Karib dənizindən Sakit okeana qədər Fransanın əsarətində olan xalqlar bu gün Bakıda bir araya gəliblər. Azərbaycan artıq neçənci dəfədir dünyaya göstərir ki, ölkələrin coğrafi sərhədlərinin kiçikliyi müasir dünyamızda əsas amillərdən sayılmır. XXI əsrdə özünün neokolonializm siyasətini davam etdirməyə çalışan Fransa ilə müqayisədə ərazi və əhali baxımından Azərbaycan kiçik dövlətdir.
Amma onun müstəmləkəçilikdən əziyyət çəkən xalqların, cırtdan ölkələrin arxasında durması, onları bir araya gətirərək, ədalətli mübarizələrinə hərtərəfli dəstək verməsi heç kəsin diqqətindən yayınmır. Bu gün müstəqil siyasət yürüdən suveren Azərbaycanın dünyanın aparıcı dövlətlərinin söz sahibi olduğu beynəlxalq düzənə təsir imkanları da xeyli artıb. Rəsmi Bakı, eyni zamanda, Fransa kimi dövlətlərin atdığı anti-Azərbaycan addımlarını uğurla neytrallaşdırmağı da bacarır. Bütün bunların fonunda bölgədə və dünyada söz sahibi olduğunu əməldə sübuta yetirmiş Azərbaycan həm də müasir anti-imperialist, anti-neokolonialist hərəkatın mərkəzi rolunu oynamağa haqq edir.
ARAYIŞ: Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda yaradılıb. BTQ artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları haqlı mübarizəsinə dəstək verir. BTQ bu aktual mövzu ilə bağlı 15-ə yaxın beynəlxalq konfrans təşkil edib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Bakı şəhərində baş tutub.
* * *
Bakıda dünən öz işinə başlamış qurultayın təşçkilatçıları qismində Qvadelupanın Azadlığı naminə Xalq Birliyi və Bakı Təşəbbüs Qrupu (BTQ) çıxış edirlər. Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qurultayın ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Yuxarıda adlarını qeyd etdiyimiz ada ölkələrdən başqa, Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat da qurultayda fəxri qonaq qismində iştirak ediblər.
Beynəlxalq statusa malik tədbirdə çıxış edənlər Fransanın ünvanına olduqca sərt bəyanatlar səsləndirib, kəskin ifadələr işlədiblər. Onlar Fransa dövlətinin hərəkətlərinin qəbuledilməzliyini vurğulayıb, bu məsələnin beynəlxalq səviyyədə müzakirəsini vacib sayıb, eləcə də Emmanuel Makronun bütün demokratiya qaydalarında üz çevirdiyini xüsusi olaraq vurğulayıblar.
Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Bakıda belə bir qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirərək deyib: “Deməliyəm ki, Azərbaycan cəsarətli addımlar atır. Biz BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə ilk dəfədir ki, Bakıda belə bir önəmli tədbir keçiririk”.
Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa çıxışında Fransız Polineziyasında bu ölkənin atom, nüvə sınaqlarını xatırladığını bildirib: “Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər. Fransa terrorçu dövlətdir. O, XXI əsrdə də müstəmləkədə saxladığı ərazilərdə özünün hökmranlığını sürdürmək istəyir”.
Müzakirələr zamanı çıxış edən digər iştirakçılar qeyd ediblər ki, Fransa hakimiyyəti onların öz müqəddəratını təyinetmə hüququnu tanımalı və müstəqillik prosesinə mane olmamalıdır. Onlar müstəmləkə siyasəti nəticəsində ölkələrinə dəyən iqtisadi və mədəni zərərlərdən bəhs edərək, yerli əhalinin hüquqlarının qorunması və inkişafının təmin olunması məsələlərinin vacibliyini önə çəkiblər.
“Biz çətin problemi həll etməyin yollarını tapmalıyıq ki, dünyanın böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün xalqları öz yolları ilə gedə bilsinlər”. Bunu Yeni Kaledoniyanın Xarici işlər naziri Maykl Forest qurultayda çıxışı zamanı deyib. Fransada terrorizmin, daxili siyasi böhranın, miqrasiya problemi və yoxsulluğun hökm sürdüyünü vurğulayan M.Forest daha sonra deyib: “Fransa xalqı bizim düşmənimiz deyil, amma biz platformamızı gücləndirməli, mühüm suallara cavab tapmalı, Karib hövzəsi və Sakit okean hövzəsi xalqlarını birləşdirməli və onların layiqli gələcəyini təmin etməliyik”.
* * *
Bəli, Azərbaycan dünyada müstəmləkəçilikdən əziyyət çəkən ölkələrdə ədalətin bərpa olunmasında və demokratiyanın inkişafına kömək etməkdə israrlıdır. İki gün davam edən Bakı qurultayı və burada səslənən tezislər bunun əyani təsdiqidir. Dünyanın diqqət mərkəzində olan bu tədbirin müstəmləkədən qurtulmaq istəyən xalqlarda oyanışın daha da güclənməsinə səbəb olacağı şübhə doğurmur. Müstəqil Azərbaycan uzun illər hər bir dövlətin ərazi bütövlüyünə hörmət nümayiş etdirsə də, bunun lazımi cavabını görməyib. Təəssüf ki, işğalçı Ermənistan və oradakı daşnak-separatçı tör-töküntülər hələ də bir sıra güclər tərəfindən dəstəklənir. Azərbaycanın bu gün belə bir tədbir keçirməsi siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlını sevindirməlidir. Azərbaycan beynəlxalq siyasətə təsir imkanlarını artırmalıdır. Bakı bu cür tədbirlərin ev sahibinə çevrilməlidir.
Qurultayda səslənən əsas fikirlərdən biri müstəqillikləri uğrunda mübarizəyə qalxmış xalqların Azərbaycanla birlikdə mübarizə aparmaq istəkləri idi. Bu da tamamilə təbii istəkdir. Çünki məhz Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə yönəltməyi bacaran, müstəmləkədən əziyyət çəkən xalqlara öz sözlərini demək üçün onlara siyasi tribuna yaradan ölkədir. Tədbir iştirakçıları bundan sonrakı mərhələdə müstəmləkədən qurtulmaq yolunu tutmuş ölkələr arasında həmrəyliyi daha da gücləndirməyin, beynəlxalq platformalarda tez-tez görünməyin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Məqsəd dünyada Fransanın özbaşınalığa son qoyması təsirini artıqmaq, səyləri səfərbər etməkdir. Çıxışında bu məsələyə toxunan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iştirakçıların diqqətinə Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatının üzvlərinin qanunsuz həbs olunması faktını çatdırdı. O bildirdi ki, milli azadlıq mücahidləri ilə terrorçu kimi davranan polis onları gizli şəkildə Parisə aparıb. Müxtəlif işgəncələrə məruz qalanların arasında azyaşlı uşaqlar və qadınlar da var. A.Abbasov Bakı Təşəbbüs Qrupunun adından siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstəriləcəyini bildirib.
Müzakirələrdə çıxış edən qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək üçün fəaliyyətin əlaqələndirilməsi yolları barədə fikir mübadiləsi ediblər. Bundan başqa, koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizədə qabaqcıl təcrübə və strategiyalardan danışıblar.
* * *
İki gün davam edən Bakı qurultayında iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün məqsədyönlü fəaliyyətin əlaqələndirilməsinin yolları barədə müzakirələr aparıldı. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək yolunda ən səmərəli təcrübə və strategiyalar barədə fikirlərini bölüşdülər.
Yeri gəlmişkən, onu da qeyd etməyi zəruri sayırıq ki, bu gün işğalçı Ermənistanı bu və ya digər şəkildə dəstəkləyən Qərb dövlətlərinin ikili siyasətinin qarşının alınmasında bu kimi tədbirlərin əhəmiyəti böyükdür. Fransa başda olmaqla digər kolonialist imperiyaların öz keçmişlərindən qorxduqları məlumdur. Azərbaycan isə tarixləri “qara səhifələrlə” dolu həmin imperialistlərə açıq mətnlə deyir ki, bizim keçmişimiz şəffafdır. Neçə əsrdir zəbt etdikləri ölkələrdə qətliamlar törədən, yerli əhalini öz evindən didərgin salan, onların təbii ehtiyatlarını istismar edən Fransa nə haqla Cənubi Qafqazda insan hüquqlarından danışa bilər? Afrikanın bir sıra ölkələri Parisin bu və ya digər şəkildə iştirakı ilə daxili siyasi proseslərə hərbi müdaxiləsindən bezdiklərini açıq şəkildə dilə gətirirlər.
Dünyanın keçmiş koloniyaları BMT-nin üzvü kimi beynəlxalq birliyin bərabərhüquqlu üzvləri olmaq istəyirlər. Assimilyasiya problemi ilə üzləşmiş həmin xalqların bu qanuni və təbii tələblərinin qarşısını heç kəs ala bilməyəcək.
Bu dəfə Bakıdan dünyaya ötürülən əsas mesaj hamı ilə qarşılıqlı hörmət əsasında davranmağın və qarşılıqlı münasibətlərdə bərabərhüquqlu tərəf kimi iştirakın vacibliyi oldu. Azərbaycan bir daha bəyan etdi ki, hər şey qarşılqılı hörmətə bağlıdır.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri
– Azərbaycanı bu problemi süni şəkildə yaratmaqda ittiham edirlər. Birincisi, Fransanın müstəmləkəçilik siyasəti əsrlərdir davam edir. On doqquzuncu əsrdə təməli qoyulan bu problemi Azərbaycan icad etməyib. Burada bizim marağımız nədir? Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmə baxsaq görərik ki, o, Qlobal Cənub gündəliyini irəli sürüb. Həmin çərçivədə dünyanın inkişafda olan ölkələrinə yardımlar göstərilib, onların üzləşdikləri problemlərlə bağlı bəyanatlar verilib, müraciətlər qəbul olunub. Misal üçün, COVID-19 epidemiyası ilə bağlı Afrikanın bir sıra ölkələrinə yardım istiqamətində bu və ya digər formada beynəlxalq platformalarda məsələ qaldırılıb, müzakirələr aparılıb, vəziyyətdən çıxış yollarını göstərilib.
Azərbaycan hazırda anti-kolonial siyasətlə bağlı həmin çərçivədə fəaliyyətini davam etdirir. Fransanın müstəmləkəçilik siyasəti barədə beynəlxalq ictimaiyyətdə artıq müəyyən rəy formalaşıb. Bəli, Bakı bu məsələ ilə yaxından məşğuldur. Niyə də olmasın? Əgər rəsmi Paris Cənubi Qafqazda separatizmi körükləməklə məşğuldursa Azərbaycan da öz prioritetlərindən çıxış edir. Bəli, bu fəaliyyət Fransa ilə onsuz da gərginləşmiş ikitərəli münasibətlərə də öz təsirini göstərir. Burada Yelisey sarayının beynəlxalq təşkilatlarda Azərbaycana qarşı atdığı addımlar da öz rolunu oynayır. Müstəmləkə altında olan həmin on beş əraziyə münasibətdə Azərbaycanın irəli sürdüyü Qlobal Cənub layihəsi həmişə gündəlikdə olacaq.
İmran BƏDİRXANLI
XQ