Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının... qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
III məqalə
Cənubi Qafqazda 3 fərqli geosiyasi nümunə
Şuşa Bəyannaməsinə Cənubi Qafqazın bugünkü geosiyasi gerçəklikləri prizmasında baxanda aydın olur ki, Azərbaycan regionun ən şanslı dövlətidir. 2020-ci ildən başlayan proseslər 2024-cü ildə regionun hər üç dövlətini fərqli geosiyasi statusa gətirib çıxarmışdır. Ermənistan bir addım belə irəli gedə bilməmişdir. Onun geosiyasi anlamda yerində saydığını demək də çətindir. Çünki bu ölkə geosiyasi aspektdə tam bir qeyri-müəyyənlik içindədir. Rusiyanı prioritet müttəfiq kimi itirmək üzrədir. ABŞ və Avropanın tam olaraq etibarını və güvənini qazana bilməmişdir. İranla münasibətlərdə aydın olmayan çox sayda məsələ qalmaqdadır. Digər tərəfdən, Qərbin Gürcüstana münasibəti göstərir ki, eyni qaydada istənilən an İrəvanı kənara qoya bilər. Çünki Qərb üçün öz maraqlarından başqa dəyər yoxdur. Onların demokratiya, liberalizm, insan haqları və s. gəlişigözəl sözlərinin sərhədləri öz şəxsi maraqlarının hüdudlarını aşmır!
Belə çıxır ki, Ermənistanın geosiyasi anlamda faktiki olaraq “ayaqları yerdən üzülmüşdür” və onun real “dayaqları” yoxdur! Bu baxımdan Gürcüstanın son zamanlar Qərblə münasibətlərində özünü göstərən bir sıra məqamlar da qonşu dövləti çətin vəziyyətə salır. ABŞ, Fransa və Almaniya Tbilisiyə birbaşa yardımları dayandırmışlar və şərt qoymuşlar: mövqeyini dəyişməsən əlaqələri daha da məhdudlaşdıracağıq! Bu, birbaşa diktə və müstəqil dövlətin suverenliyinə qəsddir. Çünki Gürcüstan Aİ-nin assosiativ üzvüdür, büdcəsində bu təşkilatdan aldığı yardımlar xüsusi yer tutur. Bir sıra hüquqi imtiyazları mövcuddur. Gürcüstan Brüsselin yaratdığı güzəştli şəraitdən geniş yararlanırdı. İndi isə məlum olur ki, bütün bunların üst səviyyəsində Qərbin geosiyasi maraqları dayanırmış! Yəni, real olaraq demokratik və liberal münasibətdən söhbət gedə bilməz. Bu, artıq rəsmi Tbilisini və Cənubi Qafqazı bütövlükdə region kimi düşündürməlidir.
Bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəmliyi və səmərəliliyi aydın görünür. İlham Əliyev heç bir dövlətlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsiplərindən kənarda qurmadı. Türkiyə ilə ən yaxın əlaqələri qurmaqda davam etdi. Bunun fonunda Rusiya və İranla əlaqələri konkret faydalılıq müstəvisində inkişaf etdirdi. Avropa İttifaqı ilə münasibətləri Azərbaycanın milli maraqları və müstəqilliyi və təhlükəsizliyi çərçivəsindən kənarda qurmadı. Brüsselin assosiativ üzvlükdə israrına baxmayaraq, İlham Əliyev özünün təkliflər paketini hazırladı və masa üzərinə qoydu. Yenə də rəsmi Brüsselin bütün manevrlərinə və təzyiq cəhdlərinə baxmayaraq Bakı mövqeyindən çəkilmədi. Nəticədə hazırda Aİ Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq kursunu reallaşdırmağa çalışır. Azərbaycan həyata keçirdiyi müstəqil siyasətlə faktiki olaraq Qərbin enerji təhlükəsizliyinin onların milli təhlükəsizliyinin təmini kontekstində reallaşmasında ciddi rol oynayır
Bundan əlavə, Şuşa Bəyannaməsinə əsaslanan strateji müttəfiqlik nümunəsi özünü tam olaraq doğrultmuşdur. Azərbaycan Cənubi Qafqazın güclü lideri və onun təhlükəsizliyinin əsas təminatçısıdır. Və məsələ Cənubi Qafqazın siyasi və coğrafi sərhədləri ilə məhdudlaşmır. Şuşa Bəyannaməsinin, öncəki məqalədə vurğuladığımız kimi, inteqrativ potensialı regional miqyası aşaraq multiregional məkanda dövlətlərin əməkdaşlığına təkan verə bilir. Bu sənədin Cənubi Qafqazda perspektivli geosiyasi konfiqurasiyanın yaranmasında konstruktiv rolu üzərində bir qədər geniş dayanaq.
Şuşa Bəyannaməsi – regional inteqrasiya modeli
Yuxarıdakı qısa müqayisələr göstərir ki, Cənubi Qafqazda Azərbaycandan başqa digər yerli dövlətlər yenidən geosiyasi seçim qarşısında qalmışlar. Onların indiyə qədər seçdikləri kurs zamanın sınaqlarına tab gətirə bilmədi. Deməli, gec və ya tez Ermənistan və Gürcüstan yeni geosiyasi seçim etməlidirlər. Mövcud nümunələr sırasında onlar üçün ən uyğun olanı Şuşa Bəyannaməsində yer almış əməkdaşlıq və müttəfiqlik müddəalarının fəlsəfəsidir. Bunu İrəvan və Tbilisinin real qəbul edib-etməyəcəyi haqqında proqnoz verə bilmərik. Lakin bizim üçün bir məqam aydındır: heç bir dövlətə müstəqiliyinin tam təmin olunmadığı əməkdaşlıq və müttəfiqlik modeli sona qədər faydalı ola bilməz!
Əgər Ermənistan və Gürcüstan əməkdaşlığın strateji seçimində bu meyara əməl etməsələr və hər hansı süni faktorlara görə hərəkət etsələr, müəyyən zaman kəsimindən sonra təkrar geosiyasi və siyasi böhrana düşəcəklər. Onların düzgün seçim etməsi üçün regionun özündə nümunə vardır. Bu, Şuşa Bəyannaməsinin şərtləridir. Həmin şərtlər strateji müttəfiqlikdə müstəqilliyi və bərabərhüquqluğu tam olaraq qorumağa təminat verir.
Sənədlə bağlı vurğulanan özəlliklər əsasında bir sıra fəlsəfi ümumiləşdirmələr apara bilərik. Şuşa Bəyannaməsi iki dost və qardaş dövlətin müstəqilliyə qarşılıqlı hörmət əsasında strateji müttəfiqliyinin faydalı nümunəsidir.
Bu sənəd bir daha sübut edir ki, ən yaxın dövlətlər belə uğurlu və real müttəfiqliyə münasibətləri yalnız beynəlxalq hüquq normaları və səmimiyyət əsasında qurduqda nail ola bilərlər.
Şuşa Bəyannaməsinin birləşdirici ruhunun təməlində “bir millət, iki dövlət” kəlamı dayanır. Bu, əsrlərdir ki, Azərbaycan dövlətçiliyinin axtarışında olduğu müstəqil dövlət quruculuğu konsepsiyasının manifesti, siyasi-ideoloji və mənəvi-mədəni arxitektonikasının ana faktorudur.
Şuşa Bəyannaməsi iki qardaş dövlətin strateji müttəfiqliyi həyata keçirmək kontekstində müasir mərhələdə ciddi sınağıdır. Təcrübə və əldə edilən nəticələr göstərir ki, Azərbaycan və Türkiyə bu mərhələdə sınağı böyük uğurla keçmişlər!
Şuşa Bəyannaməsi strateji sənəd olaraq, özündə faydalı əməkdaşlığın böyük potensialını daşıyır və bu, geniş geosiyasi məkanda faydalı nümunə ola bilər!
Sonuncu qənaət kontekstində bir özəlliyi də vurğulamaq istərdik. Şuşa Bəyannaməsinin geosiyasi aspektdə vacib özəlliklərindən biri ondan ibarətdir ki, başqa alternativ müttəfiqlik nümunələri üçün də ideya qaynağı rolunu oynaya bilər. Yəni Şuşa Bəyannaməsinin özü yeni strateji müttəfiqlik sənədlərinin hazırlanmasını stimullaşdıra bilər.
Bu, olduqca əhəmiyyətli keyfiyyətdir. Konkret olaraq, Şuşa Bəyannaməsi regional miqyasda strateji müttəfiqliyi regionun maraqlarına uyğun motivasiya edə bilər.
Əlbəttə, bu, hələlik nəzəri-konseptual qənaətdir. Onun praktiki reallaşması digər şərtləri də tələb edir. Lakin yeni bir nümunə artıq meydana gəlmişdir və Cənubi Qafqaz dövlətləri real vəziyyətə həmin yenilik kontekstində baxa bilərlər. Biz, Qarabağ Bəyannaməsini nəzərdə tuturuq.
Qarabağ Bəyannaməsi – strateji müttəfiqlik nümunəsi
“Qarabağ Bəyannaməsi” 2024-cü il iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün yekununda qəbul edilmişdir. Əgər Şuşa Bəyannaməsini iki türk dövləti – Azərbaycan və Türkiyə imzalamışdırsa, Qarabağ Bəyannaməsini Azərbaycan, Qazaxstan, Qırğız, Özbəkistan respublikalarının prezidentləri və Türkiyə Respublikasının vitse-prezidenti imzalamışlar. Şuşa Bəyannaməsi iki türk dövlətinin birliyinə, strateji müttəfiqlik səviyyəsində əlaqələrinə xidmət edirdisə, bundan cəmi 4 il sonra imzalanan Qarabağ Bəyannaməsi 5 türk dövlətinin birliyinə xidmət edir. Bu mənada Qarabağ Bəyannaməsinin türk dünyasının inteqrasiyasının yeni mərhələsinin əsasını qoyduğu haqqında nəticə çıxarmaq olar. Şübhəsiz, Qarabağ Bəyannaməsi türk dövlətlərinin münasibətlərini yeni səviyyəyə yüksəldir ki, bunun da stimulverici faktoru Şuşa Bəyannaməsidir.
Qarabağ Bəyannaməsinin vacibliyinin sənəddə əsaslandırılması çox maraqlıdır. Onları aşağıdakı kimi təsnif etmək olar:
- “Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək”;
- “Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq”;
- “Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq”;
- 2023-cü ilin noyabrında keçirilmiş Astana Zirvə görüşünün “TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ” olduğunu qəbul edərək;
- “TDT-nin yaradılmasına dair Naxçıvan sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının DBŞ müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifini alqışlayaraq”;
- “Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək”;
- “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək”;
- “Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək;
- “Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən, iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək;
- “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək” Qarabağ Bəyannaməsi imzalanmışdır.
Göründüyü kimi, Türk dövlətləri 10 ciddi arqumentə əsaslanaraq, miltiregional mahiyyətli çox mühüm konseptual sənəd hazırlamışlar. Bu, Şuşa Bəyannaməsinin Türk dövlətləri arasında əlaqələrin qurulması baxımından oynadığı rolu daha aydın dərk etmək baxımından da mühüm hadisədir. Yuxarıdakı arqumentlərin məzmununa həmin prizmadan yanaşdıqda görürük ki, Qarabağ Bəyannaməsini mümkün edən başlıca faktorlardan biri məhz Şuşa Bəyannaməsinin uğurları olmuşdur. Qarabağ Bəyannaməsində açıq ifadə edilir ki, Şuşa Bəyyanaməsindən başlayan daha geniş tərkibdə yol davam etdirilir. Əldə olunan nəticələr üzərində türk dövlətləri strateji əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə hazırdırlar. Bu baxımdan əgər Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin əlaqələrinin yol xəritəsidirsə, Qarabağ Bəyannaməsi bütövlükdə türk dövlətlərinin əlaqələrinin yol göstərənidir. Bu məqam Qarabağ Bəyannaməsinə özəl substantiv və funksional keyfiyyətlər gətirir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru