Milli varlığımızın əsas nişanı

post-img

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,fəlsəfə doktoru

Bu gün ölkəmizdə Ana Dili Günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün. Həyatımızın adi günlərin­dən birini yaşasaq da, heç bir məhdudiyyət olmadan ana dili­mizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar. 

Arazın o tayında milyonlarla doğma qardaşımızın bu dildə danışmaq və düşün­mək imkanının o qədər də çox olmadığını xatırlayanda ana dilinin nə qədər doğma və müqəddəs olduğunu, nə qədər böyük dəyər kəsb etdiyini hiss etmək heç də çətin deyil. Tarix boyu torpaqlarımızın itirilmə­si, təbii sərvətlərimizin talan olunması, ta­rixi-mənəvi dəyərlərimizin aşındırılması və unutdurulması ilə bərabər, doğma dilimiz də zaman-zaman diskriminasiyaya məruz qalıb. Çox da uzaq olmayan tariximizdə 200 ilə yaxın bir müddətdə torpaqlarımızda aparılmış aqressiv ruslaşdırma siyasətinin acı xatirələri hələ də unudulmayıb və unu­dulmamalıdır. Təkcə XX əsrin 1-ci yarı­sında əlifbamızın iki dəfə dəyişdirilməsi məqsədli şəkildə milli, mədəni, intelektual inkişafın qarşısına çəkilən sədlər deyildi­mi?! Və ya 1926-cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda keçirilmiş I Türkoloji qurultayın, demək olar ki, bütün iştirakçı­larının az sonra repressiyaya məruz qalma­sı ana dilimizə qarşı törədilmiş ən böyük terror deyildimi?! 

Bu dilin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürül­məsi uğrunda zaman-zaman milli ruhlu vətənpərvər və maarifpərvər babalarımızın müxtəlif rejimlərin repressiya dalğalarında şəhid olduğunu xatırlayanda Ana Dili Gü­nünün ayrıca qeyd olunmasının zəruri ol­duğuna heç bir şübhə qalmır. Ana dilimizi sevmək, qorumaq, inkişaf etdirmək o qəh­rəman babalarımızın ruhuna hörmətimizin və əməllərinə sədaqətimizin rəmzidir.

Ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir. Yaşadığı coğrafiyadan asılı ol­mayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz tarixin müxtəlif dönəmlərində ən ağır təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxla­maqla bərabər, həm də böyük inkişaf yolu keçib.

İstənilən dilin varlığını, yaşamasını təmin edən ən böyük amil, əlbəttə, o dilin daşıyıcısı olan xalqdır. Yer üzündə möv­cud olan hər bir xalq ilk növbədə özünə məxsus milli dili ilə digər toplumlardan fərqlənir və öz identikliyini tapır. Hər bir millət və xalq öz dilində danışdıqları və ya­ratdıqları ilə digərləri tərəfindən tanınır və dəyərləndirilir. Dilin dövlət dili statusuna yüksəlməsi isə milli müstəqillik ideyaları­nın gerçəkliyə qovuşması ilə baş verə bilən siyasi hadisədir. Şah İsmayıl Xətaidən bu günə qədər ana dilimizin keşməkeşli tarixi onu göstərir ki, hər bir cəmiyyətdə dilin inkişafı milli müstəqillik ideyalarına sadiq liderlərin siyasi iradəsi və qətiyyəti ilə sıx bağlıdır.

Səfəvilər hakimiyyətindən sonra yal­nız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olma­sına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respubli­kasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İmam Musta­fayev dərhal öz vəzifəsindən uzaqlaşdırıl­mışdı. 

1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyev ana dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillər üçün mü­hafizə edilməsi istiqamətində müstəsna xidmətlər göstərdi. 1978-ci il aprelin 2-də keçirilən IX çağırış Ali Sovetin 7-ci sessi­yası Azərbaycan Sovet Sosialist Respub­likası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyada­kı tarixi çıxışı Konstitusiyanın 73-cü mad­dəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir za­manda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq, əlbəttə, böyük cəsarət və iradə tələb edirdi. O zamanlar­da belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcəyini yaxşı bildiyinə baxmayaraq, Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Heydər Əli­yevin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi. 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin dekabrında Azərbay­canda latın qrafikalı əlifbaya keçid barədə qəbul edilmiş qərarın icrası illərlə uzanır­dı. Nəhayət, Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, keçid prosesi başa çatdırıldı və 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə, müəssisə və təşkilatlar, Azərbaycan dilində olan nəşrlər latın qrafikalı əlifbaya keçdi.

2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanda Azərbay­can xalqının tarix boyu müxtəlif əlifbalar­dan istifadə etdiyi diqqətə çatdırılır və ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbay­can ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq, xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfək­kirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin 2-ci ya­rısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı üzərində düşün­məyə vadar etmişdi. Öz qaynağını Avro­padan alan yeni dövrün milli maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inki­şaf istiqamətini müəyyənləşdirmiş və bu da müasir mədəniyyət tipinə uyğun yeni əlifbaya olan ehtiyacı gündəmə gətirmişdi. XX əsrin əvvəllərində cərəyan edən icti­mai-siyasi və mədəni proseslər o zaman üçün mövcud əlifbanın daha münasibi ilə əvəz olunması zərurətini yaratmışdı. 

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yara­dılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əlifbasına keçid prosesi sürətləndiril­di. 1926-cı ildə keçirilmiş I Türkoloji Qu­rultayın tövsiyələrinə uyğun olaraq, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qra­fikasının tətbiq edilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün əlverişli zəmin yaratdı. Bütün bu nai­liyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril əlifbası ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası əsasın­da Azərbaycan elminin və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Bununla belə, kiril əlifbasının dilimizin səs qurulu­şuna uyğunlaşdırılması üçün edilən bütün cəhdlər uğursuz oldu və kiril əlifbası əsa­sında Azərbaycan dilinin tam optimal ifadə variantının əldə edilməsi mümkün olmadı. Bu vəziyyət elə o zaman kiril əlifbasının nə vaxtsa dəyişdiriləcəyi ehtimalını yaradırdı.

Azərbaycan müstəqilliyini bərpa edən­dən sonra yaranmış yeni tarixi-siyasi şərait bizim də dünya xalqlarının ümumi yazı sisteminə qoşulmağımız üçün perspek­tivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəti­cələndi. Beləliklə, 10 ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Məhz elə 1 avqust tarixi ölkə­mizdə “Azərbaycan Əlifbası və Azərbay­can Dili Günü” olaraq təsbit edildi.

Azərbaycan dilinin qloballaşma döv­rünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Ön­dərin xidmətləri misilsiz olub. Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdiril­məsi haqqında”, eləcə də həmin il avqus­tun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorun­masında və inkişafında mühüm rol oyna­yıb. 2003-cü il yanvarın 2-də isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas və­zifələr müəyyən edilib. Tariximizin ən çə­tin dönəmlərində ölkəmizə rəhbərlik etmiş Heydər Əliyevin ana dilimizlə bağlı apar­dığı siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə küt­ləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalamışdı və bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahı­sı hazırlanırdı. Bundan başqa, elə həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensik­lopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin si­yahısının təsdiq edilməsi haqqında” sərən­camlar imzalanıb. Müasir dövrün tələbləri­ni və reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərən­camı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti­fadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. 

Dövlət Proqramının məqsədi Azərbay­can dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, qloballaşma şərai­tində dilimizin zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində funda­mental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləş­dirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. 

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqın­da” sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndiril­məsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflı­ğının qorunması və dövlət dilindən istifa­dənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində sax­lanıldığını bir daha təsdiq edir. 

Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmlən­dirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbə­diyaşarlığını təmin etmək məqsədi güdür. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq.



Mədəniyyət