İrəvan hansı paxırının açılmasından qorxdu?

post-img

Nikol Paşinyanın İlham Əliyevlə görüşdən yayınması bəzi qaranlıq mətləblərə işıq salır

Böyük Britaniyada, London şəhəri yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin 4-cü Sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi barədə rəsmi Bakının yaydığı məlumat İrəvanda qızğın müzakirələrə səbəb olub. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mediaya açıqlamasında bu imtinanı Ermənistanın sülh gündəliyin­dən uzaqlaşması faktı kimi qiymətləndirib. Onun sözlərinə görə, sülh gündəmindən uzqlaşmağın hansı məsuliyyət doğurdu­ğunu imtinadan sonra başa düşən İrəvan rəhbərliyi dərhal təkzibə cəhd edib: “Əs­lində, belə bir görüşün keçirilməsi təklifi ilə Ermənistan tərəfi özü çıxış edib”.

Ardınca Ermənistan XİN-in sözçüsü Ani Badalyan mediaya bu səpkidə açıq­lama verib: “Ermənistanın təklifi hələ də qüvvədədir. Ermənistan tərəfi, həmçinin danışıqların ən ali və yüksək səviyyədə aktivləşdirilməsi və bir ay müddətində sülh sazişinin imzalanması təklifini bir daha təsdiqləyir”. 

Paşinyanın görüşdən imtinası bəzi maraqlı fərziyələrə yol açmaqla yanaşı, təbii suallar da doğurur. Misal üçün, Er­mənistan baş naziri nədən narahatdır, yaxud hansı paxırının üstünün açılaca­ğından qorxur ki, dövlət başçımızla gö­rüşmək fürsətini əldən buraxıb? İmtina qərarını, o, özü sərbəst qəbul edib, yox­sa bu məsələdə ona kənardan “yardım” göstərilib? Suallarımızı tanınmış siyasi ekspertlər cavablandırırlar. 

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “XQ”-ya açıqla­masında Paşinyanın görüşdən imti­nasının səbəbi kimi bu formatın rəsmi İrəvana sərf etməməsi ilə əsaslandır­dı: “Nikol Paşinyan yenə hoqqabazlıq edir. Onun üçün Fransa Prezidenti, Aİ rəhbəri və Almaniya Kanslerinin iş­tirakı ilə görüşmək daha cəlbedicidir. Yəni ikitərəfli deyil, beştərəfli formata üstünlük verirdi. Amma o zaman Bakı qəti olaraq bildirdi ki, əgər danışıqlar masası arxasında Fransa rəhbəri otu­rursa, bu halda Türkiyə Prezidenti də orada iştirak etməlidir. Söhbət Madrid Sammitindən gedir. Onda özləri toplaş­dılar, hansısa bəyanatı qəbul etdilər. Əlbəttə ki, Azərbaycanla razılaşdırıl­mamış həmin bəyanatı Bakı qəbul et­mədi. Düşünürük ki, Nikol Paşinyan bu dəfə də danışıqlarda Fransanın olma­sını, Almaniya Kanslerinin yerinə isə Böyük Britaniyanın Baş nazirinin iştira­kını istəyib. Təbii ki, Azərbaycan lideri onun bu istəyinə “yox” cavabını verib. Hər halda, o, “böyük bacısı” Makron­suz İlham Əliyevlə görüşməkdən çə­kinib. Görüş yalnız ikitərəfli formatda keçirilməlidir. Londonda ev sahibi kimi Böyük Britaniyanın Baş naziri, sadəcə, görüşün təşkilatçısı qismində ola bilər­di. Belə çıxır ki, Paşinyan üçtərəfli gö­rüşdən də boyun qaçırır. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla görüşdən nə zövq alır, nə də faydalı bir nəticə gözləyir”. 

“Nikol Paşinyanın Londonda Prezi­dent İlham Əliyevlə görüşdən imtinası Azərbaycan üçün faciə deyil. Əslində, bizim buna heç ehtiyacımız da yox­dur”. Bunu Qərbi Kaspi Universiteti­nin professoru, siyasi icmalçı Fikrət Sadıxov açıqlamasında bildirdi. O, hesab edir ki, sülh sazişinin imzalan­masında, bölgədə əmin-amanlığın ya­ranmasında Paşinyan özü maraqlı ol­malıdır: “Paşinyan bütün çıxışlarında bu tezisləri təkrarlayır, müzakirələri də bu istiqamətdə aparır. Görünən odur ki, Londona toplaşan Avropa ölkələ­rinin liderləri sülh naminə addımların Ermənistan deyil, Azərbaycan tərəfin­dən atıldığının şahididirlər. Yəni əgər onlar İrəvanın başını sığallayırlarsa, onda Ermənistanın bölgədə sülhün bərqərar olmasına maraq göstərmə­diyini də görməlidirlər. ABŞ Dövlər Departamentinin sözçüsünün dediyi kimi, qarşılıqlı kompromislərlə sülh sazişi imzalanmalıdırsa, bunun üçün buyursunlar Ermənistana təzyiq etsin­lər. İndi İrəvan özünü təcrid olunmuş və özündənrazı oyunçu kimi aparma­malıdır. Hesab edirəm ki, Bakı tutduğu doğru yolda addımlarını bundan sonra da atacaq və sülh sazişinin imzlanma­sında maraqlı tərəf kimi çıxış edəcək”. 

Nikol Paşinyanın İlham Əliyevlə gö­rüşdən imtinası məsələsinə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş nazirinə bu tapşırığın Moskvadan verildiyinə əmin olduğunu söyləyib: “Hazırda Ru­siyadan Paşinyana Qərb istiqamətin­də olan siyasi addımlarına görə güclü təzyiqlər var. İndi rəsmi İrəvan bu ad­dımı ilə Moskvaya göstərmək istəyir ki, guya, ona sadiqdir. Bu imtinanın son­rasını gözləmək lazımdır, çünki sammit hələ davam edir. Aydın məsələdir ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirirlər ki, er­mənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermə­nistan cəmiyyətində müxtəlif versiyalar səslənməkdədir. Bunlardan biri budur ki, onlar noyabrda Qərbə yönələn si­yasətlərindən imtina etməlidirlər. Çünki hazırda ABŞ-da Co Baydenin seçkilər­də qalib gəlmək şansı olduqca azdır. Yəni İrəvanın Qərbə yönəlik siyasə­tinə təkcə Fransanın dəstəyi kifayət eləməz. Ona görə də Ermənistan ha­kimiyyəti Qərblə hansısa inteqrasiya prosedurlarına getməyə ehtiyat edir. Fikrimizcə, Paşinyanın görüşdən imti­nasının səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir”.

Beləliklə, rəsmi İrəvanın “sülh­dənqaçma” marafonu davam etmək­dədir. Buna təkcə biz deyil, artıq Avro­pa Siyasi Birliyinin mötəbər iştirakçıları kimi, bütün dünya şahidlik edir. İndiki məqamda bizim üçün daha önəmlisi bu reallığa hamıdan çox Bakının İrəva­na kompromisə getməyini istəyən ABŞ Dövlət Departamentinin diqqət yetir­məsidir. Nəticəni özləri çıxarsınlar. 

İ.HƏSƏNQALA
XQ







Siyasət