyən proseslərin davam etməsi, o cümlədən diplomatik dəstək mübadiləsi, bəzi həbsdə saxlanılanların azad olunması, sərhədlərin delimitasiyası üçün əməli işlərin başlanılması daxil olmaqla əhəmiyyətli nailiyyətlər əldə olunub”.
Elçin Əmirbəyov əlavə edib ki, masa üzərində olan sülh sazişinin mətninə baxdıqda demək mümkündür ki, onun yekunlaşmasına çox yaxınıq: “Azərbaycanın istəyi beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılamaq üçün əlindən gələnin ən yaxşısını etməkdir. Amma eyni zamanda, Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir. Biz ümid edirik ki, yerdə qalan çətinliklər qısa zamanda lazımi qaydada həll olunacaq və biz etibarlı, davamlı və geri dönülməz sülhə nail olacağıq”.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır. Sülh sazişinin mətninə baxdıqda öhdəsindən gəlinməyəcək başqa çətinlik görünmür.
“Bu yaxınlarda da qeyd edildiyi kimi, sülh sazişinin mətninin əksər hissəsi artıq razılaşdırılıb və geri qalan hissələri də həll oluna biləndir. Lakin biz münaqişənin mövcud olan ən böyük səbəbinə göz yumaraq irəli gedə və sülh sazişini imzalaya bilmərik. Bu səbəb isə odur ki, Ermənistanın bizə qarşı ərazi iddiaları var idi və bu iddialar konstitusiya hüququna əsasən hələ də aktualdır. Bu məsələ nə qədər tez həll olunsa, biz sonuncu mərhələyə o qədər tez yaxınlaşacağıq”,- deyə Elçin Əmirbəyov qeyd edib.
O bildirib ki, ABŞ hər zaman geniş mənada Xəzər regionunda, o cümlədən Cənubi Qafqazda sabitliyin və mehriban qonşuluğun təbliğ olunmasında vacib rol oynayıb. Rəsmi Bakı ABŞ-ın Azərbaycanın siyası müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.
“Bizim müxtəlif sahələrdə 30 ildən çox davam edən intensiv əməkdaşlığımız mövcuddur. Ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli və məhsuldar əməkdaşlıq var. Həmçinin biz böyük regional və beynəlxalq çağırışlara cavab vermək üçün birlikdə işləmişik. Azərbaycan əsgərləri Əfqanıstan, Kosovo və İraq kimi qaynar nöqtələrdə amerikalı hərbçilərlə çiyin-çiyinə döyüşüb və biz Kabil Hava Limanını ən son tərk edənlərdənik”, - deyə Elçin Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, regionda iki xalqın münaqişə və rəqabəti bitirməsi, bölgədə rifah, stabillik və inkişaf naminə yeni dövrün başlatması Ermənistanla da çox yaxşı əlaqələrə malik olan ABŞ-ın da marağındadır: “Biz ABŞ-ın prosesin daha da irəliləməsini asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir edirik. Düşünürəm ki, belə təlatümlü zamanda dünyada sülh üçün yaxşı imkanın olduğu və məsələnin müsbət həllinin baş verəcəyi ən azı bir nöqtə tapmaq sevindirici haldır”.
Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı açıqlamalarını diqqətə çatdıran E.Əmirbəyov deyib: “Konstitusiya dəyişikliyinin Ermənistanın baş naziri Nikol Paşinyan üçün nə qədər çətin olmasından danışarkən unutmamalıyıq ki, o, ən çətin işi artıq edib. O, açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur. N.Paşinyan hətta Azərbaycan ərazisi hesab etdiyi ərazini kvadrat kilometrinədək qeyd edib. Ölkənin xarici işlər naziri isə sülh sazişi layihəsinə daxil edilmiş 5 fundamental baza prinsipini qəbul etdiklərini açıqlayıb. Prinsiplərdən biri ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Bu da indi və gələcəkdə istənilən ərazi iddiasından imtina etmək deməkdir. Paşinyandan gözlənilən onun ritorika və siyasi bəyanatlarını real vəziyyətə uyğunlaşdırmasıdır. Əgər o, sadəcə olaraq deyirsə ki, bu məsələni həll etmək onun üçün çətindir, çünki ölkə daxilində çətinliklərlə üzləşəcək, bu, bizim üçün zəif arqumentdir. Bizim ondan gözlədiyimiz baş nazir kimi elan etdiyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması, Ermənistanın ona qarşı iddialarının olmaması və bunun əsasında da qonşuları ilə əlaqələrini normallaşdırmağa hazır olması barədə bəyanatlarını icra etməsidir. Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir. Təsəvvür edin ki, biz bu sazişi imzalayırıq və bir müddət sonra Ermənistanda yeni hökumət hakimiyyətə gəlir və bildirir ki, saziş əvvəlki baş nazir tərəfindən imzalanıb və legitim deyil, çünki konstitusiya ilə ziddiyyət təşkil edir. Bu, o deməkdir ki, onlar gələcək revanşist ritorikalar üçün qapıları açıq saxlayırlar. Ona görə də, sülhün əldə olunmasını istəyən heç bir kəs bu məsələni gözardı edə bilməz”,- deyə Elçin Əmirbəyov qeyd edib.
Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşmasının hərtərəfli olduğunu qeyd edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Ermənistan və Türkiyə arasında əlaqələrin inkişafının Ermənistanla Azərbaycan arasında münasibətlərdə əldə edilə biləcək irəliləyişdən asılı olduğunu Türkiyə anlayır. “Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır”, - deyə Elçin Əmirbəyov əlavə edib.
O, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun 29 ildə edə bilmədiyini Azərbaycanın təkbaşına etdiyini vurğulayaraq bildirib ki, əvvəlki illərdə Fransa bərabər münasibət nümayiş etdirməyə çalışsa da, İkinci Qarabağ müharibəsindən sonra iki ölkədən birini tam dəstəkləməyə başlayıb. “Ona görə də, bunlar hazırda müşahidə etdiklərimizin başlanğıc nöqtəsi kimi qəbul olunmalıdır. Fransa bu gün sülh prosesinə ən azından hiss olunacaq şəkildə cəlb olunmayıb. Bu tək Fransa ilə Azərbaycan münasibətləri ilə yox, həm də Azərbaycan və Ermənistanın sülh prosesini birbaşa ikitərəfli formatda aparmaq və yekunlaşdırmaq qərarı ilə bağlıdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, müharibə başlayandan Fransada istər icraedici hakimiyyətin, istər parlamentin 2 palatasının, istərsə də çoxsaylı bələdiyyələrin və digər seqmentlərin ictimai şəkildə ifadə etdiyi mövqe beynəlxalq hüquqa ziddir: “2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın etdiyi ədalətin bərpası idi. Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq apardığı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Fransanın tək Azərbaycan deyil, həm də beynəlxalq hüquqa qarşı qərəzli mövqeyi anlaşılan deyil. Münasibətlərin korlanmasının əsas səbəbi budur. Ümid edirəm ki, bu mövqe sona yetəcək və Fransa beynəlxalq ictimaiyyətin digər üzvləri kimi regionun yeni reallıqlarını və nəhayət, yeni status-kvonu qəbul edəcək”.