Ölkəmiz hədəfə alınıb. Şanlı qələbəmiz, ölkəmizin siyasi, iqtisadi uğurları, qlobal arenada artan nüfuzu anti-Azərbaycan dairələrinin ürəyincə deyil. Uğurlarımızı həzm edə bilməyən müxtəlif xarici dairələrin ölkəmizə qarşı həyasızcasına apardıqları informasiya müharibəsi, qarayaxma kampaniyası bu gün nəinki səngiyir, hətta getdikcə daha şiddətli forma alır. Xüsusilə də Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcəyi məlum olduqdan sonra bu hücumlar özünü daha qabarıq şəkildə göstərir. Şübhəsiz ki, ədalətin Azərbaycanın tərəfində olduğu bu qarşıdurmada ölkəmizə qarşı aparılan çirkli informasiya savaşında mətbuat böyük rol oynayır.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev KİV-in həqiqətdən uzaq məlumatlara qarşı mübarizəsindən danışmaqla yanaşı, medianın xüsusi məsuliyyət daşıdığını açıq şəkildə bəyan etdi. Birmənalı şəkildə ölkə başçısının media forumunda səsləndirdiyi fikirlər “dördüncü hakimiyyət” üçün dəyərli tezislər olmaqla yanaşı, həm də ermənipərəst dairələrə, Cənubi Qafqaz regionuna mənfi təsir göstərməyə çalışan qüvvələrə tutarlı cavab oldu.
Müharibə təkcə döyüş meydanında yox, həm də siyasi ritorikada, KİV-də və son zamanlar sosial şəbəkələrdə aparılır. Hər bir ölkə bu amansız müharibənin hədəfi ola bilər. Çünki informasiya müharibəsi qaydaları olmayan və bəzən hətta dəqiq müəyyən edilmiş düşməni olmayan savaşdır. İstifadə olunan üsulların müxtəlifliyi sonsuzdur və əsas təhlükə odur ki, böyük insan kütləsinə təsiri uzun müddət aşkar edilmədən qala bilər. İkinci Qarabağ müharibəsində qalib gəlməsindən sonra Azərbaycan da məhz bu informasiya müharibəsi ilə üz-üzədir. Qarabağ işğal altında olan zamanda da ölkəmizə qarşı geniş qarayaxma kampaniyaları aparılırdı. Qarabağ münaqişəsi başa çatdıqdan sonra da bu destruktiv fəaliyyətə son qoyulmadı, daha geniş miqyas aldı. Azərbaycanla bağlı təhrif olunan və yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş şəkildə yayılmağa başladı və təəssüf ki, iyrənc kampaniya bu gün də davam edir.
Ölkəmizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisinin və onlarla əməkdaşlıq edən müxtəlif siyasi-iqtisadi maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin məqsədləri Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif olunmuş məlumatlar yaymaqdır. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusu ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu destruktiv fəaliyyətin həyatımızın bir hissəsinə çevrilməsindən təəssüfləndiyini bildirdi. Dövlət başçısı vacib məsələnin müzakirəsinə toplaşan çoxsaylı media nümayəndələrinin diqqətinə çatdırdı ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur və ölkəmiz barədə təqdim edilən faktların manipulyasiyasına, yanlış təsəvvürlərə yol verilir. Əlbəttə, saxta və yalan məlumatlara əsaslanan kampaniyaların qlobal miqyasda vüsət aldığı bir şəraitdə Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etmək, vətəndaşlarımızın dolğun və etibarlı məlumat almaq hüquqlarını təmin etmək hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biridir. Azərbaycan mediası da bu çətin, eyni zamanda, məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən gəlmək üçün resurslarını cəmləşdirərək bu sərhədsiz və qaydasız savaş açanlara qarşı mübarizə aparır. Bu strateji məsələ dövlət rəhbərliyinin də diqqət mərkəzindədir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İkinci Şuşa Qlobal Media Forumundakı çıxışında bildirdi ki, Prezident İlham Əliyev dezinformasiya hücumlarının qarşısının alınmasında peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirir.
Təbii ki, Azərbaycan dövlətinin informasiya müharibəsinə qarşı sərgilədiyi sərt mövqe milli maraqların qorunması zərurətindən irəli gəlir. Forumdakı çıxışında Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini aydın şəkildə açıqladı. Ölkəmizin başçısı bildirdi ki, Azərbaycan haqqında yalan tezislərin yayılması çox zərərvericidir: “Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”. Buna görə də, Azərbaycan həqiqətlərinin qlobal media məkanında yayılması istiqamətində dayanmadan işlər həyata keçirilir. Yerli KİV-in köməyi ilə bizə qarşı informasiya savaşına çıxanlara layiqli cavab verilir.
Bir sözlə, informasiya zəmanəmizin silahıdır. Onun müxtəlif təsir formalarını birləşdirmək qabiliyyəti, anonimlik və çeviklik məlum üstünlüklərdən yalnız bəziləridir. Bu, informasiya texnologiyalarından müxtəlif şəraitlərdə, müxtəlif səviyyələrdə istifadə etməyə imkan verir. Nə yazıq ki, şər niyyətli qüvvələr informasiya silahından məkrli məqsədləri üçün istifadədə sərhəd gözləmirlər və hər fürsətdə hücuma keçirlər. Ancaq Azərbaycan dövləti bütün qara əməllərin qarşısını müvəffəqiyyətlə alır. Qarayaxmalara tutarlı faktlarla cavab verilir, eyni zamanda, yalan məlumatların təsiri altında olan xarici KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Azərbaycana və işğaldan azad edilmiş ərazilərə dəvət etməklə reallıqlarla yerindəcə tanış olmalarına imkan yaradılır. Bu mənada, şübhəsiz, 2-ci Qlobal Media Forumunun əhəmiyyəti böyükdür. Forum çərçivəsində keçirilən müzakirələr və irəli sürülən təkliflər informasiya müharibəsinə qarşı aparılan mübarizədə öz müsbət təsirini göstərəcək.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü