“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumun ikinci gününün birinci sessiyasından əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək dezinformasiyanın cəmiyyətdə yeni olmadığına toxunaraq deyib: “Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.
H.Hacıyev qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmasında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qurbanları media və jurnalistlərdir.
Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidentin köməkçisi əlavə edib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb”.
Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi əlavə edib: “Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik. Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.
Sonra “TRT World” kanalının aparıcısı və baş prodüseri Ghida Faxrinin moderatorluğu ilə “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiya işə başlayıb. Sessiyada ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Çıxış edən “TRT World” kanalının aparıcısı və müxbiri Jaffar Hasnain deyib: “Bəzi xəbər agentliklərinin yaydıqları məlumata baxanda görürdüm ki, Azərbaycanı hədəfə almışdılar. Ölkəni aqressor kimi təqdim edirdilər”.
Suriyaya, Ukraynaya və Azərbaycanın Qarabağ bölgəsinə səfərlər etdiyini vurğulayan “TRT World” kanalının aparıcısı bu ərazilərlə bağlı dezinformasiyadan çox güclü istifadə edildiyini diqqətə çatdırıb.
“Mən o ilk jurnalistlərdənəm ki, Qarabağ işğaldan azad olunandan sonra oraya ayaq basmışam. Buraya dördüncü dəfə gəlirəm, görülən işlərin sürətlə getdiyinin şahidi oluram”, - deyə Jaffar Hasnain əlavə edib.
Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, informasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə xas bir fenomendir. Bəzi ölkələr daha fəal fazadadır, bəziləri isə yox. Aktiv müharibələrdən fərqli olaraq informasiya müharibələri heç vaxt dayanmır. Biz həmişə onlarla mübarizə aparmalıyıq.
Saxta məlumatları özlüyündə bir informasiya silahı adlandıran Mixail Qusman əlavə edib: “Bu gün çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün məlumat kimi qəbul edilir. Ona görə də xəbər agentlikləri təbliğatı işıqlandırmamalıdırlar, onların yeganə silahı həqiqi məlumatı yaymaq olmalıdır”.
Ənənəvi medianın nəhəng qurumların əlində olduğunu deyən Əl-Cəzirə Media İnstitutunun Media təşəbbüsləri meneceri Montaser Marai əlavə edib: “Onlar da bildiyimiz kimi, Şimal yarımkürəsində yerləşir. Bizə hər zaman nəzarət edirlər. Ona görə də media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq. Biz çoxsaylı məlumatların içində qalmışıq. Sosial mediada informasiya axını yüksək olduğu üçün insanlar nəyin düzgün, nəyin feyk olduğunu çətin ayırd edirlər. Ənənəvi mediada da bunu müşahidə etmək olar. “Tik-Tok” istisna olmaqla, rəqəmsal platformalara nəhəng təşkilatlar rəhbərlik edir. Onlar məlumat axınına təsir edirlər. Təəssüflər olsun ki, bunu bacarırlar”.
Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) Türkiyə üzrə Müşahidə mərkəzinin akademik və elmi direktoru Valeria Giannotta qeyd edib ki, Şuşaya ilk dəfə 2021-ci ildə gəlib: “O zaman şəhər xarabalıq vəziyyətində idi. Mətbuat qurumlarının narrativlərə qarşı mübarizələrinin şahidi oldum”.
Valeria Giannotta qeyd edib ki, lobbilər tərəfindən müəyyənləşmiş narrativlər olduğu üçün obyektivliyi saxlamaq çətindir. Seçim etmək, faktları yoxlamaq, müxtəlif mənbələrlə tutuşdurmaq jurnalistlər üçün çox vacibdir.
“Biz mütləq hadisə ərazisində olmalıyıq. Etik məsuliyyəti anlamaq, məsafəni saxlamaq lazımdır. Hazırda jurnalistlər üçün məlumatları ilkin mənbədən almaq imkanı var. Dezinformasiyanı həqiqətdən ayırd etmək üçün xüsusi mexanizmlər yaradılmalıdır. Buna aid qurumlar Avropada, Rusiyada və Türkiyədə yaradılıb”, - deyə V.Giannotta vurğulayıb.
ABŞ-ın MTP (Most Travelled People - Ən çox səyahət edən insanlar) klubunun təsisçisi Çarlz Veley deyib: “Biz - 35 nəfər işğaldan azad olunmuş bütün ərazilərə son üç il ərzində səyahətlər etmişik. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün təşəkkür edirəm. Qarabağa ilk dəfə gələndə xarabalıqların şahidi olduq. Budəfəki səfərimizdə inanmadıq ki, qısa müddət ərzində buralar belə inkişaf edə bilər”.
Qarabağa səyahət etdiyinə görə klaviatura arxasındakı “qəhrəmanlar” tərəfindən hücuma məruz qaldığını vurğulayan ABŞ-ın MTP klubunun təsisçisi əlavə edib: “Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram”.
Azərbaycanın paytaxtı Bakıda da olduğunu diqqətə çatdıran Ç.Veley şəhərin böyüdüyünü, sürətlə inkişaf etdiyi bildirib.
Qeyd edək ki, informasiya yayımının və kommunikasiya vasitələrinin növlərinin sürətlə dəyişdiyi müasir dövrdə məlumatlara əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşıb. Belə olan təqdirdə, bütün dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə nəzərə çarpmaqdadır. Metodoloji cəhətdən çətin olsa da, günümüzdə dezinformasiyanın yayılma modellərini və təsir dairəsini təhlil etmək dezinformasiyaya qarşı mübarizədə səmərəli yanaşmanın tətbiqi üçün zəruri hesab oluna bilər.
Ona görə də 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.