İrəvan “va-bank” gedir?

post-img

Paşinyan hökuməti sülh yolunda duran real maneələri aradan qaldırmaq istəmir

Bunu birinci dəfə deyil ki, müşahidə edirik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə gülünc bəyanatla çıxış edib. Hayların baş diploma­tının sözlərinə görə, “sərhəd insidentləri və silahlara nəzarət mexanizmlə­rinin yaradılması təklifinə Bakı hələ də cavab verməyib”. Ermənistan yenə də Azərbaycanı nədəsə, nəyə görəsə qınamaq taktikasını seçib. 

Ararat Mirzoyan Kipr Respublikasına rəsmi səfəri zamanı kiprli həmkarı Kons­tantinos Kombos ilə birgə mətbuat konf­ransında Ermənistanla Azərbaycan arasın­da sülh prosesi ilə bağlı qəribə açıqlamalar verib. Ondan başlayaq ki, Mirzoyan yenə Azərbaycanın Qarabağ bölgəsindən Ermə­nistana könüllü köçmüş ermənilərlə bağlı ağ yalanları üfürüb. “Biz Kiprin Dağlıq Qarabağdan zorla köçürülmüş ermənilərə göstərdiyi yardımı yüksək qiymətləndiri­rik”,– deyən Mirzoyan ardınca Ermənista­nı sülh danışıqları prosesində konstruktiv tərəf kimi qələmə verməyə çalışıb.

O, tərəflərin ərazi bütövlüyünün qar­şılıqlı tanınmasını təsbit edən 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbay­canla sülh müqaviləsinin imzalanmasının vacibliyini Kombosun diqqətinə çatdırıb. Yəni, hay diplomat məsələnin mahiyyətini elə formada təqdim edir ki, sanki Alma-Ata Bəyannaməsinin İrəvan üçün müstəs­na əhəmiyyəti var. İndi Mirzoyana xatır­latmağı zəruri sayırıq ki, 2020-ci il Vətən müharibəsinə qədər Ermənistan nəinki Azərbaycan torpaqlarını işğal altında sax­layıb, o cümlədən Alma-Ata bəyannaməsi­nin Azərbaycanla münasibətlərə tətbiqinə imkan verməyən ayrıca qeyd-şərtlə rati­fikasiya edib. Mirzoyanın yadına onu da salaq ki, Ermənistanın 44 günlük mühari­bədən sonra müvəqqəti olaraq Rusiya sül­hməramlılarının məsuliyyət zonasındakı ərazidən qoşunlarını çıxarmaqdan imtina­sı, faktiki olaraq, Alma-Ata Bəyannamə­sinə əməl etmək barədə düşünmədiyinin göstəricisi idi. Deyilənlərə onu da əlavə edək ki, 2022-ci ilin oktyabrında İrəvan və Bakı Praqada razılığa gələndən, hətta baş nazir Nikol Paşinyan Qarabağın Azərbay­can torpağı olduğunu bəyan etdikdən sonra da Ermənistan hakimiyyəti qoşunlarının tör-töküntüsünü Qarabağdan çıxarmağa tələsmirdi. Yalnız 2023-cü il sentyabrın 19-20-də bir sutkalıq antiterror tədbiri həm fərari ordunun qalıqlarını, həm də Xankən­didəki separatçı rejimi Azərbaycan ərazi­sindən qovub çıxardı.

* * * 

Əslində, Ermənistan xarici işlər naziri A.Mirzoyan Lefkoşada üfürdüyü feyk te­zisləri ilə heç də Amerikanı təzədən “kəşf eləməyib”. Bu, rəsmi İrəvanın çox sevimli taktikasıdır. Açıq-aşkar görünür ki, Ermə­nistan rəhbərliyi sülh prosesini ləngidir, rəsmən üzərinə götürdüyü öhdəlikləri ye­rinə yetirməkdən imtina edir, özündən mü­cərrəd yeni “şəraitlər” uydurur, hər vasitə ilə prosesi uzatmağa çalışır. İndi də dün­ya ictimaiyyətini hər şeydə Azərbaycanın günahkar olduğuna inandırmaq taktikasını yenidən işə salıb. Nəhayət, Mirzoyanın Kipr səfərinin yekunları barədə deforma­siyaya uğramış diplomatik təfəkkürünün açıqlaması: “Mən sərhədlərin demarkasi­ya prosesinin Alma-Ata Bəyannaməsində göstərilən 1991-ci il sərhədinə əsaslanan prinsiplərlə davam etdirilməsinin vacibli­yini də vurğuladım. Hesab edirəm ki, bu mövqe aydın və ardıcıldır. Bundan başqa, sərhəddə baş verən insidentlərə və silah­lara nəzarət mexanizminin yaradılmasına dair təkliflərimiz hələ də qüvvədədir”. 

Artıq neçənci dəfədir ki, Avropada təhsil almış Ermənistan xarici işlər nazi­rinin xəyali, uydurma nüanslarla zəngin, özünütəlqin seanslarının nəticəsi kimi ortaya çıxan və real problemlərdən danış­maq əvəzinə sağlam məntiqə sığmayan mülahizələrinin şahidi oluruq. Ermənistan bir tərəfdən mütəmadi olaraq şərti sərhəd­də insidentlər yaradır, digər tərəfdən isə bu cür insidentlərə nəzarət mexanizminin yaradılması “ideyası” ilə çıxış edir. Bu za­man məsələni elə təqdim etməyə çalışır ki, guya, şərti sərhəddə təxribatları özü deyil, Azərbaycan yaradır. İrəvanın son “ideya­sı”nın ikinci hissəsində göstərilən silahlara nəzarət məsələsinə gəldikdə isə bu, ümu­miyyətlə, utopiya sayıla biləcək təklifdir. Nə vaxt və harada görünüb ki, müharibə­də uduzan tərəf qalib ölkəyə belə tələblər irəli sürsün? Sanki söhbət bərabər gücə malik iki ölkədən, yaxud, məsələn, NATO və Varşava Müqaviləsi kimi hərbi bloklar arasında uzun müddət davam edən qarşı­durmadan gedir. 

* * *

“Bu məsələlərin kökündə duran əsas tələb Ermənistanın bu proseslərdə siyasi qətiyyətinin olmamasıdır. İndi İrəvan is­teblişmenti, bir növ, çaş-baş qalıb. Bilmir­lər Vaşinqtonu eşitsinlər, Brüsseli eşitsin­lər, Parisi eşitinlər, yoxsa Moskvanı”. Bu fikirləri mövzu ilə bağlı “XQ”-yə açıqla­masında dilə gətirən siyasi icmalçı Tofiq Abbasov hazırda Ermənistan rəhbərliyinə hər tərəfdən təzyiqlərin olduğunu dedi: “Azərbaycan sağa-sola baxmadan qərarla­rını özü verir. Amma Ermənistan, təəssüf ki, idarə olunann satellit bir məmləkətdir. 17 kilometrlik sərhədin delimitasiyasından sonra Nikol Paşinyana daxildən və kə­nardan hansı təzyiqlərin olduğunu bilirik. Yekun qərar vermək qorxusu onu həm də hakimiyyətinin qeydinə qalmağa məcbur edir. Əgər o, cəsarətini toplayıb, ölkəsinin konstitusiyasında dəyişikliyə birmənalı şə­kildə getsə, Azərbaycan və Türkiyə sülhün qaçılmaz olduğunu bəyan etsə, indi çətin görünən məsələlərin müqəddəratı tam ay­dın olacaq. Onsuz da bu proseslərdə Bakı­nın qalib gələcəyi onun özünə tam aydın­dır. Bəli, Azərbaycanın gündəmə gətirdiyi bütün məsələlər öz həllini tapmalıdır. İrə­van qarşıdurma, nifrət, revanşist düşün­cənin faydasızlığını, çıxış yolunun yalnız və yalnız barışıqdan keçdiyini anlamalıdır. Ararat Mirzoyanın Vaşinqtonda, Parisdə, yaxud Lefkoşada suyu “bulandırmasını” isə daxildəki lümpen kütləyə hesablanmış diplomatik addım kimi dəyərləndirmək daha doğru olar”. 

Aydın məsələdir ki, bu cür gülünc tək­liflərə Bakının cavab verməsini gözləməyə dəyməz. Ararat Mirzoyan özünün Lefko­şa “tezisləri” ilə İrəvanın sülh danışıqla­rında irəliləyişə nail olmaq, bu məqsədin qarşısında duran süni maneələri aradan qaldırmaq istəmədiyini bir daha nümayiş etdirmiş oldu. Rəsmi İrəvanın son vaxtlar tez-tez istinad etdiyi Alma-Ata Bəyan­naməsinin əsas prinsiplərindən biri – ərazi bütövlüyünə hörmətlə yanaşma prinsipi bu ölkənin əsas qanununda pozulur. Ha­yastan konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının yer aldığı müddəa­lara görə həmin bəyannamə Ermənistanın boynuna qoyur. Gərək biz də bu hüquqi nüansı İrəvanın diqqətinə mütəmadi çatdı­raq ki, sərhəddə insidentlərdən danışanda kəkələməyə yol verməsin. Bu məqamda Qərbi Azərbaycan İcmasının bəyanatın­dan bir parçanı oxucuların nəzərinə çat­dırmağı zəruri saydıq: “Ararat Mirzoyanın Azərbaycanın sərhəd nəzarəti və silahlara nəzarət mexanizmlərinin yaradılması tək­lifinə cavab verməməsi ilə bağlı sözləri tamamilə qeyri-səmimi və mənasız bir cəhddir. Özünü beynəlxalq aləmdə kons­truktiv tərəf kimi təqdim etməyə çalışan Ermənistan 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada çoxtərəfli adi si­lahlara nəzarət mexanizmlərini tapdalayan, Azərbaycan ərazilərini işğal edən, qoşun və silah yerləşdirən Ermənistanın hər hansı digər silahlara nəzarət mexanizmini necə “uyacağına” heç kim şübhə etmir”. 

Qərbli kuratorlarının şirin vədlərindən illüziyalara qapılan Hayastan, bir növ, ma­zoxist zövqlə nizəni yavaş-yavaş öz aya­ğına sancır. Yəni, bütün ağrılara və onun ardınca gələcək fəsadlara baxmayaraq, “va-bank” gedənə oxşayır. İntəhası, İrəvan belə təhlükəli oyunların sonda ölümlə bitə biləcəyini də unutmamalıdır. 

* * *

Qayıdaq hayların baş diplomatının Lefkoşa turnesinə. Mirzoyanın Kipr ada­sının yunan hissəsinin xarici işlər naziri ilə birgə mətbuat konfransında səslən­dirdiyi fikirlər, təəssüf ki, rəsmi İrəvanın uzun aylar davam edən müzakirələrdən və danışıqların yekunlaşması istiqamətində hərəkətliliyə buxov vurmaq niyyətindən xəbər verir. Ermənistan rəhbərliyi, yenə də danışıqları ləngitmə taktikasına üstünlük verib. İrəvandakı özəl mənbələrin yaydı­ğı xəbərlərə görə, Nikol Paşinyan artıq Moskva ilə barışmağa cəhdlər edir. Əgər deyilənlər doğrudursa, çox güman ki, o, bu addımı hakimiyyəti əlində saxlamaq üçün edir. Rusiya Xarici İşlər Nazirliyi­nin rəsmi nümayəndəsi Mariya Zaxarova­nın Moskvanın Bakı və İrəvana dialoqun davam etdirilməsi üçün maksimum şərait yaratmağa, danışıqların hazırlanması və imzalanmasında hərtərəfli yardım göstər­məyə hazır olması barədə açıqlaması da hayların baş naziri üçün vəziyyətin məhz bu məcrada inkişaf etdiyini birmənalı təs­diqləyir. Belə görünür ki, Cənubi Qafqazda kənar aktorların güclər balansının dəyiş­məyə doğru getdiyini nəzərə alan Paşin­yanın təklif olunan şərtlərlə razılaşmaqdan başqa yolu qalmayacaq.

Axı, ermənipərəst kollektiv Qərb də Nikol Paşinyan rejimini xilas etməyə hazır deyil. Onlar hesab edirlər ki, əgər Paşinyan ölkə daxilindəki vəziyyətə nəzarət etmək iqtidarında deyilsə, deməli, uduzan tərəflə yolu davam etməyə heç bir əsas yoxdur. Ondansa Ermənistanda yeni lider “yetiş­dirmək” və ya ölkədəki xaosdan istifadə edərək, Paşinyanın komandasının yerinə marionet hökumət quraşdırmaq Qərb üçün daha cəlbedici ssenaridir. 

Ümid edirik ki, bütün bunları nəzərə almağa qadir Ermənistanda rasional dü­şünən siyasətçilər və məmurlar revanşizm vəsvəsəsinə qalib gələcək və cəmiyyəti dinc həyata, quruculuğa və tərəqqiyə doğ­ru apara biləcəklər.

İmran BƏDIRXANLI
XQ





Siyasət