Bu, dövlətin özəl sektora qayğı və diqqətindən xəbər verir
Azərbaycanda kiçik və orta biznesin (KOB) – sahibkarlığın tərəqqisi son illərdə sosial-iqtisadi inkişaf strategiyasının ən prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılıb, özəl bölmənin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
Məhz bunun nəticəsidir ki, cari ilin ilk yarısında sahibkarlar tərəfindən KOB evlərinə daha çox biznes fəaliyyəti üçün lazım olan sənədlər, vergi, gömrük məsələləri, eləcə də kommunal xidmətlər üçün müraciət olunub və bu istiqamətlərdə 208 min 194 xidmət göstərilib. Bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (“G2B”), 20 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması, gömrük, kommunal və bank xidmətlərindən istifadə üçün müraciət olunub. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 100 faizə yaxınlaşıb.
Yeri gəlmişkən, KOB evlərinin xidmət səviyyəsi daim diqqət mərkəzində saxlanılır. Buna bariz nümunə olaraq sözügedən mərkəzlərdən istifadə edən sahibkarların artıq ora gəlmədən onlayn növbə götürə bilirlər. Belə ki, iş adamları “Android” (“GooglePlay”) və “İOS” (“AppStore”) əməliyyat sistemləri ilə çalışan mobil qurğularına “KOB növbə” tətbiqini yükləməlidir. Bundan sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Beləliklə, sahibkarlar “KOB növbə” tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilərlər.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olmaqla sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir.
Yeri gəlmişkən, son illərdə KOBİA-nın beynəlxalq əlaqələrinin genişlənməsinə də xüsusi önəm verilib. Bu ilin mart ayında adıçəkilən qurum BMT-nin Qlobal Sazişinə qoşulub. KOBİA-nın məlumatına əsasən, agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək.
KOBİA hazırda 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artırıb.
KOBİA-dan bildirildiyinə görə, KOB sektorunda “yaşıl siyasət” və strategiyaların geniş tətbiqi üçün kifayət qədər geniş potensial mövcuddur. Bu potensialın reallaşdırılması üçün bir sıra çağırışlar da var. Asiya İnkişaf Bankının ekspertləri ilə birgə aparılan təhlilin nəticələrinə əsasən, bu çağırışları 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar. Bu, ilk növbədə, siyasət, qayda, strategiya və fəaliyyətlərdə “yaşıl iqlim” məsələlərinin daha geniş şəkildə əks olunması, eləcə də həmin məsələlər arasında daha sistemli sinergiyanın yaradılmasına ehtiyacdır. İkinci qrup məsələ, KOB sektoru üzrə maraqlı tərəflərin institusional potensialının məhdud olmasıdır. Nəhayət, sonuncu istiqamət, “yaşıl resurs”lara, məsələn, maliyyə, investisiya, texnologiyalar, məlumat və bilik resurslarına çıxış imkanının lazımi səviyyədə olmamasıdır.
Hazırda mövcud dəstək infrastrukturu və mexanizmləri vasitəsilə KOB subyektlərinin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və “yaşıl keçid”in təbliği istiqamətində işlər görülür. Bilik, məlumat və məsləhət xidmətləri gerçəkləşdirən KOB inkişafı mərkəzləri, “yaşıl innovasiya”ları təşviq edən startap sertifikatı, “yaşıl təşəbbüs”lərinin maliyyələşdirilməsinə töhfə verən qrant proqramı, dövlət və özəl sektor xidmətlərinə çıxışı asanlaşdıran KOB evləri, regionlarda əlaqələndirmə funksiyasını yerinə yetirən KOB dostu şəbəkəsi və s. “yaşıl gündəliy”in dəstəklənməsi üçün önəmli vasitələrdir.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Onu da qeyd edək ki, son illərdə KOB sektorunun sürətli inkişafını gerçəkləşdirmək məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun qəbulu ilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafı stimullaşdırılıb, bu sahədə təklif və təşəbbüslərin vacib və konstruktivliyinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyevin müxtəlif vaxtlarda KOB evilərinin açılışında iştirak etməsi də dövlətimizin başçısının respublikada kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi qayğı və diqqətdən xəbər verir. Ümumiyyətlə, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Azərbaycanın davamlı iqtisadi inkişafının reallaşdırılmasında sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Respublikamızda özəl sektorun inkişafı sahəsində reallaşdırılan sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması da bunun bariz ifadəsidir.
Xatırladaq ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6 faizini kiçik və orta biznes subyektləri təşkil edir. Həmin qurumların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyinin əsas elementlərindən biridir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur. Bu baxımdan, kiçik və orta biznes subyektlərinin fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf göstəricisidir.